Qalaktoforit
Qalaktoforit — mastitin formalarından biridir; patologiya zamanı iltihabi proses süd vəzilərinin axarlarında lokalizasiya olunur. Zədələnmiş orqanda ağrılar, döş giləsindən seroz-irinli və ya irinli ifrazat, bədən temperaturunun subfebril və febril göstəricilərə qədər yüksəlməsi ilə təzahür edir. Diaqnozun qoyulması üçün süd vəzi sekretinin sitoloji və mikrobioloji analizi, kontrast duktoqrafiyadan istifadə olunur. Qalaktoforitin müalicə sxemi antibakterial, iltihab əleyhinə, antihistamin, immun korreksiyaedici preparatlar və hormonoterapiyanın tətbiqindən ibarətdir. Rezistent hallarda axarın lavajı və selektiv duktolobektomiya həyata keçirilir.
- Qalaktoforitin səbəbləri
- Patogenez
- Təsnifat
- Qalaktoforitin simptomları
- Ağırlaşmaları
- Diaqnostika
- Qalaktoforitin müalicəsi
- Proqnoz və profilaktika
Qalaktoforit barədə ümumi məlumat
Qalaktoforit (intrakanalikulyar və ya intraduktal mastit) əsasən 45-47 yaşa qədər olan pasientlərdə rastlanır. Onun klinik təzahürləri xəstənin hansı yaş qrupuna mənsub olmasından asılıdır. 18-35 yaşlı qadınlarda süd vəzi axarlarının iltihabının nisbətən kəskin simptomatikalı laktasion və postlaktasion variantları üstünlük təşkil edir. 35 yaşdan böyük pasientlər süd vəzinin sesernasiyası fonunda inkişaf etmiş uzun müddət davam edən qeyri-laktasion qalaktoforitdən əziyyət çəkirlər. Belə klinik hallarda xəstəliyin aparıcı səbəbi qadınların 30-40%-ində süd axarlarının iltihabi prosesi ilə müşayiət olunan sekretor mastopatiyadır.
Qalaktoforitin səbəbləri
Əksər hallarda süd vəzilərinin intraduktal iltihabı patogen mikrofloranın süd axarı mənfəzində və ətraf birləşdirici toxumada çoxalması nəticəsində əmələ gəlir. Xəstəliyin əsas törədiciləri stafilokok qrupundan olan mikroorqanizmlərdir. Nadir hallarda patologiyaya streptokoklar, bağırsaq çöpləri, proteylər, göbələklər, bakteroidlər də səbəb olur. Qalaktoforitin aseptik variantı nadir hallarda müşahidə olunur. Süd vəzilərinin axarlarında əmələ gəlmiş iltihabi proses, adətən, bir neçə amilin (axarda sekretin olması, onun axınının pozulması və patoloji mikrofloranın toxumalarda kolonizasiyası) kombinasiyası zamanı inkişaf edir. Xəstəliyin inkişafına rəvac verən faktorlar aşağıdakılardır:
- Laktostaz. Laktasiyada olan qadınlarda axarlarda süd durğunluğu qızılı stafilokokların və başqa mikroorqanizmlərin inkişafı üçün əlverişli qidalı mühitdir. Bu zaman yanaşı gedən metabolik pozulma toxumaların yerli iltihab mexanizmlərinə səbəb olur. Laktostaz zamanı qalaktoforit, adətən, sürətlə laktasion mastitin başqa formalarına keçir.
- Sesernasiya edən süd vəzi. Mikroorqanizmlər təkcə ana südündə deyil, həm də sekretin başqa növlərində də çoxala bilər. Hiperprolaktinemiya, sekretor mastopatiya, axardaxili papillomalar, süd vəzilərinin bədxassəli törəmələri, oral kontraseptivlərin qəbulu zamanı seroz mayenin və ağız südünə (molozivo) bənzər ifrazatın sintezi və toplanması müşahidə olunur.
- Süd axarlarının uzanması və ya sıxılması. Anomal uzun və ya qıvrım axarları olan qadınlarda süd vəzilərinin sekretinin durğunluğu ehtimalı artır. İfrazat axınının pozulma səbəbləri süd axarlarının həcmli törəmələrlə (kistalar, fibroadenomalar, fibroz-düyünlü mastopatiyalarda düyünlər və başqa neoplaziyalar) sıxılması ola bilər.
- Xroniki iltihabi xəstəliklər. Qalaktoforitin qeyri-laktasion formalarında patoloji mikroorqanizmlər kəskin və ya xroniki infeksiya ocaqlarından süd vəzi toxumasına hematogen və ya limfogen yolla daxil olur. İntraduktal mastitli pasientlərdə sızanaqlar; LOR-orqanların, sidik-cinsiyyət sistemi və mədə-bağırsaq traktı orqanlarının xəstəlikləri və s. tez-tez aşkarlanır.
- İmmunitetin zəifləməsi. İmmun defisitli pasientlər iltihabi reaksiyaların əmələ gəlməsi və uzun müddət davam etməsinə daha çox meyilli olur. Xroniki tükənmə, stress, uzun müddətli somatik xəstəliklər, immunosupressor preparatların qəbulu və radiasion təsirlər zamanı orqanizmin müdafiə mexanizmlərinin pisləşməsi müşahidə olunur.
- Ətraf mühitin bakterial çirklənməsi. İnfeksiya mənbəyi hospital infeksiyaların simptomsuz daşıyıcılarıdır. Bakteriyalar daşıyıcıdan ətraf mühitə, yataq dəstinə, tibbi avandanlıqlara və inventara, oradan da qadının orqanizminə daxil olur. Bu faktor laktasion qalaktoforitin inkişafında xüsusi rol oynayır.
Qalaktoforitin patogenezi
Südün və süd vəzinin patoloji sekretinin durğunluğu aseptik iltihabi reaksiyaların inkişafına təkan verir. Zədə nahiyəsində damarların keçiriciliyinin yüksəlməsi, metabolik asidoz əlamətləri, hüceyrəxarici mayenin toplanması qeyd olunur. Qeyri-laktasion qalaktoforit zədə nahiyəsinin birləşdirici toxumasının proqressivləşən sklerozlaşması və hialinizasiyası ilə ağırlaşır. Vəzi paylarının sıxılması və deformasiyası baş verir; bu, davamlı durğunluğun artmasına və kistaların formalaşmasına gətirib çıxarır. Toxumaların mikroblarla çirklənməsi bakterial toksinlərin təsiri nəticəsində alterasiya prosesinin artması, sonra süd axarlarının divarlarının keçiriciliyinin yüksəlməsi və infeksion prosesin periduktal toxumaya yayılması ilə müşayiət olunur.
Qalaktoforitin təsnifatı
Qalaktoforitin klinik formaları sistemləşdirildikdə intraduktal mastitin yaranmasına səbəb olan faktorlar, inkişaf sürəti və patoloji simptomatikanın ifadəliliyi nəzərə alınır. Optimal həkim taktikasının seçimində mammologiya sahəsinin mütəxəssisləri süd vəzilərinin intrakanalikulyar iltihabının aşağıdakı variantları ayırd edilir:
- Laktasion qalaktoforit. Xəstəliyin bu forması döşlə qidalanma dövrü üçün xarakterikdir. Daha kəskin klinik təzahürlər və süd vəzilərinin laktasion iltihabının başqa variantlara sürətli keçidi ilə fərqlənir.
- Qeyri-laktasion qalaktoforit. Laktasiya ilə əlaqəli olmayan səbəblərdən yaranır. Uzun müddət davam edən və xroniki gedişata və klinik simptomatikanın zəif təzhürünə meyillidir. İltihabi proses, adətən, yayılamağa meyilli olmur.
Qalaktoforitin simptomları
Laktasion axardaxili mastitin klinik təzahürləri belə iltihabi xəstəliklər üçün tipik simptomatikaya malikdir. Pasient zədə nahiyəsində güclü ağrılar hiss edirlər; yerli temperatur +38° С və daha yüksək olur; iltihablaşmış axar üzərində dərinin qızarması qeyd olunur. Mastitin başqa növlərindən fərqli olaraq qalaktoforit zamanı döş nahiyəsi toxumasında nəzərə çarpan ödem və infiltrasiya olmur. Bəzi qadınlarda zədələnmiş süd axarı dairəvi və ya silindr şəklində, kəskin ağrılı qalınlaşma əllənir. Xəstəliyin inkişafı ilə süd vəzilərinin laktasion iltihabının başqa formalarının, hətta irinli mastitin simptomatikası meydana çıxa bilər.
Qeyri-laktasion qalaktoforitin əsas simptomları süd vəzisindən patoloji ifrazatın xaric olması, lokal ağrılar, subfebril temperaturdur. Zədələnmiş axardan xaric olan sekret, adətən, sarımtıl, irinvari olur. Pasientlərdə başqa axarlardan tez-tez seroz, nadir hallarda moloziv ifrazat xaric olur (postlaktasion qalaktoreyanın izi). Bununla yanaşı, iltihabi proses başqa xəstəliklərin gedişində ağırlaşdıqda sekret qəhvəyi (süd vəzilərinin xərçəngi və kistasında) və ya yaşılımtıl (mastopatiyalı xəstələrdə) ola bilər.
Qalaktoforitin ağırlaşmaları
Vaxtında aparılmamış və ya qeyri-adekvat müalicə zamanı qalaktoforit vəzi toxumasına yayıla və süd vəzi iltihabının generalizə olunmuş formalarına keçə bilər. İnfeksiyanın yayılması intraduktal mastitin laktasion variantlarında daha çox müşahidə olunur. Bəzən uzun müddət davam edən qalaktoforit süd vəzinin deformasiyasına səbəb olur. Dishormonal proseslər fonunda iltihabın uzunmüddətli və xroniki formalarının ciddi ağırlaşmaları süd vəzi toxumasının dərin deformasiyası və bu fonda atipik proliferasiya ocaqlarının yaranmasıdır. Belə vəziyyət toxumanın maliqnizasiya edərək süd vəzi axarının xərçənginə çevrilmə riskini artırır.
Qalaktoforitin diaqnostikası
Diaqnostik mərhələdə əsas məqam qalaktoforitin iltihabın daha geniş yayılmış formalarına keçidinin qarşısının alınması məqsədilə patologiyanın erkən aşkarlanması və onkopatologiyanın profilaktikasıdır. Xəstəliyin xroniki gedişində spesifik simptomatikanın olmaması və klinik təzahürlərin qıtlığı diaqnostikanı çətinləşdirir. Diaqnostika zamanı aşağıdakı metodlar daha informativdir:
- Döş giləsi materialından alınmış yaxmanın sitologiyası. Süd vəzilərinin sekretində makrofaqların, polinuklearların, plazmatik və tosqun hüceyrələrin, axar epiteli hissəciklərinin olması intraduktal iltihabdan xəbər verir.
- Döş giləsi sekretinin mikrobioloji analizi. Törədici həm yaxmanın mikroskopiyası, həm də onun qidalı mühitdə bakterioloji əkilməsi nəticəsində təyin edilə bilər. Bakterioloji müayinə floranın həssaslığını müəyyənləşdirməyə imkan verir.
- Duktoqrafiya. qalaktoqrafiya mammoqrafiya və sonoqrafiya ilə müqayisədə süd axarlarında baş verən patoloji prosesləri və süd vəzi payının drenajını daha yaxşı müəyyənləşdirir.
Qalaktoforitin yaranmasına gətirib çıxarmış səbəbi məqsədilə əlavə olaraq cinsiyyət hormonlarının (estradiol, progesteron, FSH, LH, prolaktin) təyini üçün qan analizi, süd vəzilərinin USM-i, iki və ya üç proyeksiyada mammoqrafiya, bioptatın sitoloji müayinəsi tətbiq olunur. Xəstəlik laktasion və qeyri-laktasion mastitlərin başqa formaları, süd vəzi axarlarının ektaziyaları, mastopatiyalar, axardaxili papillomatozlar və süd vəzilərinin başqa intraduktal şişləri, Pecet xəstəliyi ilə differensiasiya olunur. Diaqnostik baxımdan çətin vəziyyətlərdə prosesə ginekoloq, cərrah, endokrinoloq, onkoloq və infeksionist də cəlb olunur.
Qalaktoforitin müalicəsi
İntrakanalikulyar mastit aşkar olunduqda əsas terapevtik tapşırıq infeksiya ocağının sanasiyası və xəstəliyin inkişaf səbəblərinin aradan qaldırılmasıdır. Dərman maddələrinin fizioterapevtik metodlarla, ehtiyac olduqda axarın drenajı ilə birgə təyinini nəzərdə tutan kompleks müalicə tövsiyə olunur. Müalicə sxemi aşağıdakı preparatlardan ibarətdir:
- Antibiotiklər. Antibakterial preparatların mikroorqanizmlərin həssaslığı nəzərə alınmaqla düzgün seçilməsi zədələnmiş süd vəzi axarının iltihabını sürətlə aradan qaldırmağa imkan verir.
- İltihab əleyhinə preparatlar. QSİƏP-ın təyini iltihab mediatorlarının sekresiyasının basqılanmasına və ağrının azaldılmasına yönəlmişdir.
Antibiotikoterapiyanın mümkün ağırlaşmalarının profilaktikası məqsədilə antihistaminlər, göbələk əleyhinə preparatlar və eubiotiklər tövsiyə olunur. İmmunokorrektorların və vitamin-mineral komplekslərinin təyini terapevtik nəticənin daha tez əldə olunmasına müsbət təsir göstərir. Laktasion qalaktoforitdə dərman terapiyası süd vəzisinin sağılması, südvermə rejiminin normallaşdırılması, fizioterapevtik prosedurlarla (UBŞ, ultrasəs, yağlı-məlhəmli sarğılar) tamamlanır. İltihabın xroniki qeyri-laktasion formaları, adətən, hormonal pozulmalar zamanı inkişaf etdiyindən oxşar patologiyalarda müvafiq hormonoterapiya seçilir. Belə pasientlərin müalicəsində lazer- və ozonoterapiya effektlidir.
İltihabi prosesin davamlı gedişi daha radikal prosedurların və cərrahi müdaxilənin tətbiqinə əsas verir. Sekretor mastopatiyalı pasientlərdə kompleks dərman terapiyası effektsiz olduqda axar modelləşdirilmiş xlorovinil kateterlə lavajı icra olunur. Axarlar, adətən, dimeksid məhlulu ilə sanasiya olunur. Deformasiya olunmuş və bir neçə dəfə residivləşmiş qalaktoforit zamanı süd vəzinin deformasiyasının və bədxassəli neoplaziyaların qarşısını almağa imkan verən selektiv duktolobektomiya göstərişdir.
Qalaktoforitin proqnoz və profilaktikası
Proqnoz kafidir. Kompleks konservativ müalicə pasientlərin 90-92,5%-inin tam sağalmasını təmin edir. Qalaktoforitin rezistent gedişində selektiv duktolobektomiya davamlı terapevtik nəticəni təmin edir. İntraduktal mastitin profilaktikası məqsədilə uşağın ana südü ilə qidalandırılması rejiminə və texnikasına əməl etmək, doğuşdan əvvəl xroniki infeksiya ocaqlarının sanasiyası, uşaq dünyaya gətirmiş qadınların gigiyena qaydalarına düzgün riayət, mamalıq stasionarında aseptika və antiseptika normalarının gözlənilməsi tövsiyə olunur. İlk dəfə uşaq dünyaya gətirən qadınlarda laktostazın qarşısını almaq məqsədilə süd vəzilərinin sağılması tətbiq olunur. Sesernasiya edən süd vəzi olan qadınlar patoloji sekresiyaya səbəb olmuş xəstəliyin vaxtında müalicəsi məqsədilə mammoloq konsultasiyasında olmalıdırlar.