Perikardın selomik kistası

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 3626

perikardın selomik kistası nədir?Perikardın selomik kistası – perikard qişası ilə ayaqcıq vasitəsilə birləşən və ya ona bitişən, rəngsiz maye ilə dolu olan nazik divarlı boşluqdan ibarət törəmədir. Kistaların gedişi adətən simptomsuz olur; lakin iri ölçülü törəmələr təngnəfəslik, öskürək, ürək nahiyəsində diskomfort, ürəkdöyünmə, aritmiyaya səbəb ola bilər. Perikardın selomik kistası rentgenoloji müayinə (döş qəfəsinin rentgenoqrafiya və rentgenoskopiyası, KT, pnevmomediastinoqrafiya), ultrasəs exokardioqrafiya, torakoskopiyanın köməyilə aşkar edilir. Kistanın irinləmə və partlama riski ilə əlaqədar onun cərrahi yolla xaric edilməsi məsləhət görülür.

  • Perikardın selomik kistalarının təsnifatı
  • Perikardın selomik kistasının yaranma səbəbləri
  • Perikardın selomik kistasının əlamətləri
  • Perikardın selomik kistasının diaqnostikası
  • Perikardın selomik kistasının müalicəsi

Perikardın selomik kistası barədə ümumi məlumat

Perikardın selomik kistası – struktur və anatomik cəhətdən perikardla bağlı olan, maye möhtəviyyatlı dizontogenetik boşluqlu törəmədir. Patologiya ilk dəfə XIX əsrin ortalarında təsvir olunmuş və kista ürəkətrafı toxumanın parietal səhifəsinin qabarması hesab olunaraq, «perikardın divertikulu» adlandırılmışdır. Lakin XX əsrin 40-cı illərində törəmənin embrional boşluq – selomanın inkişaf anomaliyası nəticəsində yaranması sübut olunmuş və xəstəlik «perikardın selomik kistası» adını alımışdır. Bu patologiya divararalığının həcmli törəmələrinin 4-10%-ni təşkil edir. Perikardın selomik kistası əksər hallarda 20-40 yaşlarda aşkar edilir və kişilərlə müqayisədə qadınlarda 2-3 dəfə çox rast gəlinir.

Perikardın selomik kistalarının təsnifatı

Patologiyanın təsnifatı bir neçə kriteriyaya əsaslanır. Perikardın selomik kistaları mənşəyinə görə anadangəlmə və qazanılmış (iltihabi və ya travmatik) olur. Kistalar adətən sağ (60%) və ya sol (30%) kardiodiafraqmal bucaq, bəzən isə  (10%) – on divararalığı və yaxud onun digər hissələrində lokalizasiya olunur.

Perikard boşluğu ilə əlaqənin olması/və ya olmamasından asılı olaraq, patologiyanın aşağıdakı formaları ayırd edilir:

  • paraperikardial kistalar (perikarda nazik ayaqcıq vasitəsilə birləşən və ya bitişən);
  • perikardial (perikard boşluğu ilə birləşən) kistalar və ya perikardın divertikulları;
  • ekstraparakardial kistalar –perikardla əlaqəsi olmayan izoləolunmuş törəmələr.

Perikardın selomik kistaları bir və ya çox kameralı olur. Klinik gedişinə görə kistalar simptomsuz, ağırlaşmayan və ağırlaşan formalara bölünür.

Perikardın selomik kistasının yaranma səbəbləri

Perikardın selomik kistasının səbəbləriPerikardın selomik kistalarının mənşəyini izah edən 2 əsas nəzəriyyə mövcuddur. Birinci nəzəriyyə kistaların yaranmasını embriogenezin pozulması, ikinci isə perikardın iltihabı zədələnmələri və travmaları ilə əlaqələndirir. Birinci nəzəriyyənin tərəfdaşları hesab edir ki, perikardın müəyyən sahələrinin anadangəlmə zəifliyi nəticəsində seroz qişa divertikul tipli qabararaq, kistaya çevrilir. Belə kistalar ürəkətrafı kisənin boşluğu ilə birləşərək, gələcəkdə izolə oluna bilər. Perikardın anadangəlmə selomik kistalarının digər formalaşma mexanizmi normada birləşərək, perikard boşluğu əmələ gətirən embrional lakunaların bitişməsinin pozulmasına əsaslanır. Bu lakunalardan birinin qeyri-bərabər inkişafı həqiqi divertikul və ya ekstraparakardial kistaya başlanğıc verə bilər. Əksər xaric və yerli tədqiqatçılar bu nəzəriyyəni əsas götürür.

Selomik kistaların yaranmasını perikardın iltihabi prosesləri və mexaniki zədələnmələri ilə əlaqələndirən ikinci nəzəriyyə daha az məşhurdur. Buna baxmayaraq, kistaların keçirilmiş perikardit, ürək nahiyəsində hematomalar, şişin parçalanması nəticəsində formalaşma ehtimalı inkar edilmir. Kista yumru, oval və ya armudvari şəkildə olur. Kista boşluğunun orta diametri 3-8 sm-dir. Qapalı kistalar böyük, divertikullar isə əksinə, kiçik ölçülərə malik olur. Perikardın selomik kistalarının divarları nazik, daxili səthi isə hamar və parlaq olur. Divarın mikroskopik strukturu perikardın quruluşu ilə eynidir. Kista daxildən mezotel hüceyrələri ilə örtülür, xarici qatı isə daxilindən damarlar keçən yetkin birləşdirici toxumadan təşkil olunmuşdur. Perikardın selomik kistalarının divarında əzələ liflərinə rast gəlinmir. Kistoz boşluğun möhtəviyyatı tərkibində aşağı konsentrasiyada  zülal və çox miqdarda duzlar olan rəngsiz şəffaf mayedən ibarətdir. Kistanın irinləməsi və ya zədələnməsi zamanı möhtəviyyat hemorragik və ya irinli olur.

Perikardın selomik kistasının əlamətləri

Perikardın selomik kistasının əlamətləriTədqiqatların nəticələrinə əsasən perikardın selomik kistalarının 30-50%-i simptomsuz gedir. Belə törəmələr profilaktik flüoroqrafiya zamanı aşkarlanır. Qalan hallarda kistaların lokalizasiya və ölçülərindən asılı olan polimorf klinik simptomatika izlənilir. Pasiyentlərin tipik şikayətlərinə ürək nahiyəsində diskomfort və ağrı (sızıltılı, deşici), döş sümüyü arxasında sıxılma hissi, ürəkdöyünmə aiddir. Ağrı hissləri stenokardiyanı təqlid edə bilər. Əksər hallarda quru öskürək və fiziki yüklənmə zamanı güclənən təngnəfəslik meydana çıxır.

Bəzən xəstələrdə astma tutmaları baş verir. Nəhəng selomik kisanın divararalığı orqanlarını sıxması sianoz, boyun venalarının şişməsi, disfagiya, ifadəli təngnəfəsliklə müşayiət olunur. Kistanın azan və ya diafraqmal siniri kompressiyası qabırğaaltı nahiyədə yaranan, çiyin və kürəyə irradiasiya edən ağrılara səbəb ola bilər. Kista xaric edildikdən sonra sadalanan əlamətlər tamamilə itir. Kistanın partlaması və ya irinləməsu zamanı hidrotoraks əlamətləri, plevropulmonal şok müşahidə edilir.

Perikardın selomik kistasının diaqnostikası

Pasiyentlər bu simptomlarla adətən kardioloq və ya pulmonoloqa müraciət edir. Perikardın selomik kistasını müşayiət edən fizikal əlamətlərə kistanın proyeksiyasında döş qəfəsinin qabarması, tənəffüsün zəifləməsi, perkutor səsin kütləşməsi, damar küyləri, taxikardiya aiddir. Perikardla bitişən kistalarda EKQ-də dəyişikliklər qeydə alına bilər.

Selomik kistalı pasiyentlərin standart müayinə alqoritminə rentgenoloji diaqnostika: döş qəfəsinin rentgenoskopiya və rentgenoqrafiyası, qida borusunun kontrastlaşdırılması ilə ürəyin rentgenoskopiyası daxildir. Rentgenoloji müayinədə selomik kista adətən kardiodiafraqmal sinusda yerləşən şarabənzər və ya oval kölgə şəklində görünür. Kölgənin xarici konturu dəqiq, daxili –  adətən ürək, aşağı konturu isə diafraqmanın kölgəsi ilə birləşir. Əvvəllər perikardın selomik kistalarının diaqnostikasında pnevmomediastinoqrafiyadan geniş istifadə edilirdi, lakin müasir dövrdə bu üsul döş qəfəsinin KT ilə əvəz olunmuşdur.

Perikardın selomik kistasının vizualizasiyası, onun ürəklə əlaqəsinin qiymətləndirilməsi, eləcə də differensial diaqnostikanın aparılması məqsədilə exokardioqrafiya tətbiq edilir. Bəzən diaqnozu dəqiqləşdirmək üçün punksiya yolu ilə mövtəviyyatın evakuasiyası və mayenin biokimyəvi, elektrolit tərkibinin analizi aparılır. Differensial diaqnostikanın çətinlik törətdiyi hallarda torakoskopiya icra olunur. Müayinə prosesində digər xəstəliklər: ürək şişləri, diafraqmal yırtıq, abdominomediastinal lipoma, exonokokk kistası inkar edilir.

Perikardın selomik kistasının müalicəsi

Perikardın selomik kistasının punksiya üsulu ilə müalicəsi öz təsdiqini tapmamışdır, bu da onun müvəqqəti təsiri ilə əlaqədardır. Bir müddətdən sonra mayenin yenidən toplanması və törəmənin ölçülərinin böyüməsi müşahidə olunur. Həmçinin kistanın sklerozlaşdırılması da məqsədəuyğun hesab edilmir, çünki yeridilmə zamanı sklerozant perikard boşluğuna düşərək, konstriktiv perikardit törədə bilər.

Kistanın cərrahi yolla xaric edilməsi ən radikal müalicə üsulu sayılır. Onun köməyilə xəstəlikdən birdəfəlik azad olmaq və ağirlaşmaların qarşısını almaq mümkündür. Belə hallarda ön-yan və yaxud yan torakotomiya və ya torakoskopiya tətbiq oluna bilər. Perikardın selomik kistası adətən divarın tamlığı pozulmadan bütövlükdə soyulur. Kistanın ayaqcığının bağlanması və kəsilməsi perikarda yaxın məsafədə aparılır. İri ölçülü kistalar əməliyyatdan əvvəl punksiya olunur.

Postoperasion dövrün gedişi adətən qənaətbəxş olur. Əməliyyatdan sonra əlamətlər qısa zaman ərzində geriyə inkişaf edir. Perikardın selomik kistaları ağırlaşdıqda (irinləmə, bronx və ya plevral boşluğa partlama, divarın maliqnizasiyası və s.) proqnoz ciddiləşir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: