Trikuspidal stenoz
Trikuspidal stenoz – üçtaylı qapağın dəliyinin kiçilməsi ilə səciyyələnən ürək qüsurudur. Bu zaman qanın sağ qulaqcıqdan sağ mədəciyə axını çətinləşir. Trikuspidal stenoz təngnəfəslik, ümumi halsızlıq, akrosianoz, böyük qan dövranında venoz durğunluqla (ödem, assit, boyun venalarının şişkinliyi, epiqastral və sağ qabırğaaltı nahiyədə ağırlıq) özünü büruzə verir. Diaqnostika məqsədilə fonokardioqrafiya, elektrokardioqrafiya, rentgenoqrafiya, ürəyin USM, ürəyin sağ şöbələrinin zondlanmasından istifadə olunur. Trikuspidal stenozun korreksiyası valvulotomiya, ballon valvuloplastika, bəzən isə üçtaylı qapağın protezlənməsi ilə icra olunur.
- Trikuspidal stenozun yaranma səbəbləri
- Trikuspidal stenozun təsnifatı
- Trikuspidal stenoz zamanı hemodinamikanın xüsusiyyətləri
- Trikuspidal stenozun əlamətləri
- Trikuspidal stenozun diaqnostikası
- Trikuspidal stenozun müalicəsi
- Trikuspidal stenozun proqnoz və profilaktikası
Trikuspidal stenoz barədə ümumi məlumat
Trikuspidal çatışmazlıq sağ atrioventrikulyar dəliyin daralması nəticəsində qanın sağ qulaqcıqdan sağ mədəciyə fizioloji axınının çətinləşməsi ilə xarakterizə olunur. İzoləolunmuş trikuspidal stenoz qazanılmış ürək qüsurlarının 6-8%-ni təşkil edir. Kardiologiyada daha çox müştərək trikuspidal qüsur və ya üçtaylı qapağın stenozunun mitral stenoz və ya aorta dəliyinin stenozu ilə müştərəkliyinə (mitral-trikuspidal qüsur, mitral-aortal-trikuspidal qüsur) rast gəlinir.
Trikuspidal stenozun yaranma səbəbləri
Trikuspidal stenozun səbəbləri arasında qapaq aparatının üzvi zədələnməsinə, qulaqcıq-mədəcik dəliyinin funksional stenozuna gətirib çıxaran və qan axınına mexaniki maneə törədən amillər qeyd edilir.
Üzvi trikuspidal stenozun etiologiyasında revmatizm və infeksion endokardit aparıcı rol oynayır. Üçtaylı qapağın revmatik zədələnməsi hər zaman aortal və mitral qapaqların zədələnməsi ilə müşayiət olunur; belə hallarda qapaq tayları, fibroz həlqə, vətər xordaları, papillyar əzələlərin sklerozlaşması, komissuraların bitişməsi qeydə alınır.
Trikuspidal stenoza həmçinin subendokardial fibroelastoz, Uippl xəstəliyi, Anderson-Fabri xəstəliyi, karsinoid sindrom, sistemli qırmızı qurd eşənəyi səbəb olur. Funskional trikuspidal stenozun inkişafı adətən miokardit, ağciyər və ürək çatışmazlığı ilə bağlı olur. Sağ atrioventrikulyar dəliyin mexaniki obstruksiyası metastatik şişlər (nefroblastoma, melanoma, seminoma, qaraciyər və qalxanabənzər vəzinin xərçəngi), sağ qulaqcığın miksoması və ya trombu nəticəsində formalaşır.
Trikuspidal stenozun təsnifatı
Normada üçtaylı qapağın dəliyinin sahəsi 3,5–4 sm2-a bərabərdir. Sağ atrioventrikulyar dəliyin sahəsinin kiçilməsindən asılı olaraq, trikuspidal stenozun 3 dərəcəsi ayırd edilir:
- I (yüngül stenoz) – dəliyin ölçüləri 3 sm2-a qədər kiçilir;
- II (mülayim stenoz) – dəliyin ölçüləri 1,6-3 sm2 təşkil edir;
- III (ağır stenoz) – dəliyin ölçüləri 1,5sm2 –dan kiçikdir.
Etiologiyasına görə trikuspidal stenoz anadangəlmə və qazanılmış, üzvi və funksional ola bilər.
Trikuspidal stenoz zamanı hemodinamikanın xüsusiyyətləri
Sağ qulaqcıq-mədəcik dəliyinin stenozu qanın sağ qulaqcıqdan sağ mədəciyə fizioloji axınını çətinləşdirir. Bu zaman diastola mərhələsində yüksək trikuspidal təzyiq qradiyenti yaranır, bu da sağ qulaqcıq boşluğunda təzyiqin artması ilə əlaqədardır. Pozulmuş hemodinamikanın kompensasiyası sağ qulaqcığın hiperfunksiya və hipertrofiyası hesabına təmin olunur. Lakin sağ qulaqcığın kompensator imkanları məhdud olduğundan bu mexanizmlər qısa müddət ərzində davam edir.
Sağ qulaqcıqda təzyiqin proqressiv şəkildə artması venoz sistemdə durğunluğa gətirib çıxarır. Portal sistem və qaraciyərdə böyük həcmdə qan toplanır, bu səbəbdən portal hipertenziyanın yüksəlməsi assit, qaraciyərin fibroz və sirrozunun inkişafı ilə nəticələnir.
Trikuspidal stenozun əlamətləri
Trikuspidal stenoz adətən mitral və ya mitral-aortal qüsurla birgə rast gəlindiyindən ön plana digər qüsurların əlamətləri (təngnəfəslik, qanhayxırma, başgicəllənmə, bayılmaya meyllik) çıxır. Ürək şişlərinə rast gəlindikdə bədxassəli prosesin əlamətləri dominant olur.
Trikuspidal çatışmazlığa xas olan əlamətlərə halsızlıq, tez yorulma, taxikardiya, epiqastral və sağ qabırğaaltı nahiyədə ağırlıq və ya ağrı hissi aiddir. Pasiyentlər dispeptik əlamətlərdən: ürəkbulanma, gəyirmə, meteorizmdən şikayət edir. Baxış prosesində dəri örtüklərinin sarılığı ilə müştərək sianoz, aşağı ətrafların ödemi, assit, boyun venalarının şişkinliyi və pulsasiyası aşkar edilir. Yüksək venoz təzyiq fonunda arterial hipotoniya qeydə alınır. Ağır trikuspidal stenozlarda qaraciyərin sirrozu, kaxeksiya, anasarka, splenomeqaliya inkişaf edir. Trikuspidal stenozun dekompensasiya mərhələsində əksər hallarda flebotrombozlar və ağciyər arteriyasının tromboemboliyası müşahidə olunur.
Trikuspidal çatışmazlıqda olduğu kimi trikuspidal stenozlu qadınların da hamiləliyi hestoz, fetoplasentar çatışmazlıq və vaxtından əvvəl doğuşla ağırlaşa bilər.
Trikuspidal stenozun diaqnostikası
Trikuspidal stenozlu pasiyentlərin anamnezində çox zaman keçirilmiş revmatik proses və ya sistemli xəstəliklərə rast gəlinir. Xarakterik fizikal əlamətlərə boyun venalarının genişlənməsi və hepato- yuqulyar reflüks – qaraciyər nahiyəsinə təzyiq etdikdə venaların qanla dolmasının güclənməsi aiddir. Ürək nahiyəsinin palpator və perkutor müayinəsində ürəyin güclənən və yayılan pulsasiyası, ürəyin nisbi kütlüyünün sərhədlərinin sağa doğru dəyişməsi müəyyən edilir. Trikuspidal stenozun tipik auskultativ şəkli nəfəsalma anında uca səsli I ton, Valsalva sınağında zəifləyən diastolik küylə xarakterizə olunur.
EKQ-də sağ qulaqcıq və mədəciyin hipertrofiya əlamətləri, qulaqcıq-mədəcik keçiriciliyinin ləngiməsi, səyrici aritmiya (müştərək qüsurlarda) aşkar edilir. Mitral və aorta qapaqlarının eyni zamanda rast gəlinməsi ilə əlaqədar fonokardioqrafiyanın interpretasiyası çətinlik törədir.
Döş qəfəsinin rentgenoqrafiyası zamanı sağ qulaqcığın ifadəli böyüməsi, ağciyər arteriyasının kötüyü və şaxələrinin, yuxarı boş venanın genişlənməsi təsdiqlənir. Exokardioqrafiyanın köməyilə trikuspidal stenoza dəlalət edən əlamətlər təyin olunur: atrioventrikulyar dəliyin ölçülərinin kiçilməsi, tayların qalınlaşması və tam açılmaması, sağ qulaqcığın dilatasiyası, qanın sağ qulaqcıq-mədəcik dəliyindən axın sürətinin dəyişməsi.
Ürəyin sağ şöbələrinin zondalanması zamanı diastola fazasında sağ kameralar arasında təzyiq qradiyentinin yüksəlməsi aşkar olunur, bu, trikuspidal stenozun əsas hemodinamik əlamətidir.
Trikuspidal stenozun müalicəsi
Cərrahi riski azaltmaq üçün predoperasion dövrdə ürək çatışmazlığının terapiyası aparılır, bu məqsədlə duzsuz pəhriz, diuretiklər, venoz vazodilatatorlar, ürək qlikozidləri, beta-blokatorlar, antikoaqulyantlar, metabolik preparatlar təyin edilir.
Əməliyyatın növü qüsurun struktur və səbəblərindən asılıdır. Mitral və trikuspidal stenozlu xəstələrdə ikiqat mitral-trikuspidal komussurotomiya göstəriş sayılır. Kombinəolunmuş trikuspidal qüsurlarda süni qan dövranı şəraitində açıq komissurotomiya (bu zaman çatışmazlığın qarşısını almaq üçün ön və arxa taylar arasındakı bitişmələr kəsilmir), trikuspidal qapağın plastikası və ya bioprotezlə protezlənməsi icra olunur. Protezlənmə qapaq tayları və qapaqaltı strukturların kobud dəyişiklikləri aşkar olunduqda həyata keçirilir. İzoləolunmuş trikuspidal stenoz zamanı ballon valvuloplastika tətbiq oluna bilər.
Ürək miksomasında boşluqdaxili şiş radikal xaric edilir, metastatik obstruksiya hallarında palliativ əməliyyatlar yerinə yetirilir. Postoperasion ağırlaşmalara protez qapağın endokarditi, protezin tromboz və kalsinozu, AATE, paravulvar fistulalar, AV-blokadalar aiddir.
Trikuspidal stenozun proqnoz və profilaktikası
Trikuspidal stenozun təbii gedişi qeyri-qənaətbəxşdir: pasiyentlərin orta ömür müddəti 23 ildir. Qüsurun gedişinin sonluğuna mitral və aortal qapaqların vəziyyəti, miokardın yığılma funksiyası, revmatik prosesin aktivliyi təsir edir. Uzaq postoperasion nəticələr ümidvericidir: 5 illik sağqalma ehtimalı qapağın protezlənməsindən sonra 65%, annuloplastikadan sonra isə 70,4% təşkil edir.
Trikuspidal stenozun qarşısının alınmasının ən effektiv üsulü revmatoloq və kardioloqun rəhbərliyi altında revmatizm və infeksion endokarditin məqsədyönlü profilaktikasıdır. Xroniki infeksiya ocaqlarının (xroniki tonzillit, kariyes) sanasiyası, bədənin möhkəmlənməsi mühüm əhəmiyyət kəsb edir.