Uşaqlarda alopesiya

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 7503

uşaqlarda allopesiya nədir?Uşaqlarda alopesiya – uşağın saçlarının əhəmiyyətli dərəcədə seyrəlməsi və ya tamamilə tökülməsi, yeni saç əmələgəlmə prosesinin pozulmasıdır. Uşaqlarda alopesiya başın tüklü hissəsində müxtəlif böyüklükdə ocaqların yaranması, keçəlləşmiş ocağın periferiyasında isə saçların seyrəkliyi və tez qırılan olması ilə xarakterizə olunur.  Diaqnostika dermatoloq-trixoloqla konsultasiya, saçların mikroskopiyası (trixoqramma), kompyuter diaqnostika; göstərişlərə müvafiq olaraq endokrin, sinir, həzm sisteminin müayinəsinə əsasən aparılır. Uşaqlarda allopesiyanın müalicəsi xəstəliyin yaranmasının səbəblərini nəzərə alaraq yerli və sistemli müalicə, aparatlarla prosedurlardan ibarətdir.

  • Uşaqlarda alopesiyanın səbəbləri
  • Uşaqlarda alopesiyanın təsnifatı
  • Uşaqlarda alopesiyanın simptomları
  • Uşaqlarda alopesiyanın diaqnostikası
  • Uşaqlarda alopesiyanın müalicəsi
  • Uşaqlarda alopesiyanın proqnozu

Uşaqlarda alopesiya barədə ümumi məlumat

Uşaqlarda alopesiya – başın tüklü hissəsindən tüklərin, qaş və kirpiklərin intensiv, patoloji seyrəlməsi və tökülməsi ilə müşayiət olunan xroniki dermatozdur. Alopesiya böyüklərə nisbətən uşaqlarda daha az rastlanır. Buna baxmayaraq, müasir pediatriya və uşaq dermatologiyasında aktual problemdir. Çünki uşaqlarda alopesiyanın səbəbləri müxtəlif  aspektlərdən – uşaq qastroenterologiyası, uşaq endokrinologiyası, uşaq nevrologiyası tərəfindən dəyərləndirilir; xəstəliyin diaqnostika və müalicəsi müxtəlif mütəxəssislərin birgə səylərini tələb edir.

Uşaqlarda alopesiyanın səbəbləri

Uşaqlarda alopesiyanın səbəbi tük follikularına təsir etməklə proqressivləşən saç tökülməsinə gətirib çıxaran müxtəlif zərərli faktorlardır. Bu patologiya irsi xarakter daşıya bilər: alopesiyalı uşağın valideynləri erkən yaşlarda saç tökülməsindən əziyyət çəkərsə, bu, keçəlliyin ailə formasından xəbər verir.

Uşaqlarda alopesiyanın əsasında mikroelement balansının pozulması da dayana bilər. Bu zaman patologiya, bir qayda olaraq, mədə-bağırsaq xəstəlikləri (qastroduodenit, qastroezofaqal reflüks xəstəliyi, malabsorbsiya sindromu, qəbizlik, helmintozlar, disbakterioz və s.) olduqda inkişaf edir. Uşaqlarda alopesiyanın inkişafında sink, mis, selen, xrom, molibden kimi mikroelementlər, həmçinin sianokobalamin, fol turşusu və s. bu kimi vitaminlərin çatışmazlığı mühüm rol oynayır.

Kliniki müayinələrin göstəricilərinə əsasən keçəllik və immunoloji pozulmalar arasında sıx qarşılıqlı əlaqə izlənir. Vitiliqolu və atopik dermatitli uşaqlarda alopesiya heç də az müşahidə olunmur. Neyroendokrin xəstəliklər – qalxanabənzər vəzinin disfunksiyası (hipotrioz), nevroloji və psixoloji travmalar uşaqlarda alopesiyanın yaranmasına gətirib çıxarır.

Uşaqlarda alopesiyanın digər səbəbləri arasında yanıqlar, saç sterjeninin travmaları (məs., qızlarda saçları sıx hördükdə, trixotillomaniya), qan xəstəlikləri (anemiya), rentgenoloji şüalanma, infeksion xəstəliklər (qrip, pnevmoniya, qızıl yel, piodermiya, suçiçəyi və s.) .

Uşaqlarda alopesiyanın təsnifatı

Uşaqlarda anadangəlmə alopesiya kifayət qədər nadir rastlanan patologiyadır; adətən, digər anomaliyalarla – anadangəlmə epidermoliz, qırışlı dəri, endokrin pozulmalarla müşayiət olunur. Patologiyanın səbəbi ektomezodermal displaziyadır. Bu zaman tük follikulları ümumiyyətlə olmur, buna görə də başın dərisinin ayrı-ayrı nahiyələrində tüklər inkişaf etmir.

Bir yaşına qədər uşaqlarda fizioloji keçəlləşmə də mümkündür. Alın və ənsə nahiyəsində saçların tökülməsi stabil sürtünmə ilə əlaqədardır. Belə olan halda saçların inkişafı tədricən, heç bir xüsusi müalicə aparmadan bərpa olunur.

Əksər hallarda uşaqlarda ocaqlı və ya atrofik alopesiya aşkar olunur. Ocaqlı (yuvalı) alopesiya başın tüklü hissəsində dairəvi formalı, tüksüz hissələrin yaranması ilə xarakterizə olunur. Uşaqlarda atrofik alopesiya (Brok psevdopeladı) zamanı alın-təpə nahiyəsində ayrı-ayrı keçəlləşmə ocaqları inkişaf edir; onlar bir-birilə birləşərək alov dilimlərini xatırladan patoloji hissələr əmələ gətirirlər.

Uşaqlarda seboreyalı alopesiya, adətən, pubertat dövründə meydana çıxır və əvvəllər keçirilmiş seboreya fonunda inkişaf edir.

Uşaqlarda alopesiyanın simptomları

Ocaqlı (yuvalı) alopesiya 3 yaşdan böyük uşaqlarda daha çox inkişaf edir. Tipik hallarda uşağın başında bir və ya bir neçə keçəlləşmə ocaqları əmələ gəlir. Saç tökülmüş hissələr aydın konturlu, dairəvi və ya oval formalı, qəpikdən ovuc ölçüsünə qədər müxtəlif ölçülü olur.   Ocaqlar periferik genişlənmə və birləşməyə meyillidirlər. Keçəlləşmə zonasının tipik lokalizasiyası ənsə və təpə nahiyələridir. Tüklərin tökülməsi qaşlar nahiyəsində də rastlana bilər.

Uşaqlarda yuvalı alopesiya zamanı tüklərin töküldüyü nahiyədə dəri rəngi dəyişilmir; hiperemiya və kəpəklənmə olmur, lakin saç follikullarının ağzı gözlə görünə biləcək qədər genişlənir. Keçəlləşmiş ocağın periferiyasına doğru tüklər qırılmış, kökləri qalınlaşmış və sterjeni nida şəkilli nazikləşmiş olur. Bu tüklər asanlıqla tökülür, beləliklə, zədələnmə sahəsi genişlənir. Uşaqlarda yuvalı alopesiya ilə birgə kifayət qədər tez-tez vitiliqo, atopik dermatit, dırnaqların qırılmasının artması, dırnaq lövhəsinin rənginin və formalarının dəyişilməsi təzahür edir.

Uşaqlarda ocaqlı alopesiyanın xoşxassəli gedişatında tək ocaq müşahidə olunur. Tədricən həmin ocaq əvvəlcə rəngsiz, sonra isə piqmentləşmiş tüklərlə örtülür.  Birləşməyə meyilli çoxsaylı ocaqlar mövcud olduqda keçəlləşmə sahəsi polimorf fiqurlar əmələ gətirir və təkcə başın deyil, həm də bədənin bütün hissələrinin total keçəlləşməsi ilə müşayiət olunur.

Uşaqlarda atrofik alopesiya zamanı alov dilimləri şəklində keçəlləşmə ocaqları yaranır. Zədələnmiş nahiyədə dəri atrofik, hamar, parlaq, kəpəksiz və iltihabsız olur; follikulların ağzı nəzərə çarpmır. Keçəlləşmə ocaqlarında saxlanmış (tökülməmiş) saçlardan ibarət ayrı-ayrı dəstələrə rastlana bilər. Atrofik alopesiya zamanı saçların təbii inkişafını bərpa etmək mümkünsüzdür, lakin proqressiv saç tökülməsini dayandırmaq olar.

Uşaqlarda seboreyalı alopesiya köklərində pulcuqlar və qabıqcıqlar formalaşan yağlı saçların yaranması ilə başlayır. Kəpəklənmə intensiv qaşınma və başın dərisinin qaşınması ilə müşayiət olunur. Bunun nəticəsində saçların tökülməsi başlayır. Saç örtüyünün nazilməsi prosesi alından ənsəyədək yayılan tüksüz hissələrin yaranması ilə əvəzlənir. Tədricən başın təpə nahiyəsində saçlar tamamilə tökülür; yalnız ənsə və gicgah nahiyəsində, zolaq şəklində saxlanır.

Uşaqlarda alopesiyanın diaqnostikası

Əgər pediatr və ya uşağın valideyni alopesiya əlamətləri sezibsə, xəstəliyin səbəbini aydınlaşdırmaq üçün genişmiqyaslı diaqnostik araşdırma aparılmalıdır. Alopesiyalı uşaqlar uşaq dermatoloqu, trixoloq, uşaq qastroenteroloqu, uşaq endokrinoloqu, uşaq nevroloqunun konsultasiyasına ehtiyac duyur.

Mədə-bağırsaq traktının müayinəsi disbakterioza görə nəcisin analizi, İFA və ZPR metodları ilə Helicobacter pylori-nin təyini, abdominal USM, FQDS-dən (fibroqastroduodenoskopiya) ibarətdir. Tiroid hormonlarının (TTH, T4, tiroqlobulinə qarşı AT), qalxanabənzər vəzinin (tiroidin) USM-i, kortizol və ionlaşmış Ca səviyyəsinin təyini aparılır. Alopesiyalı uşaqlarda mikroelement statusunu müəyyənləşdirmək üçün saçların spektral analizi və qan analizi aparılır. İFA-nın köməyilə hemolitik streptokoklar, herpes, göbələklər, lyambliya, helmintlərə qarşı antitellər aşkarlanır.

Trixoloji diaqnostika trixoqram, fototrixoqram, başın dərisinin kompyuter diaqnostikası aparılır. Başın tüklü hissəsinin dərisinin biopsiyası və histoloji müayinəsinə kliniki naməlum hallarda sistemli qırmızı qurdeşənəyi və ya yastı dəmrovla müşayiət olunan çapıqlı alopesiyanı istisna etmək üçün müraciət olunur.

Uşaqlarda ocaqlı alopesiyanı göbələk xəstəlikləri (trixofitiya, mikrosporiya) zamanı yuvalı keçəllikdən fərqləndirmək lazımdır. Diaqnoza şübhə olduqda və ya uşağın keçəlləşməsinin səbəbi təyin olunmadıqda mikoloqla konsultasiya edilməlidir. Uşaqlarda alopesiyanın yayılmış formalarında serebral damarlarda qan dövranının pozulmasını istisna etməyə imkan verən reoensefaloqrafiya aparılır.

Uşaqlarda alopesiyanın müalicəsi

Uşaqlarda alopesiyanın müalicəsi saç tökülməsinin səbəbi nəzərə alınmaqla çoxmərhələli olmalıdır. Keçəlləşmənin patogenetik müalicəsinin təyini və kontrolu həmin sahənin mütəxəssisi tərəfindən reallaşdırılmalıdır.

Uşaqlarda alopesiyanın bütün kliniki hallarında ümumi gücləndirici terapiya – immunomodulyatorlar, vitaminlər (A, C, E, B1, B6, B12), fitin, pantoten turşusu, artan dozada metionin  təyin olunur. Məqsədyönlü şəkildə hormonal preparatlar yalnız total alopesiya zamanı sistemli qəbul olunur.

Uşaqlarda alopesiyanın lokal müalicəsi keçəlləşmiş ocaqların Pastinaca, Ammi majus ekstraktı, metokselan tərkibli fotosensibilizasiya edən preparatlar sürtdükdən sonra  UBŞ, başın tüklü hissəsinin darsonvalizasiyasından ibarətdir. Hər gün başın tüklü hissəsi xloretillə soyudulur; emulsiya, tinkturalar, prednizalon (Brok psevdopeladı zamanı) mazı çəkilir. Yanıq nəticəsində inkişaf etmiş çapıqlı alopesiya zamanı konservativ müalicə effektsizdir. Bu cür uşaqlara gələcəkdə saç əkimi edilə bilər.

Uşaqlarda alopesiyanın müalicə prosesində uşaq psixoloqunun köməyinə ehtiyac yarana bilər. Çünki keçəlləşmə uşağın psixologiyasını ciddi şəkildə zədələyir, özgüvəni azaldır, yaşıdları ilə ünsiyyətdə çətinliklər və izolyasiya formalaşdırır.

Uşaqlarda allopesiyanın proqnozu

Uşaqların bir qismində bir il ərzində saçların inkişafı hər hansı bir müalicəsiz, spontan bərpa olunur. Erkən yaşlarda yaranmış, hamar dəri və dırnaqların zədələnməsi ilə müşayiət olunan yayılmış keçəlləşmə və ya saçların tamamilə itirilməsi zamanı proqnoz qeyri-kafidir. Eyni zamanda əgər uşaqlarda alopesiyanın səbəbləri aşkar olunmayıbsa və ya aradan qaldırılmayıbsa, residivlərin inkişafı mümkündür.

Alopesiyanın profilaktikası məqsədilə səhhətdəki problemlərin vaxtında aşkarlanması, xroniki infeksiyaların müalicəsi, tamdəyərli qidalanmanın təşkili üçün uşaq dispanserizasiya olunmalıdır. Uşaqların saçlarına qulluq olunmalıdır: oğlanların saçları sistemli şəkildə kəsilməli, qızların isə saçları sıx hörülməməlidir. Alopesiyalı uşaqlarda zəif saçların tökülməsinin qarşısını almaq üçün başı həftədə 2 dəfədən artıq yumaq tövsiyə olunmur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: