Pollinoz

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 4531

Pollinoz nədir?Pollinoz  – bitki tozcuqlarına qarşı mövsüm xarakterli allergik reaksiyalar kompleksidir. Xəstəlik allergik xarakterli rinit, dermatit, konyunktivit, astmatik bronxitlə təzahür edir. Pollinoz burun və gözlərin selikli qişalarının ödemi, burun tıxanıqlığı, zökəm, asqırma, öskürək, boğulma, iybilmənin pozulması, qaşınma və dəri səpkiləri ilə xarakterizə olunur. Müalicə aparılmadıqda vəziyyət proqressivləşir, bir sıra hallarda bronxial astmaya keçir. Diaqnoz rinoskopiya, allerqoloji sınaqlar, rinositoqrammanın köməyilə qoyulur. Müalicə məqsədilə antihistamin vasitələr, topik qlükokortikosteroidlər, ASİT (allergen spesifik immunoterapiya) tətbiq edilir.

  • Pollinozun yaranma səbəbləri
  • Pollinozun əlamətləri
  • Diaqnostika
  • Pollinozun müalicəsi
  • Profilaktika

Pollinoz barədə ümumi məlumat

Pollinoz latın sözündən götürülmüşdür, “pollen” tərcümədə tozcuq mənasını verir. Xəstəlik adətən uşaqlarda və ya gənclərdə inkişaf edir. Pollinoz dövrü xarakterli olub, allergenlərin yaranma dövründə kəskinləşir, onlar aradan qalxdıqda isə remissiya mərhələsinə keçir. Alimlərin məlumatlarına əsasən dünya əhalisinin 10-15%-i bitki tozcuqlarına qarşı allergiyadan əziyyət çəkir. Əksər hallarda pollinoza quru və isti iqlimi olan ölkələrdə rast gəlinir. Bu ərazilərdə tozcuqlanan bitkilərin müxtəlif növləri bitir. Pasiyentlərin çox hissəsini meqapolisdə yaşayan 10-30 yaşlı cavanlar təşkil edir. Kənd əhalisində pollinoza az təsadüf olunur. Xəstəliyə kişilərə nisbətən qadınlar daha çox meyllidir. Pollinozun yaranmasında ekoloji, iqlim və coğrafi faktorlar mühüm rol oynayır.   

Pollinozun yaranma səbəbləri

Pollinozun yaranma səbəbləriAllergik xəstəliklər ətraf mühitin müəyyən bir faktorunun təsirinə qarşı sensibilizasiya (yüksək həssaslıq) nəticəsində əmələ gəlir. Pollinozun inkişafında bu rolu bitki və ağacların tozcuqları oynayır. 10-50 mikron böyüklüyündə olan kiçik tozcuqlar xəstənin dəri və selikli qişalarına çökərək, orqanizmdə spesifik reaksiya törədirlər. Pollinozun kəskinləşmə dövrü bir sıra ağac və bitkilərin çiçəklənmə mərhələsi ilə üst-üstə düşür. Palıq, qoz, ağcaqayın ağaclarının tozcuqlarına allergiyası olan xəstələrdə aprel və may aylarında kəskinləşmələr baş verir. Yovşan, ambroziyaya allergik reaksiya verən insanlar avqust və sentryabrda xəstəliyin əlamətlərindən əziyyət çəkirlər.  

Klinik təzahürlərin ifadəliliyi havadan asılıdır. Küləkli quru havada uçan tozcuqların konsentrasiyası yüksəlir, pollinozun simptomları güclənir. Yağışlı, nəm günlərdə havada az miqdarda tozcuğa rast gəlindiyindən əlamətlər yüngül olur.  

Pollinozun yaranmasında irsi meyllik həlledici rol oynayır. Hər 2 valideyn allergik xəstəlikdən əziyyət çəkdikdə, uşaqda allergiyanın yaranma ehtimalı 50%-dir. 1 valideyndə allergik xəstəlik varsa, bu göstərici 25%-ə enir. Əgər valideynlərdə allergik patologiyalar yoxdursa, risk təxminən 10% qalır. Uşaq erkən yaşlardan daim allergenlərlə zəngin mühitdə böyüyərsə, düzgün qidalanmazsa, tez-tez virus xəstəliklərinə tutularsa, o zaman pollinozun yaranma riski yüksəlir.   

Pollinozun əlamətləri

Pollinozun əlamətləriXəstəlik 2 mərhələdə inkişaf edir. Birinci dövrdə xəstəliyin klinik təzahürləri müvəqqəti olur. Pasiyentlər burun, udlaq, qulaq və traxeya nahiyəsinin qaşınmasından şikayətlənirlər. Xəstənin göz qapaqları ödemli və hiperemiyalı olur. Fasiləsiz asqırma tutmaları xarakterik əlamət sayılır. Burundan selikli ifrazatlar axır. İşıqdan qorxma, gözlərin sulanması ilə müşayiət olunan allergik konyunktivit inkişaf edir.  

Allergenin təsirindən 6-8 saat keçdikdə ikinci faza başlanır. İltihabi reaksiyalar güclənir. Gözlərdən irinli axıntılar müşahidə edilir. Bəzən bədən temperaturu yüksəlir. Bir sıra xəstələrdə övrə və ya bronxial astma ilə əlaqədar tənəffüs çatışmazlığı meydana çıxır.  Hətta Kvinke ödemi, kontakt və ya atopik dermatit, sistit, xarici cinsiyyət orqanlarının iltihabı yarana bilər.   

Pollinoz bəzi hallarda «tozcuq intoksikasiyası» – zəiflik, qıcıqlanma, iştahın azalması, depressiya, miqren tutmaları ilə müşayiət olunur. Əgər xəstə müəyyən bir səbəbdən (məsələn, balla birgə) tozcuğu udarsa, ürəkbulanma, qusma, qarında ağrı baş verə bilər.   

Pollinozun diaqnostikası

Diaqnoz xarakterik anamnez (mövsüm xarakterli kəskinləşmələr, irsi meyllik), otolarinqoloqun obyektiv baxışının və əlavə müayinələrin nəticələrinə əsasən qoyulur.  

Burun boşluğuna baxış keçirərkən (rinoskopiya) selikli qişanın ödemi, burun yollarının daralması aşkarlanır. Buruna damardaraldıcı vasitələr damızdırıldıqda selikli qişanın şişkinliyi azalmır. Burun və gözün selikli qişasının izlərini müayinə edərkən eozinofillərin tapılması xəstəliyin allergik mənşəli olmasını təsdiqləyir. Pollinozu törədən konkret allergeni müəyyən etmək üçün bir sıra testlər və allerqoloji sınaqlar aparılır.  

Pollinozun müalicəsi

İlk növbədə allergenlə təmas minimuma endirilməlidir. Xəstə küçəyə az çıxmalıdır. Xüsusən quru və küləkli havalarda evdə qalmaq, pəncərələri açmamaq məsləhət görülür. Havanı tozcuqlardan təmizləyən xüsusi vasitələrdən istifadə etmək tövsiyə olunur. Rasiondan allergiya törədən məhsulları çıxarmaq lazımdır. Pollinozun yüngül formalarında antihistamin vasitələr (daxilə qəbul üçün – astemizol, feksofenadin, loratadin, yerli təsirli – levokabastin və azelastin spreyləri) təyin edilir.  

Orta ağırlıq dərəcəsinə malik pollinozdan əziyyət çəkən pasiyentlərdə yerli təsirli qlükokortikosteroidlər (triamsinolon, flutikazon, mometazon, beklometazon nazal spreylər və s.) əlamətləri yüngülləşdirir. Bronxial astma zamanı inhalyasion qlükokortikosteroidlər tətbiq olunur. Yanaşı gedən ağır formalı virus, bakteriya, göbələk mənşəli infeksiyalar və immun pozğunluqlarda qlükokortikosteroidlərdən ehtiyatla istifadə etmək lazımdır.  

Pollinozun ağır gedişində yerli qlükokortikosteroidlər ümumi təsirli antihistamin preparatlarla kombinə olunur. Burunla tənəffüs mümkün olmadıqda 1 həftədən çox davam etməmək şərtilə damardaraldıcı vasitələr (nafazolin, ksilometazolin, oksimetazolin) təyin olunur. Yadda saxlamaq lazımdır ki, bu preparatların uzunmüddətli istifadəsi medikamentoz rinit törədə bilir. Pollinozun ağır forması burun yollarının daralması ilə müşayiət olunduqda cərrahi müalicə göstəriş sayılır. Əməliyyatın mahiyyəti burun balıqqulaqlarının hissəvi kəsilməsindən ibarətdir. Cərrahi müdaxilə müxtəlif üsullarla, o cümlədən lazer və kriodestruksiya ilə icra olunur.  

Pollinozla mübarizədə ən effektiv üsul allergen spesifik immunoterapiya hesab olunur. Bu zaman pasiyentə artan dozalarla allergen yeridilir. Müalicə nəticəsində orqanizmin allergenə qarşı həssaslığı zəifləyir. Spesifik immunoterapiya dərman vasitələrinin qəbulu ilə eyni zamanda aparıla bilər.  

Pollinozun profilaktikası

Pollinozlu pasiyentlər allergenlə təması məhdudlaşdırmalıdır. Əgər imkan varsa, ağac və bitkilərin çiçəklənmə dövründə digər iqlim zonasına getmək lazımdır.  

Quru və küləksiz günlərdə otağın havası dəyişdirilməlidir. Mənzilə allergenin daxil olmasının qarşısını almaq üçün pəncərəyə qalın və nəm parça vurulmalıdır.  

Xəstələr küçədən evə daxil olduqda duş qəbul etməlidir.  Kəskinləşmə dövründə allergeni uzaqlaşdırmaq məqdəsilə gündə bir neçə dəfə gözləri yumaq və boğazı yaxalamaq məsləhətdir. Paltarları yuduqdan sonra küçədə qurutmaq olmaz. Çünki belə halda tozcuqlar yaş paltara yapışa bilər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: