Allergik rinosinusopatiya

21 Yanvar 2019 Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 59

allergik rinosinusopatiyaAllergik rinosinusopatiya – allergik mənşəli iltihabi xəstəlik olub, burun boşluğunun, bir və ya bir neçə paranazal ciblərin selikli qişasının zədələnməsi ilə xarakterizə edilir. Patologiya burun tənəffüsünün pozulması, rinoreya, asqırma tutmaları, baş ağrıları, eləcə də bronx-ağciyər sisteminin zədələnmə əlamətləri ilə təzahür edir. Diaqnostika otolarinqoloq və allerqoloq-immunoloqun klinik baxışı, allergik sınaqlar, burunətrafı ciblərin rentgenoloji və endoskopik müayinələrinin nəticələrinin təhlilinə əsaslanır. Müalicə kompleks şəklində aparılır: antihistamin preparatlar, iltihab əleyhinə terapiya, allergenlərin eliminasiyası, spesifik immunoterapiya.

  • Allergik rinosinusopatiyanın yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Allergik rinosinusopatiyanın əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Allergik rinosinusopatiyanın müalicəsi
  • Proqnoz və profilaktika

Allergik rinosinusopatiya barədə ümumi məlumat

Allergik rinosinusopatiya (аllergik rinosinusit) orqanizmin reaktivliyinin pozulması nəticəsində inkişaf edir. Nadir hallarda izoləolunmuş şəkildə müşahidə edilir. Xəstəlik adətən digər orqan və sistemlərin (udlaq, qırtlaq, bronx, ağciyərlər, gözlər, dəri örtükləri) allergik iltihabı ilə müşayiət olunur.

Allergik rinosinusopatiya insanların 10-20%-də, xüsusən uşaqlarda və 18-24 yaşlı cavanlarda rast gəlinir. Allerqoloq-immunoloq və otolarinqoloqa vaxtında müraciət etdikdə ağırlaşmaların (rinosinusitin xroniki formaya keçməsi, bronxial astmanın inkişafı və s.) qarşısını almaq mümkün olur.

Allergik rinosinusopatiyanın yaranma səbəbləri

Allergik rinosinusopatiya adətən irsi xarakter daşıyır (immun sisteminin qıcıqlandırıcılara qarşı hiperreaktivliyi, IgE-asıllı allergik reaksiyanın inkişafı). Belə hallarda pasiyentin qohumlarında allergik halların (rinit, atopik dermatit, bronxial astma) olması aşkar edilir.

Allergik rinosinusopatiyanın əsas səbəbi bitki mənşəli allergenlər (çiçəklənən bitki və ağacların tozcuqları), patogen mikroorqanizmlər, məişət tozu və havada olan müxtəlif kimyəvi vasitələrin (o cümlədən kimyəvi məişət vasitələri, siqaret tüstüsü) burun-udlaq və paranazal ciblərin selikli qişasına təsiridir. Etioloji amillər arasında qida və dərman allergenlərini də qeyd etmək lazımdır.

Çox zaman allergik rinosinusopatiya zərərli iş şəraitində (şaxtaçı, kömürçü, suvaqçı, rəngsaz, kimyəvi və farmasevtik müəssisələrin işçilərində) müxtəlif qıcıqlandırıcı vasitələrin uzunmüddətli inhalyasion təsiri zamanı inkişaf edir.

Allergik rinosinusopatiyanın patogenezi

İlk dəfə tənəffüs yollarına daxil olan allergenlər burun boşluğu və paranazal ciblərin selikli qişasının sensibilizasiyasına (hiperhəssaslıq) səbəb olur. Həmin allergenlə təkrar kontakt zamanı IgE-asıllı iltihabi reaksiya – burun-udlağın selikli qişasının ilfiltrasiyası baş verir. Yaranmış ödem ciblərin burun boşluğu ilə əlaqəsini çətinləşdirir, tez bir zamanda xroniki formaya keçən allergik rinosinusopatiya inkişaf edir. Xəstəliyin uzunmüddətli gedişi zamanı nəinki orqanizmə keçən allergenlərə, həm də burun-udlağın selikli qişasını qıcıqlandıran bütün vasitələrə qarşı hiperhəssaslıq yaranır.

Allergik rinosinusopatiyanın təsnifatı

Əlamətlərin yaranma xarakteri və davamlılığına əsasən allergik rinosinusopatiyaların bir neçə forması ayırd edilir:

  • Kəskin rinosinusit. Burun boşluğu və paranazal ciblərin allergik iltihabının kəskin və qısa müddət ərzində keçib gedən simptomatikası inhalyasion allergenlərlə (əsasən heyvan və quşların həyat fəaliyyəti məhsulları) epizodik (nadir) kontakt zamanı müşahidə edilir.
  • Fəsillə bağlı rinosinusit. Allergik rinosinusopatiya bitkilərin çiçəklənmə dövründə burun-udlağın zədələnməsinin tipik əlamətləri ilə səciyyələnir.
  • Persistə edən rinosinusit. İl ərzində 9 aydan az olmamaqla təzahür edir.

Allergik rinosinusopatiyanın əlamətləri

Rinosinusitin xarakterik əlamətlərinə burun tənəffüsünün çətinləşməsi, rinoreya (burundan selik axma) və asqırma tutmaları aiddir. Gecə saatlarında asqırma azalır, burun isə əksinə daha çox tutulur.  Əksər hallarda baş və burunətrafı nahiyədə ağırlıq hissi yaranır.

Xroniki gedişli allergik rinosinusopatiyalarda baş ağrıları xəstəni hər gün narahat edə bilər. Aşağı əyilərkən ağrı hissi güclənir. Yuxarı tənəffüs yollarının selikli qişasının infeksiyalaşması sinuslarda (əsasən haymor cibləri və xəlbirin labirint hüceyrələri zədələnir) kəskin iltihabi prosesin inkişafına gətirib çıxarır. Bu zaman ümumi vəziyyət pozulur, bədən hərarətinin yüksəlməsi, titrətmə, halsızlıq, yuxu və iştah pozğunluğu, əhval-ruhiyyənin dəyişməsi müşahidə edilir.

Allergik rinosinusopatiyanın ağırlaşmaları

Allergenlərin tənəffüs yollarına keçməsinə cavab olaraq, immun sisteminin reaktivliyinin artması, hiperhəssaslığın inkişafı orqanizmin ümumi reaksiyası sayılır. Əksər insanlarda proses  generalizasiya olunur, digər orqan və toxumalarda allergik iltihab ocaqları yaranır. Adətən allergik rinosinusoatiya ilə yanaşı bronx-ağciyər sisteminin zədələnmə əlamətləri – çətin ayrılan bəlğəmli öskürək, hava çatışmazlığı hissi, boğulma (bronxial astmada) izlənilir. Dəridə residivləşən övrə, atopik dermatitin ocaqlarına rast gəlmək mümkündür.

Allergik rinosinusopatiyanın diaqnostikası

Allergik rinosinusopatiyanı aşkar etmək üçün allergik-immunoloq və otolarinqoloqun ilkin klinik baxışı tələb olunur. Bununla yanaşı anamnestik məlumatlar, rinoskopiya, instrumental müayinə, allergik sınaqların nəticələri təhlil edilir. Kəskinləşmə dövründə burun boşluğuna baxış zamanı aşağı burun balıqqulaqlarının, bir sıra hallarda isə orta burun keçəçəyinin ödemi, selikli və ya selikli-irinli ifrazat müşahidə olunur. Xroniki proseslərdə çox zaman burun keçəcəkləri və sinuslarda polipoz törəmələrə rast gəlinir.

Burunətrafı ciblərin rentgenoqrafiyası selikli qişasının divaryanı qalınlaşmasını, ciblərin şəffaflığının müvəqqəti azalmasını, xroniki allergik rinosinusopatiyalar və poliplərin olduğu hallarda isə sinusun davamlı tündləşməsini aşkar edir. Ciblərin diaqnostik punksiyası yuyulan mayenin xarakterini dəqiqləşdirməyə imkan verir (allergik prosesdə maye təmiz olur, irinli iltihab əlamətləri izlənilmir). Allergik rinosinusopatiyanın diaqnozu müsbət allergik sınaqlarla (dəri allerqotestləri, spesifik immunoqlobulinlərin təyini) təsdiqlənir. Virus və bakteriya mənşəli rinosinusitlər, vazomotor rinitlə differensial diaqnostika aparılır.

Allergik rinosinusopatiyanın müalicəsi

Allergik rinosinusitin müalicəsi allergenin eliminasiyası, intranazal qlükokortikosteroidlər və antihistamin preparatlarla medikamentoz terapiya və spesifik immunoterapiyanın aparılmasından ibarətdir.

  • Eliminasion tədbirlər, yəni allergenlərlə kontaktın maksimal dərəcədə azaldılması fəsillə bağlı rinosinusopatiya zamanı açıq havada keçirilən vaxtın məhdudlaşdırılması, havanın kondisionerləşdirilməsi sisteminin tətbiqi ilə icra olunur. Müntəzəm təmizlik işləri, otaqlarda kifayət qədər nəmliyin təmini məişət və ev allergenləri (toz, həşəratlar, heyvanların həyat fəaliyyəti məhsulları, kif göbələkləri) ilə mübarizə aparmağa kömək edir.
  • Dərman terapiyası yerli (intranazal) qlükokortikosteroidlər (beklometazon, budesonid, flutikazol, mometazon), II və III nəsil antihistamin preparatlar (setirizin, loratadin, feksofenadin, dezloratadin), kromonlarla (kromqlik turşusu) yerinə yetirilir.
  • Spesifik immunoterapiya– yuxarı tənəffüs yollarının allergik zədələnməsinin effektiv müalicə üsuludur. Müalicə dozası tədricən artırılan allergen ekstraktının dərialtı yeridilməsindən ibarətdir. (yeridilmə sxemi individual qaydada tərtib olunur). Allergik rinosinusopatiyalarda spesifik immunoterapiyanın aparılma müddəti 1 neçə aydan 3-4 ilə qədər davam edə bilər.

Burunətrafı ciblərin ifadəli patologiyaları və burun balıqqulaqlarının hipertrofiyası, konservativ müalicənin qeyri-effektivliyi cərrahi müdaxiləyə göstəriş sayılır.

Allergik rinosinusopatiyanın proqnoz və profilaktikası

Allergik rinosinusopatiyanın vaxtında aşkarlanması və adekvat müalicəsi xəstəliyin əlamətlərini aradan qaldırmağa və ağırlaşmaların qarşısını almağa imkan verir. Digər allergik xəstəliklərin rast gəlindiyi hallarda yaşayış yeri və ya peşənin dəyişdirilməsi məsləhət görülür.

Profilaktik tədbirlər potensial allergenlər və peşə zərərlərinin uzaqlaşdırılmasına yönəldilir. Respirator allergiyanın ilkin əlamətləri müşahidə edildikdə hərtərəfli allergik müayinə tələb olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: