Böyrəyin absesi
Böyrəyin absesi – pielonefritin ağırlaşması olub, psevdokapsulla məhdudlaşan böyrəkdaxili infeksion proseslə səciyyələnir. Onun simptomları müxtəlifdir: bel nahiyəsində ağrı, qızdırma, hemodinamik dəyişikliklər, kəskin intoksikasiya əlamətləri. Diaqnostika qan və sidik kulturalarında törədicilərin təyininə, böyrəklərin KT, ultrasəs müayinəsinə əsaslanır. Müalicə konservativ və ya cərrahi yolla həyata həyata keçirilir. Birinci halda irinli ocağı aradan qaldıran antibakterial və dezintoksikasion terapiya aparılır. İkinci halda isə absesin drenajlanması, parsial nefrektomiya icra olunur. Ağırlaşmış formalarda nefrektomiyaya ehtiyac yaranır.
- Yaranma səbəbləri
- Patogenez
- Böyrəyin absesinin əlamətləri
- Ağırlaşmaları
- Diaqnostika
- Böyrəyin absesinin müalicəsi
- Proqnoz və profilaktika
Böyrəyin absesi barədə ümumi məlumat
Böyrəyin absesi bu orqanın beyin (kortikomedulyar abses) və ya qabıq maddəsində (karbunkul, kortikal irinlik) yerləşir. Bu patologiya peritondaxili bütün irinli-destruktiv törəmələrin 0,2%-ni təşkil edir. Beyin maddəsində irinli ocağın formalaşması yaş və cinsdən asılı olmadan bərabər tezlikdə baş verir. Ölüm halları təxminən 12%-dir. Diaqnostika gecikdirildikdə bu göstərici xeyli artır. Böyrəyin kortikal absesinə daha çox kişilərdə (75%) təsadüf olunur. Bu forma ilkin ekstrarenal bakterial ocaqdan mikrobların hematogen yolla yayılması nəticəsində əmələ gəlir. Kortikomedulyar irinlik qalxan infeksiya zamanı yaranır.
Böyrəyin absesinin yaranma səbəbləri
Absesin başlıca səbəbi sidik-ifrazat orqanlarında mikrob florasının çoxalması və ya törədicinin qan cərəyanı ilə böyrəyə daxil olmasıdır. Sidik kulturalarında adətən qram-mənfi bağırsaq bakteriyaları, qızılı stafilokokk, klebsiella, polimikrob infeksiyası aşkarlanır. Xəstəlik müxtəlif genezli immunosupressiya fonunda inkişaf edir. Böyrəyin absesinə gətirib çıxaran vəziyyətlər aşağıdakılardır:
- Sidik-ifrazat yollarının residivləşən infeksiyaları. Kortikomedulyar absesli pasiyentlərin təxminən 66%-nin anamnezində sidik-ifrazat yollarının residivləşən infeksiyasına rast gəlinir. Sistit, prostatit törədən bakteriyalar qalxan yolla böyrəyin beyin maddəsini zədələyir. Zamanla böyrək parenximası əriyir, proses qabıq maddəyə yayılır. Hamilə qadınlarda böyrəkdə irinli-destruktiv proseslər əsasən hestasion pielonefrit fonunda meydana çıxır.
- Böyrək daşları. Böyrəyin absesi təqribən 30% hallarda nefrolitiaz mənşəli olur. Belə xəstələrdə əksərən polimikrob assosiasiyaları toplanır. Bu da bakterial disseminasiya ilə əlaqədar irinli-destruktiv proseslərin inkişaf ehtimalını artırır. Konkrementin sərbəst şəkildə xaric olması urodinamik dəyişikliklərlə paralel getdikdə böyrək absesi əmələ gəlir.
- Travma. Uroloji manipulyasiyalar (ureteroskopiya, stentlənmə, litotripsiya) bəzən sidik axarının zədələnməsinə səbəb olur. Xəstələrin 2/3 hissəsinin anamnezində tibbi prosedurlarla əlaqə izlənilir. Böyrəyin absesi bel nahiyəsinin əzilməsi, nüfuzedən yaralanmalar, böyrək üzərində aparılan cərrahi əməliyyatlardan sonra ağırlaşma qismində formalaşa bilir.
- İnkişaf anomaliyaları. Vezikouretral reflüks, ləyən-sidik axarı birləşməsinin obstruksiyası, sidik axarının strikturaları zamanı sidik-ifrazat yollarının qalxan yolla infeksiyalaşma riski artır. Buna detruzor funksiyasının pozulması, anadangəlmə triqonal zəiflik, sidik axarının ikiləşməsi, infravezikal obstruksiya, neyrogen sidik kisəsi yol açır. Belə vəziyyətlərdə çox zaman böyrəyin absesi ilə ağırlaşan pielonefrit inkişaf edir.
Böyrək absesinin patogenezi
Mikrob florası böyrəyə hematogen və ya qalxan yolla daxil olur. İltihabi reaksiya nəticəsində neytrofillərin, makrofaqlar və digər faqositlərin sintezi güclənir. İmmun hüceyrələrinin patoloji ocağa reaktiv hücumu toxumaların iri həcmdə nekrotizasiyası, irinin yaranması və patogenlərin qana keçməsi (urosepsis) ilə müşayiət olunur. Orqanizmin invaziyaya qarşı müdafiə reaksiyası sağlam toxumaları mikroblardan qoruyan fibrin qatının toplanmasından (psedokapsul) ibarət olur. Absesin təbii və ya cərrahi yolla drenajlanmasından sonra fibroz prosesləri işə düşür: çapıq toxuması əmələ gəlir, funksional parenxima itirilir.
Böyrəyin absesinin əlamətləri
Klinik təzahürlərə bədən temperaturunun 39-40°С-yə qədər yüksəlməsi, titrətmə, bel ağrıları, ürəkbulanma, zəiflik aiddir. Bəzi xəstələr sidik ifrazının tezləşməsindən şikayət edirlər. Əlamətlərin parlaqlığı fərdi xarakter daşıyır. Yaşlı şəxslərdə patoloji proses qeyri-tipik simptomatikaya malik ola bilər. Belə insanlarda sadəcə qarında ağrı və halsızlıq baş verə bilər.
Qeyri-spesifik ümumi təzahürlər – yorğunluq, çəki itkisi əksər pasiyentlərdə qeydə alınır. Simptomların ifadəliliyi hər zaman vəziyyətin ağırlığını əks etdirmir. Latent formada və ya xəstəliyin xroniki gedişində bel ağrıları küt olub, arabir meydana çıxır, yüksək temperatura rast gəlinmir, yalnız axşam saatlarında subfebrilitet izlənilə bilər. Gecə vaxtı profuz tərləmə tipik əlamətdir.
Böyrək absesinin ağırlaşmaları
Vaxtında aşkarlanmayan və ya düzgün müalicə olunmayan böyrək absesi yüksək ölüm riski ilə müşayiət olunan ciddi fəsadlara gətirib çıxara bilər. Abses keçirmiş insanların 40%-də böyrəyin funksional pozğunluğu, 10,3% hallarda sepsis fonunda bakterial-toksiki şokun klinikası, 6,4% xəstələrdə isə toksiki hepatit və poliorqan çatışmazlığı aşkarlanır.
Kortikal absesin psevdokapsulu toplanan irinin miqdarı artdıqda deşilə bilir. Bu zaman infeksiya böyrəkətrafı piy toxumasına yayılır və irinli paranefrit inkişaf edir. Kortikomedulyar irinlik periferik absesə qədər böyüyərək, qonşu orqanlara – mədəaltı vəzi, bağırsaqlara yayıla bilər. İrinliyin qarın boşluğuna açılması kəskin peritonitlə nəticələnir.
Böyrəyin absesinin diaqnostikası
Absesin əlamətləri qeyri-spesifik olsa da, fiziki müayinədə yuxarı sidik yollarında gedən ciddi infeksion prosesdən şübhələnmək mümkündür. Uroloqun konsultasiyası aparılır. Əksər hallarda pasiyentin vəziyyəti ağır, dərisi solğun və tər damcıları ilə örtülü olur. Taxipnoe, ürək döyüntülərinin tezləşməsi, arterial təzyiqin azalması bakterial prosesin generalizasiyasından – urosepsisdən xəbər verir.
Piy toxuması zəif inkişaf edən şəxslərdə palpasiya zamanı xəstə orqanın proyeksiyasında bərkimə əllənə bilər. Zədələnmiş tərəfdə bel nahiyəsinin dərisi qızarır, bu nahiyədə qabarma müəyyən edilir. Kostovertebral bucağın palpasiyasının ağrılı olması böyrəkdə irinli prosesin dolayı əlamətidir. Yekun diaqnozun qoyulması üçün klinik-uroloji müayinələr aparılır:
- Laborator diaqnostika. Laborator müayinələrin nəticələri böyrək absesi üçün spesifik göstərici sayılmır. Sidik analizində iltihab əlamətləri – leykositlər, zülal, bakteriyalar və eritrositlər müşahidə oluna bilər. Qanın ümumi analizində leykositar formalanın sola meylliyi, yüksək EÇS izlənilir. Çöpnüvəli neytrofillərin miqdarının artması irinli prosesə dəlalət edir. Sidiyin əkilməsində 75-90% hallarda patogen mikrofloranın aktiv şəkildə artması müəyyən olunur.
- İnstrumental diaqnostika. Böyrəklərin USM və KT əsas müayinə üsullarındandır. Kompüter tomoqrafiya daha dəqiqliyi ilə seçilir. Böyrəklərin funksional qabiliyyəti ekskretor uroqrafiya (böyrək çatışmazlığı olmadıqda) və ya radioizotop sintiqrafiya vasitəsilə qiymətləndirilir.
Differensial diaqnoz perinefrik abses, törəmələr (kista, xərçəng), ksantoqranulomatoz pielonefritlə aparılır. Uşaqlarda oxşar klinik şəklə Vilms şişində rast gəlinir. Papilyar nekroz zamanı çox vaxt nekrotik ocaqların ikincili infeksiyalaşması, sidik-ifrazat yollarının kəskin obstruksiyası baş verir. Bu halda son diaqnoz biopsiyadan sonra qoyulur.
Böyrəyin absesinin müalicəsi
Absesli pasiyentlərə uroloji şöbədə təcili hospitalizasiya göstərişdir. Belə xəstələrə aşağıdakı üsullar yerinə yetirilir:
- Medikamentoz terapiya. Böyrəyin kiçik ölçülü absesində maksimal dərəcədə geniş təsir spektrinə malik antibiotiklər təyin edilir. Bakterioloji əkilmənin nəticələri əldə olunduqdan sonra müalicə sxeminə düzəliş edilə bilər. Terapiyanın müddəti fərdi xarakter daşıyır. Dərmanlar irinli prosesin klinik və radioqrafik itməsinə qədər tətbiq edilir. Antibiotikoterapiya ilə yanaşı xəstəyə dezintoksikasion məhlullar, plazma köçürülür. Qan dövranını yaxşılaşdıran preparatlar, ağrıkəsici vasitələr, vitaminlər və kardioprotektorlardan istifadə edilir.
- Cərrahi müdaxilə. İrinlik açılır, boşaldılır. Arakəsmə və bitişmələrin tam şəkildə aradan qaldırılmasına nəzarət edilir. Bundan əlavə fermentlər, antibiotiklər yeridilir. Dekapsulyasiya icra olunur. Drenaj qoyulur. Bütün böyrək nekrozlaşdıqda nefrektomiya göstəriş sayılır.
Böyrəyin absesinin proqnoz və profilaktikası
Sidik axını bərpa olunduqda, irinlik aradan qalxdıqda həyat proqnozu qənaətbəxşdir. Vaxtında başlanılan terapiya fəsadların qarşısını alır. İri ölçülü abseslərin konservativ yolla müalicəsi ağırlaşma riskini 33% artırır. Yanaşı gedən xəstəliklər: şəkərli diabet, xroniki böyrək çatışmazlığı, eləcə də tək böyrək, ahıl yaş proqnozu ağırlaşdırır.
Profilaktik tədbirlərə urogenital traktın iltihabi proseslərinin mütəxəssis tərəfindən erkən müalicəsi aiddir. Residivləşən xroniki uroloji xəstəliklərdən əziyyət çəkən pasiyentlər yaz-payız aylarında sidik və qan analizi verməli, ultrasəs müayinəsindən keçməli, preventiv məqsədlərlə uroseptiklər, bitki tərkibli diuretiklər içməlidir.