Adenofleqmona

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 2539

Adenofleqmona nədir?Adenofleqmona – absesləşən limfadenit fonunda inkişaf edən dərilatı piy toxumasının nahamar konturlu kəskin irin ocağıdır. Patologiyaya daha çox uşaqlarda qulaqətrafı və çənəaltı nahiyədə rast gəlinir. Klinik olaraq təzyiq göstərdikdə fluktuasiya edən, mərkəzi hissəsində dəri hiperemiyalaşmış, kifayət qədər sərt, palpasiyada ağrılı manifest şiş kimi təzahür edir. Pasiyentin ümumi vəziyyəti intoksikasiya simptomları ilə xarakterizə olunur. Xarakterik klinikasına görə diaqnostika çətinlik törətmir; əlavə olaraq yumşaq toxumaların USM-i, qan analizi, punktatın bakterioloji əkilməsi aparılır. Adenofleqmonanın müalicəsi təxirəsalınmaz cərrahi müdaxilədən ibarətdir.

  • Adenofleqmonanın səbəbləri
  • Adenofleqmonanın təsnifatı
  • Adenofleqmonanın simptomları
  • Adenofleqmonanın diaqnostika və müalicəsi

Adenofleqmona barədə ümumi məlumat

Adenofleqmona – dərialtı piy toxumasının absesləşən xarakterli kəskin irinli iltihabıdır; regionar limfa düyünlərinin irinli prosesləri (limfadenit) ilə sıx əlaqədardır. Bütün üz-çənə patologiyaları içərisində adenofleqmonaların payına 21%-dən çox klinik hal düşür, patologiyanın başqa lokalizasiyasına çox nadir hallarda rast gəlinir. Patoloji proses daha çox uşaqlarda inkişaf edir; cinslə əlaqəli deyil, endemik xarakter daşımır.

Adenofleqmonanın yaranması ilə bağlı nəzəriyyə 1938-ci ildə A.Abrikosov tərəfindən irəli sürülmüşdür; xəstəliyin patogenezi nəzəriyyəsini 1960-cı ildə İ.Rufanov tamamlamış və inkişaf etdirmişdir. Hazırda bu patologiyanın aktuallığı yenidoğulmuşları və məktəbəqədər yaş qrupuna aid olan uşaqları zədələyən və septik ağırlaşmalar səbəbindən onların həyatı üçün real təhlükə törədən kəskin irinli proseslə bağlıdır. Böyük pasiyentlərdə adenfleqmona sepsis, osteomielitin inkişafına səbəb ola bilər.

Adenofleqmonanın səbəbləri

Dərialtı piy toxumasının irinli iltihabının başqa irinli iltihablar kimi aydın səbəbi var. Bu, adətən, kok flora ilə xarici və və ya daxili infeksiyalaşmadır. Orqanizmin müdafiə gücünün ekzogen-endogen xarakterli (xüsusən badamcıqlar, ağız nahiyəsi, böyrəklərdə fokal və perifokal infeksiya, keçirilmiş xəstəliklər; dəri zədələnməsi (daha çox postinyeksion), dermanın piokok zədələnmələri) azalması limfa düyünlərinin infeksiyalara qarşı baryer funksiyasını zəiflədir.

Limfa düyünləri və limfa damarları, adətən, mayenin toxumalardan və orqanlardan təbii axınını təmin edirlər. İltihab zamanı bu amil həlledici rol oynayır. Belə ki, prosesin erkən mərhələlərində limfa dövranı zəifləyir, damarların keçiriciliyi yüksəlir, mikrobların limfa düyünlərində toplanması üçün şərait yaranır. Burada patoloji floranın retikulo-endotelial sistemin hüceyrələri tərəfindən absorbsiyası (udulması) baş verir; qalan mikroorqanizmlər isə parçalanır və qan damarlarına keçdikdə antibakterial terapiyanın təsirilə məhv olurlar. İltihabi proses daha da inkişaf etdikdə limfa düyünləri tromblaşır, axın yolu bağlanır, beləliklə, iltihabi prosesin yayılması blokada olunur. Bu zaman limfa düyünlərindəki mikroblar yaxınlıqdakı toxumalara keçirlər, onların iltihabına və adenofleqmonanın formalaşmasına səbəb olurlar.

Adenofleqmonanın təsnifatı

Adenofleqmonalar iltihabi prosesin lokalizasiyasına görə təsnif olunurlar. Xəstəliyin gedişinin kəskinliyinə və mümkün nəticələrinə görə aşağıdakı formaları mövcuddur:

  • alt çənə və submental nahiyənin adenofleqmonası – daha geniş yayılmış formadır;
  • boynun adenofleqmonası – ağız boşluğunun, qulaq seyvanının və başın tüklü hissəsinin gigiyenasına düzgün əməl olunmadıqda yaranır;
  • qasıq nahiyəsinin adenofleqmonası – bədənin həddən artıq soyumasının nəticəsidir;
  • qoltuqaltı nahiyənin adenofleqmonası – dərinin mikrotravmalarının infeksiyalaşmasının nəticəsidir;
  • qulaqətrafı nahiyənin adenofleqmonası – septik ağırlaşmadır.

Adenofleqmonanın simptomları

Adenofleqmonaların klinik təzahürləri ümumi və yerli olmaqla iki qrupa ayrılır. Ümumi əlamətlər bütün növlərə xasdır; yerli simptomlar isə bu və ya digər formanı xarakterizə edir. Ümumi simptomlara temperatur reaksiyası; zəiflik, tormozlanma hissi, orqanizmin artan intoksikasiya əlamətləri, xroniki infeksiya ocaqlarının fəsadlaşması aid edilir. Bu fonda regionar limfa düyününün yanında şiş meydana çıxır. Törəmə toxunmada sərtdir, mərkəzi hissəsi fluktuasiya edir, palpasiyada ağrılı olur. Sonralar prosesin proqressivləşməsi zamanı şiş absesləşir, yarılır və ya septik disseminasiya prosesi baş verir. Belə şişlər tez-tez inyeksiya yerində əmələ gəlir.

Adenofleqmonanın növünə müvafiq simptomlar prosesin lokalizasiyasından asılıdır və xüsusi çalarlara malikdir. Çənəaltı nahiyənin adenofleqmonası stomatoloji müdaxilədən (məsələn, ağıl dişinin ekstraksiyası), regionar limfadenitdən sonra inkişaf edir. Patologiya yarandıqda udqunduqda, ağzı açdıqda ağrı müşahidə olunur; nitq pozulur. İmmunitetin ümumi zəifləməsi fonunda, xüsusən şəxsi gigiyena qaydalarına əməl olunmaması başın tüklü hissəsinində və ağız boşluğunda latent yaşayan xəstəliktörədici mikrobların aktivləşməsinə və çoxalmasına gətirib çıxarır, beləliklə, boynun adenofleqmonası formalaşır. Xəstəliyin inkişafında trigger latent mərhələni kokk mənşəli infeksiya ocaqlarının inkişafında keçirən bakteriyaların külli miqdarda toplanmasıdır.

Adenofleqmonanın qasıq nahiyəsində inkişafı öz sağlamlığına diqqətsiz, məhsuliyyətsiz yanaşmanın nəticəsidir. Onlar uretrit, sistit, kiçik çanaq orqanlarının iltihabına səbəb olan bədənin periodik olaraq uzunmüddətli həddən artıq soyuması nəticəsində yaranır. Əmələ gəlmiş infeksiya aparılan müalicələrə o qədər rezistent olur ki, iltihabın xronikiləşməsi, qasıq limfa düyünlərinin absesləşməsi baş verir. Patologiya tez-tez sonsuzluqla nəticələnir.

Adenofleqmonanın qoltuqaltı nahiyədə lokalizasiyası infeksiyanın yuxarı ətraflarda olan iltihab ocağından keçməsi ilə əlaqəlidir. Prosesi bu nahiyənin tüklərini təmizləyərkən yaranmış cızıqlar ağırlaşdıra bilər. Mikrobların bu nahiyəyə miqrasiyasının səbəbi qoltuqaltı çuxurda limfa düyünlərinin toplanması və iri kalibrli damarların buradan keçməsidir. Şiş asanlıqla aşkar olunur; lakin ona kifatyət qədər ciddi yanaşmadıqda irinləyə və sepsisə səbəb ola bilər. Qulaqətrafı nahiyədə adenofleqmona, adətən udma zamanı və qulaq seyvanının palpasiyasında ağrı hissi ilə xarakterizə olunan boyun fleqmonasının septik ağırlaşmasıdır.

Adenofleqmonanın diaqnostika və müalicəsi

Xəstəliyin klinikası və anamnezi tipikdir. Əlavə olaraq yumşaq toxumaların USM-i, osteomielit, kistalar və şişlərin inkar olunması məqsədilə rentgenodiaqnostika istifadə olunur. Sidiyin və qanın ümumi analizi, qanın biokimyəvi analizi, qanın sterilliyə görə analizi mütləqdir. Etiopatogenetik müalicənin təyin olunması üçün irinli ocaqdan götürülmüş punktat qidalı mühitdə əkilir və onun antibiotiklərə həssaslığı müəyyənləşdirilir. İrinli iltihab fleqmona (cərrahi müdaxilənin seçimi), vərəm, aktinomikoz, osteomielit, periadenit, iltihabi infiltratlar, osteofleqmona ilə differensiasiya olunur. Patologiyanın müalicəsini irinlə məşğul olan cərrahlar həyata keçirir.

Xəstəlik kompleks müalicə olunur. Prosesin kəskinliyi stasionar şəraitdə təcili cərrahi müdaxilənin icrasını tələb edir. Fleqmonanın yarılması və drenajı aparılır. Yaralar açıq üsulla yuyulur, onlara antibiotiklər və fermentlər yeridilir, sarğı qoyulur. Mütləq postoperativ antibakterial, iltihab əleyhinə və dezintoksikasion terapiya təyin olunur. Müalicəyə orqanizmi ümumi möhkəmləndirici (vitaminoterapiya) və immunitet gücləndirici preparatlar (immunostimulyatorlar, immunomodulyatorlar) əlavə olunur. Bütün xroniki infeksiya ocaqları mütləq şəkildə sanasiya olunur. Profilaktika xroniki infeksiyaların vaxtında diaqnostikası və müalicəsi, immunitetin gücləndirilməsindən ibarətdir. Vaxtında aparılmış diaqnostika və müalicə zamanı proqnoz kafidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: