Uşaqlıq yolunun quruluğu

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 8608

uşaqlıq yolunun quruluğunun müalicəsiUşaqlıq yolunun quruluğu – hormonal və qeyri-hormonal amillərin təsirindən orqanın selikli qişasının nazilməsinə səbəb olan patoloji vəziyyətdir. Vaginal ifrazatların azalması, uşaqlıq yolu və vulva nahiyəsində diskomfort, qaşınma və göynəmə hissi, dispareuniya və cinsi aktdan sonra qan qarışıqlı axıntılarla təzahür edir. Diaqnoz ginekoloji baxış, genişlənmiş kolposkopiya, kolpositoloji, bakterioloji, hormonal müayinələrin nəticələrinə əsasən qoyulur. Müalicə kompleks şəklində aparılır: əvəzedici hormonoterapiya, antibakterial və iltihabəleyhinə vasitələrin təyini.

  • Uşaqlıq yolunun quruluğunun yaranma səbəbləri
  • Patogenez
  • Uşaqlıq yolunun quruluğunun əlamətləri
  • Ağırlaşmaları
  • Diaqnostika
  • Uşaqlıq yolunun quruluğunun müalicəsi
  • Proqnoz və profilaktika

Uşaqlıq yolunun quruluğu barədə ümumi məlumat

Əksər hallarda uşaqlıq yolunun quruluğu klimakterik dövrdə olan qadınlarda müşahidə edilir. Çoxsaylı tədqiqatların nəticələrinə əsasən bu patoloji vəziyyət menopauzanın başlanmasından 5-6 il sonra hər 2-ci, axırıncı aybaşıdan 15 il sonra isə müayinə olunan qadınların 70-80%-də aşkarlanır. Ginekologiya sahəsinin mütəxəssislərinin fikrincə estrogen çatışmazlığı zamanı əvəzedici hormonoterapiya aparılmadıqda  demək olar ki, bütün qadınlarda uşaqlıq yolunun selikli qişasında atrofik proseslər baş  verir. Son illərdə xəstəliyin cavanlaşma tendensiyası qeyd olunur, bu da erkən klimaksın tezliyinin və radikal ginekoloji əməliyyatların sayının artması ilə əlaqədardır.

Uşaqlıq yolunun quruluğunun səbəbləri

Uşaqlıq yolunun epitel qatının atrofik dəyişikliklərinin əsas səbəbi daimi və ya müvəqqəti hipoestrogenemiyadır. Uşaqlıq yolunun selikli qişasının quruluğuna gətirib çıxaran amillər aşağıdakılardır:

  • Yaşla əlaqədar estrogenlərin sekresiyasının azalması. Atrofik vaginit postmenopauza dövrünün ən geniş yayılmış qadın xəstəliklərindən biridir.
  • Radikal ginekoloji əməliyyatlar. Qadın cinsi hormonlarının çatışmazlığı yumurtalıqların və ya uşaqlığın artımlarla birgə xaric edilməsindən sonra yaranır.
  • Şüa terapiyası. Yumurtalıqların endokrin funksiyasının zəifləməsi və ya itirilməsi, epitelin regenerasiyasının pozulması onkopatologiyaların müalicəsi zamanı çanaq orqanlarının şüalanmasından sonra müşahidə edilir.
  • Hormonal disbalans. Estrogenlərin sekresiyası yumurtalıqların və hormonların sintezini tənzimləyən beyin strukturlarının zədələnməsi və yaxud bu orqanların funksiyasının medikamentoz yolla sönməsi zamanı pozulur.
  • Tranzitor hipoestrogeniya. Uşaqlıq yolunun quruluğunun əlamətləri hamiləlik, laktasiya dövründə, aybaşıdan qabaq və ya oral kontraseptivlərin qəbulu fonunda qeyd olunur.

Daimi və ya tranzitor atrofik vaginitin inkişafına təkcə hormonal pozğunluqlar səbəb olmur. Epitelin regenerasiyasının pozulması həmçinin uşaqlıq yolunun selikli qişasına birbaşa təsir edən amillərlə bağlı olur. Şırınqalama üçün məhlullar, intim gigiyena vasitələri, baryer kontraseptivlər, vaginal yeridilən dərman preparatları, şərti-patogen və patogen mikroflora lokal qıcıqlanmaya, iltihabi və allergik reaksiyalara səbəb olur.

Uşaqlıq yolunun selikli qişasının nazilməsinin risk amillərinə immunitetin zəifləməsi, hipodinamiya, piylənmə, siqaretdən istifadə, sintetik alt paltarlarının geyinilməsi, nizamsız cinsi həyat aiddir. Atrofik kolpit çox vaxt şəkərli diabet, İİV, qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkən qadınlarda aşkarlanır. Uşaqlıq yolunda quruluq ayrıca əlamət kimi Şeqren xəstəliyində müşahidə edilir.

Uşaqlıq yolunun quruluğunun patogenezi

Uşaqlıq yolunun quruluğunun səbəbləriEstrogen çatışmazlığı zamanı uşaqlıq yolunun çoxqatlı yastı epitelinin regenerasiyası zəifləyir. Selikli qişa tədricən nazilir, epitel vəzilərində sekretin sintezi zəifləyir, qlikogen tərkibli hüceyrələrin miqdarı azalır. Qlikogen çatışmazlığı uşaqlıq yolunun qoruyucu turş mühitini yaradan laktobakteriyaların sayının azalmasına gətirib çıxarır. Qələviləşmə fonunda lokal iltihab törədən şərti-patogen mikroorqanizmlər aktivləşir. Patogenezin əlavə həlqəsi toxumalarda mayeni saxlayan hialuron turşusunun miqdarının azalmasıdır. Bu dəyişikliklər nəticəsində uşaqlıq yolunun divarları quruyur, müxtəlif təsirlərə qarşı həssaslığı artır, xəstəliyin tipik klinik şəkli formalaşır.

Qeyri-hormonal amillərin təsiri zamanı iltihabi-atrofik proseslərin inkişaf mexanizmi ümumilikdə hipoestrogeniya hallarında yaranan dəyişikliklərə bənzəyir, lakin belə hallarda epitel hüceyrələrinin dağılması və ləng regenerasiyası hesabına onların sayının azalması aparıcı rol oynayır. Uşaqlıq yolu epitelinin atrofiyası adətən xarici cinsiyyət orqanları nahiyəsində anoloji proseslərlə müştərək şəkildə inkişaf edir.

Uşaqlıq yolunun quruluğunun əlamətləri

Erkən mərhələlərdə xəstəlik simptomsuz gedir. Tədricən pasiyentlər vaginal axıntıların azalmasını və ya tamamilə kəsilməsini qeyd edirlər. Bir müddət sonra uşaqlıq yolunda quruluq və qaşınma, sidik ifrazi, sabun və ya gigiyenik gellərdən istifadə zamanı kiçik cinsiyyət dodaqları nahiyəsində göynəmə yaranır. Quruluqla əlaqədar cinsi akt zamanı diskomfort və ağrı hiss edilir, əlaqədən sonra qan qarışıqlı ifrazatlar müşahidə oluna bilər. İkincili infeksiyanın qoşulması uşaqlıq yolunda ağrı hissinin güclənməsi və az miqdarda xoşagəlməz spesifik iyli ifrazatlarla təzahür edir.

Uşaqlıq yolunun quruluğunun ağırlaşmaları

Uşaqlıq yolunun quruluğunun əlamətləriUşaqlıq yolunun quruluğuna səbəb olan proseslər residivləşən qeyri-spesifik kolpitlə ağırlaşa bilər. Nazilmiş selikli qişanın mikrotravmalarının uşaqlıq yolunun biosenozunun pozulması ilə müştərəkliyi şərti-patogen və patogen mikroorqanizmlərin sürətli inkişafı üçün ideal şərait yaradır. Adekvat müalicə aparılmadıqda  xəstəlik qısa zaman ərzində xroniki fazaya keçir, bu mərhələdə patologiya müalicəyə çətin tabe olmaqla pasiyentin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirir. İltihabın qonşu orqanlara yayılması uretrit, sistit, endometrit, ooforit, adneksitlə nəticələnir. Uşaqlıqətrafı toxuma və peritonun prosesə qoşulması zamanı parametrit, perisalpingit, hətta ümumi peritonit inkişaf edə bilər.

Uşaqlıq yolunun quruluğunun diaqnostikası

Klimakterik dövrdə olan pasiyentin spesifik şikayətləri və ya uşaqlıq yolunun quruluğuna səbəb olan qeyri-hormonal amillərin aşkarlanması atrofik vaginitdən şübhələnməyə əsas verir. Diaqnozu təsdiq etmək məqsədilə aşağıdakı müayinələr aparılır:

  • Ginekoloji kresloda müayinə. Uşaqlıq yolunun selikli qişası nazik, solğun və hamar görünür. Onun üzərində qırmızı rəngli kiçik eroziyalar və seroz və ya seroz-irinli ərpli ödemli, hiperemiyalı iltihab sahələri vizualizasiya olunur. Təmas qanaxması müşahidə edilir. Uşaqlıq yolunun pH 5,5-7,0–yə qədər yüksəlir .
  • Genişlənmiş kolposkopiya. Xüsusi mikroskop altında selikli qişanın nazilmısi və qansızma sahələri müəyyən edilir. Şiller-testin aparılması zamanı qlikogenin omadığı selikli qişa zəif və qeyri-bərabər rənglənir.
  • Kolpositoloji müayinə. Uşaqlıq yolu epitelinin yetişmə indeksi azalır, parabazal və bazal hüceyrələri üstünlük təşkil edir.
  • Floraya görə yaxma. Leykositlərin səviyyəsi artmışdır. Laktobasillərin miqdarı kəskin azalmışdır. Şərti-patogen mikroflora və ya CYKİ törədiciləri izlənilə bilər.
  • Estradiolun səviyyəsinin təyini. Adətən yumurtalıqların sekretor funksiyasının pozulmasının ehtimal olunduğu və uşaqlıq yolunun quruluğunun rast gəlindiyi reproduktiv yaşda olan qadınlarda aparılır.

Daxili cinsiyyət orqanlarının vəziyyətinin dəqiqləşdirilməsi üçün pasiyentlərə əlavə olaraq, kiçik çanağın USM və tomoqrafiyası təyin olunur. Patoloji prosesin infeksion xarakterinin istisna edilməsi məqsədilə floraya görə əkilmə, İFA, İFR, PZR-diaqnostikadan istifadə edilir. Xəstəlik infeksion vaginit, kandidomikoz, neoplaziyalarla differensiasiya olunur. Şübhəli hallarda müayinə prosesinə onkoginekoloq, dermatoveneroloq, revmatoloq (Şeqren sindromuna şübhə yarandıqda) cəlb edilir.

Uşaqlıq yolunun quruluğunun müalicəsi

Terapevtik taktika patologiyanın səbəbləri, qadının yaşı, selikli qişanın vəziyyəti və ağırlaşmaların olmasına əsasən müəyyən edilir. Hipoestrogenemiyanın səbəb olduğu uşaqlıq yolu epitelinin quruluğunun kompleks müalicəsinə aşağıdakılar daxildir:

  • Əvəzedici hormonal terapiya. Estrogen və ya kombinəolunmuş estrogen-gestagen preparatlar daha effektivdir. Qadın cinsi hormonları peroral qəbul edilir, plastır şəklində və ya yerli (şam, həlqə və üzük) tətbiq edilir. Sintetik preparatlardan əlavə fitohormonal vasitələr təyin etmək olar.
  • Antibakterial preparatlar. Kəskin qeyri-spesifik kolpitin inkişafı zamanı məsləhət görülür. Antibiotikoterapiyaya başlamazdan əvvəl törədici və onun həssaslığı müəyyən edilməlidir.
  • Yerli iltihabəleyhinə müalicə. Emulsiya, məlhəm, krem, şam, vanna və şırınqalama xəstəliyin iltihabi komponentini azaldır, toxumaların trofikasını yaxşılaşdırır, selikli qişanın daha tez bərpasına şərait yaradır.
  • Normal mikrofloranın bərpası. Süd turşusu bakteriyalarının kulturasından ibarət vasitələrin intravaginal istifadəsi şərti-patogen mikrofloranın artmasının qarşısını alır.

Uşaqlıq yolunun quruluğu qeyri-hormonal səbəblərdən yarandıqda terapiya allergik və iltihabi reaksiyaların aradan qaldırılmasına, toxumaların regenerasiyasının və ümumi immunitetin stimulyasiyasına yönəldilir. Xəstəliyin səbəblərindən asılı olmadan əks-göstərişlərə nəzərən seçilmiş fizioterapevtik üsullar və ümummöhkəmləndirici vasitələr müsbət nəticələr verir. Müalicə dövründə qida rasionu bitki mənşəli və süd məhsulları ilə zənginləşdirilməli, hisə verilmiş, kəskin, yağlı, ədəvalı qidalar istisna edilməlidir.

Uşaqlıq yolunun quruluğunun proqnoz və profilaktikası

Vaxtında aparılan müalicə uşaqlıq yolunun quruluğundan tamamilə azad olmağa, eləcə də qadının həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verir. Profilaktik tədbirlərə postmenopauza dövründə, ginekoloji əməliyyatlardan sonra, hormonal və şüa terapiyası fonunda yaranan atrofik kolpitin preklinik əlamətlərinin aşkarlanması üçün müntəzəm ginekolojii baxışlar aiddir. Klimakterik və postovarioektomik pozğunluqların korreksiyasında ƏHT-nin tətbiqi effektivdir. Risk amillərini nəzərə alaraq, profilaktik məqsədlə 40 yaşdan sonra siqaretdən imtina, hərəki aktivliyin artırılması, intim gigiyena qaydalarına riayət, pambıqdan hazırlanmış alt paltarlarının istifadəsi məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: