Mastodiniya

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 3584

mastodiniya nədir?Mastodiniya — hormonal dəyişikliklər və ya süd vəzisində, o cümlədən digər orqanlarda gedən patoloji proseslərlə əlaqədar sinə nahiyəsində yaranan siklik və yaxud daimi xarakterli ağrılardır. Mastodiniya süd vəzilərində ağrı hissi, yüksək həssaslıq, diskomfort və onların kobudlaşması ilə təzahür edir. Simptomatik mastalgiya zamanı əsas xəstəliyin əlamətləri ön plana keçir. Diaqnostika prosesində USM, mammoqrafiya, laborator üsullar tətbiq olunur. Funksional mastodiniyanın müalicəsində hormonal və hormonabənzər vasitələr, sedativ, analgetik, diuretik preparatlardan istifadə edilir. Asiklik mastalgiyanın müalicə sxemi əsas patologiyadan asılıdır.

  • Mastodiniyanın yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Mastodiniyanın əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Mastodiniyanın müalicəsi
  • Proqnoz və profilaktika

Mаstodiniya barədə ümumi məlumat 

Süd vəzilərində yaranan ağrılar (mastodiniya, mastalgiya) – reproduktiv yaşda olan pasiyentlərin ən çox rast gəlinən şikayətlərindəndir. Bütün qadınlar həyatlarında ən azı bir dəfə bu ağrı ilə qarşılaşır. Hər ikinci qadında isə psixoloji və fiziki diskomfort törədən ağrı hissiyyatı hər ay təkrarlanır. «Mastodiniya» termini ilk dəfə 1880-cı ildə alman cərrahı T.Bilrot tərəfindən təklif olunmuşdur. Pozğunluq adətən anamnezində 1 doğuş olan və ya ümumiyyətlə doğuş keçirməyən, qeyri-müntəzəm cinsi həyat sürən, ginekoloji xəstəliklərdən əziyyət çəkən 20-40 yaşlı pasiyentlərdə müşahidə edilir. Yaşı 40-dan yuxarı olan qadınlarda sinə nahiyəsinin ağrılı olması adətən süd vəzilərinin xəstəlikləri və ya digər patologiyalardan xəbər verir.

stodiniyanın yaranma səbəbləri

Mаstodiniyanın yaranma səbəbləriMastalgiya qadın orqanizminin fizioloji dəyişiklikləri, eləcə də reproduktiv orqanlar, süd vəziləri, orqanizmin digər sistemlərinin müxtəlif xəstəlikləri ilə əlaqədar baş verir. Pubertat dövrdə ağrı hissi estrogenlərin təsiri altında süd vəzilərinin yetişməsi zamanı meydana çıxır. Reproduktiv yaşlı qadınların əksəriyyətində mastodiniya süd vəzilərinin patoloji dəyişiklikləri ilə bağlı olmayıb, hormonal mənşəli olur. Mastalgiyanın yaranmasında iştirak edən amillər aşağıdakılardır:

  • Оvulyasiya. Qadın cinsi hormonlarının təsirindən süd vəzisini mayalanma, hamiləlik və laktasiya dövrünə hazırlayan siklik dəyişikliklər baş verir. Bu cür hisslər adətən fizioloji xarakter daşıyır, lakin bir sıra hallarda predmentsrual sindromun əlaməti kimi təzahür edə bilər.
  • Hormonal pozğunluqlar. Bəzi pasiyentlərdə mastodiniyanın yaranması və ya xarakterinin dəyişməsi cinsi hormonların sekresiyasının pozulması ilə bağlı olur. Belə hallara yumurtalıqların xəstəlikləri (ooforit, kista, endometrioz, xərçəng və s.), hipotalamo-hipofizar nahiyənin patologiyaları və ya endokrinopatiyalarda təsadüf edilir.
  • Oral kontraseptivlərin qəbulu. Mastalgiya aybaşı siklini tənzimləyən hormonal preparatların yan təsiri sayılır. Onların qəbulu zamanı süd vəzisində ovulyasiyada olduğu kimi siklik dəyişikliklər baş verir. Adətən 2-3 ay ərzində orqanizm adaptasiya olunur, ağrı hissi azalır və ya tamamilə itir.

Ağrı sindromu həmçinin süd vəzilərinin iri ölçülü olması, alt paltarın düzgün seçilməməsi və əzilmə nəticəsində formalaşır. Ağrı süd vəzilərinin iltihabı və neoplastik xəstəlikləri – mastit, mastopatiya və digər xoşxassəli şişlər, sklerozlaşdırıcı adenoz, xərçəngin əlaməti kimi meydana çıxa bilər. Osteoxondroz, qabırğalararası nevralgiya, mialgiya, Titse sindromu, ürək, qaraciyər xəstəlikləri zamanı ağrı süd vəzisinə irradiasiya edir. Mastodiniya hormonal və ya üzvi mənşəli olmadıqda ağrı hissi psixogeniya, nevrotik və psixi pozğunluqların (isteriya, ipoxondriya, depressiya) təzahürü sayıla bilər.

stodiniyanın patogenezi

Fizioloji və ya dishormonal mastodiniya zamanı ağrının yaranma mexanizminın əsasını cinsi hormonların, xüsusən progesteronun təsirindən süd vəzi toxumalarında gedən dəyişikliklər təşkil edir.  Ovarial siklin lütein fazasında süd vəzisinin epitel hüceyrələrinin aktiv proliferasiyası, stromada mayenin ləngiməsi müşahidə edilir. Bu da süd vəzilərinin şişməsinə, sinir uclarının sıxılmasına və ağrı hissinin yaranmasına gətirib çıxarır. Toxumalarda üzvi dəyişikliklərin olduğu hallarda ağrı nosiseptiv reseptorların iltihabi və nekrotik proseslərdə əmələ gələn mübadilə məhsulları tərəfindən qıcıqlanması və ya həcmli törəmənin ətraf toxumaları sıxması nəticəsində formalaşır.

stodiniyanın təsnifatı

Mastodiniyanın formasını müəyyən edərkən ağrının dövriliyi və səbəbləri nəzərə alınır. Optimal həkim taktikasının seçilməsi mastalgiyanın formasının düzgün təyinindən asılıdır. Bundan əlavə mastodiniyanın kateqoriyalara ayrılması pasiyentin süd vəzisində ağrıların olmasından şikayət etdiyi hallarda onkoloji sayıqlığı yüksəldir. Mammologiya sahəsinin mütəxəssisləri mastodiniyanın aşağıdakı formalarını qeyd edirlər:

  • Siklik (funksional, həqiqi) – aybaşı siklinin ikinci fazasında yaranır. Fizioloji ovulyasiya, predmenstrual sindrom, süd vəzisində hormona həssas displastik proseslər (diffuz mastopatiya və s.), oral kontraseptivlərin qəbulu zamanı müşahidə edilir.
  • Аsiklik (simptomatik) – süd vəzilərinin müxtəlif xəstəlikləri ilə bağlı olur.  Ağrı sindromu aybaşı siklindən asılı olmadan meydana çıxır, süd vəzi toxumalarının travma və ya əməliyyat, iltihabi, şiş prosesləri, sklerotik dəyişikliklər, inkişaf anomaliyaları nəticəsində zədələnməsinə dəlalət edir.
  • Yalançı (irradiasiya edən) – süd vəzilərində funksional və ya patoloji dəyişikliklər tərəfindən deyil, digər orqan və sistemlərin funksional pozğunluqları fonunda yaranır. Əksər hallarda onurğa və oynaqların metabolik-distrofik patologiyaları, ürək xəstəlikləri, radikulyar və mialgiya sindromlarında müşahidə edilir.

Mastodiniyanın əlamətləri 

Mastodiniyanın əlamətləri Siklik mastalgiyanın əsas təzahürü süd vəziləri nahiyəsində ağrı və diskomfort hissidir. Ağrı adətən sızıltılı, təzyiqedici, dartıcı xarakter daşıyır, bəzən isə kəskin, deşici, kəmərləyici şəkil alır. Süd vəzisinin ölçüləri artır (şişir). Döş giləsi, areola, süd vəzisinin dərisinin taktil hissiyyatı yüksəlir. Bu nahiyələrə toxunma ifadəli diskomfortla müşayiət olunur. Həqiqi mastodiniyanın xarakterik xüsusiyyəti ağrı hissinin eyni zamanda hər iki süd vəzisində, əlavə paycığın olduğu hallarda isə həmçinin qoltuqaltı çuxurda da formalaşması sayılır. Ağrı sindromu aybaşı sikli ilə bağlı olub  menstruasiyadan bir neçə gün əvvəl yaranır və qanlı ifrazatın axmasından sonra 1 gün ərzində keçib  gedir.

Asiklik mastalgiya üçün adətən süd vəzisinin birində yaranan və ovulyator siklin fazaları ilə əlaqəli olmayan müxtəlif intensivlikli periodik və ya daimi ağrılar səciyyəvidir. Ağrı hissiyyatının ifadəliliyi əsas patologiyanın növündən asılıdır. Ağrı digər klinik təzahürlərlə – palpasiya olunan həcmli törəmələr, döş giləsindən axan ifrazat, vəzinin forma və konturunun, dərinin rəng və quruluşunun dəyişməsi, hipertermiya, əzginlik, aksillyar limfa düyünlərinin böyüməsi ilə birgə rast gəlinir. Yalançı mastodiniya zamanı digər orqanların zədələnmə əlamətləri: kürək əzələlərinin tonusunun artması, ağrı sindromunun vertebrogen mənşəli olduğu hallarda qabırğalararası sahənin ağrılılığı, ürək patologiyalarında nəbz və təzyiqin dəyişməsi və s. qeyd olunur.

stodiniyanın ağırlaşmaları

Fizioloji mastodiniya qadın sağlamlığına təhlükə törətmir, lakin onun həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə pozulmasına – yorğunluq, aybaşıdan əvvəl əsəbilik, ağlağanlıq, əhval-ruhiyyənin enməsi, həyəcan və digər emosional pozğunluqların yaranmasına gətirib çıxara bilər. İpoxondrik qadınlarda kanserofobiyanın yaranması mümkündür. Mastalgiyaya səbəb olan üzvi patologiyanın vaxtında aşkarlanmaması ciddi pozğunluqlara gətirib çıxarır. Belə hallarda müalicə uzunmüddətli, xəstəliyin proqnozu isə ağır olur.

stodiniyanın diaqnostikası

Mastodiniyaya şübhə yarandıqda diaqnostik mərhələnin əsas məqsədi ağrının üzvi səbəblərinin inkar edilməsindən ibarətdir. Bu məqsədlə süd vəzi xəstəliklərini və digər patologiyaları aşkar etməyə imkan verən hərtərəfli laborator-instrumental müayinələr və konsultasiyalar təyin edilir. Müayinə planına aşağıdakı üsullar daxildir:

  • Süd vəzilərinin USM. Sonoqrafiyanın köməyilə süd vəzi toxumalarının quruluşu qiymətləndirilir, həcmli törəmələri aşkar edilir, onların forma, ölçü və lokalizasiyasını dəqiqləşdirilir, limfa düyünlərinin böyüməsi müəyyənləşdirilir.
  • Мammoqrafiya. Bu üsul hətta kiçik ölçülü törəmələrin aşkarlanmasına şərait yaradır. Müayinə 2 və ya 3 proyeksiyada aparılır. Ehtiyac yarandıqda hədəfli çəkiliş yerinə yetirilir.
  • Laborator analizlər. Döş giləsindən axan ifrazat və punksiya və yaxud trepan-biopsiya üsulu ilə alınan bioptat sitoloji müayinəyə göndərilir. Qanda CA 15-3 onkomarkerin səviyyəsi yoxlanılır.

Müvafiq avadanlıqların olduğu hallarda skrininq müayinə qismində süd vəzilərinin radiotermometriyasından istifadə olunur. Mürəkkəb diaqnostik hallarda KT, MRT, elektroimpedans mammoqrafiya, süd vəzisinin sintiqrafiyası, hormonal profilin qiymətləndirilməsi (estradiol, progesteron, sərbəst və birləşmiş testosteron, FSH, LH, qalxanabənzər vəzin hormonları və s.) göstəriş sayılır. Fizioloji mastodiniyanın differensial diaqnostikası fibroz-kistoz mastopatiya və digər xoşxassəli şişlər, süd vəzi xərçənginin müxtəlif formaları, mastit, involyutiv dəyişikliklər, ektramammar patologiyalarla aparılır. Zərurət olduqda müayinə prosesinə onkoloq-mammoloq, ginekoloq, endokrinoloq, nevropatoloq, kardioloq, terapevt, psixiatr cəlb olunur.

Mastodiniyanın müalicəsi 

Mastalgiyanın xüsusi terapiyasına süd vəzi xəstəliklərinin inkar edilməsindən sonra başlanılır. Mülayim ağrı sindromu zamanı və digər pozğunluqların qeydə alınmadığı hallarda həqiqi mastodiniyanın müşahidə edildiyi qadınlar USM və ya mammoqrafiya aparılmaqla mammoloqun müşahidəsi altına alınır. İfadəli ağrı və emosional pozğunluqlar zamanı həkim taktikası hormonal fonun dəyişməsi nəticəsində yaranan, diskomfort törədən subyektiv hisslərin azaldılması və ya tamamən aradan qaldırılmasına yönəldilir. Patogenetik hormonal, medikamentoz qeyri-hormonal və qeyri-medikamentoz müalicə üsullarının müştərəkliyi daha effektiv hesab olunur. Bu tip pasiyentlərə aşağıdakı vasitələr göstəriş sayılır:

  • Hormonoterapiya. Preparat hormonların səviyyəsi və simptomatikanın ifadəliliyi nəzərə alınmaqla seçilir. Müalicə məqsədilə monofaza tipli kombinəolunmuş oral kontraseptivlər və ya rilizinq formalar, gestagenlər, antiestrogenlər, qonadotropin-rilizinq amilinin aqonistləri tətbiq edilir.
  • Fitopreparatlar və hormonal vasitələr. Dishormonal pozğunluqların korreksiyasında estrogenəbənzər təsirli bitkilərin törəmələri (adaçayı, qaraqınaq, simisifuqa) və onlardan ibarət homeopatik preparatlar təyin edilir. Bu tip vasitələr hormonoterapiyadan imtina edən qadınlara məsləhət görülür.
  • Sedativ preparatlar. Əhval-ruhiyyənin tez-tez dəyişməsi, həyəcan və ipoxondrik hallarda noradrenalin və serotoninin geriyə tutulmasının selektiv inhibitorları göstəriş sayılır. Daha yüngül klinik vəziyyətlərdə maqnezium preparatları, sakitləşdirici otlar (damotu, pişikotu) və qarışıqlar effektiv sayılır.
  • Аnalgetiklər. İfadəli ağrı sindromuna malik olan qadınlara qeyri-steroid iltihabəleyhinə vasitələr təyin edilir. QSİƏP hüceyrə membranını stabilləşdirir, prostaqlandinlərin sintezini azaldır, nəticədə ağrı reseptorlarının mexaniki təsirlərə qarşı sensibilizasiyası hesabına ağrı həddi azalır.
  • Diuetiklər. Mastodiniyanın patogenezinin əsas həlqələrindən biri süd vəzi toxumalrında mayenin ləngiməsi olduğundan sidikqovucu vasitələrin tətbiqi ağrı sindromunun ifadəliliyini azaltmağa imkan verir. Adətən kalium qoruyucu diuretiklər və fitopreparatlardan istifadə edilir.

Mastalgiyanın kompleks terapiyasına vitamin-mineral kompleksləri və fizioterapevtik üsullar (elektrofarez, maqnitoterapiya, qalvanizasiya, balneoterapiya) əlavə oluna bilər. Asiklik mastodiniya zamanı müvafiq medikamentoz müalicə və cərrahi müdaxilələrin (mastitin yarılması və drenajlanması, şişin enukleasiyası, sektoral rezeksiya, mastektomiya və s.) köməyilə əsas xəstəliyin müalicəsi həyata keçirilir.

stodiniyanın proqnoz və profilaktikası 

Siklik mastodiniya zamanı proqnoz qənaətbəxş, asiklik və yalançı formalarda isə ağrı hissinə səbəb olan xəstəlikdən asılıdır. Hormonların səviyyəsinin siklik dəyişiklikləri ilə bağlı olan ağrı sindromunun profilaktikası məqsədilə yuxu və istirahət rejiminin normallaşdırılması, iş fəaliyyətində gərginliklərin azaldılması, xörək duzu və mayenin orqanizmdə ləngiməsinə səbəb olan digər məhsulların (hisə verilmiş qidalar, şorabalar, qızartmalar, spirtli içkilər) qəbulunun azaldılması məsləhət görülür. Hormonal pozğunluqlarla müşayiət olunan ginekoloji xəstəliklərin profilaktikası və vaxtında müalicə olunması mühüm əhəmiyyət kəsb edir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: