Absesləşən pnevmoniya
Absesləşən pnevmoniya – ağciyər toxumasında çoxsaylı irinli ocaqların əmələ gəlməsi ilə müşayiət olunan destruktiv iltihabi porsesdir. Simptomatika törədicidən asılı olaraq dəyişir. Absesləşən pnevmoniyanın klassik təzahürləri febril temperatur, titrəmə, ağır intoksikasiya, üfunətli bəlğəmli öskürək, anoreksiya, arıqlamadan ibarətdir. Patologiyanı təsdiqləyən diaqnostik metodlar ağciyərlərin rentgenoqrafiyası və KT-dir. Absesləşən pnevmoniyanın müalicəsində dərman metodları (antibiotiklər, infuzion terpaiya, immunoterapiya), infeksiya ocağına təsir (sanasiya, bronxoskopiya, torakosentez), ekstrakorporal hemokorreksiyadan (qanın UBŞ, hemosorbsiya) ibarətdir.
- Səbəbləri
- Patogenez
- Absesləşən pnevmoniyanın simptomları
- Ağırlaşmaları
- Diaqnostika
- Absesləşən pnevmoniyanın müalicəsi
- Proqnozu
Absesləşən pnevmoniya barədə ümumi məlumat
Absesləşən pnevmoniya –ağciyərdaxili irinli-nekrotik boşluğun yaranması ilə xarakterizə olunan müxtəlif etiologiyalı pnevmoniyaların ağırlaşmasıdır. Pulmonologiyada “absesləşən pnevmoniya” termini ağciyər iltihabının gedişinin bir dövrünü ifadə edir. Bu zaman infiltrativ dəyişikliklər fonunda ağciyər parenximasının destruksiya əlamətlərinin klinik və rentgenoloji əlamətləri müəyyən olunur. Ağciyər absesinin absesləşən pnevmoniya ilə şərti fərqi irinliyin ölçüləri hesab olunur. Belə ki, ağciyər absesində irinliyin diametri 2 sm-i aşır. Ağciyər toxumasında kiçik və çoxsaylı destruksiya ocaqlar və ya solitar boşluq 2 sm-dən kiçik olarsa, absesləşən pnevmoniyadan danışılır. İrinləmə tez-tez bakterial və aspirasion pnevmoniya ilə ağırlaşır.
Absesləşən pnevmoniyanın səbəbləri
Absesləşən pnevmoniyanın etiologiyasında başlıca rol qızılı stafilokoklar, Klebsiella pneumonia (Fridlender çöpcükləri) və başqa enterobakteriyalara məxsusdur; bir qədər nadir rastlanan törədicilərə pnevmokoklar, hemolitik streptokoklar, anaerob bakteriyalar (fuzobakteriyalar, peptostreptokoklar) aiddir. Bu mikroorqanizmlər ağciyər toxumasının destruksiyasına və nekrozuna, beləliklə, məhdud irinliyin formalaşmasına təkan verir.
Törədicinin ağciyər toxumasına düşməsinə rəvac verən əsas faktorlara böyük miqdarda ağız-udlaq sekretinin aspirasiyası və orqanizmdə qan və limfa damarları ilə kontaktı olan irin ocaqlarının olmasıdır. Absesləşən pnevmoniyanın aspirasion mexanizmi, adətən, alkoqolozim, narkomaniya, epilepsiya, insult, huşun pozulması, QERX, disfagiyadan (qastroezofagial reflüks xəstəliyi) və s. əziyyət çəkən insanlarda müşahidə olunur. Ağciyərlərin metastatik hematogen və ya limfogen absesləşməsi, bir qayda olaraq, ağır furunkulyoz, endokardit, osteomielit nəticəsidir. Absesləşmənin mümkün səbəbləri bronxlarda yad cisim, ağciyər şişləri ola bilər. Absesləşən pnevmoniyalı xəstələrin anamnezində tez-tez fon patologiyanın (qan xəstəlikləri, şəkərli diabet, parodontoz) olması, qlükokortikoidlərlə və sitostatiklərlə uzunmüddətli müalicə yer alır.
Absesləşən pnevmoniyanın patogenezi
Absesləşən pnevmoniyanın patogenezində antigen xüsusiyyətləri ilə birlikdə törədicinin növ təsnifatına, mikroorqanizmlərin antibiotiklərə həssaslığı, yerli və ümumi reaktivliyi pozan tənəffüs yollarının və ümumilikdə orqanizmin yanaşı gedən xəstəliklərinə böyük əhəmiyyət verilir. Ağciyər toxumasının destruksiyası patogenlərin (xüsusən stafilokok) sitolitik təsir göstərərək alveolyar arakəsməni nekroza uğradan çoxlu miqdarda toksin və ferment sintez etməsi ilə əlaqəlidir. Bu, çoxlu miqdarda, içərisi hava və seroz-hemoragik eksudatla dolu, nahamar konturlu boşluqların əmələ gəlməsinə gətirib çıxarır. Sonralar bu boşluqlar iri irinli ocağa (ağciyər absesi) çevrilə və ya birləşərək absesləşən pnevmoniyaya başlanğıc verə bilər.
Absesləşən pnevmoniyanın simptomları
Əksər hallarda xəstəliyin başlanğıcı adi ocaqlı pnevmoniyadan az fərqlənir. Xəstəni öskürək, hərarət, döş qəfəsində tənəffüs zamanı güclənməyə meyilli ağrılar narahat edir. Rentgenoloji müayinədə ağciyərlərdə ocaqlı infiltrasiya müəyyən olunur. Uşaqlarda patoloji prosesə abdominal, nekrotik və ya astmoid sindrom qoşula bilər.
Əlverişsiz şəraitdə pasientin vəziyyəti sürətlə pisləşir və sonrakı mərhələdə absesləşən pnevmoniyanın özü inkişaf edir. Bu simptomatika intoksikasiya əlamətlərinin (titrəmə ilə müşayiət olunan 40°С-ə qədər hipertermiya, adinamiya və anoreksiya) və tənəffüs çatışmazlığının (tənəffüs aktında köməkçi əzələrin inkişafı ilə təngnəfəslik, sianoz) artması ilə müşayiət olunur. Bu zaman ağciyər toxumasında artıq mikroabseslər formalaşdığından çürüntülü qoxusu olan, bəzən qanla qarışan bəlğəm qeyd olunur. Xəstə adinamikdir, tormozlanmışdır; dəri örtükləri solğun-boz rənglidir; huşun pozulması qeyd oluna bilər. Xəstəliyin sonrakı inkişafında ağciyər absesi meydana çıxır. Bu patologiya öz gedişində irinliyin formalaşması və drenajı mərhələlərinə ayrılır.
Absesləşən pnevmoniyanın ağırlaşmaları
Absesləşən pnevmoniyanın ağırlaşmış, gecikmiş sonlanmalarına plevranın empieması, piopnevmotoraks, mediastinit aid edilir. İnfeksiyanın metastazlaşması və generalizasiyası bakterial perikardit, irinli artrit, sepsisin və s. inkişafına gətirib çıxarır. Bronxun hissəvi və ya tam obstruksiyasının nəticəsi ağciyər atelektazı ola bilər. Damarların eroziyalaşdıqda ağciyər qanaxması riski mövcuddur. Septik pnevmoniyanın həddən artıq şiddətli və ağır gedişində intensiv terapiya tələb edən poliorqan çatışmazlığı inkişaf edə bilər.
Absesləşən pnevmoniyanın diaqnostikası
Obyektiv göstəricilər tənəffüsün zəifləməsi, perkutor səsin qısalması, yaş xırıltıların olması, taxipnoe, taxikardiya ilə xarakterizə olunur. Qan analizində güclü sistemli iltihab (güclü leykositoz, EÇS-in və CRZ-ın yüksəlməsi) əlamətləri təyin olunur. Diaqnozun qoyulmasında əsas rolu rentgenoloji müayinələrin nəticələri oynayır. Bununla yanaşı, ağciyərlərin standart rentgenoqrafiyası pnevmonik infiltrasiya fonunda kiçik boşluqlu törəməni həmişə aşkarlaya bilmir. Buna görə də absesləşən pnevmoniyaya şübhə olduqda məqsədyönlü şəkildə döş qəfəsinin KT-i aparılır. Ağciyər absesi formalaşdıqda şəkillərdə qalın divarlı, boşluqlu törəmə, onun içərisində xarakterik səviyyədə maye və qaz müəyyən olunur.
Differensial diaqnostika çərçivəsində vərəm və ağciyər xərçənginin istisnası məqsədilə aparılan bəlğəmin üç qat analizində vərəm törədicisi və atipik hüceyrə aşkarlanmır. Patogen floranı müəyyənləşdirmək üçün bəlğəmin və ya bronx yuyuntusunun bakterioloji əkilməsi və antibiotikə həssaslığın müəyyənləşdirilməsi həyat keçirilir. Bir sıra hallarda absesləşən pnevmoniyanın səbəbini aydınaşdırmaq məqsədilə diaqnostik bronxoskopiyanın aparılması göstərişdir.
Absesləşən pnevmoniyanın müalicəsi
Absesləşən pnevmoniya müalicəyə çətinliklə tabe olur, terapevtik və cərrahi metodların birləşməsini tələb edir. Etiotrop müalicə aşkarlanmış patogenlərin antibiotiklərə həssaslığına əsasən təşkil olunur. Onun davametmə müddəti 4 həftədən bir neçə ayadək uzana bilər; preparatların dəyişdirilməsinə və kombinasiyasına pulmonoloq tərəfindən fərdi şəkildə kliniko-rentgenoloji dinamikanı nəzərə almaqla qərar verilir. Adətən, absesləşən pnevmoniyanın start terapiyası qismində benzilpensillin+metronidazol, linkozamidlər (klindamisin, linkomisin), aminopensilinlər (amoksisillin/ klavulan turşusu, ampisillin/ sulbaktam) və s. istifadə olunur.
İrinli ocağın drenajının yaxşılaşdırılması məqsədilə bəlğəmgətirici, mukolitik, bronxolitik preparatlar, dərman inhalyasiyaları təyin olunur. Absesləşən pnevmoniyalı xəstələrə hərtərəfli qulluq, zülal itkisinin bərpası ilə yüksək kalorili qidalanma tələb olunur. Güclü hipoproteinemiya zamanı albumin və plazma parenteral yeridilir. Detoksikasiya məqsədilə qanın qravitasion cərrahiyyəsi (plazmaferez, qanın UBŞ-i, hemosorbsiya) istifadə olunur. Eyni zamanda tənəffüs çatışmazlığının, hipovolemiyanın, su-mineral disbalansının korreksiyası aparılır. Təsdiqlənmiş stafilokok etiologiyalı absesləşən pnevmoniyada hiperimmun antistafilokok plazmanın yeridilməsi effektlidir.
İrinli ocaqların sanasiyası məqsədilə müalicəvi bronxoskopiyadan istifadə olunur. Göstərişlərə əsasən abses punksiya və ya drenaj olunur, irin aktiv aspirasiya edilir, irinlik antiseptik məhlullarla yuyulur, proteolitik fermentlər və antibiotiklər yeridilir. Konservativ müalicə mümkünsüz olduqda ağciyərin zədələnmiş hissəsinin rezeksiyası göstərişdir.
Absesləşən pnevmoniyanın proqnozu
Absesləşən pnevmoniyanın proqnozu ciddidir; letallıq 15-25%-sir. Ağırlaşmalar meydana çıxdıqda, yanaşı gedən irinli infeksiya ocağının və ya xəstəlik olduqda qeyri-kafi sonlanma faizi yüksəkdir. Absesləşən pnevmoniyanın gedişi sağalma, ağciyər fibrozunun, xroniki ağciyər absesinin əmələ gəlməsi ilə sonlana bilər.