Stomatit

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 22305

stomatit nədir?Stomatit – ağız boşluğunun müxtəlif etiologiyalı iltihabı prosesidir. Patologiya selikli qişanın qızarması, şişkinliyi (kataral stomatit), qovuqcuq və eroziyaların yaranması (aftoz stomatit), xoralaşma (xoralı stomatit), ağrı və göynəmə hissinin (xüsusən qida qəbulu zamanı) meydana çıxması ilə xarakterizə olunur. Stomatitin etiologiyasını müəyyən etmək üçün selikli qişanın zədələnmiş hissəsindən götürülmüş yaxma müayinə olunur. Xəstələrə etiotrop müalicə, ağrıkəsici, yaratəmizləyici və sağaldıcı vasitələr təyin edilir. Yüngül hallarda ağız boşluğunun gigiyena və sanasiyasına riayət etdikdə sağalma baş verir. Stomatitin residivləşən və ya ağır gedişi orqanizmin ümumi xəstəliyindən xəbər verir.

  • Yaranma səbəbləri
  • Stomatitin klinik təzahürləri
  • Diaqnostika
  • Müalicə
  • Proqnoz və profilaktika

Stomatitin yaranma səbəbləri 

Stomatitin səbəbləri Stomatitə böyüklərlə müqayisədə uşaqlarda daha çox təsadüf olunur.  Ağız boşluğunun bu iltihabi prosesi sərbəst xəstəlik və ya sistem patologiyalarının (sistemli sklerodermiya, streptodermiya və s.) əlaməti kimi inkişaf edir. İmmunodefisit hallar prodromal dövrdə adətən müalicəyə çətin tabe olan stomatitlərlə təzahür edirlər. Lakin əksərən stomatit sərbəst şəkildə formalaşır. Sınıq dişlər, bərk qida hissəcikləri və ya düzgün hazırlanmamış protezlərin törətdiyi mexaniki travmalar stomatitə gətirib çıxarır. Zədələyici amil aradan qaldırıldıqdan sonra travmatik stomatit öz-özünə keçib gedir.

Qaynar qida selikli qişanın yanığına səbəb ola bilər. Həddindən artıq isti xörəyin müntəzəm qəbulu ilə əlaqədar selikli qişanın xroniki iltihabı istisna hal hesab olunur. Qida məhsullarına, dərman vasitələrinə və ağız boşluğuna qulluq vasitələrinin komponentlərinə qarşı hiperhəssaslıq çətin müalicə olunan allergik stomatitlərin formalaşması ilə nəticələnə bilər.

İnfeksion stomatitlərə müxtəlif yaş qrupundan olan şəxslərdə rast gəlinir. Uşaqlarda təmas yolu ilə yoluxma üstünlük təşkil edir. Böyüklərdə isə infeksion stomatitin inkişafı bronxial astma və şəkərli diabet kimi yanaşı gedən xəstəliklərlə bağlı olur.

Zədələnmə dərəcəsindən asılı olaraq, stomatitlər kataral, xoralı, nekrotik və aftoz formalara ayırd edilir.

Stomatitin klinik təzahürləri

Kataral stomatit xəstəliyin ən geniş yayılmış formasıdır. Bu zaman ağız boşluğunun selikli qişası ödemli, hiperemiyalı və ağrılı olur. Pasiyentlər qida qəbulunun ağrılı olmasından, tüpürcək ifrazının güclənməsindən, bəzən isə qanama və ağızdan xoşagəlməz qoxunun gəlməsindən şikayət edirlər.  Bir sıra xəstələrdə selikli qişa sarımtıl ərplə örtülür.

Xoralı forma kataral stomatitin ağırlaşması olaraq və ya sərbəst xəstəlik kimi inkişaf edə bilər. Kataral formada selikli qişanın yalnız üst qatı zədələndiyi halda, xoralı stomatitdə proses onun bütün qatlarına yayılır. Başlanğıc mərhələdə kataral və xoralı stomatitlərin əlamətləri oxşar olur. Lakin 3-5 gün keçdikdə sonra bədən temperaturu yüksəlir, regionar limfa düyünləri böyüyür. Kəskin ağrı ilə əlaqədar xəstələrin əksəriyyəti qidadan imtina edir. Ümumi halsızlıq artır, baş ağrıları meydana çıxır. Uşaqlarda və zəifləmiş xəstələrdə xoralı stomatitin əlamətləri daha ifadəli şəkil alır.

Aftoz stomatit zamanı ağız boşluğunun selikli qişası tək-tək və ya çoxsaylı aftalarla (oval və ya girdə formalı xoralar) örtülür. Afta nazik qırmızı haşiyə ilə əhatə olunur. Onun mərkəzində boz və ya sarı ərp əmələ gəlir. Aftoz stomatit əzginliklə başlayır. Bədən temperaturu yüksəldikdən sonra selikli qişa ağrılı olur, onun üzərində aftalar formalaşır. Xəstə sağaldıqdan sonra aftoz xoraların yerində çapıq qalır.

İnfeksion və allergik stomatitlərin əlamətləri

Stomatitin əlamətləriAğız boşluğu sadə herpes virusu ilə infeksiyalaşdıqda kəskin herpetik stomatitə rast gəlinir. Xəstəliyin prodromal dövrü olmur. Stomatit bədən temperaturunun febril həddə çatması ilə başlanır. Pasiyentlərin ümumi vəziyyəti pozulur. Ağız boşluğunun selikli qişası ödemli və hiperemiyalı olur. Bəzən diş əti qanaması müşahidə edilir. Herpetik stomatitli xəstələrin əksəriyyətini ağız suyunun çoxalması və ağızdan xoşagəlməz iy narahat edir. Bir neçə gündən sonra selikli qişada kiçik ölçülü pustula və vezikulalar yaranır, prosesə epitel qatın nekrotik dəyişikliklərinin əlamətləri qoşulur.

Xoralı-nekrotik stomatit və ya Vensan stomatitinə ağız boşluğundakı spiroxetlə iyşəkilli bakteriyanın simbiozu səbəb olur. Hipovitaminoz və immunitetin zəifləməsi stomatitin bu formasının inkişafına şərait yaradır. Xoralı-nekrotik stomatit ağız boşluğunda xora və eroziyaların əmələ gəlməsi, hərarətin subfebril rəqəmlərə qədər yüksəlməsi ilə xarakterizə olunur. Xəstələr diş ətinin ağrılı olmasından və qanamasından şikayət edirlər. Zaman keçdikcə ağızdan çürüntülü iy gəlir. Xoralı-nekrotik stomatit üçün prosesin diş əti kənarından başlanaraq, selikli qişanın digər hissələrinə yayılması səciyyəvidir.

Allergik stomatit müxtəlik ağırlıq dərəcəsinə (kataral formadan xoralı-nekrotik formaya qədər) malik ola bilər. Yayılma dərəcəsinə görə allergik stomatit lokal və diffuz olur. Selikli qişaya təsir edən dərman vasitələri allergen rolunu oynadıqda allergik stomatit adətən kataral və ya kataral-hemorragik xarakter daşıyır. Qida qəbulu ağrılı olur, ağızda quruluq və qaşınma yaranır. Ağız boşluğunun selikli qişası qızarır, ödemləşir. Allergik stomatit uzun müddət davam etdikdə dilin üzərindəki məməciklər atrofiyaya uğrayır.

Stomatitin diaqnostikası 

Diaqnozun qayılması üçün klinik şəkil, subyektiv şikayətlər və stomatoloqun baxışı kifayət edir. Bəzən laborator diaqnostika: kandidoz və herpesin PZR analizi, sıyrıntı və ya yaxmanın bakterioloji əkilməsi tələb olunur. Müalicəyə tabe olmayan stomatitlərdə sistem xəstəliklərini aşkar etmək üçün ümumi müayinə göstəriş sayılır.

Stomatitin müalicəsi

Müalicə ağrı hissinin və xəstəliyin davametmə müddətinin azaldılmasına yönəldilir. Statistik məlumatlara əsasən tərkibində natrium lauril sulfat olmayan ağız boşluğuna qulluq vasitələrindən istifadə etdikdə stomatitlərə az hallara rast gəlinir və ya onlar tez sağalır. Natrium lauril sulfat isə əksinə, xroniki residivləşən stomatitlərin formalaşmasına şərait yaradır. Anestetiklərin aşağı faizli məhlulları ilə ağız boşluğunun yaxalanması və ya aplikasiyalar ağrını zəiflədir. Nəticədə qida qəbulu normallaşır.

Xoralı elementlərə benzokain, lidokain, trimekain, eləcə də aloe və ya kalanxoe şirəsi çəkilir. Bu maddələr ağrı hissini azaltmaqla yanaşı, həm də eroziya sahələrinin üzərini qoruyucu təbəqə ilə örtürlər. Yadda saxlamaq lazımdır ki, anestetiklər qısa müddətli istifadə edilməlidir. Onların uzunmüddətli tətbiqi yolverilməzdir.

Xoraları bakterial ərpdən təmizləyən preparatlar müsbət nəticələr verir. Xoralı stomatitlərdə bakterial ərp elementlərin sağalmasını ləngitdiyindən xəstəlik lənggedişli və ya residivləşən xarakter alır. Təmizləyici məcunlar adətən karbamid peroksid və hidrogen peroksid tərkibli olur.

Antibakterial preparatlarla müalicə aqressiv üsul hesab olunur. Antibiotiklər yalnız xoraların reinfeksiyalaşması zamanı təyin edilir. Əksər hallarda xlorheksidin biqlükonat əsaslı preparatlara üstünlük verilir. Onların uzunmüddətli istifadəsi dişlərdə və plomblarda ləkə əmələ gətirir. Müalicə başa çatdıqdan sonra ləkələr öz-özünə itir.

Virus mənşəli stomatitlərdə virusəleyhinə məlhəm effektiv olur. İnterferon, oksalin, tebrofen və digər virusəleyhinə məlhəmlər yalnız həkim tərəfindən məsləhət görülə bilər. Xoraların üzərində qorucuyu qat əmələ gətirən xüsusi preparatlar mövcuddur. Həmin örtük sağalma prosesini sürətləndirir,  xoraların reinfeksiyalaşmasının və zədələnməsinin qarşısını alır. Bu tip preparatların tərkibinə karatolin, itburnu və ya çaytikanı yağı, vinilin daxildir.

Ağız boşluğunun furasilin məhlulu, gülümbahar çiçəyi, çobanyastığı, palıd qabığı, dazıotu və ya digər antiseptik təsirə malik ot dəmləmələri ilə yaxalanması sağalmanı tezləşdirir. Stomatitlərin müalicəsində fizioterapevtik üsullara: ultrasəs, maqnitoterapiya, UBŞ və s. xüsusi yer verilir.

Travmatik stomatitin müalicəsi zədələyic amilin aradan qaldırılmasından ibarətdir. Göstəriş olduqda simptomatik terapiya aparılır.

Stomatitin proqnoz və profilaktikası

Proqnoz adətən qənaətbəxş olur. Nadir hallarda xroniki travmatik stomatit dilin leykoplakiyasına və ya ağız boşluğu hüceyrələrinin maliqnizasiyasına (bədxassələşməsi) gətirib çıxara bilər. Allergik mənşəli stomatitlərdə allergen müəyyən edildikdən və uzaqlaşdırıldıqdan sonra əlamətlər geriyə inkişaf edir. Ağır hallarda hiposensibilizəedici terapiya və hospitalizasiya tələb olunur.

Stomatitin profilaktikası ağız boşluğuna düzgün qulluq edilməsindən və fərdi gigiyena qaydalarının uşaq yaşlarından aşılanmasından ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: