Təxirəsalınmaz vəziyyətlər

Təxirəsalınmaz vəziyyətlər

Təxirəsalınmaz vəziyyətlər həyati vacib funksiyaların kəskin pozulması ilə xarakterizə edilir. Belə hallarda pasiyentin həyatı təhlükə altına alındığından təcili yardım, o cümlədən intensiv terapiya və reanimasiya tədbirləri tələb olunur. Bu cür kritik vəziyyətlərə qəfil yaranan patologiyalar (asfiksiya, travmatik şok) və uzunmüddətli xroniki xəstəliklərin ağırlaşmaları (hipertonik kriz, astmatik status, diabetik koma və s.) aiddir. 

Həyat üçün təhlükəli sayılan vəziyyətlər yaranma səbəbləri və inkişaf mexanizminə görə fərqlənirlər. Zədələyici faktordan asılı olaraq, onlar 3 qrupa bölünür:  

  • Travmalar. Ekstremal amillərin: termiki, kimyəvi, mexaniki və s. təsirindən baş verir. Bura yanıq, elektrotravma, sınıq, daxili orqanların zədələnməsi və qanaxmalar aiddir. Onlar xarici baxış və həyat fəaliyyəti proseslərinin qiymətləndirilməsi hesabına müəyyən edilir.  
  • Zəhərlənmə və allergiyalar. Zəhər/allergenlərin inhalyasion, enteral, parenteral, təmas yolu ilə orqanizmə daxil olması nəticəsində inkişaf edir. Bu qrupa göbələk, bitki zəhərləri, spirtli içki, psixoaktiv maddələr, kimyəvi birləşmələrlə zəhərlənmə, narkotik maddələrin artıq dozada qəbulu, zəhərli ilan və həşəratların sancması, anafilaktik şok və s. daxildir. Əksər intoksikasiyalarda gözlə görünən zədələnmələrə rast gəlinmir. Ağır pozğunluqlar hüceyrə səviyyəsində baş verir.  
  • Daxili orqanların xəstəlikləri. Onlara funksiyaların kəskin pozulması, xroniki proseslərin dekompensasiyasını – miokard infarktı, insult, ağciyərin ödemi, hipertonik krizi misal göstərmək olar. Belə vəziyyətlər klinik-laborator və instrumental üsulların köməyilə aşkarlanır.  

Təxirəsalınmaz vəziyyətlərə daha çox travmatologiya, kardiologiya, nevrologiya və cərrahiyyədə rast gəlinir. Belə ki, urologiyada böyrək sancısı, kəskin böyrək çatışmazlığı, priapizm təcili yardım tələb edir. Ginekologiyada müşahidə olunan urgent hallar uşaqlıq qanaxmaları və eklampsiyadır.  

Təxirəsalınmaz vəziyyətlərdə ilkin və peşəkar yardım

Kritik vəziyyətə düşən pasiyenti ilkin baxışda dəri örtüklərinin rəng və nəmliyi, üzünifadəsi, ürək yığılmalarının tezliyi, tənəffüsün xarakteri, AT səviyyəsinə əsasən müəyyən etmək olar. Təxirəsalınmaz vəziyyətlər ağrı, intoksikasiya sindromları, habelə psixi pozğunluqlarla müşayiət oluna bilər. Kəskin halsızlıq, huşun tormozlanması, bayılma, nitq pozğunluğu, güclü qanaxma, dərinin solğunluğu və ya əksinə göyərməsi, qıcolma, çoxsaylı qusma, şiddətli ağrılar xarakterik əlamətlərdən sayılır.  

Müalicə sxemi həkiməqədər yardımdan başlanır. İlkin yardım xəstənin vəziyyətindən və pozğunluğun xarakterindən asılıdır. Bu, zədələyici amilin təsirinin dayandırılması, ətrafın müvəqqəti immobilizasiyası, qansaxlayıcı jqutun qoyulması ola bilər. Hər bir halda dərhal «təcili yardım» çağırılmalıdır.

Həkim briqadası hadisə yerinə gəldikdə xəstənin həyatına təhlükə törədən aparıcı sindrom (respirator və ya sirkulyator pozğunluqlar, şokun təzahürləri) aradan qaldırılır. Bu məqsədlə pasiyentə infuziya məhlulları, hemostatik, narkotik, vazotonik və digər preparatlar yeridilir. Müalicəvi blokadalar icra olunur. Spontan tənəffüs olmadıqda traxeyanın intubasiyası və ağciyərlərin süni ventilyasiyasına ehtiyac yaranır. Ürək fəaliyyətinin dayandığı hallarda ürəkdaxilinə adrenalin yeridilir, orqanın xarici masajı və ya defibrillyasiya yerinə yetirilir.  

Təxirəsalınmaz vəziyyətlərin sonu təcili yardımın vaxtında göstərilməsindən, onun həcmi və keyfiyyətindən asılıdır. Ürək-ağciyər reanimasiyası 30 dəqiqə davam edir. Vital funksiyaların bərpası onun effektivliyinin göstəricisidir. Pasiyentin vəziyyəti stabilləşdikdən sonra stasionar şəraitdə əsas xəstəliyin müalicəsinə başlanılır. 30 dəqiqə başa çatdıqda orqanizmin fəaliyyətini sübut edən heç bir əlamətə rast gəlinmədikdə, reanimasiya tədbirləri dayandırılır və bioloji ölüm faktı təsdiqlənilir.   

Med-portal.az saytının «Təxirəsalınmaz vəziyyətlər» bölməsində onların xarakterik əlamətləri, eləcə də kritik halda olan şəxslərə ilkin yardımın göstərilməsi barədə tövsiyələrlə tanış ola bilərsiniz.