Saç anomaliyaları

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 3362

saç anomaliyaları nələrdir?Saç anomaliyalarına çox nadir hallarda rast gəlinir; onlardan ən çox yayılanı düyünlü trixoklaziya (saç qırılması) və trixoptilozdur (saç ucluqlarının haçalanması). Saç anomaliyalarının əsas yaranma səbəbi ananın hamiləlik dövründə keçirdiyi infeksion xəstəliklər və genetik determinasiya hesab olunur. Belə patologiyalar zamanı müayinə alqoritmi spektral analiz və saçın mikroskopiyasından ibarətdir. Müalicə saçlara qulluq üçün individual seçilmiş vasitələrin müntəzəm istifadəsindən ibarətdir. Saç anomaliyaları sağlamlıq üçün təhlükəli olmasalar da, ciddi estetik problemlərdir və pasiyentin, xüsusən də o qadındırsa, psixikasına təsir göstərir.

  • Saç anomaliyalarının səbəbləri
  • Saç inkişaf anomaliyalarının klinik təzahürləri
  • Saç anomaliyalarının diaqnostikası və müalicəsi

Saç anomaliyalarının səbəbləri

Trixoklaziya, trixoptiloz və başqa saç anomaliyalarının əsas səbəbi ananın hamiləlik dövründə keçiridyi infeksion xəstəliklərdir. Hamiləliyin ilk trimestrində keçirilən sifilis, vərəm, virus infeksiyaları dölün inkişafı üçün xüsusən təhlükəlidir. Hamiləlik dövründə dəmir defisitli anemiya, stress, zehni və fiziki tükənmə dölə mənfi təsir göstərir və müxtəlif anadangəlmə animaliyalara, o cümlədən trixoklaziya və trixoptilozdan daha ciddi patologiyalara gətirib çıxara bilər. Bir dəfə meydana çıxmış patologiya genomda fiksasiya olunur və irsən ötürülür.

Hamiləlik dövründə sitostatiklərin, antibiotiklərin və dölün inkişafına təsir göstərən digər preparatların qəbulu da dəri artımlarının anadangəlmə patologiyalarına gətirib çıxara bilər. Dəyişilmiş follikullardan başqa piy vəzilərinin distrofiyası da müşahidə olunarsa, xəstəlik daha ağır gedişə malik olur, saç qırılması və quruluğu ilə müşayiət olunur.

Trixoklaziya və trixoptiloz böyük hissəsi qazanılmış olan bütün saç patologiyalarının təxminən 4%-ə qədərini təşkil edir. Bəzi hallarda xəstəlik başın tüklü hissəsinə məlhəmlərin sərt sürtülməsi səbəbindən tez-tez böyük yaşlarda qeyd olunur. Lakin preparatın istifadəsi kəsildikdən sonra saçların vəziyyəti normallaşır. Belə patologiya genetik deyil.

Genetik determinasiya olunmuş trixoklaziya və trixoptiloz zamanı yalnız saç follikulları zədələnir; buna görə də xəstəlik uşağın həyatının ilk illərində nəzərə çarpır. Zaman keçdikcə saçların miqdarının artması ilə əlaqədar olaraq saç spiralının dəyişiklikləri daha az nəzərə çarpır. Qalan saçlar ikincili quruluq və tez qırılma prosesinə qoşulmazsa, tamamilə sağlam ola bilər.

Trixoklaziya və trixoptiloz həyat üçün təhlükə törətmir, lakin saç follikullarının xeyli zədələnmələrində və ya saçların başqa patologiyaları ilə müşayiət olunduqda gələcəkdə ciddi estetik problemə çevrilə bilər.

Saç inkişaf anomaliyalarının klinik təzahürləri

Adi trixoklaziyada saçın eninə qırılması qeyd olunur; saç spiralında düyünlərin əmələ gəlməsi mümkündür. Düyünlü trixoklaziya saç spiralında düyünlərin meydana çıxması ilə xarakterizə olunur. Düyünlər saçın aşağı 1/3-ində təzahür edir və bərk, yarımşəffaf açıq və ya tünd rəngli (saçın rəngindən asılı olaraq) qalınlaşma kimi görünür. Düyünlər müxtəlif saçlarda, müxtəlif miqdarda olurlar. Bununla yanaşı, digər saçlar tamamilə sağlamdır. Saçın düyünlü trixoklaziya ilə zədələnmiş nahiyəsini dəfələrlə böyüdərək baxdıqda saçların boylama haçalandığını görmək olar.

Düyünlərarası hissələrdə saç tamamilə sağlam olur; saş spiralında beyin maddənin olmaması yalnız düyünün yanında müşahidə olunur. Trixoklaziya ilə zədələnmiş hissələrdə saçlar asanlıqla qırılırlar və qırılmış saçın hər iki ucunda laylanma səbəbindən fırçayabənzər olur.

Trixokonodoz və ya ilgəkvari saç xaricən düyünlü trixoklaziya kimi təzahür edir. Yalnız zədələnmiş saça dəfələrlə böyüdərək baxdıqda görünür ki, bu düyün deyil, ilgəkdir. Bu düyünlərdə toz hissəcikləri, qopmuş epidermis və mikroorqanizmlər toplanır.

Trixoptiloz zamanı saç ucluqları boylama yarılır; bu zaman saçqıranlı saçdan fərqli olaraq saçın yalnız bir hissəsi zədələnir. Belə ki, saçqıranlı saçda saçın əsas hissəsi zədələnir. Saçın ucluqları bir neçə hissəyə parçalanır və fırça kimi görünür. Bəzən trixoptiloz saç follikullarının distrofik dəyişiklikləri və piy vəzilərinin atrofiyası ilə müşayiət olunur.

Saçların nadir rastlanan anomaliyalarından biri moniletriksdir Bu qüsur başqa anadangəlmə qüsurlardan fərqli olaraq başqa patogenetik səbəblərə malik deyil. Moniletriks həyatın 1,5-2-ci ayında təzahür edir; eyni zamanda follikulyar hiperkeratoz da inkişaf edir. Patologiya başın bütün tüklü hissəsini və ya ayrıca bir hissəsini əhatə edir.

Bütün saç spiralı boyunca saçın qalınlaşma və nazikləşmə hissələri növbələşir. Açıq rəngli saçlarda moniletriks zamanı qalınlaşmış hissədə saç tünd görünür; bu, qalınlaşmış hissələrdə hava qovuqcuqlarının olmasını və nazikləşmiş hissədə isə olmamasını izah edir. Saçlar nazikləkmiş nahiyələrdə qırılmağa meyilli olur; buna görə də saç örtüyünün uzunluğu nadir hallarda 1-15, sm-dən çox olur.

Baş dərisinin innervasiyasının anadangəlmə pozulması nəticəsində saç follikulları deformasiyaya məruz qalır, saçlar nazikləşir, quru və tez qırılan olurlar. Saç follikullarının saç soğanağından başlayan dərin dəyişiklikləri müşahidə olunur. Bu isə xroniki follikulyar hiperkeratozun inkişafına təkan verir.

Saç anomaliyalarının diaqnostikası və müalicəsi

Moniletriks, trixoklaziya, trixoptiloz və trixonodozun saçların qazanılmış patologiyalarından differensiasiyası məqsədilə trixologiyada saçların mikroskopiyası və spektral analizi tətbiq olunur. Saçların spektral analizi onlarda mikroelementlərin miqdarını müəyyənləşdirməyə yönəlir.

Müalicə saçlara qulluqdan ibarətdir. Trixoloqla xüsusi olaraq seçilmiş müalicəvi kosmetik vasitələr bu defektləri saçların elastikliyinin və yumşaqlığının artırılması hesabına daha az nəzərə çarpan edir. Bəzi klinik hallarda zədələnmiş saçların miqdarı az olduqda, darama zamanı düyünlər və qalınlaşmalar səbəbindən saçlar dolaşdıqda dəyişilmiş saç spirallarını epilyasiya etmək olar.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: