Seboreya

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 35185

seboreya nədir?Başın tüklü hissəsinin seboreyası adlanan iltihabi xəstəlik dəri piyinin ifrazının artması və onun tərkibinin dəyişməsi ilə əlaqəlidir. Patologiyanın əsas təzahürləri qaşınma və pilinqlə müşayiət olunan buynuz qatın qalınlaşmasıdır. Seboreya xroniki gedişata malik olduqda pasiyentlərin bir hissəsində saç tökülməsi qeyd olunur. Patologiyanın təzahürlərinə başın dərisinin pilinqi, iltihabi dəyişiklikləri (hiperemiya və ödem) və qaşınma aiddir. Quru və yağlı seboreya ayırd edilir. Xəstəliyin diaqnostikası dermatoloq və ya trixoloq tərəfindən aparılır. Müalicə seboreyanın inkişafını təşviq edən faktorların korreksiyası, düzgün qida rasionuna və rejiminə riayətdən ibarətdir; ehtiyac olduqda, göbələk əleyhinə müalicə aparılır.

  • Seboreyanın inkişaf səbəbləri
  • Seboreyanın klinik təzahürləri
  • Seboreyanın diaqnostikası və müalicəsi

Seboreya barədə ümumi məlumat

Seboreya – baş dərisinin tüklü hissəsində piy ifrazının armatı ilə bağlı olan və seboreyalı dermatitlə təzahür edən xəstəlikdir. Seboreya iki tip üzrə gedə bilər: quru və yağlı. Quru seboreyada nazik, kövrək və tez qırılan saçlar, qaşınma, dərinin pilinqi, çox miqdarda kəpəyin yaranması müşahidə olunur. Yağlı seboreyada saçlar parlaq, natəmiz, sarımtıl olur; ərp şəkilli kəpək, güclü qaşınma meydana çıxır. Seboreya saçların eninə kəsilməsinə və tökülməsinə, bəzən davamlı keçəlləşməyə gətirib çıxarır.

Seboreyanın inkişaf səbəbləri

Seboreyanın vahid patoloji səbəbi yoxdur. Patologiya genetik meyillik, metabolizmin pozulması zamanı və əlverişsiz ətraf mühitdə yaranır. Hormonal fonun təbii xarakterli dəyişiklikləri (hamiləlik, pubertat və preklimakterik dövrlər) və endokrin sistemin patoloji vəziyyətləri (şəkərli diabet, qalxanabənzər vəzin və cinsiyyət vəzilərinin patologiyaları) tez-tez seboreyanın təzahürü ilə müşayiət olunur.

Pityrosporum ovale – əhalinin 90%-ində aşkarlanan mayayabənzər göbələkdir və hazırda seboreyanın inkişafında başlıca patogenetik komponentdir. Normada baş dərisinin mikroflorasının 30-40%-i P. ovale göbələklərindən təşkil olunur. Lakin zərərli faktorların təsiri altında onların miqdarı artır, seboreya da bütün miqroorqanizmlərin 60%-ini təşkil edir. Seboreya pitirospor göbələklərin inkişafı üzərində kontrolun itirilməsinə rəvac verir; bu, dərinin müdafiə funksiyaları zəiflədikdə baş verir. Göbələklərin nisbətən çox konsentrasiyası piy vəzilərinin ətrafında müşahidə olunur; belə ki, göbələklər vəzi sekretindən koloniyaların böyüməsində və inkişafında istifadə edir.

Seboreyanın təzahürü daxili sekresiya vəzilərinin fəaliyyətinin pozulması ilə əlaqəlidir. Dəri piyinin kimyəvi tərkibinin dəyişilməsi zamanı pitirospor göbələklərin intensiv inkişafı bu faktı təsdiq edir. Belə ki, normada dəri piyi antiseptik xüsusiyyətlərə malikdir.

ÜST qəbul etmişdir ki, seboreyanın patogenezində daha mühüm faktorlar neyrogen, hormonal və immun patologiyaların yanaşı getməsidir. Çünki seboreyanın residivləri stress və sinir sisteminin müxtəlif xəstəliklərində qeyd olunur. Kəllə sinirlərinin iflici, gövdənin iflici və Parkinson xəstəliyi zamanı başın tüklü hissəsinin və hamar dərinin seboreyasına yüksək meyillik qeyd olunur.

Xroniki seboreyanın formalaşmasında immunodefisitin mühümlüyü statistik olaraq təsdiqlənmişdir. Belə ki, klinik sağlam insanlar arasında seboreya ilə xəstələnmə 8:100 nisbətində, İİV infeksiyasında bu ümumi göstəricinin 36%-ində, QİÇS-lu xəstələrin 80%-ində müşahidə olunur.

Müasir trixologiya hesab edir ki, seboreyanın inkişafında risk faktorları kəpəyin qeyri-rasional korreksiyası, aqressiv bərbər prosedurları, şəxsi gigiyenaya riayət olunmadıqda və ya əksinə onun həddən artıq tətbiqi ola bilər.

Seboreyanın klinik təzahürləri

Seboreya üçün baş dərisinin iltihabi reaksiya ilə müşayiət olunan pilinqi xarakterikdir. Patologiyanın klassik gedişində prosesə əvvəlcə ənsə nahiyəsi və saç sərhəddi simmetrik şəkildə cəlb olunur. Seboreya müalicə olunmadıqda hamar dəriyə keçir. Kirpik, qaş, bığ və saqqal nahiyəsində seboreya pasiyentlərin 5-10%-ində qeyd olunur.

Seboreya zamanı baş dərisində ilk növbədə kiçik, ağ pulcuqlar əmələ gəlir; pasiyentlərin böyük bir qismi qaşınmadan şikayətlənir. Patologiyanın belə gedişli forması quru seboreya adlandırılır. Vaxtında diaqnostika olunduqda müalicəyə asanlıqla tabe olur.

Müalicə aparılmadıqda piy vəziləri daha aktiv fəaliyyət göstərməyə başlayır, prosesə yeni-yeni nahiyələr cəlb olunur. Başın qeyri-müntəzəm yuyulması da seboreyanın proqressivləşməsinə gətirib çıxarır və pilinq nəzərə çarpan olur.

Seboreyanın uzunmüddətli gedişi dəridə qırmızı ləkə və ərp şəklində iltihab ocaqlarının olması ilə xarakterizə olunur. Bu patoloji ocaqlar qalın pulcuq və ya pulcuq-qabıq qatı ilə örtülür; daranma səbəbindən qabıqlar qanlı ola bilər. Qaşınma güclü olur və proses hamar dəriyə keçir; daramalar ikincili piokok infeksiyalarının qoşulmasına və piodermiyanın yaranmasına gətirib çıxarır.

Yağlı seboreya iri açıq-sarımtıl pulcuqlarla təzahür edir. Bu pulcuqlar başın bütün dərisini sıx örtür; patoloji dəri hissəciklərini zorla qopardıqda ağrı qeyd olunmur, dəri çəhrayı, yüngül iltihablaşmış olur. Epidermis hüceyrələri yetkin olmadığından öz funksiyalarını natamam icra edirlər; buna görə də dəri tez zədələnir və infeksiyalara məruz qalır. Seboreya zamanı pulcuqlar töküldükdən sonra dəri həmin pulcuqlarla yenidən örtülür. Dərinin piylənməsi yüksək olduğundan pulcuqlar bir-birinə yapışır, saçlar yağlı və natəmiz şəkil alır. Onlar bir-birinə yapışır və hətta müntəzəm yuyulma zamanı belə tez çirklənir.

Fiziki və emosional yüklənmələr, temperatur dəyişkənliyi seboreyanın klinik təzahürlərinin artmasına səbəb olur. Bütün tük örtüyündə buynuz pulcuqlar qeyd olunur. Tədricən tüklərin quruluşu dəyişir, onlar nazikləşir, tökülür, tez qırılan olur və ucları laylanır. Seboreya zamanı dərinin yağlılığı artsa da, yumadan sonra dartılma hissi qeyd olunur. Bu, baş dərisinin susuzlaşması ilə əlaqəlidir. Buna görə də dərini qurudan vasitələrdən istifadə pilinqə səbəb olur və piy ifrazının kompensator olaraq güclənməsinə təkan verir.

Seboreyanın diaqnostikası və müalicəsi

Seboreya klinik təzahürlərinə əsasən trixoloq tərəfindən diaqnostika olunur. Bundan başqa, onun inkişaf səbəbini müəyyənləşdirmək də mütləqdir; buna görə də seboreya zamanı hormonal fon analiz olunur, nevroloji müayinə aparılır, mədə-bağırsaq traktının patologiyaları və immunodefisit vəziyyətlər istisna olunur.

Əsas səbəb korreksiya olunduqda seboreya təzahürləri xeyli azalır, lakin, bununla bərabər, baş dərisinin yerli müalicəsi də mühümdür. Spesifik göbələk əleyhinə müalicə əvvəllər seboreyanın müalicəsində üstünlük verilən iltihab əleyhinə hormonal terapiya ilə müqayisədə daha məqsədəuyğundur.

Qidalanma rejiminə riayət mütləqdir; belə ki, yağlı, qızardılmış, şirin və duzlu qidalar rasiondan çıxarılmalıdır. Patologiya zamanı qida rasionunda sink, B qrupu vitaminləri və liflərlə zəngin

məhsullar üstünlük təşkil etməlidir. Pivə mayası və vitamin U-lu vitamin komplekslərinin uzun müddət qəbulu baş dərisinin vəziyyətini yaxşılaşdırır. Seboryada yalnız müalicəvi losion və şampun istifadəsi kafi olmadığından baş dərisinə sink və qətran tərkibli preparatlar sürtülür. Patologiyanın residivlərini dəf etmək məqsədilə tərkibində bu maddələr olan, saçların müalicəsi üçün nəzərdə tutulmuş şampunlardan profilaktik istifadə olunur.

Xəstəliyin ağır gedişi keratolitik preparatların, məsələn, salisil turşusunun və qətranın təyini tələb olunur. Pulcuqlar dərini sıx örtdükdə onlar vazelin və ya başqa yağların köməyilə yumşaldılır və təmizləndikdən sonra tərkibində aktiv maddə kimi nizoral və ketonazol olan göbələk əleyhinə preparatlar sürtülür. Seboreyanın müalicəsində antifunqal preparatlarla müalicə effektsiz olduqda hormonal preparatlar tətbiq olunur; lakin hormon tərkibli məlhəmlər müalicədə əsas komponentlər deyil.

Fizioterapevtik prosedurlar epidermisin mikrosirkulyasiyasını və laylanmış vəziyyətini yaxşılaşdırmağa imkan verir. Seboreyada baş dərisinin kriomassajı və darsonvalizasiya göstərişdir. Prosedur zamanı follikullar stimulyasiya olunur, bu isə tüklərin inkişafına təkan verir. Dezinfeksiyaedici effektin hesabına cızıqlar və mikrotravmalar qurudulur. Darsonvalizasiya baş dərisinə sakitləşdirici təsir göstərir. Bu təsir sayəsində bütün seboreyalı xəstələrdə qeyd olunan qaşınma keçib gedir.

Klinik təzahürlər aradan qaldırıldıqdan sonra daha iki ay müalicəvi şampundan istifadə etmək lazımdır; belə ki, klinik sağalma patogen mikrofloranın basqılanmasından xəbər vermir. Orqanizmin ümumi vəziyyətindən asılı olaraq seboreyanın residivlərini aradan qaldırmaq üçün müalicəvi şampunları ayda 1-2 dəfə istifadə etmək lazımdır. Seboreyalı pasiyentlər saçlara və baş dərisinə qulluq vasitələrini ehtiyatla dəyişməlidirlər. Bununla yanaşı, onlara forma vermək üçün istifadə olunan vasitələrdən, kimyəvi maddələrlə burmalardan və saçların boyanması və fenlə tez-tez qurudulması tövsiyə olunmur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: