Mitral stenoz

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 4972

mitral stenoz nədir?Mitral stenoz – sol atrioventrikulyar dəliyin daralması olub, qanın sol qulaqcıqdan sol mədəciyə fizioloji axınının çətinləşməsi ilə səciyyələnir. Yorğunluq, ürək fəaliyyətində fasilələr, qanhayxırma ilə öskürək, sinə nahiyəsində ağrıya səbəb olur. Diaqnoz auskultasiya, rentgenoqrafiya, exokardioqrafiya, elektrokardioqrafiya, fonokardioqrafiya, ürək kameralarının kateterizasiyası, atrio- və ventrikuloqrafiyanın nəticələrinə əsaslanır. İfadəli stenoz zamanı ballon valvuloplastika və ya mitral komissuropatiya göstəriş sayılır.

  • Mitral stenozun yaranma səbəbləri
  • Mitral stenozda hemodinamikanın xüsusiyyətləri
  • Mitral stenozun təsnifatı
  • Mitral stenozun əlamətləri
  • Mitral stenozun diaqnostikası
  • Mitral stenozun müalicəsi
  • Mitral stenozun proqnoz və profilaktikası

Mitral stenoz barədə ümumi məlumat

Mitral stenoz – sol qulaqcıq-mədəcik dəliyinin daralması ilə xarakterizə olunan qazanılmış ürək qüsurudur. Anomaliya əhalinin 0,05–0,08%-də aşkarlanır. Mitral stenoz izoləolunmuş (40% hallarda) və ya mitral qapaq çatışmazlığı, ürəyin digər qapaq zədələnmələri (mitral-aortal qüsur, mitral-trikuspidal qüsur) ilə müştərək şəkildə müşahidə olunur. Mitral stenoz kişilərə nisbətən qadınlarda (xüsusən 40-60 yaş arası) 2-3 dəfə çox rast gəlinir.

Mitral stenozun yaranma səbəbləri

Mitral stenozun səbəbləriMitral stenozların 80%-i revmatik etiologiyalı olur. Revmatizmin ilkin həmləsi bir qayda olaraq, 20 yaşa qədər baş verir, klinik ifadəli stenoz isə 10-30 ildən sonra inkişaf edir. Mitral stenozun daha az yayılan səbəbləri arasında infeksion endokardit, ateroskleroz, sifilis, ürəyin travmaları qeyd olunur.

Nadir hallarda qeyri-revmatik mənşəli mitral stenoz mitral qapağın həlqəsi və taylarının ağır kalsinozu, sol qulaqcığın miksoması, anadangəlmə ürək qüsurları (Lütembaşe sindromu), ürəkdaxili tromblarla bağlı olur. Mitral qapağın komissurotomiyası və ya protezlənməsindən sonra mitral restenozun inkişafı mümkündür. Nisbi mitral stenoz aortal çatışmazlıqla birgə müşahidə oluna bilər.

Mitral stenozda hemodinamikanın xüsusiyyətləri

Normada mitral dəliyin sahəsi 4-6 sm² təşkil edir, onun 2 sm²-a qədər və daha çox daralması ürəkdaxili hemodinamikanın pozulması ilə müşayiət olunur. Atrioventrikulyar dəliyin stenozlaşması qanın sol qulaqcıqdan mədəciyə qovulmasına mane olur. Belə şəraitdə kompensator mexanizmlər işə düşür: qulaqcığın boşluğunda təzyiq 5mm cv.süt-dan 20-25mm cv.süt-na qədər yüksəlir, sol qulaqcığın sistolası uzanır, sol mədəcik miokardı hipertrofiyalaşır, bu da ümumilikdə qanın stenozlaşmış mitral dəlikdən keçməsini asanlaşdırır. Qeyd olunan mexanizmlər bir müddət mitral stenozun ürəkdaxili henodinamikaya təsirini kompensə etməyə imkan verir.

Lakin mitral stenozun proqressivləşməsi və transmitral təzyiq qradiyentinin yüksəlməsi ağciyər damarlarında təzyiqin artmasına səbəb olur, ağciyər hipertenziyası inkişaf edir. Ağciyər arteriyasında təzyiqin yüksəlməsi ilə əlaqədar sağ mədəciyin yüklənməsi artır, sağ qulaqcığın boşalması çətinləşir, nəticədə ürəyin sağ kameraları hipertrofiyalaşır.

Ağciyər arteriyasında güclü müqavimətin dəf edilməsi və ürək əzələsində sklerotik, distrofik proseslərin inkişafı ilə bağlı sağ mədəciyin yığılma funksiyası zəifləyir, onun dilatasiyası baş verir. Bununla yanaşı sağ qulaqcığın yüklənməsi artır, bu da böyük qan dövranının dekompensasiyasına gətirib çıxarır.

Mitral stenozun təsnifatı

Sol atrioventrikulyar dəliyin daralma sahəsinə görə mitral stenozun 4 dərəcəsi ayırd edilir:

  • I dərəcə – zəif nəzərə çarpan mitral stenoz (dəliyin sahəsi > 3 sm²)
  • II dərəcə – mülayim mitral stenoz (dəliyin sahəsi 2,3-2,9 sm²)
  • III dərəcə – ifadəli mitral stenoz (dəliyin sahəsi 1,7–2,2 sm²)
  • IV dərəcə – kritik mitral stenoz (dəliyin sahəsi 1,0–1,6 sm²)

Hemodinamik pozğunluqların proqressivləşməsinə müvafiq olaraq, mitral stenozun gedişi 5 mərhələyə bölünür:

  • I – sol qulaqcığın mitral stenozunun tam kompensasiya mərhələsi. Subyektiv əlamətlər müşahidə olunmur, lakin auskultasiyada stenozun birbaşa əlamətləri aşkarlanır.
  • II – kiçik qan dövranının pozulma mərhələsi. Subyektiv əlamətlər yalnız fiziki yüklənmə zamanı meydana çıxır.
  • III – kiçik qan dövranında ifadəli durğunluq və böyük qan dövranının pozulmasının başlanğıc əlamətləri ilə səciyyələnən mərhələ.
  • IV – kiçik və böyük qan dövranında durğunluğun ifadəli əlamətləri ilə xarakterizə olunan mərhələ. Xəstələrdə səyrici aritmiya inkişaf edir.
  • V – distrofik mərhələ, ürək çatışmazlığının III dərəcəsinə uyğun gəlir.

Mitral stenozun əlamətləri

Mitral stenozun əlamətləriMitral stenoz adətən atrioventrikulyar dəliyin sahəsi 2 sm²-dan az olduqda klinik əlamətlərlə özünü büruzə verir. Yorğunluq, fiziki gərginlik zamanı, sonralar isə hətta sakitlik halında təngnəfəslik, qanhayxırma ilə öskürək, taxikardiya, ürək ritminin pozulması – ekstrasistoliya, səyrici aritmiya qeydə alınır. İfadəli mitral stenoz ortopnoe, ürək astmasının gecə tutmaları, daha ağır hallarda ağciyərlərin ödemi ilə müşayiət olunur.

Sol qulaqcığın hipertrofiyası zamanı disfoniyanın inkişafı ilə təzahür edən qayıdan sinirin kompressiyası mümkündür. Mitral stenozlu pasiyentlərin təxminən 10%-i fiziki yüklənmə ilə əlaqəsi olmayan kardial ağrılardan şikayət edir. Yanaşı gedən koronar ateroskleroz, subendokardial işemiyalarda stenokardiya tutmaları baş verə bilər. Xəstələr tez-tez təkrarlanan bronxit, bronxopnevmoniya, krupoz pnevmoniyadan əziyyət çəkir. Mitral stenoz mitral çatışmazlıqla müştərək şəkildə rast gəlindikdə çox vaxt prosesə bakterial endokardit də qoşulur.

Mitral stenozlu xəstələrin xarici görünüşü dodaq, burnun ucu və dırnaqların sianozu, məhdud tünd qırmızı-göyümtül çalarlı yanaqlar («mitral qızartı») ilə xarakterizə edilir. Əksər xəstələrdə sağ mədəciyin hipertrofiya və dilatasiyası ürək donqarının inkişafına səbəb olur.

Sağ mədəcik çatışmazlığı inkişaf etdikcə qarında ağırlıq hissi, hepatomeqaliya, periferik ödemlər, boyun venalarının qabarması, sağ tərəfli hidrotoraks, assit meydana çıxır. Mitral stenozun letal sonluğunun əsas səbəbi ağciyər arteriyasının tromboemboliyasıdır.

Mitral stenozun diaqnostikası

Xəstəliyin inkişafı barədə məlumat toplanarkən mitral stenozlu pasiyentlərin 50-60%-də revmatik anamnezə rast gəlinir. Ürəküstü nahiyənin palpasiyasında «pişik mırıltısı» – presistolik titrəmə, perkussiyada isə ürəyin sərhədlərinin yuxarı və sağa doğru yerini dəyişməsi aşkar edilir. Mitral stenozun auskultativ fonu çırpılan I ton, mitral qapağın açılma tonu («mitral şıqqıltı»), diastolik küylə səciyyələnir. Fonokardioqrafiya eşidilən küyləri ürək siklinin bu və ya digər fazaları ilə əlaqələndirməyə imkan verir.

Elektrokardioqrafik müayinə (EKQ) sol qulaqcıq və sağ mədəciyin hipertrofiyası, ürək ritminin pozulması (səyrici aritmiya, ekstrasistoliya, paroksizmal taxikardiya, qulaqcıqların titrəməsi), His dəstəsinin sağ ayaqcığının blokadasını müəyyən edir.

Exokardioqrafiyanın köməyilə mitral dəliyin sahəsinin kiçilməsi, mitral qapağın divarları və fibroz həlqənin bərkiməsi, sol qulaqcığın böyüməsi üzə çıxarılır. Qapağın vegetasiya və kalsinozunu, sol qulaqcıqda trombların olmasını inkar etmək üçün transezofageal ExoKQ icra edilir.

Rentgenoloji müayinələrin (qida borusunun kontrastlaşdırılması ilə ürəyin rentgenoqrafiyası, döş qəfəsinin rentgenoqrafiyası) nəticələri ağciyər arteriyasının qövsü, sol qulaqcıq və sağ mədəciyin qabarması, ürəyin mitral konfiqurasiyası, boş venaların kölgələrinin genişlənməsi, ağciyər şəklinin güclənməsi və mitral stenozun digər dolayı əlamətləri ilə xarakterizə olunur.

Ürək boşluqlarının zondlanması zamanı sol qulaqcıq və ürəyin sağ kameralarında yüksək təzyiq, transmitral təzyiq qradiyentinin artması aşkarlanır. Mitral qapağın protezlənməsinin planlaşdırıldığı bütün pasiyentlərdə sol ventrikuloqrafiya və atrioqrafiya, eləcə də koronar angioqrafiya göstəriş sayılır.

Mitral stenozun müalicəsi

Mitral stenozlarda medikamentoz terapiya infeksion endokarditin profilaktikası (antibiotiklər), ürək çatışmazlığının ifadəliliyinin azaldılması (ürək qlikozidləri, diuretiklər), aritmiyaların aradan qaldırılması (beta-blokatorlar) məqsədi daşıyır. Anamnezdə tromboemboliyalar izlənildikdə BNM (beynəlxalq normallaşdırılmış münasibət) nəzarət altına alınmaqla heparin dəri altına yeridilir, antiaqreqantlar təyin edilir.

Mitral qüsurlu qadınlarda dəliyin sahəsi 1,6 sm²-dan böyük olduqda və ürək çatışmazlığının əlamətləri müşahidə olunmadıqda hamiləlik əks-göstəriş sayılmır; əks-halda tibbi göstərişlər üzrə hamiləlik süni yolla dayandırılır.

Hemodinamikanın II, III, IV dərəcəli pozğunluqlarında mitral stenozun müalicəsi cərrahi yolla həyata keçirilir. Tayların deformasiyası, kirəcləşməsi, papillyar əzələlər və xordanın zədələnməsi aşkarlanmadıqda ballon valvuloplastika icra olunur. Qalan hallarda qapalı və ya açıq komissurotomiya göstəriş sayılır, əməliyyat prosesində bitişmələr kəsilir, mitral qapağın tayları kalsifikatlardan azad edilir, sol mədəcikdən tromblar xaric edilir, mitral çatışmazlıq zamanı annuloplastika aparılır. Qapaq aparatının deformasiyası mitral qapağın protezlənməsinə əsas verir.

Mitral stenozun proqnoz və profilaktikası

Mitral stenozun təbii gedişində 5 illik sağqalma ehtimalı 50% təşkil edir. Hətta mülayim simptomsuz mitral stenoz revmokarditin təkrarlanan həmlələri nəticəsində proqressivləşməyə meyilli olur. Postoperasion 5 illik sağqalma göstəricisi 85-95%-dir. Postoperasion restenoz pasiyentlərin təxminən 30%-də 10 il müddətində inkişaf edir, belə hallarda mitral rekomissurotomiyanın aparılması tələb olunur.

Mitral stenozun qarşısının alınması revmatizmin residiv əleyhinə profilaktikası, xroniki streptokokk ocaqlarının sanasiyasına əsaslanır. Pasiyentlər kardioloq və revmatoloqun müşahidəsi altında olmalı, mitral stenozun proqressivləşməsinin istisnası məqsədilə müntəzəm qaydada tam klinik-instrumental müayinələrdən keçməlidir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: