Süd vəzilərinin axardaxili papilloması

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 5896

süd vəzilərinin axardaxili papilloması nədir?Süd vəzilərinin axardaxili papilloması – süd axarında inkişaf etmiş intraduktal papilyar şişdir. Axardaxili papillomalar döş giləsindən süd, sarımtıl-yaşıl və ya qəhvəyi rəngli çoxlu ifrazatın xaric olması ilə müşayiət olunur. Süd vəzilərinin axardaxili papillomasının diaqnostikası duktoqrafiya, mammoqrafiya, USM, ifrazatın sitoloji analizindən ibarətdir. Xəstəliyin müalicəsi operativdir; süd vəzisinin sektoral rezeksiyasından ibarətdir.

  • Süd vəzilərinin axardaxili papillomasının təsnifatı
  • Süd vəzilərinin axardaxili papillomasının inkişaf səbəbləri
  • Süd vəzilərinin axardaxili papillomasının simptomları
  • Süd vəzilərinin axardaxili papillomasının diaqnostikası
  • Süd vəzilərinin axardaxili papillomasının müalicəsi və profilaktikası

Süd vəzilərinin axardaxili papilloması barədə ümumi məlumat

Axardaxili papillomalar (papilyar sistadenomalar, sistadenopapillomalar) süd vəzi axarının epitelisindən inkişaf edən giləyə bənzər çıxıntılardır. Onlar istənilən yaşda (pubertat dövründən postmenopauzaya qədər) inkişaf edə bilər. Mammologiyada sistadenopapillomaların rastgəlmə tezliyi süd vəzilərinin bütün şişəbənzər xəstəlikləri arasında 10% təşkil edir.

Süd vəzilərinin makroskopik axardaxili papilloması giləyə bənzər, kistoz törəməni xatırladır. Papillomalar asanlıqla zədələnir, bu zaman xaric olan maye isə çıxarıcı axarlara düşür və döş giləsindən xaricə ifraz olunur. Şiş nahiyəsinə qansızma və nekrozlar mümkündür; törəmənin maliqnizasiyasına süd vəzilərinin çoxsaylı axardaxili papillomaları daha çox məruz qalır.

Süd vəzilərinin axardaxili papillomasının təsnifatı

Süd vəzilərinin papilyar sistadenomaları axar sisteminin istənilən şöbəsində (döş giləsindən terminal axar-pay quruluş vahidinə qədər) inkişaf edə bilər. Lokalizasiyasından asılı olaraq areola nahiyəsində yerləşən mərkəzi və periferik papillomalar ayırd edilir.

İntraduktal papillomalar tək (solitar) və çoxsaylı; ölçülərinə görə diametri bir neçə millimetrdən 1-2 sm-ə qədər dəyişən formalarda olur. Solitar papilyar şişlər daha çox subareolyar sahədə; çoxsaylı papillomalar isə vəzin periferiyasına yaxın lokalizasiya olunur.

Süd vəzilərinin çoxsaylı axardaxili papillomaları yüksək maliqnizasiya xüsusiyyətinə malikdir. Onlardan, bir qayda olaraq, kistadaxili və ya axardaxili papilyar süd vəzi xərçəngi əmələ gəlir.

Süd vəzilərinin axardaxili papillomasının inkişaf səbəbləri

Axardaxili papillomaya gətirib çıxaran faktor hormonal disbalans hesab olunur. Süd vəzilərinin axardaxili papillomaları hormonal homeostazın istənilən dəyişikliklərini (yumurtalıqların disfunksiyası, ooforit, adneksit, abort, piylənmə, stress və s.) təşviq edə bilər. Doğmamış, siqaret çəkən qadınlar xəstəliyin inkişafının risk qrupundadırlar. Övladı olan, süd vermiş, hormonal kontraseptivlər istifadə etmiş qadınlar zəif risk qrupuna aiddirlər.

Papilyar sistadenomalar, bir qayda olaraq, fibroz-kistoz (düyünlü və ya diffuz) mastopatiyalar fonunda inkişaf edir. Mastopatiya nəticəsində süd vəzi axarlarının lokal genişlənməsi və gilənin proliferasiyası baş verir. Süd vəzilərinin axardaxili papillomaları olan pasientlərin ailə anamnezində tez-tez süd vəzilərinin bədxassəli və ya xoşxassəli onkoloji patologiyaları olur.

Süd vəzilərinin axardaxili papillomasının simptomları

Süd vəzilərinin axardaxili papillomalarının ilk klinik əlaməti döş giləsindən müxtəlif xarakterli, çox miqdarda sekretin xaric olmasıdır. Sekret şəffaf, ağımtıl, yaşılımtıl, qəhvəyi və ya qanlı ola bilər.

Papilloma əsas axarda yerləşdikdə onu palpasiya etmək olur. Bu zaman palpasiya zamanı areola nahiyəsində elastik konsistensiyalı, təzyiq etdikdə az ağrılı dairəvi düyün təyin olunur. Düyünə təzyiq etdikdə döş giləsindən qanlı damcı ifraz olunur və törəmənin ölçüləri kiçilir. İkincili iltihabın prosesə qoşulması nəticəsində şişə bənzər düyün qalınlaşır, ətraf toxumada ödem inkişaf edir.

Süd vəzilərinin axardaxili papillomasının diaqnostikası

Süd vəzilərinin axardaxili papillomalarının müəyyənləşdirilməsi kliniko-rentgeno-sitoloji müayinələrin nəticələrinə əsaslanır. Təcrübəli mammoloq süd vəzilərini palpasiya edərkən artıq papilyar sistadenomanın olmasından şübhələnə bilər. Süd vəzinin giləsindən xaric olan materialdan hazırlanmış yaxmanın sitoloji analizi diaqnostikanın vacib mərhələlərindəndir. Analizdə hüceyrə atipiyası aşkarlandıqda müayinələrin daha da dərinləşdirilməsi və mammoloq-onkoloq konsultasiyası göstərişdir. Onkopatologiyanın inkarı məqsədilə süd vəzilərinin onkomarkerləri (CA 15-3) analiz olunur.

Axardaxili papillomada instumental diaqnostika metodlarından süd vəzilərinin USM-i, duktoqrafiya, mammoqrafiya, MRT tətbiq olunur. Duktoqrafiyanın (qalaktoqrafiya) – axarların rentgenoloji müayinəsinin köməyilə papilloma süd axarını tutmuş defekt kimi müəyyənləşdirilir. Bu müayinə metodu papilyar törəmənin lokalizasiyası və ölçüləri haqda tam təsəvvür yaradır; bu isə cərrahi əməliyyatın planlaşdırılmasında həddən artıq vacibdir. Duktoqrafiyanı icra etməzdən əvvəl döş nahiyəsini masaj etmək və təzyiq etmək, süd sağmaq qətiyyən olmaz.

Süd vəzilərinin MRT-i, mammoqrafiyası və USM-i süd axarlarını diaqnostika etməyə imkan vermir; lakin patologiyanı döş xərçəngindən differensiasiya etməkdə kömək edir. Bununla yanaşı, diaqnostika prosesində prolaktinoma zamanı meydana çıxmış qalaktoreyanı inkar etmək vacibdir.

Süd vəzilərinin axardaxili papillomasının müalicəsi və profilaktikası

Axardaxili papilloma süd vəzilərinin xərçəngönü patologiyalarına aid olduğundan yalnız cərrahi müalicəsi göstərişdir. Papilyar sistadenoma zamanı süd vəzisinin sektoral rezeksiyası icra olunur; bu zaman dəyişilmiş axarlarla birlikdə toxumalar xaric olunur. Cərrahi əməliyyat, adətən, periareolyar kəsik vasitəsilə aparılır; ona görə də sonralar süd vəzilərinin ölçülərinə və formasına təsir göstərmir və mammoplastikanın aparılması zərurətini istisna edir. Axardaxili papilyar xərçəng aşkarlandıqda radikal mastektomiya göstərişdir.

Müntəzəm mammoloji müayinələr; mastopatiyaların, qadın cinsiyyət sisteminin iltihabi və dishormonal proseslərinin vaxtında müalicəsi süd vəzilərinin axardaxili papillomalarının inkişafının qarşısının alınmasına imkan verir. Onkoloji dəyişikliklərin erkən aşkarlanması məqsədilə süd vəzilərinin palpator müayinəsilə sistemli özünü kontrol tövsiyə olunur.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: