Xroniki venoz çatışmazlıq

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 3509

Xroniki venoz çatışmazlıq nədir?Xroniki venoz çatışmazlıq (XVÇ) – aşağı ətraflarda venoz axının pozulması nəticəsində yaranan patologiyadır. XVÇ zamanı baldır nahiyəsində ödem və piqment dəyişiklikləri, ayaqlarda yorğunluq və ağırlıq hissi, gecə saatlarında qıcolmalar qeydə alınır. Proqressivləşən venoz çatışmazlıq trofiki xoraların formalaşmasına səbəb olur. Diaqnoz venaların ultrasəs müayinəsi, fleboqrafiyanın nəticələrinə əsasən qoyulur. Müalicə konservativ (elastik bintlənmə, medikamentoz terapiya) və ya cərrahi üsulla (flebektomiya, miniflebektomiya) aparılır.

  • Xroniki venoz çatışmazlığın yaranma səbəbləri
  • Xroniki venoz çatışmazlığın inkişaf mexanizmi
  • Xroniki venoz çatışmazlığın təsnifatı
  • Xroniki venoz çatışmazlığın əlamətləri
  • Xroniki venoz çatışmazlığın diaqnostikası
  • Xroniki venoz çatışmazlığın müalicəsi
  • Xroniki venoz çatışmazlığın profilaktikası

Xroniki venoz çatışmazlıq barədə ümumi məlumat

Xarici fleboloqların məlumatlarına əsasən inkişaf etmiş ölkələrin əhalisinin 15-40% venoz sistemin bu və ya digər xəstəliklərindən əziyyət çəkir, xəstələrin 25%-də xroniki venoz çatışmazlığın əlamətləri müşahidə olunur. Flebologiya sahəsində aparılan tədqiqatların nəticələrinə görə 20-50 yaş arası pasiyentlərin hərtərəfli müayinəsi zamanı XVÇ əlamətləri hər ikinci şəxsdə aşkarlanır, əhalinin 5-15%-də dekompensə olunmuş xroniki venoz çatışmazlıq izlənilir, patologiya 4% hallarda trofiki xoralarla müşayiət olunur. Xroniki venoz çatışmazlığın geniş yayılması insanların ayaq üstə çox vaxt keçirmələri ilə əlaqədardır, bu zaman aşağı ətraf  venalarının həddindən artıq yüklənməsi qaçılmaz haldır.

XVÇ-ın inkişafı və proqressivləşməsinə neqativ təsir göstərən əsas problemlərdən biri pasiyentin həkimə gec müraciət etməsidir. Xəstələrin əksəriyyəti hesab edir ki, xroniki venoz çatışmazlıq əlamətləri yorğunluğun və uzunmüddətli statik yüklənmələrin normal nəticəsidir. Bəziləri patologiyanın ağırlığını və onun fəsadlarını dərk etmir. İnformasiya azlığı ilə yanaşı «möcüzəli» vasitələrlə venoz patologiyanın yox edilməsi barədə şişirdilmiş reklamlar neqativ rol oynayır. Hal-hazırda XVÇ-lı xəstələrin orta hesabla yalnız 8%-i müalicə alır.

Çox zaman xroniki venoz çatışmazlıq aşağı ətraf venalarının varikoz genişlənməsi ilə səhv salınır. Lakin bu hallar identik sayılmır. XVÇ ayaqlarda səthi venaların gözlə görünən dəyişiklikləri olmadıqda da aşkarlana bilər. Xroniki venoz çatışmazlıq aşağı ətrafların dərin venaları ilə axının pozulmasına səbəb olan bir sıra anadangəlmə və qazanılmış patoloji hallar nəticəsində yaranır.

Xroniki venoz çatışmazlığın yaranma səbəbləri

Xroniki venoz çatışmazlıq aşağıdakı vəziyyətlərdə yarana bilər:

  • Aşağı ətraf venalarının uzunmüddətli gedişə malik varikoz genişlənməsi;
  • Posttromboflebitik sindrom;
  • Dərin və səthi venoz sistemin anadangəlmə patologiyaları (dərin venaların anadangəlmə hipo- və ya aplaziyası- Klippel-Trenon sindromu, anadangəlmə arteriovenoz fistulalar –Parke-Veber-Rubaşov sindromu).

Bəzən xroniki venoz çatışmazlıq flebotrombozdan sonra inkişaf edir. Son zamanlar XVÇ-nin yaranma səbəblərinə flebopatiyalar- venoz sistemin patologiyalarının instrumental və kliniki əlamətlərinin müşahidə olunmadığı hallarda venoz durğunluqla xarakterizə olunan vəziyyətlər də əlavə edilmişdir. Nadir hallarda xroniki çatışmazlıq travmalardan sonra yaranır.

Xroniki venoz çatışmazlığın inkişaf riskini artıran bir sıra amillər mövcuddur:

  • Genetik meyllik. Kollagen çatışmazlığı səbəbindən damar divarının zəifliyinə səbəb olan birləşdirici toxumanın genetik mənşəli çatışmazlığı patologiyanın inkişafına gətirib çıxarır.
  • Qadın cinsi.  Estrogenlərin yüksək konsentrasiyası, hamiləlik dövrü və doğuş prosesində venoz sistemin əlavə yüklənməsi, eləcə də orta ömür müddətinin qadınlarda daha uzun olması xroniki venoz çatışmazlığa şərait yaradır .
  • Yaş. Əlverişsiz amillərin uzunmüddətli təsirindən yaşlı insanlarda xroniki venoz çatışmazlığın inkişaf riski yüksəlir.
  • Hormonal kontraseptivlər və digər hormon tərkibli preparatların qəbulu (estrogenlərin səviyyəsinin artması nəticəsində).
  • Hərəki aktivliyin azlığı, piylənmə.
  • Davamlı statik yüklənmələr (nəqliyyatdan çox istifadə etmək, daimi ayaq üstə və ya oturaq vəziyyətdə olan iş rejimi) və ağırlıq qaldırma.
  • Xroniki qəbizlik.

Xroniki venoz çatışmazlığın inkişaf mexanizmi

Qan aşağı ətraflardan dərin (90%) və səthi venalara (10%) axır. Qanın aşağıdan yuxarıya axını bir sıra amillər tərəfindən idarə edilir, bunlardan ən başlıcası fiziki yüklənmə zamanı əzələlərin yığılmasıdır. Əzələ yığılaraq, venaya təzyiq göstərir. Ağırlıq qüvvəsinin təsirindən qan aşağıya doğru hərəkət edir, lakin onun geriyə axınına venoz qapaqlar mane olur. Nəticədə venoz sistemdə normal qan axını təmin edilir. Ağırlıq qüvvəsinın əksinə qanın daimi hərəkəti qapaq aparatının normal fəaliyyəti, venoz divarın stabil tonusu və bədən vəziyyətinə uyğun venaların mənfəzinin fizioloji dəyişməsi hesabına mümkün olur.

Qanın normal hərəkətini təmin edən bir və ya bir neçə elementin sıradan çıxması zamanı çoxmərhələli patoloji proses inkişaf edir. Qapaqdan aşağıda venaların genişlənməsi qapaq çatışmazlığına səbəb olur. Daimi yüksək təzyiq nəticəsində vena aşağıdan yuxarıya doğru genişlənməyə davam edir. Prosesə venoz reflüks (qanın yuxarıdan aşağıya patoloji axını) əlavə olunur. Qan durğunlaşaraq, vena divarına təzyiq göstərir. Venoz divarın keçiriciliyi yüksəlir. Plazma vena divarından ətraf toxumalara sızır. Toxumalar ödemləşir, onların qidalanması pozulur.

Qan dövranının çatışmazlığı kiçik damarlarda toxuma metabolitlərinin toplanmasına, qanın lokal qatılaşmasına, makrofaqlar və leykositlərin aktivləşməsinə, lizosomal fermentlər, sərbəst radikallar və yerli iltihab mediatorlarının sayının artmasına gətirib çıxarır. Normada limfanın bir hissəsi anastomozlarla venoz sistemə tökülür. Venalarda təzyiqin artması bu prosesi pozaraq, limfa sisteminin yüklənməsinə və onun axınının pozulmasına səbəb olur. Trofik pozğunluqlar ağırlaşır. Trofiki xoralar əmələ gəlir.

Xroniki venoz çatışmazlığın təsnifatı

Hal-hazırda fleboloqlar XVÇ-nin aşağıdakı təsnifatından istifadə edirlər:

  • 0 dərəcə. Xroniki venoz çatışmazlığın əlamətləri qeyd olunmur.
  • I dərəcə. Pasiyentlər ayaqlarda ağrı, ağırlıq hissi, müvəqqəti ödemlər, gecə qıcolmalarından şikayət edir.
  • II dərəcə. Ödemlər davamlı olur. Vizual olaraq hiperpiqmentasiya, lipodermatoskleroz, quru və sulanan ekzema müəyyən edilir.
  • III dərəcə. Açıq və ya sağalmış trofiki xoralarla xarakterizə olunur.

0 dərəcə klinisistlər tərəfindən təsadüfən ayırd edilməmişdir. Tibb praktikasında venaların ifadəli varikoz dəyişiklikləri zamanı pasiyentlərin heç bir şikayət təqdim etmədiyi və xroniki venoz çatışmazlığın əlamətlərinin  izlənilmədiyi hallara rast gəlinir. Belə pasiyentlərin aparılma taktikası XVÇ-nin I və ya II dərəcəsi ilə müşayiət olunan venaların analoji varikoz genişlənməsindən əziyyət çəkən xəstələrin müalicə sxemindən fərqlənir.
XVÇ-nin etioloji, klinik, patofizioloji və anatomo-morfoloji təzahürlərinə əsasən tərtib oluann Beynəlxalq təsnifat (CEAP sistemi) mövcuddur.

CEAP sistemi üzrə XVÇ-nin təsnifatı:

Klinik təzahürlər:

  • 0 – vena xəstəliyinin vizual və palpator əlamətləri qeyd olunmur;
  • 1 – teleangioektaziyalar;
  • 2 – venaların varikoz genişlənməsi;
  • 3 – ödemlər;
  • 4 – dəri dəyişiklikləri (hiperpiqmentasiya, lipodermatoskleroz, venoz ekzema);
  • 5 – sağalan xora ilə müşayiət olunan dəri dəyişiklikləri;
  • 6 – təzə yaranan xora fonunda dəri dəyişiklikləri.

Etioloji təsnifat:

  • XVÇ-nin səbəbi anadangəlmə patologiya hesab olunur (EC);
  • Naməlum genezli birincili XVÇ (EP);
  • Tromboz, travmalar və s. nəticəsində inkişaf edən ikincili XVÇ (ES).

Anatomik təsnifat.

Seqment (dərin, səthi, kommunikant), lokalizasiya (böyük dərialtı, aşağı qapı) və zədələnmə səviyyəsini əks etdirir.

XVÇ-nin patofizioloji aspektlərini nəzərə almaqla tərtib olunan təsnifat:

  • Reflüks halları ilə müşayiət olunan XVÇ (PR);
  • Obstruksiya halları ilə müşayiət olunan XVÇ (PO);
  • Reflüks və obstruksiya halları ilə müşayiət olunan XVÇ (PR,O).

CEAP sistemi üzrə XVÇ-nin qiymətləndirilməsi  bal sisteminə əsaslınır, hər bir əlamət (ağrı, ödem, axsama, pismentasiya, lipodermatoskleroz, xoralar, onların davametmə müddəti, residivlərin sayı və tezliyi) 0, 1 və ya 2 balla qiymətləndirilir.

CEAP çərçivəsində həmçinin əmək qabiliyyətinin azalması şkalası tətbiq olunur:

  • 0 – əlamətlərin qeyd olunmaması;
  • 1 – XVÇ əlamətləri müşahidə olunur, pasiyentin əmək qabiliyyəti pozulmur və onun dəstəkləyici vasitələrə ehtiyacı olmur;
  • 2 – pasiyent dəstəkləyici vasitələrdən istifadə etməklə tam iş rejimində işləyə bilir;
  • 3 – pasiyent dəstəkləyici vasitələrdən istifadə etdikdə belə işləməyə yararsız hesab olunur.

Xroniki venoz çatışmazlığın əlamətləri

XVÇ müxtəlif klinik simptomatika ilə təzahür edir. Erkən mərhələlərdə bir və ya bir neçə əlamət müşahidə olunur. Xəstələr ayaqlarda ağırlıq hissi, tranzitor ödemlər, gecə qıcolmalarından şikayət edir. Baldırın distal 1/3 hissəsində dərinin hiper- (az hallarda hipo-) piqmentasiyası, quruluq və baldırın dəri örtüklərinin elastikliyinin itirilməsi izlənilir. Xroniki venoz çatışmazlığın erkən mərhələlərində varikoz genişlənmiş damarlar hər zaman müşahidə edilmir.

XVÇ-nin proqressivləşməsindən asılı olaraq, qan dövranının lokal çatışmazlığı dərinləşir. Trofik pozğunluqlar daha ifadəli olur. Trofiki yaralar formalaşır. Aşağı ətraflarda kifayət qədər qanın depolaşması başgicəllənmə, bayılma, ürək çatışmazlığı əlamətlərinin yaranmasına gətirib çıxara bilər. Sirkulyasiya edən qanın həcminin azalması ilə əlaqədar ifadəli xroniki venoz çatışmazlığı olan pasiyentlərdə fiziki və zehni yüklənmələrə qarşı dözümsüzlük əmələ gəlir.

Xroniki venoz çatışmazlığın diaqnostikası

Diaqnoz anamnestik məlumatlar, pasiyentin şikayətləri, obyektiv və instrumental müayinələrin nəticələrinə əsasən qoyulur. Venoz axının pozulması barədə son rəy aşağı ətraf venalarının USDQ və dupleks angioskanlamadan sonra verilir. Bəzi hallarda XVÇ-nin səbəbini dəqiqləşdirmək məqsədilə rentgenkontrast müayinə (fleboqrafiya) tətbiq olunur.

Xroniki venoz çatışmazlığın müalicəsi

Xroniki venoz çatışmazlığın müalicə taktikasının müəyyənləşdirilməsi zamanı nəzərə almaq lazımdır ki, XVÇ sistemli patoloji xəstəlikdir və onu bir və ya bir neçə varikoz genişlənmiş səthi venaları xaric etməklə aradan qaldırmaq mümkün deyil. Terapiyanın məqsədi aşağı ətrafların venoz və limfa sisteminin normal fəaliyyətinin bərpası və residivlərin qarşısının alınmasından ibarətdir.

XVÇ-nin müalicəsinin ümumi prinsipləri aşağıdakılardır:

  1. Terapiya kurs şəklində aparılmalıdır. Pasiyentlərin bir qisminə qısa və ya epizodik, digərlərinə isə müntəzəm və uzunmüddətli kurslar təyin olunur. Kursun orta davametmə müddəti 2-2,5 ay təşkil edir.
  2. Dərman preparatlarının qəbulu XVÇ-nin digər müalicə üsulları ilə kombinə edilməlidir.
  3. XVÇ zamanı müalicə hər pasiyent üçün individual olaraq seçilir.
  4. Yaxşı nəticələr əldə etmək üçün pasiyentin aktiv iştirakı mütləqdir. Pasiyent öz xəstəliyinin mahiyyətini və həkimin təyinatlarına əməl etməyin vacibliyini anlamalıdır.

XVÇ-nin müalicə prosesində konservativ üsullar: medikamentoz terapiya (flebotrop vasitələr) və venalar üçün əlavə karkasın yaradılması (elastik kompressiya) böyük əhəmiyyət kəsb edir. Yerli istifadə üçün nəzərdə tutulan preparatlar: yara örtükləri, məlhəm, krem və antiseptiklər müvafiq klinik təzahürlər zamanı təyin olunur. Bəzi hallarda kortikosteroid preparatlar göstəriş hesab olunur.

Patoloji venoz axının aradan qaldırılması və varikoz genişlənmiş venaların xaric edilməsi məqsədilə cərrahi əməliyyatlar –flebektomiya icra olunur. Xroniki venoz çatışmazlığı olan pasiyentlərin təxminən 10%-də cərrahi müalicəyə ehtiyac duyulur. XVÇ-nin varikoz fonunda inkişafı zamanı əksər hallarda az invaziv miniflebektomiya tətbiq edilir.

Xroniki venoz çatışmazlığın profilaktikası

XVÇ-nin profilaktikası gimnastika, müntəzəm gəzintilər, qəbizliyin qarşısının alınmasından ibarətdir. İmkan daxilində statik yüklənmələr (davamlı ayaq üstü və ya oturaq vəziyyətlər) azaldılmalıdır. Hormonal preparatlar yalnız həkimin  nəzarəti altında qəbul olunmalıdır. Risk qrupundan olan pasiyentlərin (xüsusən estrogenlərin təyini zamanı) elastik corablardan istifadəsi mütləqdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: