Yağlı saçlar
Yağlı saçlar – baş dərisinin vəzilərinin həddən artıq aktivliyi ilə əlaqəli olaraq saçların yağlılığının yüksəlməsidir. Başı çox yumağa baxmayaraq, belə saçlar yağlı və hətta çirkli görünür; ayrı-ayrı zolaqlar şəklində bir-birinə yapışırlar, saç düzümü götürmürlər. Yağlı saçlar problemi trixoloq, endokrinoloq və qastroenteroloqla birlikdə peşəkar yanaşma tələb edir. Yağlı saçlara kompleks qulluq xüsusi şampunlar və lasionlardan istifadə, müalicəvi tədbirlərin (mezoterapiya, darsonvalizasiya; maska, zərdab, bitki tərkibli vasitələrin tətbiqi və s.) aparılmasından ibarətdir.
- Yağlı saçların səbəbləri
- Saç tiplərinin xarakteristikası
- Yağlı saçlara qulluğun xüsusiyyətləri
Yağlı saçlar barədə ümumi məlumat
Yağlı saçlar – dərinin piy vəzilərinin həddən artıq aktivliyi nəticəsində tüklərin yağlılığı ilə xarakterizə olunan saç tipidir. Yağlı saçlar öz sahibinə (həm kişi, həm qadın) kifayət qədər çətinlik və narahatlıq verir. Məlumdur ki, əsmər insanlar sarışınlar və ya kürənlərlə müqayisədə tez-tez belə saçlara sahib olurlar. Bununla yanaşı, düz saçlar dalğalı və ya qıvrım saçlarla müqayisədə daha tez yağlanır. Quruluşundan asılı olaraq saçlar nazik və qalın, yumşaq və sərt, həmçinin sağlam və tükənmiş ola bilər. Bundan başqa, trixologiyada baş dərisinin piy vəzilərinin aktivlik dərəcəsindən asılı olaraq normal, quru, yağlı və qarışıq (dibi yağlı, ucları quru) saçlar ayırd olunur. Peşəkar və effektiv qulluq həyata keçirmək üçün öz saçının tipini bilmək lazımdır; belə ki, düzgün seçilməmiş kosmetik vasitələr saçın vəziyyətinin pisləşməsinə gətirib çıxara bilər.
Yağlı saçların səbəbləri
Saçların yüksək yağlılığının əsasında dəri piyinin həddən artıq sintezi durur. Normada baş dərisinin piy vəzilərinin sekreti müdafiə funksiyası yerinə yetirən və saçları həddən artıq qurumadan qoruyan nazik, hidrolipid örtük əmələ gətirir. Su-lipid örtüyü dərinin nəmliyini itirməsinin, ultrabənövşəyi şüaların və çirk hissəciklərinin keçməsinin, patogen bakteriyaların çoxalmasının qarşısını alır. Piy vəzilərinin miqdarı və aktivliyi genetik proqramlaşdırılıb; buna görə də yeganə çıxış yolu vasitələrin düzgün seçilməsi və yağlı saçlara gündəlik hərtərəfli qulluq ola bilər. Bundan başqa, saçların vəziyyətinə alimentar, hormonal və başqa faktorlar təsir göstərir.
Saçlar, adətən, cinsi yetişkənlik və yeniyetməlik dövründə yağlı olur. Bu, orqanizmin hormonal dəyişikliklər dövründə testosteron sintezinin artması və piy vəzilərinin ona həssaslığının yüksəlməsi ilə əlaqəlidir. Yağlı dəri, yağlı saçlar, yeniyetməlik sızanaqları kimi problemlərin meydana çıxması məhz bu hormonal dəyişikliklərlə əlaqəlidir. Bundan başqa, saçlar stress, hamiləlik, menopauza və s. nəticəsində daha yağlı ola bilər.
Piy vəzilərinin izafi aktivliyini ədviyyatlı və duzlu qidalar, qazlı içkilər, yağlı məhsullar, fastfood, alkoqol, həmçinin bəzi dərman preparatları stimulyasiya edə bilər. Bir çox hallarda baş dərisinə qeyri-düzgün qulluq (qidalandırıcı yağlar və yağlı maskalar vurmaq), sintetik materiallı baş örtüklərindən istifadə saçların yüksəlmiş yağlılığına revac verir. Daxili sekresiya vəzilərinin, MBT və sinir sisteminin disfunksiyaları saçların vəziyyətində öz əksini güclü şəkildə tapır.
Yağlı saçların meydana çıxmasının daha bir səbəbi seboreyalı dermatitdir; bu zaman nəinki dəri piyinin ifrazı, həm də onun keyfiyyətinin dəyişilməsi baş verir. Bu patoloji vəziyyət dəridə mövcud olan mayayabənzər lipofil göbələklər tərəfindən törədilir və yağlı kəpək, güclü qaşınma, baş dərisinin ekskoriasiyası, saç tökülməsi ilə müşayiət olunur.
Saç tiplərinin xarakteristikası
Normal saçlar sağlam və cəlbedici olur; onlar parlaq, elastik və ipək kimi yumşaq olması ilə fərqlənir. Belə saçlar asanlıqla şəkilləndirilir və uzun müddət yığılmış formasını saxlayır. Bütün bu xüsusiyyətlər normal saçlarda yuyulmadan sonrakı bir neçə gün ərzində saxlanır. Quru saçlar isə cansız görünür. Onlar çətinliklə daranır və yuyulduqdan sonra şəkilləndirilir, lakin asanlıqla bir-birinə dolaşır və ucları haçalanır. Quru saçlar yuyulduqdan sonra, adətən, baş dərisinin dartılması hissi yaranır. Bununla bərabər, quru saçlar uzun müddət kirlənmir və yalnız yuyulmadan sonrakı 7-ci günün sonunda yağlı olurlar.
Yağlı saçların tipik əlamətləri yağlılığın artması; yağlı parıltı, çirkli görüntüdür. Yuyulmadan bir neçə saat sonra saçlar bir-birinə yapışır və forma saxlamır. Yağlı saçlar toz hissəciklərini sürətlə absorbsiya edir, qoxulu maddələri içinə çəkir. Buna görə də çirkli görünür; onlardan xoşagəlməz qoxu gələ bilər. Başqa problemlər – kəpək, izafi saç tökülməsi tez-tez yağlı saçların yaranmasına rəvac verir. İsti, rütubətliyin yüksəlməsi və başqa atmosfer təzahürləri saçların yağlılığını gücləndirir. Əksər hallarda yağlı saçlar üz dərisinin yağlılığı ilə müşayiət olunur. Ümumilikdə estetik nöqteyi nəzərdən yağlı saçlar tamamilə xoşagəlməz təsir bağışlayır. Qarışıq tipli saçlar, bir qayda olaraq, uzun olur; onlar piylə bütünlüklə örtülə bilmir, buna görə də yağlı köklərə və quru, haçalanan uclara malik olur.
Yağlı saçlara qulluğun xüsusiyyətləri
Yağlı saçlara necə qulluq etmək haqda danışmazdan əvvəl saçların bu tipinin “nə sevmədiyini” müəyyənləşdirmək vacibdir. Belə ki, yüksək piy ifrazı zamanı saçları isti su ilə yumaq, başın massajı (tüklü hissəsi), saçların fırça ilə tez-tez daranması, fenlə və isti maşa ilə şəkilləndirilməsi, gel və mum istifadəsi, sıx hörüklərə yığılması, metallik saç sancaqlarından istifadə tövsiyə olunmur. Belə ki, bütün bunlar dəri piyinin əmələ gəlməsini stimulyasiya edir. Bundan başqa, yağlı saçlara sahib olan insanlara uzun buruqlardan və qısa saçların mürəkkəb şəkilləndirilməsindən imtina etmələri məsləhət görülür.
Saçların yağlılığının azaldılması üçün qidalanmanın dəyişilməsi, zərərli vərdişlərdən imtina, vitamin-mineral komplekslərinin və qida əlavələrinin qəbulu, saçlara qulluq vasitələrinin düzgün seçilməsi kimi şərtlərə riayət etmək vacibdir. Bütün klinik hallarda yağlı saçların müalicəsinə trixoloqa müraciət, baş dərisinin və saçların vəziyyətinin kompüter diaqnostikası, saçların spektral analizi vasitəsilə mikroelementlərin təyini ilə başlanır. Saçların yağlılığının yüksəlməsinə daxili orqanların qeyri-düzgün fəaliyyəti səbəb olarsa, həkim başqa mütəxəssislərə (endokrinoloq, qastroenteroloq, ginekoloq-endokrinoloq) müraciət edilməsini, əlavə müayinələrin (qanın biokimyəvi analizi, hormon səviyyəsinin təyini, abdominal USM və s.) aparılmasını tövsiyə edə bilər.
Mütəxəssis-trixoloq yağlı saçlara qulluqla bağlı terapevtik sxemi qurmaqda kömək edir. Bu sxem piy vəzilərinin fəaliyyətini tənzimləməyə və baş dərisinin normal hidrolipid balansını dəstəkləməyə imkan verir. Gündəlik qulluqda ən yaxşı effektə nail olmaq üçün eyni seriyalı bir neçə məhsuldan (məsələn, yağlı saçlar üçün maska, şampun, losion) istifadə etmək tövsiyə olunur. Yağlı saçların yuyulma tezliyinə dair fikir ayrılığı mövcuddur. Bəzi mütəxəssislər hesab edirlər ki, saçların tez-tez yuyulması piy ifrazını azaltmır, əksinə artırır. Digərləri isə düşünürlər ki, yağlı saçları onların çirklənməsindən asılı olaraq yumaq lazımdır. İstənilən halda yağlı saçları səhərlər yumaq daha yaxşıdır; belə ki, axşamlar piy vəziləri daha intensiv fəaliyyət göstərir. Şampundan iki dəfə istifadə etmək, saçı qaynar su ilə deyil isti su ilə yaxşı yumaq lazımdır. Yağlılığa meyilli saçları fen istifadə etmədən təbii şəkildə qurutmaq daha yaxşıdır.
Saçları ot dəmləmələri ilə yumaq və ya onları baş dərisinə sürtmək piy ifrazının ləngiməsinə kömək edir. Yağlı başın dərisində yararlı olan dərman bitkilərinə ana-və-ögey ana (lat. Tussilágo fárfara), Acorus cálamus (lat..), aloye, Urtica (lat.), adaçayı, Quércus (lat..) qabığı, qatırquyruğu aiddir. Yağlı saçlara qulluqda məşhur xalq təbabəti vasitələri onların qatıq və süd zərdabı ilə yuyulmasıdır. Yağlı saçlar problemində şampuna və ya saçları yumaq üçün nəzərdə tutulmuş suya bir neçə damcı berqamot, qızılgül, nanə və sitrus efir yağları əlavə oluna bilər. Gildən və çiçəksiz xınadan hazırlanmış maskalar baş dərisi üçün yaxşı absorbsiyaedici və seborequlyator təsir göstərir.
Saçlara peşəkar qulluq və onların müalicəsi gözəllik salonlarında müalicəvi kosmetik vasitələrdən – ampul, maska və ya kompleks vasitələrdən istifadə etməklə aparıla bilər. Yağlı saçlar üçün optimal qərar qısa və ya orta uzunluqlu saç kəsimləri, muz istifadəsi ilə diffuzor şəkilləndirmə, sprey-fiksator və ya saçların köklərinə qədər qalxan yüngül kimyəvi buruqlardır. Yağlı saçların boyanmasına qadağa qoyulmur. Saçların trixoloq tərəfindən həyata keçirilən müalicə və bərpa prosedurları başın tüklü hissəsinin ozonoterapiyası, mezoterapiyası, plazmoliftinqi; baş dərisinin pilinqi, krioterapiya, darsonvalizasiya, “lazer duşu” və s. ibarət ola bilər.
Saçların yüksək yağlılığı yalnız endogen səbəblərin aradan qaldırılması, piy vəzilərinin düzgün fəaliyyətinin bərpası, ev şəraitində saçlara düzgün qulluq və peşəkar müalicədən ibarət kompleks yanaşma ilə həll oluna bilər.