Mitral-trikuspidal qüsur

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 1359

mitral-trikuspidal qüsur nədir?Mitral-trikuspidal qüsur – sol və sağ qulaqcıq-mədəcik qapaqlarının zədələnməsi ilə səciyyələnən müştərək ürək qüsurudur. Təngnəfəslik, qanhayxırma, ürək astması tutmaları, ürək nahiyəsində ağrılar, dəri örtüklərinin sianozu, boyun venalarının pulsasiyası, gecikmiş mərhələlərdə isə hepatomeqaliya və assitlə xarakterizə olunur. Qapaqların zədələnməsinin aşkarlanmasına yönəldilmiş diaqnostik alqoritm EKQ, FKQ, ExoKQ, rentgenoqrafiya, ventrikuloqrafiya, ürək boşluqlarının kateterizasiyasının aparılması və məlumatların qiymətləndirilməsindən ibarətdir. Mitral-trikuspidal qüsurun radikal müalicə üsulu kardiocərrahi müdaxilədir (komissurotomiya, qapaqların plastikası, protezlənməsi).

  • Mitral-trikuspidal qüsurun yaranma səbəbləri və patogenezi
  • Mitral-trikuspidal qüsurun əlamətləri
  • Mitral-trikuspidal qüsurun diaqnostikası
  • Mitral-trikuspidal qüsurun müalicəsi
  • Mitral-trikuspidal qüsurun proqnoz və profilaktikası

Mitral-trikuspidal qüsur barədə ümumi məlumat

Mitral-trikuspidal qüsur – ürəyin çoxqapaqlı atrioventrikulyar qüsurudur. Kardiologiyada ikitaylı və üçtaylı qulaqcıq-mədəcik qapaqlarının müştərək zədələnməsinə ürəyin izoləolunmuş qüsurları (mitral stenoz, mitral çatışmazlıq, trikuspidal stenoz, trikuspidal çatışmazlıq) ilə müqayisədə daha çox rast gəlinir. Müştərək ürək qüsurları arasında iki- və üçtaylı qapaq zədələnmələrinin digər anatomik variantları müşahidə oluna bilər: mitral-aortal, aortal-trikuspidal, mitral-aortal-trikuspidal qüsurlar.

Mitral qüsur təxminən 15% hallarda üzvi trikuspidal qüsurla müşayiət olunur, mitral qüsurlu əksər pasiyentlərdə üçtaylı qapağın nisbi (funksional) çatışmazlığı aşkarlanır. Müştərək mitral qüsurun stenoz və üçtaylı qapağın çatışmazlığı ilə kombinasiyası mümkündür.

Mitral-trikuspidal qüsurun yaranma səbəbləri və patogenezi

Mitral-trikuspidal qüsurun səbəbləriQulaqcıq-mədəcik qapaqlarının üzvi zədələnməsinin başlıca səbəblərinə revmatizm (90% hallarda), uzunmüddətli bakterial endokardit, skarlatina, qapaqların zədələnməsi aiddir. Üçtaylı qapağın zədələnməsi adətən inadlı, residivləşən revmatik həmlələrlə bağlı olub, mitral stenoz və çatışmazlıqdan sonra inkişaf edir.

Mitral qüsurla birgə rast gəlinən trikuspidal stenoz birincinin təzahürlərini azaldır, bu da stenotik daralmanın kiçik qan dövranının hipervolemiyasını məhdudlaşdırması ilə əlaqədardır və əksinə, trikuspidal çatışmazlığın mitral qüsurla müştərəkliyi ağciyər hipertenziyası səbəbindən tez bir zamanda sağ mədəcik çatışmazlığının inkişafına gətirib çıxarır.

Mitral-aortal-trikuspidal qüsur ürəyin revmatik qüsurlarından əziyyət çəkən xəstələrin 7-8%-də qeydə-alınır. Üçlü qapaq zədələnməsi hemodinamikaya əhəmiyyətli dərəcədə təsir edir, bu da qan cərəyanını çətinləşdirən 3 maneənin olması ilə izah edilir:

  • aorta dəliyinin sol mədəciyin hemodinamik yüklənməsi ilə müşayiət olunan stenozu (sol mədəciyin həcmi yüklənməsini sağ və sol qulaqcıq-mədəcik dəliklərinin stenozu müəyyən dərəcədə azaldır);
  • kiçik qan dövranında venoz durğunluq ehtimalını artıran (sağ qulaqcıq-mədəcik dəliyinin stenozu nəticəsində ürəyin sağ kameralarına qan axınının azalması ilə bu halların qarşısı alınır) sol atrioventrikulyar dəliyin stenozu;
  • sağ qulaqcığın yüklənməsinə səbəb olan sağ atrioventrikulyar dəliyin stenozu.

Mitral-trikuspidal qüsurun əlamətləri

Mitral-trikuspidal qüsurun əlamətləriMitral-trikuspidal qüsurun klinik şəklində mitral qapaq zədələnməsinin əlamətləri: təngnəfəslik, taxikardiya, fiziki yüklənməyə qarşı tolerantlığın azalması, öskürək, qanhayxırma, «mitral qızartı», döş qəfəsində ağrı dominantlıq təşkil edir. Ürək astması və ağciyər ödeminin gecə tutmalarının inkişafı mümkündür. Əksər pasiyentlərdə qulaqcıq aritmiyaları – ekstrasistoliya, paroksizmal taxikardiya, qulaqcıqların titrəməsi, səyrici aritmiya müşahidə edilir.

Sağ mədəcik çatışmazlığının əlamətləri: halsızlıq, akrosianoz, dəri örtükləri və skleranın sarılığı, boyun venalarının pulsasiyası, hepatomeqaliya nəticəsində sağ qabırğaaltı nahiyədə ağrı və ağırlıq hissi, ödemlər, sağ tərəfli hidrotoraks, assit trikuspidal qüsurun tipik simptomları sayılır. Üçlü stenozun klinikası variabellidir, adətən mitral və ya mitral-trikuspidal qüsurun, nadir hallarda isə aortal stenozun əlamətləri (başgicəllənmə, baş ağrıları, qısamüddətli bayılmalar) üstünlük təşkil edir.

Mitral-trikuspidal qüsurun diaqnostikası

Çoxqapaqlı qüsurların diaqnostikası çətinlik törədir, xəstənin anamnez və şikayətlərinin diqqətli analizi, ürək-damar sisteminin hərtərəfli və ardıcıl fizikal müayinəsi, kompleks instrumental üsulların (EKQ, fonokardioqrafiya, sfiqmoqrafiya, ExoKQ, rentgenoqrafiya) tələb olunur. Mürəkkəb qüsurlarda ürək boşluqlarının zondlanması və ventrikuloqrafiyadan istifadə edilir.

Mitral-trikuspidal qüsurun diaqnozunun qoyulmasında anamnezdə uzunmüddətli revmatizmin olması mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən mitral-trikuspidal qüsurun diaqnostikası kardioloq, kardiocərrah, revmatoloqun birgə əməkdaşlığı ilə aparılmalıdır.

Mitral-trikuspidal qüsurun müalicəsi

Əks-göstərişlər olmadıqda ürəyin çoxqapaqlı qüsurlarının müalicəsi cərrahi yolla icra olunur. Medikamentoz terapiyaya tabe olmayan ağır ürək çatışmazlığı, böyrəklər, qaraciyər və digər orqanlarda ikincili patoloji dəyişikliklər zamanı kardiocərrahi müdaxilələrin tətbiqi təhlükəlidir.

Cərrahi üsulun seçilməsi üzvi zədələnmənin xarakteri (stenoz, çatışmazlıq), bu və ya digər qüsurun dominantlığından asılıdır. Buna əsasən çoxqapaqlı qüsurların cərrahi korreksiyası birdəfəlik və ya mərhələli şəkildə aparıla bilər – tək, ikili və ya üçlü komissurotomiya (stenoz zamanı), mitral və/və ya trikuspidal qapağın plastikası, mitral və/və ya trikuspidal qapağın protezlənməsi (çatışmazlıq zamanı), eləcə də kombinə olunmuş üsullar.

Mitral-trikuspidal qüsurun proqnoz və profilaktikası

Ürəyin çoxqapaqlı qüsurlarının təbii gedişi qapaqların izoləolunmuş zədələnmələri ilə müqayisədə nisbətən az qənaətbəxşdir. Üçlü – mitral-aortal-trikuspidal (xüsusən trikuspidal stenozun üstünlüyü ilə gedən) qüsurun gedişi və proqnozu daha ağır və qeyri-qənaətbəxş sayılır.

İxtisaslaşmış kardocərrahi yardımın göstərilmədiyi hallarda 5 illik sağqalma ehtimalı 35,5%, 10-illik isə – 6% təşkil edir. Çoxsaylı qüsurların cərrahi müalicəsi kifayət qədər effektiv olub, qənaətbəxş uzaq nəticələrlə müşayiət edilir.

Çoxqapaqlı qüsurların profilaktik tədbirlərinə revmatik hücumların təkrarlanmasının qarşısının alınması, ürəyin izoləolunmuş qüsurlarının aşkarlandığı pasiyentlərin dispanzerizasiyası və onların vaxtında korreksiyası aiddir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: