Vaxtından əvvəl doğulmuşların apnoesi

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 2338

vaxtindan evvel doğulmuşların apnoesi nədir?Vaxtından əvvəl doğulmuşların apnoesi – baş beynin müəyyən strukturlarının morfoloji və funksional yetişməzliyi nəticəsində tənəffüsün spontan dayanması tutmalarıdır. Tənəffüsün 20 saniyədən az olmayaraq dayanması ilə təzahür edir. Ürək döyünmənin ləngiməsi, qanın saturasiyasının azalması və dəri örtüklərinin rənginin dəyişməsi (sianoz və ya solğunluq) ilə müşayiət olunur. Erkən doğulmuşların apnoesi aparat monitorinqinə əsasən diaqnostika olunur. Tənəffüsün dayanması faktını tənəffüs hərəkətlərinin olmaması təsdiqləyir. Müalicə oksigen dəstəyi, tənəffüsün dərmanlarla stimulyasiyası, bronx ağacı strukturlarının yetişməsinin sürətləndirilməsindən ibarətdir.

  • Vaxtından əvvəl doğulmuşların apnoesinin səbəbləri
  • Vaxtından əvvəl doğulmuşların apnoesinin diaqnostikası
  • Vaxtından əvvəl doğulmuşların apnoesinin müalicəsi və proqnozu

Vaxtından əvvəl doğulmuşların apnoesi barədə ümumi məlumat

Vaxtından əvvəl doğulmuşların apnoesinə normal hestasiya dövründən (37-42 həftə) qabaq doğulan yenidoğulmuşların 25-50%-ində rastlanır. Yaxın vəziyyət periodik tənəffüsdür; bu hal üçün erkən doğulmuşların apnoesi ilə müqayisədə nisbətən qısamüddətli tutmalar xarakterikdir. Anlamaq vacibdir ki, erkən doğulmuş uşaqlarda tənəffüsün dayanma ehtimalı yüksəkdir; erkən doğulma vəziyyəti özü pediatriya üçün çox aktualdır. Çünki bu zaman apnoe ilə yanaşı uşağın həyatı üçün təhlükəli olan digər çoxsaylı risklər də mövcud olur. Bu, hestasiyanın 30 həftəsindən tez doğulan uşaqlara xüsusən aiddir. Bundan başqa, müvafiq aparat olmadıqda tənəffüsün dayanmasını diaqnostika etmək çox çətindir; uşağın uzun müddət ASV aparatında olması da çoxsaylı mənfi nəticələrə gətirib çıxarır.

Vaxtından əvvəl doğulmuşların apnoesinin səbəbləri

Tənəffüsün spontan dayanmasının əsas səbəbi mərkəzi və periferik sinir sisteminin yetişməməsidir. Tənəffüs aktını təmin edən sinir liflərinin mielinizasiyası normada hestasiyanın 36-37-ci həftəsində bitir. Hamiləliyin erkən mərhələlərində doğulmuş bütün uşaqlar vaxtından əvvəl doğulmuşların apnoesi riskinə malik olur. Bundan başqa, tənəffüsün dayanması beyin strukturlarının bətndaxili infeksiyalar, meningit, mədəcikdaxili qanaxma və erkən doğulmuş uşaqlarda tez-tez rastlanan başqa vəziyyətlərlə əlaqəlidir.

Məlumdur ki, yenidoğulmuşlar zamanın böyük hissəsini yuxuda keçirirlər. Erkən doğulmuş körpələr günün 80%-ni yatırlar. Sürətli yuxu fazasında sinir sisteminin ümumi yetişməzliyinə yatan uşaq üçün xarakterik olan tənəffüs hərəkətlərinin tezliyinin azalması və tənəffüsün mərkəzi kontrolunun daha da zəifləməsi də əlavə olunur. Vaxtından əvvəl doğulmuş uşaqlarda hipoksiyaya qarşı patoloji reaksiya müşahidə olunur. Oksigen defisiti onlarda bradikardiyaya, tənəffüsün azalması və kompensator olaraq tənəffüs hərəkətlərinin güclənməsi və sürətlənməsinə səbəb olur. Erkən doğulmuşların apnoesinin nadir səbəbi yuxarı tənəffüs yollarının obstruksiyasıdır. Adətən, bu, əzələ karkasının zəifliyi və natamam inkişafı ilə əlaqəlidir.

Vaxtından əvvəl doğulmuşların apnoesinin təsnifatı və simptomları

Vaxtından əvvəl doğulmuşların apnoesinin üç forması ayırd edilir: mərkəzi, obstruktiv və qarışıq. Tənəffüsün dayanmasının mərkəzi və qarışıq mexanizmlərinə 85-90% hallarda rast gəlinir. Mərkəzi apnoe zamanı tutmalar sinir sisteminin yetişməməsi ilə bağlıdır. Qarışıq mənşəlli apnoedə yuxarı tənəffüs yollarının obstruksiyası ya tənəffüsün dayanmasından sonra yaranır, ya da ona rəvac verir. Ekən doğulmuşların yalnız obstruksiya ilə əlaqəli apnoesi klinik halların təxminən 10-15%-ində baş verir. Həmçinin şərti olaraq idiopatik və müxtəlif xəstəliklər (sepsis, anemiyalar, meningit və s.) fonunda inkişaf edən tənəffüs dayanması ayırd edilir.

Tənəffüsün dayanma əlamətlərini körpənin dəri rənginin dəyişilməsinə əsasən də sezmək olar. Apnoe dəri örtüklərinin sianozu və solğunluğu ilə müşayiət olunur. Narahatlıq olmur, əksinə sinir sisteminin basqılanması qeyd olunur. Patoloji vəziyyət tez-tez yanaşı gedən xəstəliklərin simptomları ilə müşayiət olunur. Qıcolmalar, həmçinin huşun itirilməsi müşahidə oluna bilər. İntoksikasiya əlamətləri infeksion xəstəliklər (müxtəlif etiologiyalı sepsis, pnevmoniyalar, meningit və s.) üçün xarakterikdir. Erkən doğulmuşların idiopatik apnoesində tənəffüsün dayanmasından başqa simptomlar meydana çıxmır. Çünki erkən doğulma vəziyyəti əksər hallarda respirator dəstək tələb edir; apnoe xüsusi aparat vasitəsilə qeyd oluna bilər.

Vaxtından əvvəl doğulmuşların apnoesinin diaqnostikası

Klinik əlamətlər dolayıdır və pediatr tərəfindən həmişə təyin oluna bilmir. Diaqnostikanın əsasını aparat monitorinqinin göstəriciləri təşkil edir. Erkən doğulmuşların apnoesində saturasiya 85% və daha aşağı diaqnostika olunur. Tutmanın davametmə müddəti 20 saniyədən az olmur. Daha az davam edən tutmalar bradikardiya (ürək vurğuları dəqiqədə ≤100) ilə müşayiət olunduqda da patoloji vəziyyəti erkən doğulma ilə əlaqələndirmək olar. Qabırğaarası əzələlərin və diafraqmanın yığılmasının zəifləməsi və ya tamamilə dayanması zamanı tənəffüs dayanmasını vizual olaraq təyin etmək olar. Bu əlamət apnoenin mərkəzi və ya obstruktiv mənşəlli olmasını fərqləndirməyə imkan verir. Belə ki, obstruktiv apnoe zamanı tənəffüs hərəkətləri dayanmır.

Tənəffüsün dayanmasının bütün klinik hallarında apnoenin inkişaf səbəbini aydınlaşdırmaq vacibdir. Erkən doğulmuşların mərkəzi və qarışıq mənşəlli apnoelərinə daha çox rastlandığından baş beynin vəziyyəti qiymətləndirilir. Neyrosonoqrafiya tətbiq olunur. Göstərişlərə əsasən lumbal punksiya həyata keçirilir. Lumbal punksiya iltihab, mədəcikdaxili qanaxma əlamətlərini aşkarlamağa, həmçinin bətndaxili infeksiyaların törədicilərini müəyyənləşdirmək məqsədilə materialın götürülməsi və bakterioloji əkilməyə verilməsinə imkan verir. Baş beyin şişləri, xüsusən beyin kötüyündə lokalizasiya olunmuş törəmələr inkar olunur. Çünki tənəffüs mərkəzi məhz beyin kötüyündə yerləşir. Pnevmoniya rentgenoloji üsulla təsdiqlənir. Burun tənəffüsünün pozulma əlamətlərini ön rinoskopiya ilə aşkarlamaq olar.

Vaxtından əvvəl doğulmuşların apnoesinin müalicəsi və proqnozu

Müalicə intensiv terapiya şöbəsində həyata keçirilir. Oksigen dəstəyinin növü individual olaraq seçilir. Daha da erkən doğulmuş uşaqlar həmişə ASV cihazına qoşulurlar. Müalicədə mərkəzi tənəffüs stimulyatorları istifadə olunur. Həmçinin tənəffüs yollarının obstruksiyasının profilaktikası məqsədilə metilksantinlər təyin oluna bilər. Alveolyar epitelin yetişməsini sürətləndirmək üçün surfaktant təyin oluna bilər. Erkən doğulmanı müşayiət edən başqa patoloji vəziyyətlərin müalicəsi aparılır. Ehtiyac olarsa, antibiotiklər yeridilir, şok əleyhinə müalicə həyata keçirilir. Xəstəxanadan çıxarılma postkonseptual yaşa (36-37 həftə) çatdıqdan sonra mümkündür. Sağalma kriteriyası erkən doğulmuşun 7-10 gün ərzində apnoe tutması olmaması hesab olunur.

Proqnoz, adətən, kafidir. Daha da erkən doğulmuş uşaqlar istisnadır; belə ki, onlarda sinir sistemi və tənəffüs traktının natamam inkişafı kritik səviyyədədir. Ölüm həm erkən doğulmuşun apnoe tutmaları, həm də yanaşı gedən xəstəlik nəticəsində baş verir. Əksər hallarda tənəffüs funksiyası alveol epitelin və beyin strukturlarının yetişməsi, tənəffüs aktının tənzimlənməsi hesabına stabilləşir. Xəstəxanadan çıxarılmış uşaqlar nəzarətdə olmalıdır; bir sıra hallarda onlara tutmaları qeyd etməyə imkan verən apnoe monitorundan istifadə tövsiyə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: