Ürəyin işemik xəstəliyi

Oxuma vaxtı: 16 dəq Oxunma sayı: 2387

Ürəyin işemik xəstəliyi hansıdır?Ürəyin işemik xəstəliyi (ÜİX) – ürək əzələsinin qan təchizatının çatışmazlığı və ya dayanması (işemiya) nəticəsində miokardın üzvi və funksional zədələnməsidir. ÜİX kəskin (miokard infarktı, ürəyin dayanması) və xroniki (stenokardiya, postinfarkt kardioskleroz, ürək çatışmazlığı) hallarla təzahür edir. ÜİX-nin klinik əlamətləri xəstəliyin klinik formasından asılıdır. ÜİX qəfləti ölümün ən geniş yayılmış səbəbi sayılır.

  • Ürəyin işemik xəstəliyinin yaranma səbəbləri və risk amilləri
  • Ürəyin işemik xəstəliyinin təsnifatı
  • Ürəyin işemik xəstəliyinin əlamətləri
  • Ürəyin işemik xəstəliyinin ağırlaşmaları
  • Ürəyin işemik xəstəliyinin diaqnostikası
  • Ürəyin işemik xəstəliyinin müalicəsi
  • Ürəyin işemik xəstəliyinin proqnoz və profilaktikası

Ürəyin işemik xəstəliyi barədə ümumi məlumat

Ürəyin işemik xəstəliyi müasir kardiologiyanın və ümumilikdə tibbin ən ciddi problemi hesab olunur. ÜİX əsasən aktiv yaş dövründə (55-64 yaş) olan kişilərdə rast gəlinərək, əlillik və ya qəfləti ölümlə nəticələnir.

ÜİX-nin inkişafının əsasında ürək əzələsinin qan təchizatına olan tələbatı ilə faktiki koronar qan dövranı arasındakı disbalans dayanır. Bu disbalans miokardın tələbatının kəskin artması, amma onun təmin olunmaması və ya adi tələbat fonunda koronar qan dövranının azalması ilə əlaqədar inkişaf edə bilər. Miokardın qan təchizatının çatışmazlığı koronar qan dövranının zəiflədiyi, ürək əzələsinin isə təlabatının kəskin artdığı hallarda daha qabarıq ifadə olunur. Ürək toxumasının qan təchizatının azalması, onların oksigen aclığı ürəyin işemik xəstəliyinin müxtəlif formaları ilə təzahür edir. ÜİX qrupuna miokard işemiyasının kəskin inkişaf edən və xroniki gedişli, onun distrofiyası, nekrozu, sklerozu ilə müşayiət olunan halları daxildir. Bu patologiyalar həmçinin kardiologiyada müstəqil nozoloji vahid kimi qəbul edilir.

Ürəyin işemik xəstəliyinin yaranma səbəbləri və risk amilləri

Ürəyin işemik xəstəliyinin səbəbləriÜİX-nin klinik hallarının böyük əksəriyyətinə (97-98%) koronar arteriyaların müxtəlif ifadə dərəcəsinə malik aterosklerozu (mənfəzin aterosklerotik lövhə ilə cüzi daralmasından tam damar okklüziyasına qədər) səbəb olur. 75%-lik koronarostenozda ürək əzələsinin hüceyrələri oksigen çatışmazlığına reaksiya verir, pasiyentlərdə gərginlik stenokardiyası inkişaf edir. ÜİX-nin digər səbəblərinə tac arteriyalarının adətən ateroklerotik zədələnmə fonunda yaranan tromboemboliya və ya spazmı aiddir. Kardiospazm koronar damarların obstruksiyasını dərinləşdirməklə ürəyin işemik xəstəliyinə gətirib çıxarır.

ÜİX-nin risk amilləri aşağıdakılardır:

  • Hiperlipidemiya

Aterosklerozun inkişafına şərait yaradır, ürəyin işemik xəstəliyinin yaranma riskini 2-5 dəfə artırır. Hiperlipidemiyanın IIа, IIб, III, IV tipləri, eləcə də alfa-lipoproteinlərin miqdarının azalması ÜİX riski baxımından daha təhlükəlidir.

Arterial hipertoniya ÜİX-nin inkişaf ehtimalını 2-6 dəfə yüksəldir. Hipotoniklər və normal AT-yə malik şəxslərlə müqayisədə sistolik AT-nin 180 mm.cv.süt və daha yüksək olduğu pasiyentlərdə ürəyin işemik xəstəliyinə 8 dəfə çox rast gəlinir.

  • Siqaretdən istifadə

Müxtəlif məlumatlara əsasən siqaret çəkmə ÜİX hallarını 1,5-6 dəfə artırır. Gün ərzində 20-30 ədəd siqaret çəkən 35-64 yaşlı kişilərdə eyni yaş kateqoriyasına daxil olan, lakin siqaretdən istifadə etməyən şəxslərə nisbətən ürəyin işemik xəstəliyi səbəbindən letallıq 2 dəfə çox qeydə alınır.

  • Hipodinamiya və piylənmə

Aktiv həyat tərzi keçirən şəxslərlə müqayisədə hipodinamik şəxslərdə ÜİX-nin yaranma riski 3 dəfə yüksəkdir. Hipodinamiyanın artıq bədən çəkisi ilə müştərəkliyi bu riski dəfələrlə artırır.

  • Karbohidratlara tolerantlığın pozulması

Şəkərli diabetdə (o cümlədən latent forma) ÜİX riski 2-4 dəfə artır.

ÜİX-nin risk amillərinə həmçinin ağırlaşmış irsiyyət, kişi cinsi və 55-dən yuxarı yaş dövrü aiddir. Bir neçə amilin birgə rast gəlindiyi hallarda ürəyin işemik xəstəliyinin yaranma riskinin dərəcəsi əhəmiyyətli dərəcədə yüksəlir.

İşemiyanın inkişaf səbəbləri və sürəti, onun davametmə müddəti və ifadəliliyi, ürək-damar sisteminin ilkin vəziyyətindən asılı olaraq, ürəyin işemik xəstəliyinin bu və ya digər formaları yaranır.

Ürəyin işemik xəstəliyinin təsnifatı

ÜST (1979-cu il) və TEA ÜKEM (1984-cü il) məsləhətlərinə əsasən işçi təsnifat qismində kardioloq-klinisistlər tərəfindən ÜİX formalarının aşağıdakı sistematizasiyasından istifadə olunur:

1. Qəfləti koronar ölüm (və ya ürəyin birincili dayanması) – qəfil inkişaf edən bu halların əsasında miokardın elektrik qeyri-stabilliyinin dayanması ehtimal olunur. Qəfləti koronar ölüm ani olaraq və ya ürək tutmasından sonra 6 saat ərzində baş verə bilər. Reanimasion tədbirlərin uğurla nəticələndiyi və ya ölümlə sonlanan qəfləti koronar ölüm halları qeydə alınır.

2. Stenokardiya:

  • gərginlik (yüklənmə) stenokardiyası:
  1. 1. stabil (I, II, III və ya IV funksional siniflərlə);
  2. 2. qeyri-stabil: ilk dəfə yaranan, proqressivləşən, erkən postoperasion və ya postinfarkt stenokardiya;

3. Miokard işemiyasının ağrısız forması.

4. Miokard infarktı:

  • iri ocaqlı (transmural, Q-infarkt);
  • kiçik ocaqlı (Q-dişciksiz infarkt);

5. Postinfarkt kardioskleroz.

6. Ürək ötürücülüyü və ritminin pozulması (forma).

7. Ürək çatışmazlığı (forma və mərhələləri).

Kardiologiyada ürəyin işemik xəstəliyinin müxtəlif formalarını: qeyri-stabil stenokardiya, miokard infarktını (Q-dişcikli və Q-dişciksiz) birləşdirən «kəskin koronar sindrom» anlayışı mövcuddur. Bəzən bu qrupa ÜİX səbəbindən baş verən qəfləti koronar ölüm də daxil olunur.

Ürəyin işemik xəstəliyinin əlamətləri

Ürəyin işemik xəstəliyinin əlamətləriÜİX-nin klinik təzahürləri xəstəliyin konkret formasından asılıdır (miokard infarktı, stenokardiyaya bax). Ümumilikdə ürəyin işemik xəstəliyi dalğavari gedişə malikdir: ümumi halın stabil normal olduğu dövrlər işemiyanın kəskinləşmə epizodları ilə növbələşir. Lakin pasiyentlərin 1/3 hissəsi (xüsusən miokardın ağrısız işemiyasında) ÜİX-nin olmasını qətiyyən hiss etmir. Ürəyin işemik xəstəliyi ləng proqressivləşə bilər; buna baxmayaraq, xəstəliyin forması və müvafiq olaraq əlamətlərin dəyişməsi mümkündür.

ÜİX-nin ümumi təzahürlərinə fiziki yüklənmə və ya stresslə bağlı döş sümüyü arxasında, kürək, qol, aşağı çənədə yaranan ağrılar; təngnəfəslik, ürəkdöyünmənin tezləşməsi və ya ürək fəaliyyətində fasilələrin olması hissi; halsızlıq, ürəkbulanma, başgicəllənmə, huşun qaranlıqlaşması və bayılmalar, həddindən artıq tərləmə aiddir. Əksər hallarda ÜİX xroniki ürək çatışmazlığının inkişaf mərhələsində aşağı ətraflarda ödemlərin yaranması, pasiyenti oturaq vəziyyət almağa məcbur edən ifadəli təngnəfəslik zamanı aşkarlanır.

Ürəyin işemik xəstəliyinin sadalanan əlamətləri adətən eyni zamanda rast gəlinmir, xəstəliyin müvafiq formasında işemiyanın bu və ya digər təzahürlərinin üstünlüyü müşahidə edilir.

ÜİX-də ürəyin birincili dayanmasının xəbərdaredici əlamətlərinə döş sümüyü arxasında tutmaşəkilli diskomfort hissi, ölüm qorxusu, psixoemosional labillik aiddir. Qəfləti koronar ölüm zamanı pasiyent huşunu itirir, tənəffüsü dayanır, magistral (yuxu, bud) arteriyalarda nəbz izlənilmir, ürək tonları eşidilmir, bəbəklər genişlənir, dəri örtükləri solğun-boz rəng alır. Ürəyin birincili dayanması halları ÜİX-nin letal sonluqlarının (xüsusən hospitalönü mərhələdə) 60%-ni təşkil edir.

Ürəyin işemik xəstəliyinin ağırlaşmaları

Ürək əzələsində hemodinamik pozğunluqlar və onun işemik zədələnməsi ÜİX-nin forma və proqnozunu müəyyən edən çoxsaylı morfo-funksional dəyişikliklərə səbəb olur. Miokard işemiyası aşağıdakı dekompensasiya mexanizmləri ilə nəticələnir:

  • miokard hüceyrələri – kardiomiositlərin enerji metabolizminin çatışmazlığı;
  • «karlaşan» və «yatan» (və ya hibernə edən) – sol mədəciyin yığılmasının tranzitor xarakterli pozulma forması;
  • diffuz aterosklerotik və ocaqlı postinfarkt kardiosklerozun inkişafı – işçi kardiomiositlərin miqdarının azalması və onların yerində birləşdirici toxumanın inkişafı;
  • miokardın sistolik və diastolik funksiyalarının pozulması;
  • miokardın oyanma, ötürücülük, avtomatizm və yığılma funksiyalarının pozulması.

ÜİX-də miokardın sadalanan morfo-funksional dəyişiklikləri koronar qan dövranının dayanıqlı azalmasına – ürək çatışmazlığına səbəb olur.

Ürəyin işemik xəstəliyinin diaqnostikası

ÜİX-nin diaqnostikası kardioloji stasionarda və ya dispanserdə spesifik instrumental üsulların tətbiqi ilə kardioloqlar tərəfindən həyata keçirilir. Sorğu zamanı pasiyentin şikayətləri və ürəyin işemik xəstəliyinə xas olan əlamətlərin olması aydınlaşdırılır. Baxış prosesində ödemlər, dəri örtüklərinin sianozuna diqqət yetirilir, ürəkdə küylər, ritm pozğunluğu müəyyən edilir.

Laborator-diaqnotik analizlər qeyri-stabil stenokardiya və infarkt zamanı yüksələn spesifik fermentlərin (kreatinfosfokinaza – ilk 4-8 saat ərzində, troponin-I 7-10-cü sutkada, aminotransferaza, laktatdehidrogenaza, mioqlobin – ilk günlərdə) müayinəsindən ibarətdir. Bu hüceyrədaxili zülal fermentləri kardiomiositlərin zədələnməsi zamanı qana ifraz olunur (rezerbsion-nekrotik sindrom). Həmçinin qanda ümumi xolesterin, aşağı (aterogen) və yüksək (antiaterogen) sıxlıqlı lipoproteidlər, triqliseridlər, qlükoza, ALT, AST (sitolizin qeyri-spesifik markerləri) səviyyələri təhlil edilir.

Kardioloji xəstəliklərin, o cümlədən ürəyin işemiya xəstəliyinin diaqnostikasının vacib üsulu EKQ – ürəyin elektrik aktivliyinin qeydiyyatı sayılır. EKQ vasitəsilə miokardın normal iş rejiminin pozulması aşkar olunur. ExoKQ – ürəyin USM orqanın ölçüləri, boşluqlar və qapaqların vəziyyətinin vizualizasiyasına, miokardın yığılma qabiliyyətinin, akustik küylərin qiymətləndirilməsinə imkan verir. ÜİX-nin bəzi hallarında stress exokardioqrafiyadan – dozalanmış fiziki yüklənmə şəraitində miokard işemiyasını qeydə alan ultrasəs diaqnostikadan istifadə olunur.

Ürəyin işemik xəstəliyinin diaqnostikasında funksional yüklənmə sınaqları geniş tətbiq edilir. Onların köməyilə ÜİX erkən (sakit vəziyyətdə pozğunluqların izlənilmədiyi) mərhələlərdə müəyyən edilir. Yüklənmə testləri yerimə, pilləkənlərlə qalxma, trenajorlarda yüklənmə (velotrenajor, qaçış trenejoru) zamanı ürəyin fəaliyyət göstəricilərinin EKQ fiksasiyasından ibarətdir. Bir sıra hallarda funksional sınaqlarının tətbiqinin məhdudluğu pasiyentin tələb olunan yüklənmə həcmini yerinə yetirə bilməməsi ilə bağlıdır.

EKQ Holter monitorlaşma gün ərzində EKQ qeydiyyatın aparılması və ürəyin fəaliyyətində periodik yaranan dəyişikliklərin aşkarlanması ilə səciyyələnir. Müayinə prosesində pasiyentin çiyin və ya bel nahiyəsində fiksə olunan portativ aparatdan (Holter monitoru), eləcə də xəstənin öz hərəkətlərini və ümumi əhvalında baş verən dəyişiklikləri saat üzrə qeyd etdiyi müşahidə gündəliyindən istifadə olunur. Əldə olunan məlumatlar kompüterdə işlənilir. EKQ-monitorlaşma nəinki ürəyin işemik xəstəliyinin əlamətlərini, həmçinin onların yaranma səbəbləri və şəraitlərini təyin etməyə imkan verir, bu da xüsusilə stenokardiyanın diaqnostikasında vacib məqam sayılır.

Transezofageal elektrokardioqrafiya ilə miokardın elektrik oyanıqlığı və ötürücülüyü daha ətraflı qiymətləndirilir. Üsulun mahiyyəti qida borusuna ötürücünün yeridilməsi və ürək fəaliyyətinin göstəricilərinin qeydə alınmasından ibarətdir.

Koronoqrafiya prosesində miokard damarları kontrastlaşdırılmaqla onların keçiriciliyinin pozulması, stenoz və ya okklüziyanın dərəcəsi müəyyən edilir. Bu üsuldan ürək damarlarında əməliyyatın

aparılması məsələsinin həllində istifadə olunur. Kontrast maddənin yeridilməsi zamanı allergik reaksiyalar, o cümlədən anafilaktik şok mümkündür.

Ürəyin işemik xəstəliyinin müalicəsi

ÜİX-nin müxtəlif klinik formalarının müalicə taktikası spesifikliyi ilə seçilir. Ürəyin işemik xəstəliyinin müalicəsində tətbiq olunan əsas istiqamətlər aşağıdakılardır:

  • qeyri-medikamentoz terapiya;
  • medikamentoz terapiya;
  • miokardın cərrahi revaskulyarizasiyasının aparılması (aorto-koronar şuntlama);
  • endovaskulyar üsulların tətbiqi (koronar angioplastika).

Qeyri-medikamentoz terapiyaya həyat tərzi və qidalanmanın korreksiyası üzrə tədbirlər aiddir. Fiziki yüklənmə zamanı miokardın qan təchizatına və oksigenə olan tələbatı artdığından ÜİX-də aktivlik rejimi mütləq məhdudlaşdırılmalı, reabilitasiya dövründə isə tədricən genişləndirilməlidir.

Ürəyin işemik xəstəliyində ürək əzələsinin yüklənməsini azaltmaq üçün su və duz qəbulunun məhdudlaşdırılması ilə pəhriz təyin edilir. Həmçinin aterosklerozun proqressivləşməsinin qarşısının alınması və piylənmə ilə mübarizə məqsədilə az yağlı pəhriz məsləhət görülür. Aşağıdakı qrup məhsullar məhdudlaşdırılır, imkan daxilində qida rasionundan çıxarılır: heyvan mənşəli yağlar (kərə yağı, donuz piyi, yağlı ət), hisə verilmiş və qızardılmış qidalara, tez sorulan kardohidratlar (şokolad, tort, bulka, konfet). Normal çəkinin təmini üçün qida ilə alınan və sərf olunan enerji arasındakı balansın qorunmasına riayət etmək lazımdır. Çəkini azaltmaq lazım gəldikdə alınan və sərf olunan enerji arasındakı defisit gün ərzində minimum 300 kKl olmalıdır (adi fiziki aktivlik zamanı insan bir gündə təxminən 2000-2500 kKl itirir).

ÜİX-də medikamentoz terapiya «A-B-C» formulu üzrə təyin olunur: antiaqreqantlar, β-adrenoblokatorlar və hipoxolesterinemik preparatlar. Əks-göstərişlər olmadıqda nitratlar, diuretiklər, antiaritmik vasitələr və s. tətbiq oluna bilər. Dərman terapiyasının qeyri-effektivliyi və miokard infarktının yaranma təhlükəsi cərrahi müalicəyə göstəriş sayılır.

Aparılan farmakoloji terapiyaya rezistentlik zamanı (məsələn, III və IV FS stabil stenokardiyada) işemiya sahəsinin qan təchizatını bərpa etmək üçün miokardın revaskulyarizasiyasından (aortokoronar şuntlama-AKŞ) istifadə olunur. AKŞ-nin mahiyyəti aorta ilə ürəyin zədələnmiş arteriyası arasında onun daralma və ya okklüziya sahəsindən aşağı hissədə autovenoz anastomozun qoyulmasından ibarətdir. Bu üsulla miokardın işemiya nahiyəsini qanla təmin edən dolayı damar məcrası yaradılır. AKŞ əməliyyatları süni qan dövranı şəraitində və ya ürəyin fəaliyyəti dayandırılmadan icra olunur. ÜİX-də həyata keçirilən az invaziv cərrahi üsullara dəridən müdaxilə olunmaqla aparılan transluminal koronar angioplastika – stenozlaşan damarın ballon dilatasiyası, karkas-stentin implantasiyası aiddir.

Ürəyin işemik xəstəliyinin proqnoz və profilaktikası

ÜİX-nin proqnozu müxtəlif amillərin qarşılıqlı əlaqəsindən asılıdır. Belə ki, ürəyin işemiya xəstəliyi ilə arterial hipertoniyanın, lipid mübadiləsinin ağır pozğunluqları ilə şəkərli diabetin müştərəkliyi proqnozu ağırlaşdırır. Müalicə ÜİX-nin proqressivləşməsini yalnız ləngidə bilər, onun inkişafını isə dayandırmaq mümkün olmur.

ÜİX-nin ən effektiv profilaktikası risk amillərinin qeyri-qənaətbəxş təsirinin zəiflədilməsinə əsaslanır: siqaret və spirtli içkilərdən imtina, psixoemosional gərginliklərin uzaqlaşdırılması, optimal bədən çəkisinin stabilizasiyası, idmanla məşğul olmaq, AT-yə nəzarət, sağlam qidalanma.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: