Müştərək trikuspidal qüsur

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 1541

Müştərək trikuspidal qüsur nədir?Müştərək trikuspidal qüsur – üçtaylı qapağın çatışmazlığı ilə sağ qulaqcıq-mədəcik dəliyinin stenozundan ibarət kombinə olunmuş qüsurdur. Fiziki gərginlik zamanı təngnəfəslik, taxikardiya, ürək fəaliyyətində fasilələr, sianoz, ürək çatışmazlığı əlamətləri ilə təzahür edir. Müştərək trikuspidal qüsurun diaqnozu auskultativ və instrumental məlumatlara əsaslanır. Müalicə ürək qlikozidləri və diuretiklərlə aparılır; göstəriş olduqda trikuspidal qapağın annuloplastikası və ya bioprotezlənməsi həyata keçirilir.

  • Müştərək trikuspidal qüsurun yaranma səbəbləri
  • Müştərək trikuspidal qüsurlarda hemodinamikanın xüsusiyyətləri
  • Müştərək trikuspidal qüsurun əlamətləri
  • Müştərək trikuspidal qüsurun diaqnostikası
  • Müştərək trikuspidal qüsurun müalicəsi
  • Müştərək trikuspidal qüsurun proqnoz və profilaktikası

Müştərək trikuspidal qüsur barədə ümumi məlumat

Müştərək trikuspidal qüsur üçtaylı qapaqla sağ atrioventrikulyar dəliyin eyni zamanda zədələnməsi ilə xarakterizə olunur. Beləliklə, bu qazanılmış ürək qüsurunun strukturunu trikuspidal qapağın üzvi çatışmazlığı və sağ qulaqcıq-mədəcik dəliyinin daralması təşkil edir. Kardiologiyada trikuspidal qüsur demək olar ki, hər zaman mitral və aortal qüsurlarla birgə rast gəlinir – belə hallar üçtaylı qapağın müştərək qüsurları kimi qiymətləndirilir.

Müştərək mitral qüsurda dəliyin stenozu və ya qapağın çatışmazlığı üstün ola və yaxud hər ikisi bərabər səviyyədə ifadə oluna bilər.

Müştərək trikuspidal qüsurun yaranma səbəbləri

Müştərək trikuspidal qüsurun səbəbləriƏksər hallarda trikuspidal qüsurun formalaşmasına revmatik endokardit, valvulit və ya pankarditlə müşayiət olunan revmatizm səbəb olur. Revmatik iltihab üçtaylı qapaq taylarının çapıq bitişmələri, deformasiyası və rigidliyinə, eləcə də sağ atrioventrikulyar dəliyin çapıq stenozuna gətirib çıxarır. Revmatizm zamanı həmçinin mitral və ya aorta qapağının üzvi zədələnmələri də mümkündür.

Nadir hallarda izoləolunmuş trikuspidal qüsur Bek sarkoidozunda üçtaylı qapağın zədələnməsi və ya bakterial endokardit nəticəsində əmələ gəlir. Ürəkdaxili hemodinamik pozğunluqlar həm anatomik (stenoz), həm də dinamik (çatışmazlıq) maneələrlə əlaqədar baş verir.

Müştərək trikuspidal qüsurlarda hemodinamikanın xüsusiyyətləri

Trikuspidal qüsurlarda qan dövranı pozğunluqlarının xarakteri patogenetik mexanizmlərin – bir-birini ağırlaşdıran çatışmazlıq və stenozun müştərəkliyinə əsasən müəyyən olunur. Sağ atrioventrikulyar dəliyin stenozunun üçtaylı qapağın çatışmazlığından üstün olduğu hallarda sağ qulaqcığın həcmi yüklənməsi, sağ mədəciyin yüklənməsinin azalması, kiçik qan dövranında hipovolemiya və böyük qan dövranında venoz durğunluq yaranır. Çatışmazlığın stenoza nisbətən daha ifadəli olması sağ mədəcik və qulaqcığın yüklənməsi, kiçik qan dövranının hipervolemiyası və böyük qan dövranında durğunluqla müşayiət edilir. Trikupidal qüsurda sağ qulaqcıq və mədəcik çatışmazlığı erkən inkişaf edərək, refrakter xarakter daşıyır.

Patologiya kompensə və ya dekompensə olunmuş gedişə malik olur. Adətən kompensasiya mərhələsi uzun müddət ifadəli hemodinamik dəyişikliklər müşahidə olunmadan gizli gedişlə səciyyələnir. Kompensasiya ürəyin əlavə yüklənməyə məruz qalan sağ şöbələrinin hipertrofiyası hesabına əldə edilir. Kompensator mexanizmlər tükəndikdə ürək fəaliyyətinin zəifləməsinə gətirib çıxaran distrofik dəyişikliklər baş verir. Konsentrik hipertrofiya ürək boşluqlarının miogen dilatasiyasının səbəb olduğu ekssentrik hipertrofiya ilə əvəzlənir.

Trikuspidal qüsurun dekompensasiya mərhələsi ürək fəaliyyətinin ifadəli pozğunluqları, ürək çatışmazlığı ilə xarakterizə olunur. Dekompensasiya revmokardit və interkurrent infeksiyaların kəskinləşməsi, izafi fiziki yüklənmə, psixi travmalar nəticəsində yarana bilər. Ürək əzələsi boşalır, ürək boşluqları genişlənir, əzələ liflərinin piy və zülal distrofiyası inkişaf edir, sağ qulaqcıq seyvanında tromblar əmələ gəlir. Venoz durğunluq boşluqların ödemi ilə müşayiət olunur.

Müştərək trikuspidal qüsurun əlamətləri

Müştərək trikuspidal qüsurun əlamətləriMüştərək qüsurun klinik təzahürləri dekompensasiya mərhələsində meydana çıxır. Simptomatika fiziki gərginlik zamanı təngnəfəslik, taxikardiya, aritmiyalarla səciyyələnir. Baxış zamanı dəri və gözlə görünən selikli qişaların sianozu nəzərə çarpır. Qüsurun gec mərhələlərində səyrici aritmiya, periferik ödemlər, hidroperikard, hidrotoraks, assit, hepatomeqaliya aşkarlanır. Letal sonluq ürək-damar çatışmazlığı, pnevmoniya, tromboemboliya, ürək ritminin pozulması səbəbindən baş verə bilər.

Müştərək trikuspidal qüsurun diaqnostikası

Müştərək trikuspidal qüsurun diaqnozu auskultativ və digər fizikal əlamətlərə, instrumental müayinələrin (FKQ, EKQ, ExoKQ, döş qəfəsinin rentgenoqrafiyası, ürəyin sağ kameralarının zondlanması) nəticələrinə əsaslanır.

Baxış zamanı III-V qabırğalararası sahədə ürək proyeksiyasında, eləcə də epiqastral nahiyədə sağ mədəciyin dilatasiyası ilə əlaqədar sistolik pulsasiya müəyyən edilir. Vidaci venaların presistolik pulsasiyasının qabarıqlığı qeydə alınır. Perkussiyada ürək sərhədlərinin sağa doğru genişlənməsi aşkar edilir. Auskultasiyada müştərək trikuspidal qüsur sistolik və diastolik küylərlə özünü büruzə verir, bu məlumatlar fonokardioqrafiya vasitəsilə təsdiqlənir.

Döş qəfəsinin rentgenoqrafiyasında ağciyərlərdə venoz durğunluğun əlamətləri, yuxarı boş venanın kölgəsinin genişlənməsi, ürəyin sağ kameralarının daha çox böyüməsi izlənilir. Trikuspidal qüsurun elektrokardioqrafik əlamətləri sağ mədəcik və qulaqcığın hipertrofiya və yüklənməsi, His dəstəsinin sağ ayaqcığının natamam blokadası, qulaqcıqların fibrillyasiyası ilə xarakterizə olunur. Exokardioqrafiya qüsurun morfoloji əsasını (üçtaylı qapağın üzvi zədələnməsi, trikuspidal qapaqda requrgitasiya axını, ürəyin yanaşı gedən dəyişiklikləri) təyin etməyə imkan verir. Hemodinamik pozğunluqların dərəcəsi ventrikuloqrafiya və ürək boşluqlarının kateterizasiyası ilə dəqiqləşdirilir.

Müştərək trikuspidal qüsurun müalicəsi

Cərrahi müalicənin aparılması mümkün olmadıqda, eləcə də pred- və postoperasion dövrdə konservativ müalicə tələb olunur. Müştərək trikuspidal qüsurlarda diuretiklər, venoz vazodilatatorlar (nitratlar, APF inhibitorları), kalsium antaqonistləri, metabolik təsirli preparatlar, oksigen terapiyası təyin edilir.

Medikamentoz terapiyanın qeyri-effektivliyi aktiv və ya ləng gedişli revmatik proses, ürəyin çoxsaylı qapaq qüsurları, qulaqcığın trombozu, yanaşı gedən xəstəliklər, vəziyyətlər – hipertireoz, hipoproteinemiya, anemiya və s., infeksiyanın qoşulması (qrip, tonzillit və s.) ilə bağlı ola bilər.

Trikuspidal qüsurun cərrahi müalicə üsullarına korreksiyaedici həlqələrlə annuloplastika və bioprotezlənmə aiddir.

Müştərək trikuspidal qüsurun proqnoz və profilaktikası

Trikuspidal qüsurlu xəstələr kardioloq, revmatoloq, kardiocərrahın müşahidəsi altında olmalıdır. Hamiləliyin planlaşdırılması barədə qərar mama-ginekoloqun iştirakı ilə keçirilən konsiliumda qəbul edilir. Pasiyentlərə aktivliyin məhdudlaşdırılması, düzgün peşə seçimi, sanator-kurort müalicəsi məsləhət görülür. Dekompensə olunmuş qüsur, qaraciyərin durğun sirrozu və assit zamanı proqnoz qeyri-qənaətbəxşdir.

Müştərək trikuspidal qüsurun profilaktikası revmatik prosesin və interkurrent xəstəliklərin kəskinləşməsinin qarşısının alınmasından ibarətdir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: