Yumurtalıqların hipoplaziyası
Yumurtalıqların hipoplaziyası – qadın cinsiyyət vəzilərinin-yumurtalıqların anatomik və funksional cəhətdən inkişafdan qalmasıdır. Patologiya zamanı hipomenstrual sindrom və ya amenoreya, libidonun azalması, sonsuzluq müşahidə olunur. Xəstəliyin diaqnozu ümumi və ginekoloji müayinə, kiçik çanağın USM, hormonal analizlər, yumurtalıqların laparoskopik biopsiyası, kariotipin (xromosom yığımı) təyini ilə təsdiqlənir. Yumurtalıqların müalicəsi siklik hormonal terapiya ilə aparılır.
- Yumurtalıqların hipoplaziyasının əlamətləri
- Yumurtalıqların hipoplaziyasının diaqnostikası
- Yumurtalıqların hipoplaziyasının müalicəsi və proqnozu
Yumurtalıqların hipoplaziyası barədə ümumi məlumat
Yumurtalıqların hipoplaziyası adətən ümumi və cinsi infantilizm fonunda qeyd olunur; uşaqlığın hipoplaziyası, uşaqlıq və uşaqlıq boynunun aplaziyası (Rokitanski-Küster sindromu), böyrəklərin hipoplaziyası, digər orqanların natamam inkişafı ilə müştərək şəkildə inkişaf edir. Bundan əlavə yumurtalıqların hipoplaziyasına qonadaların disgeneziyası – cinsi xromosomların kəmiyyət və keyfiyyət patologiyaları nəticəsində yaranan genetik xəstəliklər (Şereşevski-Terner sindromu) zamanı rast gəlinir. Belə hallarda yumurtalıqların parenximası əsasən və ya bütövlükdə birləşdirici toxumadan ibarət olur.
Yumurtalıqların qazanılmış hipolaziyası ontogenez zamanı, xüsusən uşaqlıq və ya pubertat dövründə əlverişsiz amillərin orqanizmə təsirindən yaranır. Xəstəliyin inkişafına cinsiyyət vəzilərinin iltihabı (ooforit, adneksit), hamiləliyin dayandırılması, qidalanma pozğunluqları (hipovitaminoz, anorksiya), xroniki intoksikasiyalar, uşaq infeksiyaları (parotit, məxmərək, qızılca, skarlatina və s.), angina, endokrinopatiyalar (hipofiz və hipotalamusun iltihabi zədələnmələri, hipofizin adenoması, prolaktinoma, hipotireoz və s.), radioaktiv şüalanma səbəb ola bilər. Az hallarda yumurtalıqların hipoplaziyası ananın patoloji hamiləliyi fonunda follikulyar aparatın bətndaxili zədələnməsi ilə əlaqədar olur.
Etiologiya və zədələnmə səviyyəsinə əsasən yumurtalıqların hipoplaziyası aşağıdakı formalara bölünür: mərkəzi mənşəli (hipotalamo-hipofizar); periferik mənşəli (yumurtalıq) və idiopatik (qeyri-müəyyən). Hipoplaziya zamanı yumurtalıqlarda follikulyar qatın ifadəliliyi azalır. Hipoplastik yumurtalıqlarda ilkin yumurta hüceyrə və primordial follikullar müşahidə olunmur və ya onların yetişmə və böyüməsinin dayanması qeyd olunur, bu da xəstəliyin klinik şəklini müəyyən edir.
Yumurtalıqların hipoplaziyasının əlamətləri
Yumurtalıqların hipoplaziyasının rast gəlindiyi pasiyentlərdə aybaşı funksiyasının müxtəlif pozğunluqları- birincili, bəzən ikincili amenoreya, alqodismenoreya və ya hipomenstrual sindrom, anovulyator sikl müşahidə oluna bilər. Bu pozğunluqlar sonsuzluqla müşayiət olunur.
Xəstələr qadın tipinə uyğun bədən quruluşuna malik olur, lakin bununla yanaşı xədim olunmuş kişilərin bəzi yüngül əlamətlərinə də rast gəlinir. Yumurtalıqların hipolaziyası zamanı ikincili cinsi əlamətlər az nəzərə çarpan olur – qasıq və qoltuqaltı nahiyədə tək-tək tüklər, süd vəzilərinin bərkiməsi, areola və gilələrin zəif ifadə olunması izlənilir. 15-16 yaşlarda ilk aybaşının müşahidə olunmaması xarakterik əlamət sayılır. Qadınlarda cinsi istək azalır, çox hallarda frigidlik yaranır. Yumurtalıqların hipoplaziyasının digər əlamətləri kompleks müayinələr əsasında aşkarlanır.
Yumurtalıqların hipoplaziyasının diaqnostikası
Ginekoloji müayinədə xarici cinsiyyət orqanlarının hipoplastik quruluşu, nazik, piqmentləşməmiş kiçik cinsiyyət dodaqları, dar, qeyri-elastik, qısa uşaqlıq yolu, uşaqlıq infantilizmi qeyd olunur. USM, US-histerosalpinqoskopiya zamanı yumurtalıqlar və uşaqlığın ölçülərinin kiçilməsi, qıvrılmış, nazik, uzanmış fallop boruları müşahidə olunur.
Bazal hərarət birfazalı olur. Yumurtalıqların hipoplaziyasında uşaqlıq boynu seliyinin müayinəsi hipoestrogeniyanın əlamətlərini (mənfi və ya zəif ifadəli «bəbək» simptomu) aşkar etməyə kömək edir. Estrogenlərin (bəzi hallarda qonadotrop hormonların) aşağı səviyyəsi qanın laborator müayinəsi ilə təsdiqlənir. Yumurtalıqların hipoplaziyası zamanı progesteronla aparılmış sınaq mənfi nəticə verərək, ifadəli estrogen çatışmazlığından xəbər verir. Kombinəolunmuş estrogen-gestagen sınağı müsbətdir, bu da endometriumun funksiyasının saxlanıldığına dəlalət edir.
Yumurtalıqların hipoplaziyasının mərkəzi formalarının aşkar olunması məqsədilə menopauzalı insan qonadotropini, xorionik qonadotropin, klomifen, lüliberinlə farmakoloji sınaqlar, türk yəhərinin rentgenoqrafiyası, baş beynin MRT aparılır. Ehtiyac olduqda diaqnostik laparoskopiya və yumurtalıqların biopsiyası icra olunur.
Yumurtalıqların hipoplaziyasının müalicəsi və proznozu
Yumurtalıqların hipoplaziyası zamanı müalicənin başlıca məqsədi hormonal və reproduktiv funksiyaların bərpasından ibarətdir. Terapiyanın əsasını siklik hormonoterapiya təşkil edir. I mərhələdə hormonoterapiya estrogen fonun yaradılmasına, aybaşıyabənzər reaksiyaların yaranmasından sonra isə siklik hipotalamo-hipofizar-yumurtalıq-uşaqlıq proseslərin normallaşmasına yönəldilir. Hormonoterapiya follikulometriyaya nəzarət olunmaqla aparılır. Eyni zamanda vitaminoterapiya, fizioterapiya (maqnitoterapiya, maqnitolazeroterapiya, ultrafonofarez və s.), ginekoloji massaj, balneoterapiya təyin olunur.
Hormonoterapiyanın təsirindən xarakter qadın cinsi əlamətləri inkişaf edir. Yumurtalıqların hipoplaziyası olan qadınlar hipotalamo-hipofizar şiş proseslərini və cinsiyyət orqanlarında hormonoterapiyanın təsirindən yaranan hiperplastik dəyişiklikləri vaxtında aşkar etmək üçün ginekoloq-endokrinoloqun müşahidəsi altında olmalıdır.
İkifazalı aybaşı siklinin stimulyasiyası zamanı yumurtalıqların hipoplaziyası olan qadınların hamilə qalmaq ehtimalı 30-60% təşkil edir; hətta çoxdöllü hamiləlik də müşahidə oluna bilər. Yumurtalıqların ağır dərəcəli hipoplaziyası zamanı hamiləlik köməkçi reproduktiv texnologiyanın (donor yumurtahüceyrəsindən istifadə etməklə EKM) köməyilə mümkündür. Süni mayalanma yolu ilə (ICSI, PICSI və ya IMSI) alınmış embrionlar dondurulur (embrionların kriokonservasiyası), sonra isə krio-köçürmə aparılır və embrionlar uşaqlıq boşluğuna yerləşdirilir. Ehtiyac olduqda donor embrionundan istifadə etmək olar. Yumurtalıqların hipoplaziyasından əziyyət çəkən xəstələrdə hamiləliyin gedişi və aparılması düşük riski ilə müşayiət olunur, belə hallarda surroqat analıq tətbiq edilir.