Qarın aortasının anevrizması

Oxuma vaxtı: 15 dəq Oxunma sayı: 1495

qarın aortasının anevrizması nədir?Qarın aortasının anevrizması – aortanın qarın hissəsinin lokal qabarması və ya diffuz genişlənməsidir. Qarın aortasının anevrizması simptomsuz gedə və ya qarında müxtəlif intensivlikli ağrılar, pulsasiya, anevrizmanın cırılması zamanı qarındaxili qanaxmanın klinikası ilə özünü büruzə verə bilər. Diaqnoz qarın boşluğunun icmal rentgenoqrafiyası, qarın aortasının USDQ, rentgenokontrast angioqrafiya, kompüter tomoqrafiyanın nəticələrinə əsasən qoyulur. Qarın aortasının anevrizmasının müalicəsi yalnız cərrahi yolladır: anevrizma kisəsinin açıq rezeksiyası, kəsilmiş hissənin sintetik protezlə əvəz olunması və ya endoprotezlənmə.

  • Qarın aortasının anevrizmasının təsnifatı
  • Qarın aortasının anevrizmasının yaranma səbəbləri
  • Qarın aortasının anevrizmasının patogenezi
  • Qarın aortasının anevrizmasının əlamətləri
  • Qarın aortasının anevrizmasının diaqnostikası
  • Qarın aortasının anevrizmasının müalicəsi
  • Qarın aortasının anevrizmasının proqnoz və profilaktikası

Qarın aortasının anevrizması barədə ümumi məlumat

Qarın aortasının anevrizması – aortanın qarın hissəsinin patoloji genişlənməsi olub, onun divarının XII döş fəqərəsindən IV-V bel fəqərələrinə qədər sahədə qabarması ilə xarakterizə edilir. Kardiologiya və angiocərrahiyyədə damarların bütün anevrizmatik dəyişikliklərinin 95%-i qarın aortasının anevrizmasının payına düşür. 60 yaşdan yuxarı kişilərdə bu patologiya 2-5% hallarda müşahidə edilir. Qarın aortasının anevrizması proressivləşməyə meyllidir; diametri il ərzində orta hesabla 10% artır, bu da adətən onun nazilərək cırılmasına və letal sonluğa gətirib çıxarır. Ən çox rast gəlinən ölüm səbəbləri sırasında qarın aortasının anevrizması 15-ci yerdə dayanır.

Qarın aortasının anevrizmasının təsnifatı  

qarın aortasının anevrizmasının səbəbləriQarın aortasının anevrizmasının anatomik təsnifatı klinik cəhətdən daha əhəmiyyətlidir. Onun əsasında böyrək arteriyalarından aaşağıda yerləşən (95%) infrarenal və böyrək arteriyalarından yuxarıda lokalizasiya olunan suprarenal anevrizmalar ayırd edilir. Damar divarının qabarma formasına görə qarın aortasının anevrizması kisəşəkilli, diffuz iyəbənzər və laylanan; divarın quruluşuna görə həqiqi və yalançı olur.

Etioloji amillər nəzərə alınmaqla qarın aortasının anevrizması anadangəlmə və qazanılmış formalara bölünür. Qazanılmış anevrizmalar qeyri-iltihab (aterosklerotik, travmatik) və iltihab mənşəli (infeksion, sifilitik, infeksion-allergik) ola bilər.

Klinik gedişinə görə qarın aortasının anevrizması 2 qrupa ayrılır: ağırlaşmamış və ağırlaşmış (laylanan, cırılan, tromblaşan). Anevrizmanın diametrinə əsasən kiçik (3-5 sm), orta (5-7 sm), böyük (7 sm-dən yuxarı) və nəhəng (diametri aortanın infrarenal hissəsinin diametrindən 8-10 dəfə böyük) anevrizmalar ayırd edilir.

Yayılma əlamətinə görə A.A.Pokrovskiy və həmmüəllif tərəfindən qarın aortasının anevrizmasının 4 tipi irəli sürülmüşdür:

  • I – adekvat distal və proksimal boyunla müşayiət olunan infrarenal anevrizma;
  • II – adekvat proksimal boyunla müşayiət olunan infrarenal anevrizma; aortanın bifurkasiyasına qədər yayılır;
  • III – aortanın bifurkasıyası və qalça arteriyalarının qoşulması ilə infrarenal anevrizma;
  • IV – qarın aortasının infra- və suprarenal (total) anevrizması.

Qarın aortasının anevrizmasının yaranma səbəbləri

Tədqiqatların nəticələrinə əsasən aorta  anevrizmasının (aorta qövsünün, döş aortası, qarın aortasının anevrizmalarının) əsas etioloji amili aterosklerozdur. Aortanın qazanılmış anevrizmalarının yaranma səbəblərinin 80-90%- onun payına düşür.

Bəzi hallarda qarın aortasının qazanılmış anevrizmaları iltihabi proseslərlə: qeyri-spesifik aortoarteriit, sifilis, vərəm, salmonellyoz, mikoplazmoz, revmatizm zamanı damarların spesifik zədələnməsi ilə bağlıdır.

Həmçinin fibroz-əzələ displaziyası – aorta divarının anadangəlmə qüsuru qarın aortasının anevrizmasının formalaşmasına təsir edə bilər.

Son onilliklərdə damar cərrahiyyəsinin sürətli inkişafı ilə əlaqədar qarın aortasının yatrogen anevrizmalarının sayı artmaqdadır, bu da angioqrafiya, rekonstruktiv əməliyyatların (aortanın dilatasiyası/stentlənməsi, tromboembolektomiya, protezlənmə) yerinə yetirilməsi zamanı texniki səhvlərin buraxılması ilə izah olunur. Qarın boşluğu və ya onurğa sütununun qapalı zədələnməsi qarın aortasının travmatik anevrizmalarının yaranmasına səbəb ola bilər.

Qarın aortasının anevrizmasının rast gəlindiyi pasiyentlərin təxminən 75%-ni siqaret çəkən şəxslər təşkil edir; anevrizmanın inkişaf riski siqaretdən istifadə müddəti və gün ərzində çəkilən siqaretlərin sayı ilə düz mütənasibdir. Yaşın 60-dan yuxarı olması, kişi cinsi və ailə üzvlərində analoji problemin aşkarlanması qarın aortasının anevrizmasının yaranma təhlükəsini 5-6 dəfə artırır.

Arterial hipertoniyadan və ağciyərlərin xroniki xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə qarın aortasının anevrizmasının cırılma ehtimalı daha yüksəkdir. Bundan əlavə anevrizma kisəsinin forma və ölçüləri də böyük əhəmiyyət kəsb edir. Sübut olunmuşdur ki, simmetrik anevrizmalarla müqayisədə asimmetrik anevrizmalar cırılmaya daha çox məruz qalır və diametri 9sm-dən çox olan anevrizmalar zamanı anevrizma kisəsi və qarındaxili qanaxma səbəbindən ölüm halları 75%-ə çatır.

Qarın aortasının anevrizmasının patogenezi

Qarın aortasının anevrizmasının inkişafında aorta divarında iltihabi və degenerativ aterosklerotik proseslər mühüm rol oynayır. Aorta divarında iltihabi reaksiya naməlum antigenə qarşı immun cavab şəklində yaranır. Bu zaman aorta divarının makrofaqlar, B- və T-limfositlərlə infiltrasiyası inkişaf edir, sitokinlərin sintezi artır, proteolitik aktivlik yüksəlir. Belə reaksiyaların kaskadı öz növbəsində aortanın orta qatında ekstrasellülyar matriksin deqradasiyasına gətirib çıxarır, bu da kollagenin miqdarının yüksəlməsi, elastinin azalması ilə təzahür edir. Saya əzələ hüceyrələrinin və elastik membranların yerində kistayabənzər boşluqlar formalaşır, nəticədə aorta divarının möhkəmliyi zəifləyir.

İltihabi və degenerativ dəyişikliklər anevrizma kisəsinin divarının qalınlaşması, intensiv perianevrizmatik və postanevrizmatik fibrozun yaranması, anevrizmanın əhatə edən orqanların iltihabi prosesə qoşulması ilə müşayiət olunur.

Qarın aortasının anevrizmasının əlamətləri

Qarın aortasının anevrizmasının əlamətləriQarın aortasının anevrizmasının ağırlaşmamış gedişində heç bir subyektiv əlamət izlənilmir. Belə hallarda anevrizma qarnın palpasiyası, digər abdominal patologiya səbəbindən qarın boşluğunun USM, rentgenoqrafiyası, diaqnostika laparoskopiyanın aparılması zamanı təsadüfən aşkarlanır.

Qarın aortasının anevrizmasının ən tipik klinik təzahürü mezoqastral nahiyə və ya qarnın sol yarısında yaranan daimi və ya periodik xarakterli küt, sızıltılı ağrılardır. Ağrı böyüyən anevrizmanın retroperitoneal sahədə sinir kökcükləri və kələflərə təzyiqi nəticəsində baş verir, çox zaman bel, oma və ya qasıq nahiyəsinə irradiasiya edir. Bəzən ağrılar o qədər güclü olur ki, onları aradan qaldırmaq üçün analgetiklərin təyini tələb olunur. Ağrı sindromu səhvən böyrək sancısı, kəskin pankreatit və ya radikulit  tutmaları kimi qəbul edilə bilər.

Xəstələrin bir qismi ağrıların izlənilmədiyi vaxtlarda qarında ağırlıq hissi, dartılma və ya artan pulsasiyadan şikayət edir. Qarın aortasının anevrizmasının mədə və 12-barmaq bağırsağa təzyiqi nəticəsində ürəkbulanma, gətirmə, qusma, meteorizm, qəbizlik baş verə bilər.

Qarın aortasının anevrizmalarında meydana çıxan uroloji sindrom sidik axarlarının kompressiyası, böyrəyin yerdəyişməsi ilə assosiasiyalı olub, hematuriya, dizurik pozğunluqlarla təzahür edir. Bəzi hallarda testikulyar vena və arteriyaların sıxılması xayalarda ağrı simptomokompleksi və varikoselenin inkişafı ilə müşayiət olunur.

İşioradikulyar simptomokompleks onurğa beyninin sinir kökcükləri və ya fəqərələrin kompressiyası ilə əlaqədardır, bel nahiyəsində ağrılar, hissi və hərəki pozğunluqlarla xarakterizə edilir.

Qarın aortasının anevrizmalarında aşağı ətrafların xroniki işemiyası inkişaf edir, belə xəstələrdə növbələnən axsaqlıq, trofiki pozğunluqlar müşahidə olunur.

Qarın aortasının izolə olunmuş laylanan anevrizmasına çox nadir hallarda rast gəlinir; o, adətən aortanın döş hissəsinin laylanmasının davamı sayılır.

Qarın aortası anevrizmasının cırılmasının əlamətləri

Qarın aortasının anevrizmasının cırılması kəskin qarın simptomatikası ilə müşayiət olunur və qısa zaman ərzində ölümlə nəticələnə bilir.  Qarın aortasının cırılması xarakterik triada: qarın və bel nahiyəsində ağrılar, kollaps, qarın boşluğunda güclü pulsasiya ilə təzahür edir.

Qarın aortasının anevrizmasının klinik xüsusiyyətləri cırılmanın istiqamətindən (retroperitoneal sahə, sərbəst qarın boşluğu, aşağı boş vena, 12-barmaq bağırsaq, sidik kisəsinə) asılıdır.

Qarın aortasının anevrizmasının retroperitoneal cırılması daimi xarakterli ağrı sindromu ilə səciyyələnir.  Retroperioneal hematomanın kiçik çanaq nahiyəsinə yayılması zamanı ağrı bud, qasıq, aralıq nahiyələrə irradiasiya edir. Hematomanın yuxarı hissələrdə yerləşməsi kardial ağrıları simulə edə bilər. Anevrizmanın retroperitoneal cırılmalarında sərbəst qarın boşluğuna axan qanın həcmi adətən az olur (təxminən 200ml).

Qarın aortasının anevrizmasının qarındaxili lokalizasiyalı cırılması zamanı massiv hemoperitoneum klinikası inkişaf edir: hemorragik şok əlamətləri – dəri örtüklərinin kəskin avazıması, soyuq tər, halsızlıq, zəiflik, sapvari, tezləşmiş nəbz, hipotoniya sürətlə artır. Qarnın bütün hissələrində kəskin köp və ağrı, yayılmış Şotkin-Blümberq simptomu qeydə alınır. Perkusiyada qarın boşluğunda sərbəst maye müəyyən edilir. Qarın aortasının anevrizmasının bu tip cırılmaları tez bir zamanda  letal sonluqa nəticələnir.

Qarın aortasının anevrizmasının aşağı boş venaya açılması halsızlıq, təngnəfəslik, taxikardiya, aşağı ətrafların ödemi ilə müşayiət olunur. Lokal əlamətlərə qarın və bel nahiyəsində ağrılar, qarında üzərində sistolo-diastolik küyün eşidildiyi pulsasiya edən törəmə aiddir. Qeyd olunan simptomlar tədricən artaraq, ağır formalı ürək çatışmazlığına gətirib çıxarır.

Qarın aortasının anevrizmasının 12-barmaq bağırsağa çırıldığı hallarda qəfil kollaps, qanlı qusma, melena ilə müşahidə olunan profuz mədə-bağırsaq qanaxmalarının klinikası inkişaf edir. Cırılmanın bu formasının digər etiologiyalı mədə-bağırsaq qanaxmalarından differensiasiya etmək çətindir.

Qarın aortasının anevrizmasının diaqnostikası

Bir sıra hallarda ümumi baxış, qarnın palpasiya və auskultasiya qarın aortasının anevrizmasından  şübhələnməyə imkan verir. Anevrizmanın ailəvi formalarını aşkar etmək üçün anamnez toplanılır.

Arıq bədən quruluşuna malik pasiyentlərin müayinəsi zamanı qarın ön divarından anevrizmanın güclü pulsasiyası müəyyən edilə bilər. Palpasiyada qarnın sol yuxarı hissəsində ağrısız bərk-elastik törəmə əllənir. Auskultasiya zamanı qarın aortasının anevrizması üzərində sistolik küy eşidilir.

Qarın aortasının anevrizmasının diaqnostikasının ən sadə üsulu qarın boşluğunun icmal rentgenoqrafiyasıdır. Bu metodun köməyilə anevrizmanın kölgəsi və onun divarlarının kalsinozu vizualizasiya olunur. Hazırda angiologiyada qarın aortası və onun şaxələrinin dupleks skanlanması, USDQ-dən geniş istifadə olunur. Qarın aortasının anevrizmasının ultrasəs diaqnostikasının dəqiqliyi 100%-ə çatır. USM vasitəsilə aorta divarının vəziyyəti, anevrizmanın yayılma və lokalizasiyası, cırılma sahəsi təyin edilir.

Aortanın qarın hissəsinin KT və ya MSKT anevrizmanın mənfəzi, kalsinoz, laylanma, kisədaxili tromboz barədə daha dəqiq məlumatlar əldə etməyə, cırılma təhlükəsi və ya baş verən cırılmanı aşkarlamağa imkan verir.

Yuxarıda qeyd olunan üsullardan əlavə qarın aortasının anevrizmasının diaqnostikasında aortoqrafiya, damadaxili uroqrafiya, diaqnostika laparoskopiya tətbiq edilir.

Qarın aortasının anevrizmasının müalicəsi

Qarın aortasının anevrizmasının diaqnozunun təsdiq olunması cərrahi müalicənin aparılmasına mütləq göstəriş sayılır. Radikal əməliyyatlara qarın aortası anevrizmasının rezeksiyası, kəsilmiş sahənin homotransplantantla əvəz olunması daxildir. Əməliyyat laparotomik yolla icra edilir. Anevrizmaya qalça arteriyasının cəlb olunduğu hallarda bifurkasion aorto-qalça protezlənməsi göstərişdir. Açıq əməliyyatlar zamanı orta letallıq 3,8-8,2% təşkil edir.

Planlı əməliyyata əks-göstərişlər: yenicə (1 aydan az müddətdə) baş verən miokard infarktı, beyin qan dövranının kəskin pozğunluqları (6 həftəyə qədər), ağır ürək-ağciyər çatışmazlığı, böyrək çatışmazlığı, qalça və bud arteriyalarının yayılmış okklüzion zədələnməsi. Qarın aortasının anevrizmasının cırılması zamanı rezeksiya həyati göstərişlər üzrə aparılır.

Qarın aortasının anevrizmasının müasir az travmatik cərrahi üsullarına aortanın stent-qraft vasitəsilə endoportezlənməsi aiddir. Cərrahi müdaxilə bud arteriyasında aparılan kiçik kəsikdən həyata keçirilir; əməliyyat prosesinə rentgen televiziya ilə nəzarət olunur. Stent-qraft anevrizma kisəsini izolə etməklə, onun cırılmasının qarşısını alır və eyni zamanda qan cərəyanı üçün yeni kanal formalaşdırır. Endovaskulyar müdaxilənin üstünlükləri minimal travmatizm, postoperasion ağırlaşmaların aşağı riski, sürətli reabilitasiyadan ibarətdir. Lakin ədəbiyyatlarda 10% hallarda endovaskulyar stentlərin distal miqrasiyası qeyd olunur.

Qarın aortasının anevrizmasının proqnoz və profilaktikası

Qarın aortasının anevrizması təhlükəli damar patologiyalarından sayılır. İri ölçülü anevrizmaların letal sonluqla nəticələnmə ehtimalı 75%-dən yüksəkdir. Pasiyentlərin 30-50%-i hospitalönü mərhələdə dünyasını dəyişir.

Son illərdə kardiocərrahiyyədə qarın aortasının anevrizmasının diaqnostika və müalicəsində nəzərə çarpan proqress müşahidə edilir: diaqnostik səhvlərin sayı azalmış, cərrahi yolla müalicə oluna bilən xəstə kontingenti genişlənmişdir. Bu, ilk növbədə müasir vizualizasiya üsullları və aorta anevrizmasının endoprotezlənməsinin tətbiqi ilə bağlıdır.

Qarın aortasının anevrizmasının potensial təhlükəsinin qarışısını almaq üçün aterosklerozdan əziyyət çəkən və ya bu xəstəlik üzrə ailəvi anamnezə malik olan şəxslər müntəzəm müayinələrdən keçməlidir. Patologiyanın profilaktikasında zərərli vərdişlərdən (siqaretdən) imtina böyük rol oynayır. Qarın aortasının anevrizması səbəbindən əməliyyat keçirmiş pasiyentlər USM və KT müayinələr daxil olmaqla damar cərrahının dinamik müşahidəsi altında olmalıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: