Vena və limfa düyünlərinin xəstəlikləri

Vena və limfa düyünlərinin xəstəlikləri

Flebologiya ürək-damar cərrahiyyəsinin xüsusi  bölməsi olub, qan dövranının anatomiyası, fiziologiyası, eləcə də venoz damarların xəstəlikləri, onların profilaktika, diaqnostika və müalicə məsələləri ilə məşğuldur. Vena xəstəliklərinin müalicəsi damar patologiyası şöbələrində və ya fleboloji mərkəzlərdə həkim-fleboloqlar (yunanca “phlebo” – vena, “loqos” – elm) tərəfindən həyata keçirilir.

Hal-hazırda vena xəstəlikləri damar sisteminin ən geniş yayılmış patologiyalarından sayılır, əksər hallarda 25-45 yaşlı şəxslər arasında müşahidə olunur. Venoz patologiyaların vaxtında müalicə olunmaması təhlükəli ağırlaşmalar, hətta əlillik və letal sonluqla nəticələnə bilir.

Orqanizmin venoz sistemi şaxələnmiş vena şəbəkəsindən – damarlardan ibarətdir. Bu damarlarla qan orqan və toxumalardan ürək və ağciyərlərə doğru hərəkət edir. Yerimə zamanı  əzələlər yığılaraq, qanı venalarla yuxarı istiqamətdə qovan nasos rolunu icra edir, venaların daxili qişasında yerləşən qapaqlar isə qanın geriyə axınının qarşısını alır. Venoz qapaqların qüsurları vena xəstəliklərinin: varikoz xəstəliyi və onun ağırlaşmalarının – xroniki venoz çatışmazlıq, trofiki xoralar, tromboflebitin inkişafında mühüm rol oynayır.

Vena xəstəliklərinin əlamətləri və müalicəsi

Venoz sistemin xəstəlikləri ayaqda yorğunluq, ağırlıq, qıcolma və ağrı, ödemlər, damar genişlənmələri, rəngi dəyişilmiş sahələr, dəri və dərialtı toxumaların sərtləşməsi ilə təzahür edir, bu əlamətlər müşahidə olunduqda mütləq həkim-fleboloqa müraciət etmək lazımdır.

Venoz qan dövranının pozğunluqlarının dərəcəsini və müalicə taktikasını müəyyən etmək üçün yüksək dəqiqliyi ilə seçilən müasir diaqnostik üsullardan-ultrasəs dupleks skanlama və ultrasəs doppleroqrafiyadan istifadə edilir. Venoz patologiyanın müalicəsi konservativ (medikamentoz və kompression terapiya), əməliyyatsız endovazal (lazer koaqulyasiyası, sklerozlaşdırıcı terapiya) və cərrahi üsullarla icra olunur.

Müasir flebologiyada vena xəstəliklərinin müalicəsində az travmatik müalicə üsulları geniş tətbiq olunur, endoskopik, lazer, radiotezlikli texnologiyaların köməyilə ağırlaşmaların sayını və aparılmış müdaxilədən sonra reabilitasiya müddətini minimuma endirmək mümkündür. Vaxtında başlanılmış müalicə gözlənilən kosmetik nəticəni əldə etməyə imkan verir, bu da aşağı ətraf venalarının xəstəliklərindən əziyyət çəkən qadınlar üçün mühüm əhəmiyyət kəsb edir.

Vena xəstəliklərinin profilaktikası

Vena xəstəliklərinin qarşısını almaq məqsədilə fleboloqlar mürəkkəb olmayan effektiv qaydalara əməl etməyi tövsiyə edirlər:

  • Ayaq üstə uzunmüddətli dayanma, bir ayağı digərinin üzərinə aşırıb oturma halları məhdudlaşdırılmalı;
  • Dar geyim və hündür daban ayaqqabılardan istifadə edilməməli;
  • Aşağı ətraflarda venoz axını yaxşılaşdırmaq məqsədilə istirahət saatlarında ayaqlar bədən səviyyəsindən yuxarıya qaldırılmalı;
  • Ayaq əzələlərinin möhkəmləndirilməsi üçün özünü masaj, müalicəvi bədən tərbiyəsi, kontrast duş tətbiq edilməli;
  • İsti vannalar, hamam, sauna, həddindən artıq qaralmalardan imtina etməli;
  • Qanın özlülüyünü və trombların yaranma ehtimalını azaltmaq üçün gün ərzində 2 litrə qədər maye qəbul edilməli.

Venaların varikoz xəstəliyinin ilkin təzahürləri zamanı, eləcə də hamiləlik dövründə onun profilaktikası məqsədilə tibbi kompression trikotajdan istifadə olunmalıdır.

Və əlbəttə ki, hətta heç bir narahatlıq olmadıqda belə ildə ən azı 1 dəfə həkim-fleboloqun müayinəsindən keçmək lazımdır. Bu məsləhətlərə əməl etməklə, Siz hər zaman yüngül və inamlı addımlarla həyatınıza davam edə bilərsiz!

Med-portal.az saytının «Vena və limfa düyünlərinin xəstəlikləri» bölməsində Sizi maraqlandıran bütün suallara cavab tapa bilərsiniz.