Aqalaktiya

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 2045

aqalaktiya nədir?Aqalaktiya — ana südü sekresiyanın tamamilə olmaması ilə xarakterizə edilən doğuş sonrası patologiyadır. Diaqnozun qoyulması prosesində süd vəzilərinin USM-i, prolaktinin səviyyəsinin müəyyənləşdirilməsi, hipofizin xəstəliklərini inkar etmək məqsədilə baş beynin kompyuter tomoqrafiyası istifadə olunur. Laktogenezin bərpası üçün laktoqon effektli preparatlar, fizioterapevtik prosedurlar və qidalanmanın korreksiyası tətbiq edilir. Laktasiyanın pozulmasının konkret səbəbi məlum olduqda müalicə həmin problemin dəf edilməsinə yönəlir. Birincili aqalaktiyanın müalicəsi mümkün deyil.

  • Aqalaktiyanın səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Aqalaktiyanın simptomları
  • Ağırlaşmaları
  • Diaqnostika
  • Aqalaktiyanın müalicəsi
  • Proqnoz və profilaktika

Aqalaktiya barədə ümumi məlumat

Uşaq dünyaya gətimiş qadınların, demək olar ki, yarısında ana südü yetərsizliyi olmasına baxmayaraq, südün tamamilə olmamasına pasientlərin yalnız 3%-ində rast gəlinir və patologiya qadınların 1:10000 nisbətində anatomik qüsurlarla əlaqəlidir. Əksər klinik hallarda laktasiya somatik, infeksion və endokrin xəstəliklərlə əlaqəli müxtəlif endogen və ekzogen faktorların təsiri altında dayanır. Aqalaktiya ilk dəfə uşaq dünyaya gətirmiş və 40 yaş və daha sonrakı illərdə ana olmuş qadınlarda daha çox aşkarlanır. Mammoloq və mama-ginekoloqların müşahidələrinə əsasən qadının yaşı artdıqca laktasiyanın bərpası perspektivləri azalır.

Aqalaktiyanın səbəbləri

Uşaq dünyaya gətirmiş qadında südün tamamilə olmaması süd vəzilərinin parenximatoz toxumasının morfoloji dəyişiklikləri və laktasiya prosesinin neyroendokrin pozulmaları ilə bağlıdır. Bəzi xəstələrdə bu faktorların kombinasiyası müşahidə olunur; adətən, süd sintezi döşlə qidalandırmadan bir müddət sonra dayanır. Aqalaktiyanın əsas səbəbləri aşağıdakılardır:

  • Vəzili toxumanın olmaması. Süd vəzilərinin anadangəlmə natamam inkişafı hipoqonadizm və infantilizm əlamətlərindən biridir. Dolu qadınlarda patologiya süd vəzi nahiyəsində piy toxumasının izafi inkişafı ilə maskalanır. 40-45 yaşdan böyük pasientlərdə süd vəzilərinin involyusiyası nəticəsində parenxima atrofiyalaşır.
  • Prolaktin sekresiyasının pozulması. Uzanmış hamiləlik, doğuş sonrası Sheehan sindromu, vərəm, hipofizin şişləri, neyrocərrahiyyə əməliyyatdan və kəllə-beyin travmalarından sonra laktotrop hormonların sintezi azalır. Mammotropinin səviyyəsi şəkərli və şəkərsiz diabetli pasientlərdə aşağıdır.
  • Genetik meyllik. Uşaq dünyaya gətirmiş qadınların bir qismində aqalaktiya irsi xarakter daşıyır; laktositlərin, mammotrop hormonların reseptorlarının olmaması nəticəsində yaranır. Laktasiya bir sıra anadangəlmə fermentopatiyalarda (ferment çatışmazlığı nəticəsində laktogenezin biokimyəvi zəncirinin pozulması) mümkünsüzdür.
  • Dərman preparatlarının qəbulu. Laktasiya prosesinə təsir göstərən bəzi dərman preparatları qrupudur. Ana südü kalsitonin, dofaminoergik, qıcolma əleyhinə preparatlar, siklosporin A, qadın cinsiyyət hormonlarının, ilk növbədə estrogen antaqonistləri qəbul edən pasientlərdə daha çox sintez olunmur.
  • Hərarət vəziyyəti. Hipertermiya ilə müşayiət olunan xəstəlik laktogenezin zəifləməsinin geniş yayılmış səbəblərindən biridir. Onlar tez-tez hipoqalaktiyaya gətirib çıxarır, lakin bədən temperaturu xeyli yüksəldikdə laktasiya tamamilə dayanır. Bir sıra infeksion xəstəliklər zamanı döşlə qidalandırma müvəqqəti dayandırıldıqda vəziyyət dərinləşir.
  • Xarici faktorlar. Az kalorili qidalanma, maye şəkilli yeməklər və su kifayət qədər qəbul olunmadıqda, sidikqovucu təsirli bitki dəmləmələrinin qəbulu anti-laktasion effekt verir. Aqalaktiya güclü stress, zəhərlənmələr, radiasion təsirlər zamanı da inkişaf edə bilər.

Aqalaktiyanın patogenezi

Aqalaktiyanın inkişaf mexanizmi süd sintezi üçün morfoloji substratın olmamasına və ya laktasion proseslərin natamam stimulyasiyasına əsaslanır. Süd vəzi toxumasında vəzili hüceyrələr və ya laktositlər az olduqda və ya ümumiyyətlə olmadıqda, prolaktinə həssaslıq olmadıqda, hipofiz tərəfindən sintez olunan mammotrop hormon laktostimuləedici effekt göstərə bilmir. Başqa bir tərəfdən mammotropinin səviyyəsi kifayət qədər olmadıqda süd vəzi alveollarında laktogenez baş vermir. Fermentopatiyalar, hərarət vəziyyətləri, bəzi dərman preparatları və başqa xarici faktorlar laktasiyanın müxtəlif həlqələrinə – prolaktin sintezinin azalmasından laktositlər tərəfindən süd ifrazının basqılanmasına qədər təsir edir.

Aqalaktiyanın təsnifatı

Aqalaktiyanın ayrı-ayrı formalarının sistemləşdirildikdə patologiyanın yaranma vaxtı, həmçinin doğuş sonrası laktasiyanın olmamasına gətirib çıxaran səbəbləri nəzərə alınır. Bu zaman mammologiya sahəsində çalışan mütəxəssislərin əksəriyyəti süd vəzilərinin fəaliyyətinin nəzəri imkanlarını təsnifatın əsas kriteriyalarından biri qiymətləndirirlər. Xəstəliyin aşağıdakı variantları var:

  • Birincili (mütləq, həqiqi) aqalaktiya. Süd vəzilərinin parenximasının inkişafdan qalmaı, kobud endokrin patologiyalar və fermentopatiyalar nəticəsində süd sintez olunmamasıdır.
  • İkincili (nisbi) aqalaktiya. Xarici faktorlar və ya müxtəlif patoloji vəziyyətlər səbəbində süd verən anada laktogenezin tamamilə dayanmasıdır.

Aqalaktiyanın simptomları

Süd vəzilərini sıxdıqda və ya onları sağmağa cəhd etdikdə döş giləsindən hər hansı bir ifrazatın xaric olmaması vəzidə südün olmamasından xəbər verir. Laktogenezin birincili pozulmasında nəinki süd, həm də normada hamiləliyin 30-31-ci həftəsində əmələ gələn molozivo (ana südü, ilk süd) sintez olunmur. İkincili aqalaktiyanın əlamətləri laktasiyanın qəflətən və ya tədricən azalaraq dayanmasıdır: uşağı orqandan ayırmaq çox çətin olur; o, narahat olur, pis yatır, çəkisi artmır. Uşağı qidalandırmazdan əvvəl döş giləsinə təzyiq etdikdə damcı şəklində süd ifraz olunur.

Aqalaktiyanın ağırlaşmaları

Aqalaktiya müstəqil patoloji vəziyyət kimi qadının sağlamlığına və həyatına hər hansı bir təhlükə törətmir. Klinik vəziyyət düzgün qiymətləndirilmədikdə və sağma zamanı kobud davranış süd vəzilərinin travmalarına səbəb ola bilər. Süd sintezi laktasiyadan sonra basqılanırsa, lakin qadın körpəni döşə qoymağa davam edirsə, uşağın əmməsi nəticəsində döş giləsi-areola zonasının zədələnmə (döş giləsinin masserasiyası, çatları və ekzeması) ehtimalı artır. Vaxtında aşkarlanmamış aqalaktiya uşağın həyatı üçün böyük təhlükə törədir və yenidoğulmuşun hipotrofiyası inkişaf edə bilər.

Aqalaktiyanın diaqnostikası

Doğuşdan sonrakı dövrdə süd ifraz olunmadıqda diaqnostik mərhələdə əsas tapşırıq aqalaktiyanın inkişafına gətirib çıxaran səbəbin aşkarlanmasıdır. Pasientlərə laktasiyada iştirak edən və ona təsir göstərən müxtəlif orqanların vəziyyətini qiymətləndirmək məqsədilə kompleks müayinə təyin olunur. diaqnostikada aşağıdakı metodlar daha informativdir:

  • Süd vəzilərinin USM-i. Metod süd vəzilərinin vəzili komponentlərinin nə dərəcədə formalaşdığını müəyyənləşdirməyə imkan verir. Parenximatoz toxumanın inkişafdan qalması birincili aqalaktiya üçün xarakterikdir.
  • Qanda prolaktinin səviyyəsi. Laktotrop hormonun konsentrasiyasının azalması laktogenezin birincili pozulması, həmçinin laktasiyanın ikincili basqılanmasından xəbər verir.
  • Baş beynin KT. Prolaktin hipofizin ön payında sintez olunduğundan hipotalamo-hipofizar nahiyənin üzvi zədələnmələrini və həcmli proseslərini inkar etmək vacibdir.

Başqa instrumental və laborator metodlar konkret patoloji vəziyyətin olmasına şübhə olduqda müvafiq sahənin mütəxəssisləri tərəfindən təyin olunur. Differensial diaqnostika, adətən, ikincili aqalaktiya və hipoqalaktiya ilə aparılır. Pozulmuş laktogenezin səbəblərinin dəqiqləşdirilməsi məqsədilə pasientin müayinəsinə endokrinoloq, neyrocərrah, terapevt, infeksionist (febril vəziyyət fonunda laktasiyanın basqılanması) də cəlb oluna bilər.

Aqalaktiyanın müalicəsi

Laktogenezin bərpasının perspektivləri patologiyanın formalarından asılıdır. Laktasiyanın birincili (həqiqi) pozulması zamanı ana südünün sintezinin bərpasına nail olmaq mümkün deyil. Belə hallarda uşaq süni qidaya keçirilir, patologiyaya səbəb olan ciddi xəstəlik aşkarlanarsa, qadın müvafiq sahənin mütəxəssisi tərəfindən müalicə olunur. İkincili aqalaktiyanın kompleks müalicəsinə aşağıdakılar aiddir:

  • Laktasiyanı basqılayan səbəbin dəf edilməsi. Pasientə süd sintezinin dyanmasına gətirib çıxarmış kəskin xəstəliklərin və ya vəziyyətlərin – kəskin infeksiyalar, zəhərlənmələr, stress nəticəsində adaptasiyanın pozulmasının və s. müalicəsi təyin olunur. Bu məqsədlə antibiotiklər, qeyri-steroid preparatlar, sedativ və infuzion terapiya, immunokorrektorlar və vitamino-mineral komplekslərindən istifadə olunur.
  • Laktogenezin stimulyasiyası. Süd sekresiyasının bərpası üçün laktoqon preparatlar (laktin, dezaminooksitosin,vitamin E, nikotin turşusu), fitopreparatlar, fizioterapevtik metodlar (ultrasəs, ultrabənövşəyi şüalanma, nikotin turşusu ilə elektroforez) tətbiq olunur. Qidalanmanın effektli korreksiya edilir, onun ümumi kalori dəyəri artırılır.

Aqalaktiyanın proqnoz və profilaktikası

Birincili aqalaktiya zamanı döşlə qidalandırmanın proqnozu qeyri-kafidir; ikincilidə isə proqnoz laktogenez prosesinin basqılanmasının səbəindən asılıdır. Süd sintezinin vaxtında kompleks stimulyasiyası və laktasiyanın pozulma səbəbinin sürətlə aradan qaldırılması uşağın döşlə qidalanmasının perspektivlərini yaxşılaşdırır. Birincili aqalaktiyanın qarşısını almaq mümkün deyil. Başlanmış laktasiyanı saxlamaq üçün yuxu və istirahət rejiminə riayət etmək, su və kalorili qidaları kifayət qədər qəbul etmək, güclü psixoemosional və fiziki yüklənmədən qaçmaq, rəvacverici xəstəlikləri vaxtında müalicə etmək tövsiyə olunur. Körpənin döşə qoyulmasının müntəzəmliyi laktogenezin dəstəklənməsində mühüm rol oynayır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: