Asfiksiya

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 5889

asfiksiya nədir?Asfiksiya – qanda və toxumalarda oksigenin konsentrasiyasının kəskin azalması (hipoksiya) və izafi karbon qazı (hiperkapniemiya) ilə müşayiət olunan boğulma vəziyyətidir. Kəskin və ya yarımkəskin asfiksiya zamanı tənəffüs çatışmazlığı əlamətləri yaranır – dəri göyərir, taxipnoe, köməkçi əzələlərin tənəffüsdə iştirakı baş verir; terminal mərhələdə koma, qıcolmalar, tənəffüsün və ürəyin fəaliyyətinin dayanması inkişaf edir. Asfiksiyanın vəziyyəti pasiyentin şikayətləri, fiziki müayinə və pulsoksimetriyanın qiymətləndirilməsinə əsasən diaqnostika olunur. Bu zaman tənəffüs yollarının keçiriciliyinin bərpası, oksigen inhalyasiyası, traxeotomiya, ASV, dərman müalicəsini özündə cəmləyən təxirəsalınmaz yardım tələb olunur.

  • Asfiksiyanın təsnifatı
  • Asfiksiyanın səbəbləri
  • Asfiksiyanın simptomları
  • Asfiksiyanın diaqnostikası
  • Asfiksiya zamanı ilk yardım
  • Asfiksiyanın proqnozu və profilaktikası

Asfiksiya barədə ümumi məlumat

Asfiksiya qazlar mübadiləsinin pozulması, hipoksik və hiperkapnik sindromun inkişafı ilə gedən, tənəffüs və qan dövranı pozulmalarına gətirib çıxaran həyati təhlükəli vəziyyətdir. Patologiyanın əsasında tənəffüs mərkəzinin disfunksiyası, ağciyərlərə havanın daxil olmasına mexaniki maneə, tənəffüs əzələlərinin zədələnməsi durur. Səbəbindən asılı olmayaraq asfiksiyanın bütün növlərində və formalarında təxirəsalınmaz (bəzən həm də reanimasion) tədbirlərin həyata keçirilməsi tələb olunur. Çünki kəskin oksigen aclığının başlanmasından bir neçə dəqiqə sonra ölüm baş verə bilər. Tibbdə asfiksiya problemi noenatologiya, pulmonologiya, travmatologiya, toksikologiya, reanimatologiya və başqa sahələrdə aktualdır.

Asfiksiyanın təsnifatı

Boğulmanın (tənəffüs funksiyasının və hemodinamikanın pozulması) inkişaf sürətindən asılı olaraq kəskin və yarımkəskin asfiksiya ayırd edilir. Əmələgəlmə mexanizminə görə asfiksiyalar aşağıdakı növlərə ayrılır:

  • Mexaniki – havanın tənəffüs yollarına daxil olmasının məhdudlaşması və ya dayanması onların obturasiyası, sıxılması və ya təzyiq göstərilməsi nəticəsində baş verir;
  • Toksik – boğulma tənəffüs mərkəzinin basqılanması, tənəffüs əzələlərinin iflici, orqanizmə kimyəvi birləşmələrin daxil olması nəticəsində qanda oksigenin nəqlinin pozulması zamanı inkişaf edir;
  • Travmatik – boğulma döş qəfəsinin qapalı zədələnmələri nəticəsində yaranır.

Təsnifatın başqa variantı asfiksiyanı təzyiqdən (kompression və stranqulyasion boğulma), bağlı (aspirasion, obturasion, boğulma) və məhdudlaşdırılmış qapalı mühitdə yaranmış asfiksiyadan fərqləndirməni təklif edir. Boğulmanın xüsusi növü pediatriya çərçivəsində dəyərləndirilən yenidoğulmuşların asfiksiyasıdır.

Asfiksiyanın səbəbləri

Asfiksik vəziyyətə gətirib çıxaran bütün səbəbləri ağciyər və ağciyərdənkənar olmaqla ayırmaq olar. Onlardan birincisi tənəffüs yollarının xaricdən sıxılması və ya onların mənfəzinin keçiriciliyinin pozulması (obturasiya) ilə əlaqəlidir. Havaaparıcı yolların xaricdən kompressiyası boğulma (asılma, iplə və ya əllə boğma), traxeyanın sıxılması, boyun travmalarından və s. ibarətdir. Tənəffüsün obstruktiv pozulmasına, adətən, tənəffüs yollarının dillə; traxeya və bronxların mənfəzinin yad cisimlə, mənfəz daxili şişlərlə; qida, qusuntu kütləsi, suda boğulma zamanı su, ağciyər qanaxması zamanı qanla tutulması səbəb olur. Tənəffüs yollarının kəskin stenozu traxeobronxit, astmatik tutmalar, allergik ödem və ya qırtlağın yanıqları, səs tellərinin ödemi zamanı inkişaf edə bilər. Asfiksiyanın ağciyərlə bağlı səbəblərinə həm də kəskin pnevmoniya, massiv eksudativ plevrit, total pnevmotoraks və ya hemotoraks, atelektaziyalar və ya ağciyər ödemi, AATE nəticəsində qazlar mübadiləsinin pozulması aiddir.

Asfiksiyanın ağciyərdənkənar formaları arasında tənəffüs mərkəzinin zədələnməsinə gətirib çıxaran vəziyyətlər – intoksikasiyalar, kəllə-beyin travmaları, insultlar, dərman və narkotik (məs., morfin, barbituratlar) preparatların artıq dozalanması üstünlük təşkil edir. Patologiyaya səbəb olan tənəffüs əzələlərinin iflici infeksion xəstəliklər (botulizm, difteriya, poliomielit, tetanus), onurğa sütunu-onurğa beyni travmaları, kurareyəbənzər preparatlarla zəhərlənmə, miasteniyalar və s. fonunda inkişaf edir. Oksigenin toxumalara nəqlinin pozulması massiv qanaxmalar, qan dövranı pozulmaları, methemoqlobin sintez edən maddələrlə və karbon monoksidlə zəhərlənmə zamanı baş verir.

Travmatik asfiksiyanın əsasında tənəffüs ekskursiyasını çətinləşdirən döş qəfəsinin zədələnməsi və ya ona təzyiq durur. Nəfəs alınan havada oksigenin kifayət qədər olmaması nəticəsində yaranan asfiksiya ventilyasiyası pis olan şaxtalar və quyularda, yüksəklik xəstəliyində, məhdud qapalı sistemlərdə (məs., dalğıclar) oksigen təchizatının pozulması zamanı inkişaf edə bilər. Yenidoğulmuşların asfiksiyasına, adətən, fetoplasentar çatışmazlıq, kəllədaxili doğuş travmaları, dölyanı mayenin aspirasiyası gətirib çıxarır.

Boğulmanın bütün formalarında asfiksiyanın inkişaf mexanizmi ümumi patogenetik xüsusiyyətlərə malikdir. Oksigen çatışmazlığı nəticəsində qanda tam oksidləşməmiş məhsullar toplanır, metabolik asidoz inkişaf edir. Hüceyrələrdə biokimyəvi proseslər ağır dərəcəli pozulur: ATF-in miqdarı kəskin azalır, oksidləşmə-iltihabi proseslərin gedişi dəyişir, pH azalır və s. Proteolitik proseslər nəticəsində hüceyrə komponentlərinin autolizi və hüceyrənin ölümü baş verir.

Patoloji proseslər ilk növbədə baş beyin hüceyrələrində meydana çıxır, tənəffüs və damar-hərəkət mərkəzlərinin zədələnməsi nəticəsində isə ölüm baş verir. Asfiksiya zamanı ürək əzələlərində ödem, əzələ liflərinin distrofiyası və nekrozu inkişaf edir. Ağciyərlər tərəfindən alveolyar emfizema və ödem qeyd olunur. Seroz qişalarda (perikard, plevra) nöqtəvari qansızma aşkar olunur.

Asfiksiyanın simptomları

Asfiksiyanın klinik gedişində dörd faza ayırd edilir. Birinci faza oksigen çatışmazlığı şəraitində tənəffüs mərkəzinin aktivliyinin kompensator olaraq yüksəlməsi ilə xarakterizə olunur. Bu dövrdə pasiyentdə qorxu, narahatlıq, oyanma; başgicəllənmə, dəri örtüklərinin sianozu, tezləşmiş nəfəsalma nəticəsində inspirator təngnəfəslik; taxikardiya, AT-in yüksəlməsi meydana çıxır. Tənəffüs yollarına təzyiq və ya onların keçiriciliyinin pozulması səbəbindən inkişaf etmiş asfiksiyalarda pasiyent çox öskürür, boğuq səslər çıxarır, təzyiq göstərici faktordan azad olmağa cəhd edir; üz şişkin, bənövşəyi-göy rəngli olur.

İkinci faza kompensator reaksiyaların tükənməsi fonunda təngnəfəslik ekspirator xarakter (nəfəsvermənin güclənməsi və uzanması) alır, dərinin göyümtüllüyü çoxalır, tənəffüs hərəkətləri və ürək yığılmalarının sayı azalır, AT düşür. Üçüncü – preterminal fazada tənəffüs mərkəzinin aktivliyinin qısamüddətli dayanması baş verir: apnoe epizodları yaranır, arterial təzyiq düşür, reflekslər itir, huşun itirilməsi və koma inkişaf edir. Asfiksiyanın sonuncu – dördüncü fazasında aqonal tənəffüs, qıcolmalar müşahidə olunur; nəbz və AT təyin olunmur; qeyri-iradi sidikifrazı, defekasiya və eyakulyasiya mümkündür. Hamilələrdə spontan abort baş verə bilər.

Asfiksiya, adətən, mədəcik fibrilyasiyası, ağciyər və beyin ödemi, travmatik şok, anuriya ilə fəsadlaşır. Pasiyentin ölüm səbəbi tənəffüs mərkəzinin iflicidir. Kəskin inkişafında ölüm 3-7 dəqiqə sonra baş verir. Gecikmiş dövrdə asfiksiyadan sonra sağ qalmış pasiyentlərdə aspirasion pnevmoniya, səs tellərinin parezi, müxtəlif növ amneziyalar, emosional statusun dəyişilməsi (oyanıqlıq, laqeydlik), intellektin demensiyaya qədər zəifləməsi müşahidə oluna bilər.

Tədricən inkişaf edən asfiksiya zamanı (bir neçə saat və gün ərzində) zərərçəkən gövdəni önə əyərək oturur, boynunu önə uzadır; ağzını geniş açaraq həriscəsinə havanı udur, bir sıra hallarda dilini bayıra çıxarır. Dəri, adətən, solğun olur, dodaqlar və dırnaqlarda akrosianoz nəzərə çarpır; xəstənin üzündə ölüm hissi əks olunur. Dekompensasiya zamanı asfiksiya yuxarıda qeyd olunmuş gedişata malik olur.

Asfiksiyanın diaqnostikası

Kəskin hallarda və səbəbi məlum olduqda asfiksiyanın diaqnostikası çətinlik törətmir. Pasiyentin huşu yerində olduqda o öz şikayətlərini (başgicəllənmə, təngnəfəslik, gözlərin qaralması) deyə bilər. Obyektiv göstəricilər asfiksiyanın fazasından asılıdır. Pulsoksimetriya nəbzi və hemoqlobulinin oksigenlə doyma dərəcəsini müəyyənləşdirə bilər.

Asfiksiyanın ağciyərlə bağlı səbəblərinin aşkarlanması və aradan qaldırılması məqsədilə pulmonoloq, bəzən həkim-endoskopist konsultasiyası tələb olunur. Qalan hallarda diaqnostikaya travmatoloq, nevroloq, infeksionist, toksikoloq, psixiatr, narkoloq və s. cəlb oluna bilər. Diaqnostik mərhələdə vaxta maksimal qənaət olunmalıdır; belə ki, xəstənin vəziyyəti ağır olduğundan daha geniş müayinənin (rentgenoqrafiya, diaqnostik bronxoskopiya və s.) aparılması, adətən, mümkünsüz olur.

Ölümün asfiksiya nəticəsində baş verdiyini təsdiqləyən patomorfoloji əlamətlərə üzdə sianoz, konyuntivaya qansızma, göyümtül-bənövşəyi rəngli, ekximozlu meyit ləkələri, qanın mayeşəkilli olması, ürəyin sağ kameralarında qan durğunluğu, sol kameralarının boş olması, daxili orqanların qan təchizatı və s. aiddir. Boynun sıxılması ilə boğulma zamanı iplə sıxılmış yerlərdə stranqulyasiya şırımları görünür, boyun fəqərələrinin sınıqları təyin olunur.

Asfiksiya zamanı ilk yardım

Kompleks təxirəsalınmaz tədbirlər asfiksiyanın səbəblərinə və fazasına əsasən müəyyənləşdirilir. Mexaniki boğulmalarda, ilk növbədə havaaparıcı yolların keçiriciliyi bərpa olunmalıdır: toplanmış selik, qan, su, qida kütlələri, yad cismin traxeal aspirasiya, bronxoskopiya, xüsusi üsulların köməyilə kənarlaşdırılması; boyunda təzyiq göstərən ipin boşaldılması, dilin boğaza getməsinin qarşısının alınması və s. həyata keçirilir. Sərbəst tənəffüs hərəkətləri və ürək fəaliyyəti dayandıqda ürək-ağciyər reanimasiyasına keçilməli, süni tənəffüs, ürəyin qapalı massajı icra olunmalıdır. Göstərişlər və texniki imkanlar olduqda traxeostomiya və ya traxeyanın intubasiyası tətbiq oluna, pasiyent sonradan ASV aparatına keçirilə bilər. Mədəcik fibrilyasiyasının inkişafı elektrik defibrilyatorundan istifadəyə əsas verir.

Bir sıra hallarda asfiksiyanın likvidasiyasında ilk tədbirlərə torakosentez və ya plevral boşluğun drenajı aiddir. Venoz təzyiqi azaltmaq məqsədilə qanburaxma icra olunur. Toksik asfiksiya zamanı ilk yardım antidotların yeridilməsindən ibarətdir.

Ağciyərlərin ventilyasiyası və ürək fəaliyyəti bərpa olunduqdan sonra su-elektrolit və turşu-qələvi balansının dərman preparatları ilə korreksiyası, ürək-damar və tənəffüs sisteminin funksiyalarının dəstəklənməsi, dehidratasion terapiya (ağciyər və beyin ödeminin profilaktikası məqsədilə) aparılır, qan və qanəvəzedici məhlullar (güclü qanitirmədə) köçürülür. Asfiksiyanın səbəbi başqa xəstəlik (infeksion, sinir və s.) olduqda onların patogenetik müalicəsinin aparılması mühümdür.

Asfiksiyanın proqnoz və profilaktikası

Kəskin proqressivləşən asfiksiyanın proqnozu həddən artıq ciddidir – letal sonlanma riski yüksəkdir; uzun müddət davam edən inkişafında proqnoz kafidir. Lakin hətta həyati vacib funksiyaları bərpa etməyə nail olduqda belə asfiksiyanın fəsadları xəstə kritik vəziyyətdən çıxdıqdan qısa və ya uzun müddət sonra meydana çıxa bilər. Reanimasion tədbirlərin vaxtında aparılması və həcminə əsasən asfiksiyanın sonlanması haqda əvvəlcədən fikir irəli sürmək olar.

Asfiksiyanın profilaktikası boğulmaya səbəb ola biləcək vəziyyətlərin yaranmasına yol verməməkdir: potensial təhlükəli xəstəliklərin erkən müalicəsi, döş qəfəsi travmalarının, mayelərin və yad cisimlərin aspirasiyasının, suisidlərin qarşısının alınması; toksik maddələrlə kontaktın istisnası (o cümlədən toksikomaniya və narkomaniyanın müalicəsi) və s. Keçirilmiş asfiksiyadan sonra pasiyentlərə bir çox klinik hallarda hərtərəfli qulluq və onların uzun müddət mütəxəssis nəzarətində olması tələb olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: