Limfangit

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 1445

Limfangit nədir?Limfangit – irinli-iltihabi proses fonunda ikincili olaraq yaranan limfa kötüklərinin və kapilyarlarının kəskin və ya xroniki iltihabıdır. Patologiya iltihablaşmış limfa damarı boyunca hiperemiya və ağrılı şişkinlik, ödemlər, regionar limfadenit, yüksək bədən temperaturu (39—40°С), titrəmə və zəifliklə müşayiət olunur. Limfangitin diaqnostikası ultrasəs angioskanlama, kompüter termoskanlama, birincili irinli ocaqda törədicinin aşkarlanmasına əsasən qoyulur. Xəstəliyin müalicəsi birincili ocağın sanasiyası, antibiotikoterapiya, ətrafların immobilizasiyası, formalaşmış abses və fleqmonanın yarılmasından ibarətdir.

  • Limfangitin səbəbləri
  • Limfangitin təsnifatı
  • Limfangitin simptomları
  • Limfangitin diaqnostikası
  • Limfangitin müalicəsi
  • Limfangitin proqnozu və profilaktikası

Limfangit barədə ümumi məlumat

Limfangit (limfanqoit, limfangiit) zamanı müxtəlif kalibrli və lokalizasiyalı limfa damarları zədələnə bilər. Limfologiya və flebologiya ətrafların limfangiti ilə tez-tez qarşılaşır. Bu, həmin ətrafların tez-tez baş verən mikrotravmaları, mikrob patogenlərinin çoxluğu və limfa dövranının xarakteri ilə əlaqəlidir. Limfangit, adətən, ikincili limfadenitin inkişafı ilə gedir. Xəstəliyin inkişafı birincili patologiyanın proqressivləşməsindən xəbər verir və onun gedişini ağırlaşdırır.

Limfangitin səbəbləri

Limfangit ikincili, mövcud səthi və ya dərin irinli-iltihabi ocaq – infeksiyalaşmış sıyrıq və ya yaralar, furunkul, abses, karbunkul, fleqmona fonunda inkişaf edir. Xəstəlik zamanı əsas patogen kimi qızılı stafilokoklar, beta-hemolitik streptokoklar; nadir hallarda bağırsaq çöpləri və proteylər, həmçinin monokultura və ya assosiasiya şəklində başqa aerob flora çıxış edir. Spesifik limfangitlər pasiyentdə vərəmin olması ilə tez-tez əlaqəli olur.

Limfangitin inkişaf ehtimalı birincili infeksion ocağın lokalizasiyasından, ölçülərindən, mikrofloranın virulentliyindən, həmin anatomik zonada limfa dövranının xüsusiyyətlərindən asılıdır.

Mikrob agentləri və onların toksinləri iltihab ocağından toxumaarası mühitə, sonra isə limfa kapilyarlarına düşür və limfa axını ilə daha iri damarlara və limfa düyünlərinə istiqamətlənir. Damar divarının reaktiv iltihabı endotelin şişkinliyi, onun keçiriciliyinin yüksəlməsi, eksudasiyanın inkişafı, fibrin laxtalarının çökməsi, damardaxili tromb əmələgəlmə ilə özünü göstərir. Bu dəyişikliklər yerli limfa dövranının pozulmasına – limfostaza gətirib çıxarır. Sonralar iltihabın proqressivləşməsi nəticəsində irinli limfangit və ya trombun irinləməsi inkişaf edə bilər.

İltihab ətraf toxumalara yayıldıqda perilimfangit inkişaf edir. Bu patologiya zamanı qan damarları, oynaqlar, əzələlər və s. zədələnə bilər. İltihab qalxan yolla döş limfa axarına qədər yayıla bilər. Klinik praktikada aşağı ətrafların limfangiti daha çox diaqnostika olunur. Patologiya sürtülmə, mikrotravmalar, qaşıma, trofik xora, panasiriya nəticəsində inkişaf edir.

Andrologiyada bəzən cinsi üzvün qeyri-veneroloji limfangiti kimi qiymətləndirilən patoloji vəziyyətə rastlanır. Patologiyanın səbəbi tez-tez masturbasiya və uzun müddət davam edən cinsi əlaqə zamanı penis toxumasının zədələnməsi ola bilər. Spesifik veneroloji limfangit birincili sifilis, genital herpes, cinsi infeksiya ilə əlaqəli uretrit zamanı inkişaf edə bilər.

Limfangitin təsnifatı

İltihabın ifadəliliyindən və xarakterindən asılı olaraq limfangit seroz (sadə) və ya irinli; klinik gedişinə görə kəskin və ya xroniki; zədələnmiş damarın yerləşmə dərinliyinə görə səthi və ya dərin ola bilər.

İltihablaşmış limfa damarlarının kalibrindən asılı olaraq limfangitləri kapilyar (retikulyar və ya torlu) və kötük (trunkulyar) olmaqla ayırırlar. Retikulyar limfangitdə iltihabi prosesə çoxsaylı səthi limfa damarları cəlb olunur; kötük formada isə bir və ya bir neçə iri damar iltihablaşır.

Limfangitin simptomları

Limfangit zamanı ağır irinli-iltihabi proseslə müşayiət olunan ümumi intoksikasiya təzahür edir. Yüksək bədən temperaturu (39-40°С-ə qədər), titrəmə, tərləmə, zəiflik, baş ağrıları qeyd olunur. Retikulyar limfangit intensiv eritema fonunda torlu (mərmər) şəkilli infeksiya ocağı (yaralar, abses və s.) ətrafında nəzərə çarpan səthi hiperemiya ilə başlayır. Klinik mənzərəsinə görə torlu limfangit qızılyeli xatırladır; lakin hiperemiya qızılyel iltihabı üçün qeyri-xarakterik olmayan nahamar kontura malikdir.

Kötük limfangitinin lokal təzahürləri regionar limfa düyünlərinə qədər uzanan iltihablaşmış limfa damarlarının gedişi boyunca nazik, qırmızı xətlərdir. Atmaların şişkinliyi, qalınlaşması və ağrılı olması, ətraf toxumaların ödemi və gərginliyi, regionar limfadenit sürətlə inkişaf edir. Damarlar boyunca palpasiyada ip və ya təsbehşəkilli, ağrılı qalınlaşma aşkarlanır.

Dərin limfangitdə lokal hiperemiya müşahidə olunmur; lakin ətrafda ödem və ağrı sürətlə inkişaf edir; dərin palpasiyada kəskin ağrı qeyd olunur, limfedema tez inkişaf edir. Perilimfangitdə iltihablaşmış ətraf toxumalarda abses və ya fassiyaaltı fleqmona formalaşa bilər. Bu patoloji ocaqların öz-özünə yarılması sepsisin inkişafı ilə ağırlaşa bilər.

Xroniki limfangitin simptomatikası silinmişdir və, adətən, dərin limfa kötüklərinin mənfəzinin bağlanması nəticəsində davamlı ödemlərlə və limfostazla xarakterizə olunur. Qeyri-veneroloji limfangit zamanı cinsi üzvün gövdəsi boyunca və ya tac şırımı ağrısız, qalınlaşmış atma meydana çıxır. Bu atma bir neçə saat və ya gün ərzində saxlana və sonra öz-özünə itə bilər.

Limfangitin diaqnostikası

Retikulyar limfangit vizual müayinə zamanı limfoloq tərəfindən asanlıqla diaqnostika oluna bilər; lakin onu qızılyel iltihabından və səthi flebitdən differensiasiya etmək lazımdır. Birincili iltihabi ocaq diaqnozun qoyulmasına kömək edir.

Dərin limfangitin aşkarlanması çətinlik törədə bilər. Bu zaman klinik-anamnestik məlumatlar, instrumental və laborator müayinələrin nəticələri nəzərə alınır. Limfangit zamanı periferik qanda leykositoz müşahidə olunur. USDQ və dupleks skanlamada limfa damarlarının strukturunun heterogenliyi tipli dəyişilməsi, mənfəzinin daralması, damar ətrafında hiperexogen qövsün olması, yanaşı yerləşmiş limfa düyünlərində reaktiv dəyişikliklər görünür.

Limfangitin ağırlıq dərəcəsi, yayılması və dərinliyinin dəyərləndirilməsi kompüter tomoqrafiyanın köməyilə həyata keçirilir. Kompleks müayinə dərin limfangiti yumşaq toxumaların fleqmonasından, dərin venaların tromboflebitindən, osteomielitdən fərqləndirməyə imkan verir. Limfangitin törədicisi irinli yaranın ifrazatının bakterioloji əkilməsi yolu ilə müəyyənləşdirilir. Patologiyanın ağırlaşmış formalarında qanın sterilliyi yoxlanır.

Limfangitin müalicəsi

Kəskin limfangit zamanı ilk növbədə limfa damarlarının iltihabını dəstəkləyən birincili ocaq aradan qaldırılmalıdır. İnfeksiyalaşmış yaraların işlənməsi; abses, fleqmona və panarisiyaların açılması, drenajı və sanasiyası həyata keçirilir. Zədələnmiş ətraf qaldırılmış vəziyyətdə fiksasiya olunur; pasiyentə hərəkətsizlik tövsiyə olunur. Limfangit zamanı massaj və iltihab nahiyəsinin müstəqil isidilməsi, ora məlhəmlərin çəkilməsi yolverilməzdir. Dərman müalicəsi antibiotiklər (yarımsintetik penisillinlər, 1-2-ci nəsil sefalosporinlər, aminoqlikozidlər, linkozamidlər), iltihab əleyhinə və antihistamin preparatlar, infuzion terapiya, qanın ultrabənövşəyi (QUBŞ) və ya lazerlə (QLVŞ) şüalandırılmasından ibarətdir.

Xroniki süst gedişli limfangitdə yerli məlhəmli sarğılar, yarımspirtli və dimetilsulfoksidli kompresslər, palçıq müalicəsi, UBŞ təyin olunur; iltihabın davamlı gedişində rentgenoterapiya göstərişdir. Cinsi üzvün qeyri-veneroloji limfangiti müalicə tələb etmir. CYYX tərəfindən törədilən limfangitlərdə əsas infeksiya müalicə olunur.

Limfangitin proqnoz və profilaktikası

Limfangitin qarşısının alınması yaraların vaxtında ilkin cərrahi işlənməsi, irinli xəstəliklərin sanasiyası, formalaşmış irinliklərin yarılması, adekvat antibiotikoterapiyadan ibarətdir.

Patologiyanın uzunmüddətli xroniki gedişi limfa damarlarının obliterasiyasına, limfa dövranının pozulmasına, limfostazın və filayaqlığın inkişafına gətirib çıxara bilər. Müalicə vaxtında başlandıqda limfangit sağalır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: