Yumurtalıqların tükənmə sindromu

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 3734

yumurtalıqların tükənmə sindromu nədir?Yumurtalıqların tükənmə sindromu – əvvəllər normal aybaşı və reproduktiv funksiyalara malik olan 40 yaşdan kiçik qadınlarda yumurtalıqların fəaliyyətinin vaxtından əvvəl dayanmasıdır. İkincili amenoreya, sonsuzluq, vegetodamar dəyişiklikləri ilə təzahür edir. Yumurtalıqların tükənmə sindromunun diaqnostikası funksional və medikamentoz testlər, hormonal müayinələr, USM, yumurtalıqların laparoskopik biopsiyasının nəticələrinə əsaslanır. Müalicə ƏHT, fizioterapiya, vitaminoterapiyadan ibarətdir. Yumurtalıqların tükənmə sindromunun qeydə alındığı pasiyentlərdə hamiləliyə nail olmaq üçün donor oositlərindən istifadə etməklə EKM aparılması tələb olunur.

  • Yumurtalıqların tükənmə sindromunun yaranma səbəbləri
  • Yumurtalıqların tükənmə sindromunun əlamətləri
  • Yumurtalıqların tükənmə sindromunun diaqnostikası
  • Yumurtalıqların tükənmə sindromunun müalicəsi
  • Yumurtalıqların tükənmə sindromunun proqnoz və profilaktikası

Yumurtalıqların tükənmə sindromu barədə ümumi məlumat

Yumurtalıqların tükənmə sindromunun («vaxtından əvvəl menopauza», «vaxtından əvvəl klimaks») yayılma tezliyi populyasiyada 1,6%; ikincili amenoreyanın müxtəlif formaları arasında isə 10% təşkil edir. Bu sindrom əvvəllər normal fəaliyyət göstərən yumurtalıqların ehtimal olunan menopauza vaxtından əvvəl funksiyasını dayandırması ilə xarakterizə olunur.

Yumurtalıqların tükənmə sindromunun səbəbləri

Yumurtalıqların tükənmə sindromunun səbəbləriYumurtalıqların tükənmə sindromunun etiologiyasını izah edən hipotezlər arasında xromosom anomaliyaları, autoimmun pozğunluqlar və yatrogen amillərin təsiri barədə nəzəriyyələr mövcuddur. Bu pozğunluqlar follikulyar aparatın anadangəlmə qüsuruna, embrional hüceyrələrin pre- və postpubertat destruksiyasına, hipotalamik tənzimin pozulmasına səbəb olur.

Təxminən 50% halllarda yumurtalıqların tükənmə sindromunun aşkarlandığı pasiyentlərdə ağırlaşmış ailəvi anamnezə (ana və ya bacılarda gec menarxe, oliqomenoreya, amenoreya, erkən klimaks) rast gəlinir. Yumurtalıqların tükənmə sindromu çox vaxt autoimmun hipotireoz və digər immunoloji xəstəliklərlə bağlı olur.

Hestoz, ananın ekstragenital patologiyaları, teratogen preparatlar, radiasiya, kimyəvi vasitələrin təsirindən follikulyar aparatın bətndaxili zədələnməsi gələcəkdə rezistent yumurtalıqlar sindromunun inkişafına gətirib çıxara bilər. Postnatal dövrdə qonadaların zədələnməsi və onların birləşdirici toxuma ilə əvəz olunması məxmərək, parotit, qrip virusları, streptokokk infeksiyaları (xroniki tonzillit), aclıq, avitaminoz, tez-tez təkrarlanan stresslərlə əlaqədar baş verə bilər.

Bir sıra hallarda yumurtalıqların tükənmə sindromu endometrioid kista və ya yumurtalıqların sistoadenomasına görə vəzilərin subtotal rezeksiyasından sonra formalaşır. Bəzən konservativ miomektomiya və ya uşaqlıqdan kənar hamiləlik səbəbindən aparılan əməliyyat prosesində yuumurtalıqlar kistoz degenerasiya ilə əlaqədar rezeksiya olunur, bu da sonralar yumurtalıqların follikul ehtiyatının azalması və onların tükənməsi ilə nəticələnir. Yumurtalıqların sekretor funksiyasının qəfil dayanması zamanı əks əlaqə mexanizmi üzrə qonadoliberinin, qonadotrop hormonların sintezi güclənir, amenoreyanın hiperqonadotrop forması inkişaf edir.

Yumurtalıqların tükənmə sindromunun əlamətləri 

Yumurtalıqların tükənmə sindromunun əlamətləri Yumurtalıqların tükənmə sindromunun klinikası əsasən 36-38 yaşlarda izlənilir. Vaxtında başlayan menarxe, normal аybaşı və reproduktiv funksiyalar fonunda qəflətən və ya tədricən oliqomenoreya və ikincili amenoreya yaranır. Aybaşının kəsilməsi vegetativ simptomatika: bədənin yuxarı hissəsinə «istilik gəlmə», tərləmə, halsızlıq, tez yorulma, əsəbilik, baş ağrıları, kardialgiyalarla müşayiət edilir.

Yumurtalıqların tükənmə sindromu zamanı emosional labillik, yuxunun pozulması, əmək qabiliyyətinin azalması müşahidə olunur. Hipoestrogeniya süd vəziləri və cinsiyyət orqanlarında proqressivləşən atrofik dəyişikliklərə (atrofik kolpit və s.), sümük toxumasının sərtliyinin azalmasına (osteoporoz), urogenital pozğunluqlara gətirib çıxarır. Bir sıra hallarda pasiyentlərdə quru göz sindromu inkişaf edir.

Yumurtalıqların tükənmə sindromunun diaqnostikası

Yumurtalıqların tükənmə sindromu olan pasiyentlərin obyektiv statusu qadınlara məxsus düzgün bədən quruluşu ilə xarakterizə edilir. Anamnezdə ilk aybaşının vaxtında baş verməsi, 15-20 il ərzində aybaşı və reproduktiv funksiyaların saxlanılması  qeyd olunur. Vaginal və bimanual müayinələrdə uşaqlıq yolunun selikli qişasının quruluğu, uşaqlığın ölçülərinin kiçilməsi müəyyən edilir. Funksional testlər mənfi «bəbək» simptomu, servikal indeks (0-1 bal), monofaz xarakterli bazal hərarət aşkarlanır.

Transvaginal ultrasəs skanlama uşaqlıq və yumurtalqıların ölçü və quruluşunu qiymətləndirməyə imkan verir. Yumurtalıqların tükənmə sindromu zamanı uşaqlıq ön-arxa  və köndələn ölçülərdə kiçilərək, II dərəcəli cinsi infantilizmə uyğun gəlir; həmcins quruluşa malik olur. Yumurtalıqlar homogen strukturlu və kiçik ölçülüdür, follikullar vizualizasiya olunmur. Diaqnostik laparoskopiya vasitəsilə sarı cisim və follikulların sezilmədiyi kiçik, büzüşmüş yumurtalıqlar müəyyən edilir. Qabıq maddə tamamilə  birləşdirici toxuma ilə əvəz olunmuşdur. Yumurtalıqların bioptatının histoloji müayinəsi follikul ehtiyatının olmamasını sübut edir.

Yumurtalıqların tükənmə sindromu zamanı hormonal müayinələr estradiolun kəskin azalması fonunda qonadotropinlərin, xüsusən FSH səviyyəsinin artmasını aşkar edir. Yumurtlıqların funksional vəziyyətini daha düzgün qiymətləndirmək üçün  hormonal testlər (progesteron, estrogen və gestagen, deksametazon, klomifen, estradiol, LH-RH sınaqları) aparılır. Yumurtalıqların tükənmə sindromu zamanı progesteronla sınağa cavab olaraq, aybaşıyabənzər reaksiya baş vermir. Estrogen-gestagen sınağı preparatın qəbulunun kəsilməsindən 3-5 gün sonra  aybaşıyabənzər qanaxmanın yaranması ilə müşayiət olunur, bu da endometriumun reaktivliyinin saxlanılması ilə yumurtalıqların hipofunksiyasını sübut edir.

Osteoporoz, ürəyin işemik xəstəliyiaterosklerozun inkişaf riskinin proqnozlaşdırılması məqsədilə əlavə olaraq, sümük toxumasının metabolizminin diaqnostik göstəriciləri, xolesterin və lipoproteidlərin konsentrasiyası müəyyən edilir, densitometriya icra olunur. Tam diaqnostik kompleksin aparılması yumurtalıqların tükənmə sindromunu hipofizin şişləri, rezistent yumurtalıqlar sindromundan differensiasiya etməyə imkan verir.

Yumurtalıqların tükənmə sindromunun müalicəsi

Yumurtalıqların tükənmə sindromu zamanı terapiya vegetativ-damar və estrogendefisit vəziyyətlərin –ümumi vəziyyət, urogenital pozğunluqlar, osteoporoz, ürək-damar patologiyalarının korreksiyasına yönəldilir. Ən yaxşı nəticələr qadının təbii menopauza yaşına çatana qədər kontrasepsiya rejimində ƏHT tətbiqi zamanı əldə edilir. Cavan qadınlara etinilestradiolun dezogestrel, gestoden və ya norgestimatla; yaşlı pasiyentlərə isə estradiolun didrogesteron, siproteron, levonorgestrel və ya linestrenolla kombinasiyaları təyin olunur. ƏHT preparatları daxilə qəbul oluna, əzələdaxilinə və ya dəri üzərindənn yeridilə bilər. Sidik-cinsiyyət pozğunluqlarının  müalicəsi üçün estrogen tərkibli şam və ya məlhəmlərdən istifadə edilir.

Yumurtalıqların tükənmə sindromu zamanı ƏHT ilə yanaşı fizioterapevtik prosedurlar (elektrofarez, elektroanalgeziya), hidroterapiya (sirkulyar duş və Şarko duşu, karbonatlı, yod-brom, mirvari, iynəyarpaqlı, radon vannaları), boyun-yaxalıq nahiyəsinin massajı, iynərefleksoterapiya, MBT, psixoterapiya göstəriş sayılır. Vitaminoterapiya, bitki tərkibli sedativ vasitələr fitoestrgenlərin təyini məqsədəuyğundur.

Yumurtalıqların tükənmə sindromunun proqnoz və profilaktikası

İstisna hallarda (5-10%-dən az) yumurtalıqların tükənmə sindromu olan pasiyentlərdə uzunmüdətli amneoreyadan sonra ovulyasiyanın spontan şəkildə bərpası, hətta hamiləlik halları qeydə alınır. Ümumiyyətlə, yumurtalıqların tükənmə sindromu donor yumurtahüceyrəsindən istifadə olunmaqla EKM aparılmasına göstəriş hesab olunur. Bu kateqoriyaya daxil olan pasiyentlərdə hamiləliyin aparılması ixtisaslaşdırılmış reproduktoloji mərkəzlərdə həyata keçirilir.

Yumurtalıqların tükənmə sindromunun profilaktikası məqsədilə hamiləlik zamanı teratogen amillər istisna olunmalı, eləcə də infeksion və digər əlverişsiz amillərin qız uşaqlarına təsirinin qarşısı alınmalıdır. Yumurtalıqların rezeksiyası zamanı promordial follikul ehtiyatına malik qabıq maddənin maksimal dərəcədə saxlanılmasına çalışmaq lazımdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: