Seboreyalı dermatit

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 1886

seboreyalı dermatit nədir?Seboreyalı dermatit – dəri iltihabı ilə müşayiət olunan, dəri piyinin tərkibinin dəyişilməsi və ifrazının artması ilə əlaqəli dəri xəstəliyidir. Üz, baş, kürək və sinənin yağlı, parıltılı dərisi; dərinin qalınlaşması, yağlı saçlar və kəpək, yüngül qaşınma, dəridə iltihabi eritema ocaqları ilə təzahür edir. Seboreyalı dermatit irinli xəstəliyin, vulqar sızanaqların, pasiyentin fiziki və psixi diskomfortunun inkişafına rəvac verir. Patologiyanın müalicəsi hipoallergen pəhriz, antifunqal terapiya və fizioterapevtik prosedurlardan (kriomassaj, darsonvalizasiya) ibarətdir.

  • Seboreyalı dermatitin səbəbləri
  • Böyüklərdə seboreyalı dermatitin təzahürləri
  • Uşaqlarda seboreyalı dermatitin təzahürləri
  • Seboreyalı dermatitin diaqnostikası
  • Seboreyalı dermatitin müalicəsi

Seboreyalı dermatit barədə ümumi məlumat

Seboreyalı dermatit – dərinin papulo-skvamoz xarakterli xroniki iltihabi xəstəliyidir. Patologiyanın səbəbi mayayabənzər, lipofil Pityrosporum ovale göbələyidir. Göbələyin ikinci adı seboreya və seboreyalı dermatitin göbələk mənşəli olmasını sübut edən alimin adı ilə Malassezia adlandırılmışdır.

Seboreyalı dermatitin səbəbləri

P. ovale-nin seboreyalı dermatitin inkişafındakı aparıcı rolu 1874-cü ildə sübut olunmuşdur; bu, hazırda trixologiya sahəsində klinik və laborator müayinələrlə sübut olunub. Lipofil, mayayabənzər göbələklər əhalinin 90%-dən çoxunun fakültativ mikrofloasına daxildir. Hazırki hipotez P.ovale-nin olmasını norma deyil, gizli daşıyıcılıq hesab etsə də, əsaslandırılmışdır. Belə ki, lipofil göbələkli pasiyentlər bu və ya başqa seboreya təzahürlərinə və problemli dəriyə sahibdirlər. Lakin daşıyıcılıq həmişə seboreyalı dermatitin formalaşmasına gətirib çıxarmır.

Ümumi və yerli immunitet normal olduqda göbələklər spor formasında mövcud olurlar və yalnız bəzi faktorların təsiri nəticəsində onların aktivləşdirilməsi qeyd olunur. Göbələk mikroflorası böyümə və inkişafında piy vəzilərinin sekretini istifadə etməklə seboreyalı dermatit əmələ gətirir. Patologiya daha çox başın tüklü hissəsində tük follikullarının və piy vəzilərinin çoxluğu səbəbindən diaqnostika olunur. Buna baxmayaraq, seboreyalı dermatit piy vəziləri olan istənilən yerdə qeyd oluna bilər. Malassezia furfur göbələyi əsasən başın tüklü hissəsini, Pityrosporum orbicuiare isə hamar dərini zədələyir; hər iki mikroorqanizm P. ovale-nin yarımnövüdür.

Əlverişsiz şəraitdə orqanizm pitirospor göbələklərin üzərində kontrolunu itirir, dərinin baryer funksiyası pozulur, dəri piyinin tərkibi dəyişilir və onun ifrazı artır. Bu isə seboreyalı dermatitin inkişafında əsas mexanizmdir. Klinik sağlam insanlarda göbələk mikroflorası dəridə yaşayan bütün mikroorqanizmlərin təxminən 30%-ini təşkil edir. Seboreya zamanı bu mikrobların miqdarı 70%-ə, seboreyalı dermatitdə isə 90%-ə qədər qalxır. Seboreyalı dermatitin inkişafında aparıcı rol P.ovale göbələklərinə mənsub olsa da, zədə ocaqlarında lipofil göbələklərin müxtəlif növləri ayırd edilir.

Hiperaktiv göbələk mikroflorası sinir sisteminin, orqanizmin hormonal və immun vəziyyətinin pozulmasına rəvac verir. Seboreyalı dermatit tez-tez güclü emosional stressdən və ya xeyli fiziki yüklənmədən sonra debüt edir. Məlum olmuşdur ki, müxtəlif seboreyalı təzahürlərə malik insanlar iqlim zonasını dəyişdikdə onlarda seboreyalı dermatit daha çox diaqnostika olunur. Bu zaman xəstələnmə iqlimi soyuqdan istiyə dəyişdikdə və əksinə vəziyyətlərdə artır. Digər risk faktorları olduqda kəskin kontinental iqlim şəraitində yaşama seboreyalı dermatitin inkişaf ehtimalını kəskin artırır.

Anamnezində onurğa beyni və kəllə sinirlərinin patologiyaları, iflic və parezlər olan pasiyentlərdə neyrogen təbiətli seboreyalı dermatitlə xəstələnmə səviyyəsi yüksəkdir. Misal üçün, Parkinson xəstəliyi həmişə eyni etiologiya və patogenezə malik seboreya və ya seboreyalı dermatitlə müşayiət olunur.

Hormonal fon dəyişilmiş genetik meyilli vəziyyətlər risk faktorlarından biridir. Belə ki, məlum olmuşdur ki, qohumları seboreya, ekzema və ya seboreyalı dermatitdən əziyyət çəkmiş ailələrdə seboreyalı dermatitlə xəstələnmə daha yüksəkdir.

Böyüklərdə seboreyalı dermatitin təzahürləri

Seboreyalı dermatit dermatit tipli gedişata malikdir, papulo-svamoz səpkilər şəklində güclü iltihab təzahürləri ilə müşayiət olunur. İltihab ocaqları aydın seçilir, qırmızı rəngdədir və tökülən epidermisdən təşkil olunmuş yağlı pulcuq qatı ilə örtülür. Seboreyalı dermatitdə ləkələr periferik inkişafa və bir-biri ilə birləşməyə meyillidir. Patologiya zamanı, adətən, başın tüklü hissəsi, üz və gövdənin yuxarı hissəsi, yəni dərinin piy vəziləri ilə daha zəngin olan nahiyələri zədələnir. İmmunodefisitlərdə seboreyalı dermatit qoltuqaltı çuxuru və qasıq büküşlərini zədələyir.

Seboreyalı dermatiti qabaqlayan kəpək və seboreya daha çox rastlansa da, patologiyadan 20-40 yaşlı insanların təxminən 3-5%-i əziyyət çəkir. Çox nadir hallarda xəstəlik pubertat dövrünə qədər inkişaf edir. Bu, müxtəlif yaş qruplarında piy ifrazının xüsusiyyətləri ilə əlaqəlidir.

Seboreyalı dermatitdə başlanğıcda kəpək təzahür edir; buna görə də müalicəyə tabe olmayan kəpək pitirospor göbələklərin hiperaktivliyinin əlamətlərindən biri hesab olunur. Sonralar perifollikulyar hiperemiya və seboreya ərpləri formalaşır. Patoloji ocaqlar periferik inkişaf etdiyindən tədricən başın tüklü hissəsinin böyük hissəsini əhatə edir. Seboreyalı dermatit saç tökülməsi ilə müşayiət olunur. Tökülmüş saçların normal miqdarı yalnız remissiya dövründə bərpa olunur.

Pilinq ocaqları daha çox qulağın arxasında lokalizasiya olunur və qanamaya meyilli, qabıqcıqlarla örtülü çatların əmələ gəlməsinə gətirib çıxarır. Persistəedən xarici otitin yaranması seboreyalı dermatitin yeganə təzahürü ola və ya dərinin başqa seboreyalı zədələnmələri ilə müşayiət oluna bilər. Dərinin həddən artıq pilinqi nəticəsində baş dərisi dəri piyi ilə bir-birinə yapışmış pulcuqlarla sıx örtülür. Onları təmizlədikdə yerində açıq-çəhrayı rəngli, tez-tez ağrılı olan iltihabi səth aşkarlanır. Seboreyalı dermatitlə müşayiət olunan güclü qaşınma masserasiyaya və ikincili infeksiyanın prosesə qoşulmasına təkan verir. Pulcuqlar həm tək-tək, həm də iri lövhəciklər şəklində laylanır. Buna görə də pilinq etmiş epidermisi həm saçlarda, həm də paltarda müşahidə etmək olar. Onlar tünd saçlı insanlarda daha çox nəzərə çarpır.

Üz dərisinin seboreyalı dermatit qaşlar və burun-dodaq büküşü nahiyəsində səpkilərlə müşayiət olunur; adətən, başın tüklü hissəsinin seboreyalı dermatiti ilə yanaşı gedir.

Prosesə göz qapağı dərisi də qoşulduqda patologiya blefarit tipi üzrə gedir, zədə nahiyəsində çoxsaylı ağ pulcuqlar və sarımtıl qabıqcıqlar əmələ gəlir.

Kəpəkdən fərqli olaraq seboreyalı dermatit yalnız estetik problem deyil. Belə ki, patologiya tez-tez seboreyalı ekzemaya çevrilir, eritrodermiyanın inkişafı ilə generalizasiya edir və piodermiya ilə ağırlaşır.

Uşaqlarda seboreyalı dermatitin təzahürləri

Uşaqlarda seboreyalı dermatit 6 aya qədər diaqnostika olunur və onun simptomları ana südü ilə qidalanma tam və ya hissəvi kəsilənədək yavaş-yavaş azalır. Böyük yaşlarda seboreyanın yaranması onun körpələrdə inkişafı ilə heç bir şəkildə əlaqəli deyil. Körpələrdə seboreyalı dermatitin əsas səbəbi ana südündə hormonların miqdarının yüksək olmasıdır. Patologiya klinik olaraq aydın konturlu qırmızı səpkilərlə, təbii büküşlərin diffuz zədələnmələrilə və baş dərisində kortikal pulcuqlarla təzahür edir. Eritematoz-vezikulyar səpkilər pilinq edir, lakin onların təzahürü qaşınma ilə müşayiət olunur. Buna görə də uşağın yuxusu pozulmur. Həm anası hormonal pozulmalardan əziyyət çəkən, ana südü ilə qidalanan, həm də süni qidalanmada olan uşaqlarda seboreyalı dermatitin yaranma riski var. Hər iki qrupa mənsub uşaqlarda müalicənin proqnozu kafidir. Qidalanma korreksiya olunduqda bir neçə ay sonra sağalmaya nail olunur. Səpkilər keçib getmədikdə patologiyanı atopik dermatitlə differensiasiya etmək lazımdır. Bu iki patologiya arasındakı mühüm fərq ondan ibarətdir ki, atopik dermatit seboreyalı dermatitdə müşahidə olunmayan tez-tez residivləşməyə meyillidir və qaşınma ilə müşayiət olunur.

Seboreyalı dermatitin diaqnostikası

Trixoloq konsultasiyasının gedişində əldə olunmuş klinik təzahürlər və pasiyentin sorğusunun nəticələri diaqnozun qoyulması üçün əsas kriteriyalardır. Baş dərisinin dermatoskopiyasında onun qıcıqlanması, kəpək, iltihabi reaksiya, izafi dəri piyi və hiperkeratoz aşkarlanır. Hormonal fonun və qanın analizi, saçların spektral analizi diaqnozu dəqiqləşdirməyə və seboreyalı dermatitin yaranmasına səbəb olan vəziyyətin aşkarlanmasına kömək edir. Uşaqlarda seboreyalı dermatiti atopik dermatitlə, böyüklərdə isə başqa göbələk xəstəlikləri ilə differensiasiya etmək lazımdır.

Seboreyalı dermatitin müalicəsi

Seboreyalı dermatitin müalicəsi kompleks aparılmalıdır. Müalicə həm klinik təzahürlərin dəf edilməsinə, həm də onun meydana çıxmasına səbəb olan xəstəliklərin aradan qaldırılmasına yönəlməlidir. İlk növbədə qidalanma rejimi normallaşdırılmalı, hipoallergen pəhriz tövsiyə olunmalıdır. Qida rasionu selen, sink, A, C, В qrup vitaminlərlə zəngin olmalıdır. Lakin nəzərə almaq lazımdır ki, hipervitaminoz və orqanizmin mikroelementlərlə izafi yüklənməsi başqa ağırlaşmalara səbəb ola bilər.

Yerli olaraq seboreyalı dermatit etiotrop mülaicə olunur; bu məqsədlə ketokonazol və mikonazol tərkibli antifunqal preparatlar istifadə olunur. Lakin pulcuqlardan təşkil olunmuş qat qalın olduğundan aktiv maddə göbələklərə tam təsir göstərə bilmir; buna görə də pulcuqlar olduqda bitki tərkibli yağlarla və keratolitik məlhəmlə applikasiya tətbiq olunur. Bundan sonra antifunqal terapiyaya başlanır. Seboreyalı dermatitin bütün müalicə dövrü ərzində saçların müalicəsi üçün nəzərdə tutulmuş, tərkibində sinki, keratolitik, həmçinin izafi dəri piyini aradan qaldıran, lakin dərini qurutmayan komponentlər olan şampunlar istifadə olunur.

Seboreyalı dermatitin başlanğıc mərhələlərində mütəxəssislər ketokonazol tərkibli xaricə istifadə üçün nəzərdə tutulmuş preparatların təyinindən qaçmağa çalışırlar. Belə ki, bu preparatların uzunmüddətli təyini oğlanlarda impotensiya, kişilərdə isə libidonun azalmasına və erektil disfunksiyaya səbəb olur.

Fzioterapevtik prosedurlardan kriomassaj və Darsonval üsulu ilə yüksəktezlikli cərəyanla təsir göstərişdir. Kriomassaj zamanı baş dərisi soyudulur; bu isə ilk növbədə dəri qaşınması simptomatikasını aradan qaldırır və iltihablaşmış dərini sakitləşdirir. Kriomassajın effektivliyi həm də baş dərisinin mikrosirkulyasiyasını yaxşılaşdırması və damarlarını möhkəmləndirməsindədir. Bu, yerli immuniteti yüksəldir və seboreyalı dermatitdən əziyyət çəkən pasientin dərisinin vəziyyətini yaxşılaşdırır. Darsonvalizasiya zamanı dəri qurudulur, nəticədə pulcuqlar daha sürətlə tökülür, təzə epidermis isə mexaniki zədələnmələrə daha da davamlı olur. Prosedur nəticəsində hüceyrələrin həyat tsikli normallaşır və onların vaxtından əvvəl laylanması dəf olunur. Bununla yanaşı, yüksəktezlikli cərəyan sinir sisteminə sakitləşdirici təsir göstərir, beləliklə, qanda adrenalin və testosteron səviyyəsinin normallaşmasına rəvac verir. Belə ki, onların yüksək konsentrasiyası zamanı piy vəziləri aktivləşir.

Antifunqal preparatlar effektsiz olduqda hormon tərkibli məlhəmlər, piodermiya ilə ağırlaşmalarda isə antibakterial preparatlar təyin oluinur. Nəzərə almaq laımdır ki, bu preparatların göstərişsiz tətbiqi yolverilməzdir. Belə ki, antibiotiklər bütün mikrofloraya təsir göstərir; pitirospor göbələklərin kolonizasiyasının güclənməsinə səbəb ola bilər. Hormonal preparatlar isə uzun müddət tətbiq olunduqda epidermisin atrofiyasına gətirib çıxarır.

Seboreyalı dermatitlə xəstələnmə daim artdığından və adekvat müalicə aparılmadıqda patologiya keçəlləşməyə gətirib çıxarır. Buna görə də sağlam həyat tərzinə və kəpəyin vaxtında korreksiyasına xüsusi diqqət etmək lazımdır. Belə ki, kəpək seboreyalı dermatitin başlanğıcı olan seboreyaya gətirib çıxarır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: