Yumurtalıqların polikistozu
Yumurtalıqların polikistozu (sinonim–polikistoz yumurtalıqlar sindromu və ya PKYS) poliendokrin pozğunluqlar (yumurtalıqların, qalxanabənzər və mədəaltı vəzi, böyrəküstü vəzilərin qabıq maddəsi, hipofiz və hipotalamusun fəaliyyətinin pozulması) nəticəsində yumurtalıqların daxilində və ya xaricində ikitərəfli, xoşxassəli, çoxsaylı kistoz törəmələrin inkişafı ilə xarakterizə olunur. Yumurtalıqların birincili polikistozu anadangəlmə ola və ya yeniyetmə dövründə aybaşı funksiyasının formalaşması fonunda inkişaf edə bilər. Yetkin yaşlarda PKYS xroniki endokrin patologiyalar və ya qadın reproduktiv sisteminin iltihabi xəstəlikləri ilə əlaqədar yaranır.
- PKYS-nin əlamətləri
- PKYS-nin yaranma səbəbləri
- PKYS-nin ağırlaşmaları
- Diaqnostika
- PKYS-nin müalicəsi
- Proqnoz və profilaktika
Yumurtalıqların polikistozu barədə ümumi məlumat
Yumurtalıqların polikistozu – qadın orqanizmində baş verən hormonal dəyişikliklər nəticəsində yumurtalıqların səthində çoxsaylı kiçik kistaların yaranması və çoxalması ilə müşahidə olunur. Simptomsuz gedə bilər, bəzən isə aybaşı funksiyasının pozulması (oliqomenoreya), kişi tipli tüklənmə, piylənmə, akne ilə təzahür edir. Hamiləliyin pozulmasına və sonsuzuqla nəticələnir.
Yumurtalıqların birincili polikistozu anadangəlmə ola və ya yeniyetmə dövründə aybaşı funksiyasının formalaşması fonunda inkişaf edə bilər. Yetkin yaşlarda PKYS (yumurtalıqların ikincili polikistozu) xroniki endokrin patologiyalar və ya qadın reproduktiv sisteminin iltihabi xəstəlikləri ilə əlaqədar yaranır. Yumurtalıqların polikistozu reproduktiv yaşda olan qadınların 5-10%-də müşahidə edilir. 25% hallarda PKYS qadın sonsuzluğuna səbəb olur.
Yumurtalıqların polikistozunun əlamətləri
Yumurtalıqların polikistozu zamanı orqanizmdə bir sıra dəyişikliklər baş verir:
- Aybaşı siklinin qeyri-müntəzəmliyi. Ovulyasiyanın pozulması (əksər hallarda anovulyasiya) aybaşı siklinin pozğunluqlarına –uzunmüddətli ləngimələrə (1 aydan artıq) və ya aybaşının tamamilə kəsilməsinə (amenoreyaya) gətirib çıxarır. Çox zaman belə təzahürlər pubertat dövrdə aybaşı funksiyasının formalaşması zamanı qeyd olunur. Yumurtalıqların polikistozu zamanı bəzən uzunmüddətli aybaşı ləngimələri endometriumun hiperplaziyası (selikli qişanın həddindən artıq qalınlaşması) səbəbindən baş verən uşaqlıq qanaxmaları ilə növbələşir.
- Tük və dərinin yağlılığının artması, akne, səpki, seboreyanın yaranması. Bu əlamətlər androgenlərin hipersekresiyası nəticəsində inkişaf edir, daimi xarakter daşıyır, simptomatik müalicəyə tabe olmur.
- Piylənmə. Bədən çəkisinin kəskin artması (10-15 kq) ilə təzahür edir. Piy qalıqları universal (bütün bədən boyunca bərabər şəkildə) və ya kişi tipi (əsasən bel və qarın nahiyəsində) üzrə paylanılır. Lipid və karbohidrat mübadiləsinin pozulmaları 2-ci tip şəkərli diabetin inkişafına səbəb ola bilər.
- Tüklənmənin artması – hirsutizm. PKYS zamanı tüklər kişi tipi üzrə qarın, aralıq, budun daxili səthi, baldır nahiyəsində artmağa başlayır. Üzdə «bığlar» əmələ gəlir.
- Qarnın aşağı hissəsində dartıcı ağrılar. Ağrılar xroniki, mülayim xarakter daşıyır. Ağrı bel və ya çanaq nahiyələrinə irradiasiya edə bilər.
- Aybaşı sikli ərzində bazal (rektal) hərarətin stabilliyi. Normada aybaşı siklinin ikinci fazasında bazal hərarətin vaxt etibarilə ovulyasiya prosesi ilə üst-üstə düşən xarakterik sıçrayışı qeyd olunur. Maksimal hərarətin olmaması anovulyator siklə dəlalət edir.
- Sonsuzluq. PKYS zamanı birincili sonsuzluq (anazmnezdə kontraseptivlərdən istifadə etmədən müntəzəm cinsi həyat zamanı hamiləliyin baş tutmaması faktı) müşahidə edilir.
Yumurtalıqların polikistozunun səbəbləri
Yumurtalıqların polikistozunun inkişafının əsasında poliendokrin pozğunluqlar dayanır. Bu pozulmalar bir sıra orqanların funksional dəyişiklikləri ilə təzahür edir:
- Hipofiz və hipotalamus (böyrəküstü vəzilər və yumurtalıqların fəaliyyətinin tənziminin pozulması);
- Böyrəküstü vəzinin qabıq maddəsi (androgenlərin sekresiyasının artması);
- Yumurtalıqlar (ovulyasiyanın qeyri-müntəzəmliyi və ya anovulyasiya, estrogenlərin yüksək sekresiyası);
- Mədəaltı vəzi (insulinə qarşı rezistentlik fonunda onun həddindən artıq sintezi).
Hormonal tənzimin pozulması follikulların inkişafı və yetişməsinin dayanmasına, yumurtalıqların ölçülərinin artması və kapsulunun sərtləşməsinə, yetişməmiş follikulardan çoxsaylı kistoz törəmələrin formalaşmasına gətirib çıxarır. Bu da öz növbəsində ovulyasiyanın, aybaşı funksiyasının pozulması və sonsuzluqla nəticələnir. Piylənmədən əziyyət çəkən qadınlarda (PKYS olan 40% xəstlərdə) bu proseslər daha olur. Hormonal pozğunluqlara infeksion xəstəliklər, stresslər, hətta iqlim dəyişikliyi təkan verə bilər.
Yumurtalıqların polikistozunun ağırlaşmaları
Hormonal pozğunluqlar və anovulyasiya ilə müşayiət edilən PKYS qadın sonsuzluğunun ən çox rast gəlinən səbəblərindən biridir. Müvafiq müalicə aparılmadıqda yumurtalıqların polikistozunun uzunmüddətli gedişi uşaqlıq boynu və cisminin bədxassəli şişlərinin, eləcə də bəzi məlumatlara əsasən süd vəzisinin xərçənginin yaranma ehtimalını əhəmiyyətli dərəcədə artırır. Yumurtalıqların polikistozu piylənmə və şəkərli diabetlə müştərək inkişaf etdikdə bu risk amili daha yüksək olur. Bundan əlavə, lipid-yağ mübadiləsinin pozulması damarların aterosklerozunun, miokard infarktının, insultun inkişafına səbəb olur. PKYS-nın erkən mərhələlrdə aşkarlanması sağalmanı xeyli asanlaşdırır, təhlükəli ağırlaşmaların riskini azaldır.
Yumurtalıqların polikistozunun diaqnostikası
“Polikistoz yumurtalıqlar sindromu” diaqnozunun qoyulması üçün aşağıda qeyd olunan kriteriyalardan ən azı 2-si olmalıdır:
- Aybaşı siklinin pozulması, anovulyasiya (ovulyasiyanın olmaması) və sonsuzluqla təzahür edən yumurtalıqların disfunksiyası;
- Qadınlarda tüklənmənin artması (hirsutizm, akne xəstəliyi, dərinin yağlılığının yüksəlməsi və seboreya ilə müşahidə olunan hiperandrogeniya – qadın orqanizmində androgenlərin (kişi cinsi hormonlarının) həddindən artıq sekresiyası;
- Yumurtalıqların böyüməsinin və kistoz dəyişikliklərinin exoskopik və ya laparoksopik şəkli.
Bu kriteriyaların təsdiqlənməsi məqsədilə bir sıra obyektiv, laborator və instrumental üsullardan istifadə olunur:
- Ümumi baxış – bədən quruluşu, tüklənmənin tipi, dəri örütkləri və selikli qişaların vəziyyətinin qiymətləndirilir, qarın palpasiya edilir.
- Ginekoloji vaginal-abdominal müayinə – hər 2 tərəfdə yumurtalıqların böyüməsi və bərkiməsi aşkar olunur.
- Kiçik çanaq orqanlarının USM- hər 2 yumurtalığın ölçülərinin artması (eninə-4 sm, uzununa 5-6 sm-ə qədər), kapsulalarının bərkiməsi, periferiyada çoxsaylı (8-dən çox) kiçik follikulyar kistaların olması müəyyən edilir. Dopplerometriya zamanı yumurtalıqların damarlarında qan cərəyanının güclənməsi qeyd olunur.
- Qanda hipofiz, yumurtalıqlar, böyrəküstü vəzilərin hormonlarının: prolaktin, follikul stimuləedici hormon (FSH), lüteinləşdirici hormon (LH), progesteron, estradiol, 17-hidroksiprogesteron, testosteron, androstendion, kortizol, DEA-S (dehidroepiandrosteron-sulfat) konsentrasiyası müəyyənləşdirilir.
- Maqnit-rezonans tomoqrafik müayinə (MRT)- yumurtalıqların şiş xəstəliklərini istisna etməyə kömək edir.
- Lipid mübadiləsinin pozğunluqlarını aşkar etmək üçün lipid və lipid fraksiyalarının səviyyəsi təyin olunur.
- Karbohidrat mübadiləsinin pozulmalarını müəyyən etmək məqsədilə qanda insulin və qlükozanın miqdarının yoxlanılır, QTT (qlükozaya tolerantlıq testi) aparılır.
- Laparoskopiya – yumurtalıqların ikitərəfli kistoz dəyişikliklərini təsdiq edir.
Yumurtalıqların polikistozunun müalicəsi
Yumurtalıqların polikistozunun müalicəsi ovulyasiyanın, aybaşı və reproduktiv funksiyaların bərpası və ya normallaşmasına yönəldilmişdir. Müalicə konservativ və ya cərrahi üsullarla icra olunur. PKYS-nin konservativ müalicəsi hormonal prepartalarla: antiandrogen effektə (aybaşı siklinin bərpası, hiperandrogeniyanın aradan qaldırlması) malik KOK, antiestrogenlər, qonadotropinlərlə (ovulyasiyanı stimulə edir) aparılır.
Piylənmə fonunda yumurtalıqların polikistozundan əziyyət çəkən qadınlar fiziki aktivliklə qidalanma rejimi və rasionu arasında balans yaratmalıdır:
- Qidanın kaloriliyi 1200 – 1800 kkal/sut –a qədər azaldılmalı, gün ərzində 5-6 dəfə qidalanmalı;
- Aşağı kalorili qida məhsullarının (meyvə, tərəvəzlər) qəbulu;
- Qida rasionunda zülalın miqdarının artırılması (balıq, dəniz məhsulları, ət, kəsmik);
- Karbohidratlarla zəngin qidaların məhdudlaşdırılması (qənnadı məmulatları, şəkər, mürəbbə, bal, şirin içkilər);
- Heyvan mənşəli yağların bitki tərkibli yağlarla əvəz olunması. Yağın gündəlik qəbulu 80qramdan çox olmamalıdır;
- ədviyyatlar, hisə verilmiş, turşuya qoyulmuş məhsulların istisna olunması;
- spirtli içkilərdən tam imtina;
- Həftədə 2-3 dəfə yüngülləşdirici qida qəbulu günlərinin keçirilməsi (alma, kəsmik, qatıq, tərəvəzlər).
Konservativ müalicə effekt vermədikdə və ya endometriumun hiperplaziyası zamanı cərrahi müalicə aparılır. Müasir cərrahi ginekologiyada yumurtalıqların polikistozunun müalicəsində adətən az travmatik laparoskopik əməliyyatlar tətbiq olunur. PKYS zamanı pazvari rezeksiya – yumurtalıqların zədələnmiş toxumasının hissəvi kəsilməsi və ya kauterizasiyası (yandırılma) icra edilir. Bu üsul androgenlərin sekresiyasının azalmasına və ovulyasiyanın normallaşmasına səbəb olur. Cərrahi müdaxilə nəticəsində xəstələrin 65%-də hamiləlik qeyd edilir. Təəssüf ki, əməliyyatın təsiri yalnız 1-3 il davam edir, sonra yenidən yumurtalıqların polikistozunun residivi baş verir.
Əməliyyatdan sonra ilk 6 ay hamiləlik üçün daha qənaətbəxş dövr sayılır. Bu müddət ərzində yumurtalıqların yetişməsini stimulə edən hormonlar təyin olunur. Əməliyyatların təkrar aparıla bilər, lakin onların nəticələri nisbətən zəif olur. PKYS səbəbindən əməliyyat olunan qadınlar ginekoloqun daimi müşahidəsi altında olmalıdır.
Yumurtalıqların polikistozunun proqnoz və profilaktikası
Yumurtalıqların polikistozunu tam müalicə etmək mümkün deyil, ona gərə də müalicə hamiləliyin baş tutması üçün qənaətbəxş şəraitin yaradılmasına yönəldilir. «Yumurtalqıların polikistozu» diaqnozlu qadınlar hamiləlik planlaşdırdıqda ovulyasiyanın bərpası və stimulyasiyası üçün müalicə kursu keçməlidir. Yaş artdıqca yumurtalıqların polikistozu proqressivləşdiyindən hamiləliklə bağlı məsələlər mümkün qədər tez həll olunmalıdır.
Digər ginekoloji xəstəliklərdə olduğu kimi PKYS-nin profilaktikası planlı, müntəzəm ginekoloji müayinələrin aparılmasından ibarətdir. Yumurtalıqların polikistozunun erkən mərhələlərdə aşkarlanması pozğunluqların vaxtında korreksiya olunmasına və təhlükəli fəsadların, o cümlədən sonsuzluğun qarşısının alınmasına imkan verir. Abortların, iltihabi xəstəliklərin və yumurtalıqların fəaliyyətinin pozulmasına gətirib çıxaran digər patologiyaların profilaktikası xüsusi əhəmiyyət kəsb edir. Yeniyetmə qızların anaları öz övladlarının «qadın» sağlamlığı ilə maraqlanmalı, yumurtalıqların polikistozunun ilkin əlamətləri aşkar olunduqda mütləq həkimə müraciət etməlidirlər.