Qulaqcıqların titrəməsi

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 1684

Qulaqcıqların titrəməsi nədir?Qulaqcıqların titrəməsi – qulaqcıqların tezləşən, düzgün ritmi (dəqiqədə 200-400-ə qədər) ilə səciyyələnən taxiaritmiyadır. Qulaqcıqların titrəməsi bir neçə saniyədən başlayaraq günlərlə davam edə bilən ürəkdöyünmə paroksizmləri, arterial hipotenziya, başgicəllənmə, huşun itirilməsi ilə təzahür edir. Qulaqcıqların titrəməsini aşkar etmək üçün klinik müayinə, 12 ötürməli EKQ, EKQ-nin sutkalıq monitorinqi, transezofageal elektrokardioqrafiya, ritmoqrafiya, ürəyin USM, EFM aparılır. Qulaqcıqların titrəməsinin müalicəsində medikamentoz terapiya, radiotezlikli ablasiya və qulaqcıq EKS-dən istifadə olunur.

  • Qulaqcıqların titrəməsinin yaranma səbəbləri
  • Qulaqcıqların titrəməsinin patogenezi
  • Qulaqcıqların titrəməsinin təsnifatı
  • Qulaqcıqların titrəməsinin əlamətləri
  • Qulaqcıqların titrəməsinin diaqnostikası
  • Qulaqcıqların titrəməsinin proqnoz və profilaktikası

Qulaqcıqların titrəməsi barədə ümumi məlumat

Qulaqcıqların titrəməsi – tezləşən, lakin müntəzəm qulaqcıq ritmi ilə xarakterizə olunan supraventrikulyar taxikardiyadır. Qulaqcıqların səyriməsi (qulaqcıqların tezləşmiş, lakin qeyri-müntəzəm, nizamsız fəaliyyəti) kimi titrəməsi də səyrici aritmiyanın bir forması hesab olunur. Qulaqcıqların səyrimə və titrəməsi bir-birilə sıx bağlı olub, növbələnə bilər. Kardiologiyada qulaqcıqların titrəməsi (0.09%) səyriməsinə (2-4%) nisbətən daha az rast gəlinir və adətən paroksizmlərlə gedir. Qulaqcıqların titrəməsinə əsasən 60 yaşdan yuxarı kişilərdə rast gəlinir.

Qulaqcıqların titrəməsinin yaranma səbəbləri

Qulaqcıqların titrəməsinin səbəbləriQulaqcıqların səyriməsi əksər hallarda ürəyin üzvi zədələnmələri fonunda baş verir. Aritmiyanın bu formasına ürəyin revmatik qüsurları, ÜİX (aterosklerotik kardioskleroz, kəskin miokard infarktı), kardiomiopatiyalar, miokardiodistrofiya, miokardit, perikardit, hipertoniya xəstəliyi, sinus düyününün zəifliyi sindromu, WPW sindromu səbəb ola bilər. Qulaqcıqların titrəməsi anadangəlmə ürək qüsurları üzrə kardiocərrahi müdaxilə, aortokoronar şuntlamadan sonra erkən postoperasion dövrün gedişini ağırlaşdıra bilər.

Qulaqcıqların titrəməsinə ağciyərlərin xroniki obstruktiv xəstəliyi, ağciyər arteriyasının tromboemboliyası, ağciyər emfizeması olan pasiyentlərdə rast gəlinir. Ağciyər ürəyində qulaqcıqların titrəməsi bəzən ürək çatışmazlığının terminal mərhələsi ilə müşayiət olunur. Qulaqcıqların titrəməsinin ürək patologiyası ilə əlaqəli olmayan risk amillərinə şəkərli diabet, tireotoksikoz, yuxuda apnoe sindromu,  alkoqol, dərman və s. intoksikasiyalar, hipokaliemiya aiddir.

Aşkar səbəb olmadan praktik sağlam adamlarda inkişaf edən qulaqcıq taxiaritmiyası qulaqcıqların idiopatik titrəməsi adlanır. Qulaqcıqların səyrimə və titrəməsinin yaranmasında irsi meylliyin rolu istisna edilmir.

Qulaqcıqların titrəməsinin patogenezi

Qulaqcıqların titrəməsinin patogenezinin əsasını macro-re-entry mexanizmi – miokardın çoxsaylı oyanması təşkil edir. Qulaqcıqların tipik paroksizmi böyük sağqulaqcıq dairəsinin sirkulyasiyası səbəb olur. Re-entry dairəsi öndən trikuspidal qapağın həlqəsi, arxadan isə yevstax darağı və boş venalarla məhdudlaşır. Aritmiyanı induksiya edən trigger amillər sırasına qulaqcıqların fibrillyasiya və ya ekstrasistoliyası aiddir. Bu zaman qulaqcığın yüksək tezlikli depolyarizasiyası (dəqiqədə təxminən 300 vurğu) qeydə alınır.

AV-düyün belə tezlikli impulsları yaya bilmədiyindən mədəciklərə qulaqcıq impulslarının yalnız yarısı (blok 2:1) daxil olur, bu səbəbdən onlar dəqiqədə təxminən 150 tezliklə yığılırlar. Bəzən bloklar 3:1, 4:1 və ya 5:1 nisbətində baş verir. Ötürücülük əmsalı dəyişdikdə mədəcik ritmi qeyri-müntəzəm olur, bu da ÜYT-nin sıçrayışlı azalma  və ya artması ilə müşayiət edilir. Qulaqcıq-mədəcik ötürücülüyünün ən təhlükəli nisbəti 1:1 əmsalıdır, belə hallarda ÜYT kəskin artır (1 dəqiqədə 250-300 vurğu), ürək atımı azalır, huş itirilir.

Qulaqcıqların titrəməsinin təsnifatı

Qulaqcıqların titrəməsinin tipik (klassik) və atipik variantları ayırd edilir. Qulaqcıqların titrəməsinin klassik variantında oyanma dalğasının sirkulyasiyası tipik dairə üzrə sağ qulaqcıqda baş verir; qulaqcıqların tezliyi dəqiqədə 240-340 olur. Qulaqcıqların tipik titrəməsi istmusdan asılıdır, yəni sinus ritminin macro-re-entry dairəsinin ən həssas həlqəsi sayılan kavo-trikuspidal boğaz (istmus) nahiyəsində krioablasiya, radiotezlikli ablasiya, transezofageal elektrokardiostimulyasiya vasitəsilə bərpasına tabe olur.

Oyanma dalğasının sirkulyasiyasının istiqamətindən asılı olaraq, qulaqcıqların klassik titrəməsi 2 formaya bölünür: counterclockwise – oyanma dalğası trikuspidal qapaq ətrafında saat əqrəbinin əksi istiqamətində sirkulyasiya edir (90% hallarda) və clockwise – oyanma dalğası macro-re-entry dairəsində saat əqrəbi istiqamətində sirkulyasiya edir (10% hallarda).

Qulaqcıqların atipik (istmusdan asılı olmayan) titrəməsi oyanma dalğasının sol və ya sağ qulaqcıqda sirkulyasiyasının tipik dairə üzrə baş verməməsi ilə xarakterizə edilir, bu da dəqiqədə 340-440 tezlikli tirəmələrlə müşayiət olunur.  Macro-re-entry dairəsinin formalaşma nahiyəsindən asılı olaraq, istmusdan asılı olmayan sağqulaqcıq və solqulaqcıq  titrəmələri ayırd edilir. Ləng ötürülmə zonasının olmaması ilə əlaqədar qulaqcıqların atipik titrəməsini transezofageal EKS vasitəsilə aradan qaldırmaq mümkün olmur.

Klinik gedişinə görə ilk dəfə yaranan, paroksizmal, persistə olunan və daimi formalar qeyd olunur. Paroksizmal forma 7 gündən az davam edir və öz-özünə keçib gedir. Qulaqcıqların titrəməsinin persistə olunan formasının davametmə müddəti 7 gündən çox olur, belə hallarda sinus ritminin spontan bərpası mümkün deyil. Medikamentoz və ya elektrik terapiya effekt vermədikdə və ya aparılmadıqda daimi forma müşahidə edilir.

Qulaqcıqların titrəməsinin patogenetik əhəmiyyəti ürək yığılmalarının tezliyinə əsasən müəyyən edilir. Klinik simptomatikanın ifadəliliyi məhz ÜYT-dən asılıdır. Taxisistoliya əvvəlcə sol mədəciyin distolik, sonra isə sistolik disfunksiyasına, xroniki ürək çatışmazlığının inkişafına gətirib çıxarır. Qulaqcıqların titrəməsi zamanı koronar təzyiq 60%-ə qədər azala bilər.

Qulaqcıqların titrəməsinin əlamətləri

Qulaqcıqların titrəməsinin əlamətləriİlk dəfə yaranan və ya parosizmal qulaqcıq titrəməsinın klinikası qəfil ürəkdöyünmə tutmaları, halsızlıq, fiziki dözümlülüyün azalması, döş qəfəsində diskomfort və təzyiq, stenokardiya, təngnəfəslik, arterial hipotenziya, başgicəllənmə ilə xarakterizə olunur. Paroksizmlərin tezliyi variabellidir: il ərzində 1 dəfədən tutmuş gündə 1 neçə tutmaya qədər. Paroksizmlərə fiziki yüklənmə, isti hava, emosional stress, izahi qidalanma, alkoqol qəbulu, bağırsaq pozğunluqları səbəb ola bilər. Yüksək tezlikli nəbz fonunda çox zaman presinkopal və sinkopal vəziyyət yaranır.

Qulaqcıqların titrəməsinin hətta simptomsuz gedişi də ağırlaşmaların: mədəcik taxiaritmiyası, mədəciklərin fibrillyasiyası, sistemli tromboemboliya (böyrək infarktı, insult, AATE, mezenterial  damarların kəskin okklüziyası, ətraf damarlarının okklüziyası), ürək çatışmazlığı, ürək fəaliyyətinin dayanmasının yüksək riski ilə müşayiət olunur.

Qulaqcıqların titrəməsinin diaqnostikası

Klinik müayinə zamanı xəstədə tezləşmiş, lakin ritmik nəbz aşkar edilir. Lakin ötürücülük əmsalının 4:1 nisbətində nəbz dəqiqədə 75-85 vurğu ola bilər, əmsalın davamlı dəyişildiyi hallarda ürək ritmi aritmik olur. Qulaqcıqların titrəməsinin patoqnomik əlaməti boyun venalarının qulaqcıq ritminə uyğun və arterial nəbzdən 2 dəfə çox olan ritmik və tezləşmiş pulsasiyasıdır.

12 ötürməli EKQ-də tezləşmiş (dəqiqədə 200-450), mişarabənzər, müntəzəm F qulaqcıq dalğaları; P dişciyinin olmaması; müəyyən sayda (4:1, 3:1, 2:1 və s.) qulaqcıq dalğalarından sonra dəyişilməyən mədəcik kompleksləri qeydə alınır. Karotid sinusun masajı ilə aparılan sınaq AV-blokadanı gücləndirir, nəticədə  qulaqcıq dalğaları daha qabarıq olur.

EKQ-nin sutkalıq monitorinqinin köməyilə günün müxtəlif vaxtlarında nəbzin tezliyi qiymətləndirilir, paroksizmlər fiksə olunur. Ürəyin USM (transtorakal ExoKQ) vasitəsilə ürək boşluqlarının ölçüləri, miokardın yığılma qabiliyyəti, ürək qapaqlarının vəziyyəti qiymətləndirilir. Transezofageal ExoKQ qulaqcıqlarda trombların aşkar olunmasına şərait yaradır.

Qulaqcıqların titrəməsinin səbəblərini müəyyən etmək üçün qanın biokimyəvi analizi – elektrolitlər, qalxanbənzər vəzi hormonlarının təyini, revmatik sınaqlar və s. aparılır. Diaqnozun dəqiqləşdirilməsi  və qulaqcıqların titrəməsinin taxiaritmiyanın digər növləri ilə diffensial diaqnostikası məqsədilə ürəyin elektrofizioloji müayinəsi tələb oluna bilər.

Qulaqcıqların titrəməsinin müalicəsi

Müalicəvi tədbirlər paroksizmlərin aradan qaldırılması, normal sinus ritminin bərpası, pozğunluğun gələcək epizodlarının qarşısının alınmasına yönəldilir. Qulaqcıqların titrəməsinin medikamentoz terapiyasında beta-blokatorlar (məsələn, metoprolol və s.), kalsium kanallarının blokatorları (verapamil, diltiazem), kalium preparatları, ürək qlikozidləri, antiaritmik preparatlar (amiodaron, ibutilid, sotalol-hidroxlorid) tətbiq edilir. Tromboemboliya riskini azaltmaq üçün antikoaqulyant terapiya (heparin dərialtı, damardaxilinə; varfarin) göstəriş sayılır.

Qulaqcıqların titrəməsinin tipik paroksizmlərinin aradan qaldırilmasının seçim üsulu transezofageal elektrokardiostomulyasiyadır. Kəskin damar kollapsı, stenokardiya, baş beynin işemiyası, artan ürək çatışmazlığı zamanı gücü az olan (20-25C-dan başlayaraq) cərəyanla elektrik kardioversiya aparılır. Antiaritmik medikamentoz terapiyanın fonunda elektroimpuls terapiyanın effektivliyi artır.

Qulaqcıqların titrəməsinin residivləşən və daimi formaları macro-re-entry ocağının radiotezlikli ablasiya və ya krioablasiyasına göstəriş sayılır. Qulaqcıqların titrəməsi zamanı radiotezlikli ablasiyanın effektivliyi 95%-dən çox, ağırlaşmaların yaranma riski isə 1,5%-dən az olur. Sinus düyününün zəifliyi sindromu və qulaqcıqların titrəməsinin paroksizmləri zamanı AV-düyününün radiotezlikli ablasiyası və elektrokardiostimulyatorun implantasiyası aparılmalıdır.

Qulaqcıqların titrəməsinin proqnoz və profilaktikası

Qulaqcıqların titrəməsi aritmiya əleyhinə medikamentoz terapiyaya qarşı rezistentlik, paroksizmlərin dayanıqlığı, residivləşməyə meylliklə xarakterizə olunur. Titrəmənin residivləri qulaqcıqların səyriməsinə keçə bilər. Qulaqcıqların titrəməsinin uzunmüddətli gedişi tromboembolik ağırlaşmalar və ürək çatışmazlığının yaranma riskini artırır.

Bu kateqoriyaya aid edilən pasiyentlər kardioloq-aritmoloqun müşahidəsi altında olmalı, aritmogen ocağın cərrahi destruksiyasının zəruriliyi barədə məsələnin həlli üçün kardiocərrah tərəfindən konsultasiya edilməlidir.

Qulaqcıqların titrəməsinin profilaktikası birincili xəstəliklərin müalicəsi, stress və həyəcanın azaldılması, kofein, nikotin, alkoqol, bəzi dərman vasitələrinin qəbulunun dayandırılmasından ibarətdir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: