Parasistoliya

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 1285

parasistoliya nədir?Parasistoliya — bir və ya bir neçə əlavə aparıcı ritmin olması ilə səciyyələnən aritmiyadır. Oyanma mərkəzlərindən hər biri qulaqcıqlar, mədəciklər və ya bütövlükdə ürəyin qeyri-ritmik yığılmalarına səbəb ola bilər. Patologiya əksər hallarda simptomsuz gedir, növbəsiz yığılmalar, dərinin solğunluğu, təngnəfəslik, tez yorulma müşahidə edilə bilər. Diaqnostika anamnestik məlumatlar, obyektiv müayinə, instrumental üsulların (EKQ, EKQ-nin sutkalıq monitorinqi, MRT, USM) nəticələrinə əsaslanır. Parasistoliyanın müalicəsı patologiyanın ağırlığından asılı olaraq, medikamentoz və ya cərrahi üsullarla aparılır. Müalicəvi tədbirlərin əsas məqsədi ürək ritminin normallaşdırılmasından, təhlükəli aritmik və tromboembolik ağırlaşmaların qarşısının alınmasından ibarətdir.

  • Parasistoliyanın yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Parasistoliyanın əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Parasistoliyanın müalicəsi
  • Proqnoz və profilaktika

Parasistoliya barədə ümumi məlumat

Parasistoliya əsas aparıcı ritmdən asılı olmadan fəaliyyət göstərən ektopik mərkəzin aktivləşməsi nəticəsində yaranan elektrofizioloji fenomendir. Ürək xəstəliklərinin hipodiaqnostikası ilə əlaqədar patologiyanın rastgəlmə tezliyi dəqiq müəyyənləşdirilməmişdir. Parasistoliya ilə ekstrasistoliyanın müxtəlif növlərinin, xüsusən bigeminiyanın (bəzi alimlərin fikrincə onlar eyni ötürücülük pozğunluğunun müxtəlif formalarıdır). Onların nisbəti 1:21 təşkil edir. Paramərkəzin aktivliyi orta hesabla kardial keçiriciliyin hər 1000 müayinəsindən 1-2 halda qeydə alınır. Parasistoliya ilə pasiyentin cinsi və yaşı arasında dəqiq korrelyasiya izlənilmir.

Parasistoliyanın yaranma səbəbləri

Parasistoliyanın səbəbləriAritmiyanın bu tipinin inkişafı kardiomiositlərdəki metabolik disbalans, xüsusilə natrium, kalium, kalsium, maqnezium ionlarının mübadiləsinin pozulması ilə əlaqədardır. Metabolik dəyişikliklər ürəyin ötürücü sisteminə mənfi təsir edir, avtonom və ya yarım avtonom şəkildə fəaliyyət göstərən ikinci patoloji oyanma ocağının yaranmasına gətirib çıxarır. Parasistoliyanın yaranmasına səbəb olan amillər aşağıdakılardır:

  • Funksional pozğunluqlar. Bu qrupa nevroz, vegetativ-damar distoniyası, zərərli vərdişlər (siqaret, spirtli içkilər, narkotiklərdən istifadə), hormonal disbalans (tireotoksikoz, hemoxromatoz), bəzi qida və dərman maddələrinin (kofein, antidepressantlar, eufillin, qlükokortikosteroidlər, diuretiklər, ürək qlikozidləri) qəbulu ilə bağlı neyrogen genezli aritmiyalar daxildir. Həmçinin ürəyin uzun müddətli yüklənməsi (məsələn, idmançılarda) paramərkəzin yaranması ilə nəticələnə bilər.
  • Üzvi zədələnmələr.Bura ürək toxumasının ötürücü sistemin normal fəaliyyətinin pozulmasına səbəb olan zədələnmələri, o cümlədən ürəyin işemik xəstəliyi, miokard infarktı, endokardit, perikardit, kardiomiopatiyalar, revmatik qızdırma, qüsurlar, travmalar, cərrahi müdaxilələr, şüalanma fonunda baş verən morfoloji dəyişikliklər aiddir. Parasistoliyanın formalaşmasında kardial əzələnin funksiyasına mənfi təsir göstərən metabolik pozğunluqlar: ürək amiloidozu, kollagenozlar, podaqra mühüm rol oynayır.

Parasistoliyanın  patogenezi

Parasistoliya aritmiyanın xüsusi bir növü olub, ürəkdə əsas aparıcı ritmlə paralel fəaliyyət göstərən ikinci mütəşəkkil oyanma mərkəzinin yaranması nəticəsində inkişaf edir. Ektopik oyanma ocağının yaranma mexanizmi ilk növbədə ötürücü sistemin disfunksiyası ilə əlaqədardır, bu da paramərkəzin ayrılmasına, onun əsas peysmeyker («giriş bloku») tərəfindən depolyarizasiyadan qorunmasına səbəb olur. Parasistoliyanın patogenetik mexanizmini izah edən bir sıra konsepsiyalar mövcuddur, onlar arasında  «təkrar giriş» nəzəriyyəsi yekdilliklə qəbul olunmuşdur. Bu nəzəriyyəyə əsasən hər hansı bir toxuma nahiyəsində impulsun ötürülməsinin ləngidikdə əzələ lifləri müxtəlif sürətlərlə repolyarizasiya və depolyarizasiyaya uğrayır.

Repolyarizasiya və depolyarizasiya sürətinin dəyişməsi ürək əzələsinin funksional və ya üzvi dəyişiklikləri ilə bağlı ola bilər. Onun səbəblərindən asılı olmayaraq, toxuma səviyyəsində elektrolit mübadiləsi, mikrosirkulyasiyanın tipik pozğunluqları, hipokaliemiya müşahidə edilir. Bu fonda toxumanın qonşu sahələri hələ bərpa mərhələsində olarkən impuls yeni yığılmaya hazır olan əzələ lifinə daxil ola bilər. Tədricən proses daha da kritikləşir. Nəticədə ötürücü sistemin digər hissələrindən ayrılaraq, avtonom şəkildə fəaliyyət göstərən ürək əzələsinin anomal fraqmenti formalaşır.

Parasistoliyanın təsnifatı

Klinik kardiologiyada parasistoliyanın 2 əsas nomenklaturası tərtib edilmişdir. Birinci nomenklatura paramərkəzin lokalizasiyasına əsaslanır, həkim praktikasında bir o qədər də istifadə olunmur, əsasən patomorfoloq, patofizioloqlar üçün maraq kəsb edir. Bu sistematizasiyaya əsasən əlavə avtonom aparıcı ritm mədəciklər, qulaqcıqlar, əlavə qulaqcıq-mədəcik yollarında və ya əsas peysmeykerlə bir kamerada (dublikasiya olunan tip) yerləşə bilər. Anomal oyanma mərkəzi ilə onun əhatə edən miokard arasındakı münasibəti təsvir edən təsnifat klinik cəhətdən daha əhəmiyyətlidir:

  • Klassik tipli parasistoliya. Paramərkəzin normal siqnalın mütəşşəkkil giriş bloku ilə səciyyələnən avtonom aktivliyi xarakterikdir. Elektrofizioloji kalssik əlamətlər: fizioloji və anomal aparıcı ritmin təsiri altında baş verən yığılmalar arasındakı intervalın qeyri-stabilliyi, bölünmə qanunun mövcudluğu, müştərək komplekslərin yaranması (miokardın bir hissəsi əsas, digəri isə parasistolik düyün tərəfindən oyanır).
  • Modullaşmış tipli parasistoliya.Əsas aparıcı ritm (normada sinus ritmi) anomal mərkəzin fəaliyyətinə təsir göstərə bilər, lakin strukturlar bir-birindən qismən təcrid olunmuşdur. Qarşılıqlı əlaqənin bir neçə variantları ayırd edilir: fizioloji peysmeyker paramərkəzin funksiyasını sürətləndirə, ləngidə və ya vaxtaşırı tamamilə dayandıra bilər.

Parasistoliyanın əlamətləri

Parasistoliyanın əlamətləriPatologiya subyektiv təzahürləri adətən zəif olur və ya ümumiyyətlə müşahidə edilmir. Parasistoliyanın bədxassəli gedişində pasiyentlər ürəyin döş qəfəsinə zərbə və təkanlarını, ürək fəaliyyətində fasilələrin olmasını hiss edir. Dəri örtüklərinin avazıması, həddindən artıq tərləmə, təngnəfəslik, quru öskürək, həyəcan, bəzən – ölüm qorxusu aşkarlana bilər. Paramərkəz mədəciklərdə yerləşdikdə başgicəllənmə, bayılma, istilik hissi, halsızlıq, tez yorulma, döş sümüyü arxasında ağrıların yaranması mümkündür. Əksər əlamətlərə aritmiya ilə yanaşı daha çox onun əsasını təşkil edən xəstəlik və ya vəziyyətlər (ÜİX, kardiomiopatiya, endokardit, kiçik qan dövranında durğunluq) səbəb olduğundan xəstəliyin diaqnostikası çətinləşir, kompleks müayinənin aparılması tələb olunur.

Parasistoliyanın ağırlaşmaları

Parasistoliyanın adətən xoşxassəli gedişə malik olmasına baxmayaraq, patologiya miokardın pozulmuş elektrofiziologiyasının əksi sayılır, bu da ağır ritm pozğunluqlarının yaranma ehtimalını xeyli yüksəldir. Fəsadların tipi paramərkəzin yerləşməsindən asılıdır. Supraventrikulyar lokalizasiyalı anomal peysmeyker səyrici aritmiya, mədəciküstü taxikardiyaya (1 dəqiqədə 250 vurğuya qədər) gətirib çıxara bilər.

Daimi patoloji ritm ürək atımını azaldır, koronar, yuxu və böyrək arteriyaları ilə qan cərəyanını zəiflədir. Nəticədə xəstələrin bir qismində afaziya, parez, böyrək çatışmazlığı, miokard işemiyası baş verir.  Mədəciklərdə yerləşən patoloji aparıcı ritm üçün daha ağır fəsadlar xarakterikdir. O, impulslar əmələ gətirməklə oyanmanın normal yayılmasını pozur, qəfləti ürək ölümü, mədəciklərin fibrillyasiyasının yaranma ehtimalını yüksəldir.

Parasistoliyanın diaqnostikası

Parasistoliya pasiyentin terapevt, kardioloqa ilkin müraciəti və ya planlı tibbi baxış zamanı aşkarlana bilər. Həkim aritmiyanın tipik əlamətlərini (ürək yığılmalarının qeyri-stabilliyi, halsızlıq, təngnəfəslik), bu vəziyyətlərın hansı şəraitdə baş verdiyini aydınlaşdırır. Anamnez toplanarkən mütəxəssis yanaşı gedən xəstəliklərə, xüsusən ürək-damar və endokrin sisteminin patologiyalarına, irsi meyllik, zərərli vərdişlərin olmasına diqqət yetirir.  Nəbzin xarakteri qiymətləndirilir, ürəyin auskultasiyası aparılır. Əlavə müayinələr qismində aşağıdakı üsullardan istifadə olunur:

  • Elektrokardioqrafiya. Parasistoliyanın əsas diaqnostik üsuludur. EKQ-dəyişikliklər 2 avtonom ritmin olmasına dəlalət edir. Əvvəlki normal komplekslə növbəti patoloji kompleks arasındakı intervalın qeyri-stabilliyi onu ekstrasistoliyadan fərqləndirən əsas əlamətdir. Anomal peysmeykerdən siqnalın çıxışının blokadası intervalın daima dəyişməsinə, hətta müştərək komplekslərin yaranmasına səbəb olur.
  • EKQ Holter monitorlaşması. Bu üsul paramərkəzin fəaliyyətinin periodik xarakter daşıdığı  və ya xarici təsirlərlə – fiziki yüklənmə, emosional gərginlik, günün saatları, dərman vasitələrinin qəbulu ilə bağlı olduğu hallarda  tətbiq edilir. Ektopiyalararası intervalların iki patoloji kompleks arasındakı ən kiçik məsafəyə bölünməsi parasistolanın diaqnozunu təsdiqləyir. Digər ürək patologiyaları olmadıqda monitorlaşmaya tredmil-test, veloerqometriya əlavə edilir.
  • Ürəyin ultrasəs müayinəsi. Bu üsul ürək əzələsinin ritm pozğunluğuna səbəb olan üzvi zədələnmələrin aşkarlanmasında mühüm rol oynayır. Sonoqrafiyanın köməyilə tac arteriyaları, qapaqların vəziyyəti, funksional və struktur pozğunluqları, ürək atımının həcmi, kameralardan təzyiq, hipertrofik, aplastik, postinfarkt proseslər müəyyən edilir.
  • Maqnit-rezonans tomoqrafiya. Exokardioqrafiyanın kifayət qədər informativ olmadığı hallarda ürəyin tomoqrafiyası aparılır. MRT hətta ən kiçik struktur, funksional dəyişiklikləri təyin etməyə imkan verir. Onun vasitəsilə parasistoliyanın inkişafına gətirib çıxaran digər orqanların, endokrin vəzilərin (böyrəklər, qalxanabənzər və böyrəküstü vəzilər, hipofiz) patologiyaları aşkarlanır.

Parasistoliyanın müalicəsi

Aritmiyanın aktiv müalicəsinin zəruriliyi individual xarakter daşıyır, belə ki, pozğunluq əksər hallarda xoşxassəli gedişlə səciyyələnir və terapiyaya çətin tabe olur. Paramərkəzin yaranması demək olar ki, həmişə digər patologiyalar ilə bağlı olduğundan əsas xəstəliyin müalicəsi göstəriş sayılır. Klinik praktikada aşağıdakı üsullardan istifadə edilir:

  • Konservativ terapiyaAritmiya əleyhinə preparatların farmakoloji təsirinə əsaslanır. Paramərkəzin avtomatizmini aradan qaldıran kalsium kanallarının antaqonistləri, ÜYT və anomal peysmeyker hüceyrələrində impulsların generasiya sürətini azaldan orta dozalı beta-adrenoblokatorlar tətbiq edilir. Ağır hallarda patoloji aparıcı ritmdən siqnalın çıxışının blokadası hesabına supraventrikulyar və mədəcik parasistoliyasını azaldan amiodaron təyin olunur. Ürək fəaliyyəti normallaşdıqda amiodaronla uzunmüddətli dəstəkləyici terapiya məsləhət görülür.
  • Cərrahi müalicə. Medikamentoz terapiya müsbət nəticə vermədikdə anomal ocağın zəiflədilməsi və ya xaric edilməsi məqsədi daşıyan cərrahi müalicə göstəriş hesab olunur. Yığılma impulslarını generasiyasını öz üzərinə götürərək, ürək ritmini normaya salan kardiostimulyatorun implantasiyası mümkündür. Əməliyyatın digər növü kardioverter-defibrillyatorun implantasiyasıdır, bu üsul fibrillyasiya və letal sonluqla nəticələnmə ehtimalının yüksək olduğu bədxassəli taxiaritmiyalarda zəruri sayılır. Daha bir müalicə üsulu radiotezlikli ablasiyadır, onun mahiyyəti fiziki təsirlə paramərkəzin dağıdılmasından ibarətdir.

Parasistoliyanın proqnoz və profilaktikası

Parasistoliyanın proqnozu əsas xəstəlikdən asılıdır. Üzvi zədələnmələr zamanı  proqnoz qeyri-qənaətbəxşdir, parasistoliya ilə ağırlaşan ürək patologiyalarından əziyyət çəkən xəstələrin 15%-i 1 il ərzində həyatını itirir. Funksional genezli parasistoliyalarda həkimin təyinatları və məsləhətlərinə əməl edildikdə nəticə daha qənaətbəxş olur.

Aritmiyanın profilaktikası fiziki, əqli yüklənmələrin, kofe, tünd çayın qəbulunun adekvat şəkildə məhdudlaşdırılması, zərərli vərdişlərdən imtina, yuxu və gündəlik rejimin normalizasiyasından ibarətdir. Ürək-damar sistemi, hormonal fonun vəziyyətinə nəzarət və profilaktik tibbi baxışların aparılması mütləqdir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: