Antrakoz

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 1262

antrakoz nədir?Antrakoz – kömür tozu hissəciklərinin tənəffüslə qəbulu nəticəsində yaranan və ağciyər fibrozunun inkişafı ilə xarakterizə olunan ağciyər patologiyasıdır. Xəstəliyin simptomları (öskürək, təngnəfəslik, döş qəfəsində ağrı, tükənmə) proqressivləşən xarakter daşıyır. Diaqnoz peşə anamnezi, ağciyərlərin rentgenoqrafiyası və kompyuter tomoqrafiyası, spirometriya, qanın qaz tərkibinin analizinə əsaslanır. Antrakozun müalicəsi başlıca olaraq simptomatikdir (bronxolitiklərin və steroid preparatların qəbulu, döş qəfəsinin massajı, oksigen terapiyası). Xəstələrə pulmonoloq və peşə patoloqunun müşahidəsi; bir sıra hallarda sənətini dəyişmək göstərişdir.

  • Antrakozun səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Antrakozun simptomları
  • Diaqnostika
  • Antrakozun müalicəsi
  • Proqnoz və profilaktika

Antrakoz barədə ümumi məlumat

Antrakoz (yunanca “anthrax” — kömür deməkdir) – kömür tozlarının ağciyər toxumasına uzun müddət təsiri nəticəsində inkişaf edən pnevmokoniozdur. Karbon tərkibli tozların tənəffüslə orqanizmə daxil olması nəticəsində yaranmış ağciyər patologiyalarına (karbokoniozlar) antrakoz, qrafitoz və his pnevmokoniozu aid edilir. Bu patologiyalar arasında antrakoz nisbətən çox rastlanan peşə xəstəliyidir. Patologiya kömür mədənlərində çalışan və sənaye sahəsində iş stajı çox olan insanlarda inkişaf edir. Əmək şəraitindən və kömür tozu ilə kontaktın davametmə müddətindən asılı olaraq antrakozun şaxtyorlar arasında rastgəlmə tezliyi 12-50% təşkil edir. Anrtakozun proqressivləşməsi ağciyərlərin ağır zədələnmələrinə, ürək-ağciyər çatışmazlığının inkişafına, əmək qabiliyyətinin itirilməsinə gətirib çıxarır. Bu isə onun peşə patologiyası və pulmonologiya üçün tibbi-sosial əhəmiyyətinə səbəb olur.

Antrakozun səbəbləri

Kömür pnevmokoniozu riskini müəyyənləşdirən əsas mexanizmlər nəfəs alınan havada kömür tozlarının konsentrasiyası, sənaye zərərinin stajı, həmçinin rəvacverici faktorların olmasıdır. Antrakoz, adətən, şaxtyorları, dağ-mədən kombinatları, kömür sənayesində 15-20 ildən çox fəaliyyət göstərən insanlarda meydana çıxır. Antrasitin əldə olunması, nadir hallarda isə tərkibində karbon az olan suxurlar (daş və qəhvəyi kömür) ilə əlaqəli insanlarda klinik rentgenoloji dəyişikliklər tez-tez və erkən inkişaf edir. Kömür sənayesi işçilərində antrakozla yanaşı, başqa pnevmokoniozlar, ilk növbədə silikoz və ya antrasilikoz rast gəlinə bilər; belə ki, şaxtalarda kömür tozu tez-tez silikon dioksidlə qarışır. Antrakozun inkişaf riskini artıran digər faktorlara siqaretçəkmə, əmək mühafizəsi tələblərinə əməl olunmaması, texnoloji kömür çıxarılma prosesinin pozulması, tənəffüs yollarının xroniki xəstəlikləri və s. aiddir.

Antrakozun patogenezi

Kiçicik kömür tozları orqanizmə inhalyasion yolla daxil olur. Onların müəyyən bir hissəsi burun-udlağın, traxeya və bronxlarım selikli qişasına çökür və səyrici epitelin kirpiklərinin hərəkəti və əmələ gəlmiş seliyin hesabına xaric olunur. Toz hissəciklərinin yüksək konsentrasiyası və intensiv ekspozisiyası zamanı onlar aşağı tənəffüs yollarına siraət edir; alveolların mənfəzində makrofaqlarda və alveolyar epitelin hüceyrələrində aşkarlanır. Toz hissəcikləri limfa cərəyanı ilə regionar (bronxial, traxeal, bifurkasion) və başqa limfa vəzilərinə ötürülə bilər. Antrakoz zamanı ağciyər səthi xarakterik ləkəli görünüş və boz-qara rəng alır. Bronxların kömür tozu ilə daimi qıcıqlanması xroniki kataral bronxitin inkişafına, kömür kütləsinin interstisial toxumada toplanması isə deskvamasion interstisial pnevmoniyaya rəvac verir və ağciyər sirrozu ilə sonlanır.

Antrakozun təsnifatı

Ağciyər toxumasının patomarfoloji və kliniko-rentgenoloji dəyişikliklərinə əsasən kömür pnevmokoniozlarının iki forması ayırd edilir: ləkəli antrakoz (xoşxasssəli antrakoz fibroz) və ağciyərlərin proqressivləşən massiv fibrozu. Ləkəli antrakozun gedişi tədricən proqressivləşəndir və xeyli yaxşıdır. Ağciyərlərdə tək-tük lokal kömür piqmentasiyaları “antrasit ləkələri” şəklində görünür. Ağciyər toxumasının fibrozu zəif nəzərə çarpır; lakin terminal bronxların ektaziyası nəticəsində lokal mərkəzi-lobulyar emfizema inkişaf edir. Bu formanın düyünlü, ləkəli antrakoz növü var və həmin patologiya zamanı ağciyər toxumasında ölçüsü 1 sm-ə qədər olan düyünlər müəyyən olunur.

Ağciyərlərin proqressivləşən massiv fibrozu, adətən, interkurrent ağırlaşmaları (məs., ağciyər vərəmi) olan pasientlərdə inkişaf edir. Antrakozun bu formasının etiologiyasında ağciyər toxumasının immunokompleks mexanizmlə zədələnməsinin rolu istisna olunmur. Bunun sübutu kömür pnevmokoniozu ilə revmatoid artritin tez-tez yanaşı getməsidir (Kaplan-Kolinet sindromu və ya revmatoid pnevmokonioz). Proqressivləşən massiv fibroz bədxassəli gedişata malikdir; antrakozun bu formasının sonunda ağciyər toxumasının “arı pətəyi” (və ya “pətəkvari ağciyər”) tipli struktur dəyişikliyi baş verir, ağciyər ürəyi formalaşır. Pasientlər, bir qayda olaraq, ürək-ağciyər çatışmazlığından ölürlər.

Antrakozun simptomları

Antrakozun klinik gedişinin xüsusiyyətləri bronxit, emfizema və ağciyər fibrozunun ifadəliliyinə əsasən müəyyən olunur. Klinik-rentgenoloji mənzərəyə əsasən kömürçülərin pnevmokoniozlarının inkişafı üç mərhələyə ayrılır.

I mərhələdə simptomlar tamamilə olmaya və ya sürətli yorulma, öskürək, fiziki yüklənmə zamanı təngnəfəslik və döş qəfəsində ağrılarla özünü göstərə bilər. Rentgenoqrafiyanın nəticələrinə əsasən ağciyərlərin orta şöbələrində kiçik ocaqlı, diametri 1 – 3-5 mm olan kölgələr təyin olunur; ağciyər kökləri genişlənir; ağciyər mənzərəsi deformasiya olunmuşdur.

Antrakozun II mərhələsi üçün sakitlik vəziyyətində təngnəfəslik, ümumi zəifliyin artması, öskürək və torakalgiyanın saxlanması xarakterikdir. Rentgenoloji dəyişikliklər kiçik ocaqlı kölgələrin sayının və ölçülərinin artması, ağır emfizema, plevranın qalınlaşmasından ibarətdir.

Antrakozun III mərhələsi güclü tənəffüs çatışmazlığı əlamətləri ilə gedir. Proqressivləşən massiv fibroz zamanı melanoftiz (tənəffüs yollarında fibroz kavernaların parçalanması nəticəsində qara rəngli bəlğəmli öskürək) müşahidə olunur. Proqressivləşən formalı antrakozun ağır fəsadlaşmasına sağ mədəcik çatışmazlığı ilə müşayiət olunan ağciyər hipertenziyası aiddir. Ağciyərlərin rentgenoqrammasında çoxsaylı kiçik ocaqlı törəmələr və “bal pətəyi” fenomeni fonunda 5-10 sm ölçülü massiv kölgələr müəyyən olunur. Bəzən iri kölgələrin mərkəzində antrakotik kavernalar görünür.

Antrakoz və başqa karbokoniozlu pasientlər tənəffüs orqanlarının vərəmi riskinə malikdirlər. Ağciyər antrakozu dəri antrakozu (dermada kömür hissəciklrinin toplanması) ilə kombinasiya oluna bilər.

Antrakozun diaqnostikası

Pnevmokoniozun formasının düzgün müəyyənləşdirilməsi məqsədilə hərtərəfli peşə anamnezi götürülməlidir. Kömür tozu ilə uzunmüddətli kontakt antrakoza işarə edir. Obyektiv müayinə çəllək formalı döş qəfəsi, tənəffüsün zəifləməsi, perkutor səsin kütləşməsini aşkarlayır. İnstrumental diaqnostikanın birinci mərhələsi döş qəfəsinin rentgenoqrafiyasından ibarətdir. Lakin ocaqlı kölgələrin genezini dəqiqləşdirmək məqsədilə əlavə olaraq ağciyərlərin KT-i tələb olunur.

Spirometriya xarici tənəffüsün funksiyalarının pozulma dərəcəsi, qanın qaz tərkibinin müayinəsi isə tənəffüs çatışmazlığının ağırlıq dərəcəsi haqda fikir irəli sürməyə imkan verir. Ağciyərlərin başqa patologiyalarının istisnası məqsədilə tez-tez bronxoskopiya ilə müşayiət olunan ağciyər toxumasının transbronxial biopsiyası aparılır.

Antrakozun müalicəsi

Antrakoz diaqnozu qoyularkən ilk növbədə xəstənin zərərli agentlə (kömür tozu) kontaktı aradan qaldırılmalıdır. Patologiyanın birinci mərhələsində pasientin daha az tozlanmaya məruz qoyan işə keçirilməsi, II və III mərhələsində isə peşə fəaliyyətinin dəyişdirilməsi və ya əlillik statusunun alınması sualına aydınlıq gətirilir. Bundan başqa, xəstələrə istənilən tozdan qaçmaq, virus infeksiyalarından özünü qorumaq, fiziki yüklənməni məhdudlaşdırmaq və siqaret çəkməmək tövsiyə olunur. Antrakozun spesifik müalicəsi yoxdur, terapiya simptomatik xarakter daşıyır. Patologiyanın mərhələsindən və klinik təzahürlərin ifadəliliyindən asılı olaraq bronxolitiklər, steroid preparatlar, vitaminoterapiya təyin olunur. Fizioterapevtik metodlardan inhalyasion terapiya, döş qəfəsinin perkutor massajı effektlidir. Tənəffüs çatışmazlığının nəzərə çarpan əlamətləri zamanı oksigen terapiyası göstərişdir.

Antrakozun proqnoz və profilaktikası

Antrakoz – tədricən proqressivləşən xəstəlikdir. Lakin onun gec aşkar olunması və ya fəsadların prosesə qoşulması qeyri-kafi sonlanmaya gətirib çıxarır. Ləkəli antrakoz proqressivləşən massiv fibrozla müqayisədə nisbətən xoşxassəli gedişata malikdir. Antrakozun I mərhələsində pasientlərin əmək qabiliyyəti saxlanır; II və III mərhələdə əmək qabiliyyəti ilə bağlı proqnoz mübahisəlidir. Antrakozlu pasientlər pulmonoloq və peşə patoloqu tərəfindən hərtərəfli müayinə altında olmalıdır; ehtiyac olduqda, ftiziatrla konsultasiya olunmalıdır. Kömür pnevmokoniozunun profilaktikası tunel işlərində toz ifrazının azalmasına yönəlmiş mühəndis-texniki tədbirlərin aparılmasından, işçilərin kömür tozu ilə kontaktını minimuma endirməkdən, fərdi müdafiə vasitələrindən (respirator) istifadədən ibarətdir. Kömür tərkibli toza məruz qalan insanlar müntəzəm şəkildə tibbi müayinədən keçməlidirlər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: