skip to Main Content

Vezikulit

vezikulitVezikulit – toxum qovuqcuqlarının iltihabi prosesidir. Xəstəlik kəskin və ya xroniki, bir- və ya ikitərəfli ola bilər. 80-85% pasientdə ikitərəfli vezikulit müşahidə olunur. Kəskin vezikulit tez-tez xroniki formaya keçir. Birincili xroniki gedişat da mümkündür. Vezikulit qasıq, düz bağırsaq və qasıqüstü nahiyədə ağrılarla müşayiət olunur. Ağrı sindromu defekasiya zamanı və sidik kisəsi dolduqda güclənir. Xroniki vezikulit cinsi funksiyaların pozulması ilə müşayiət olunur. Vezikulitin diaqnostikası, adətən, uroloq tərəfindən həyata keçirilir. Bu məqsədlə barmaqla rektal müayinə, cinsi orqanların USM-i, toxum qovuqcuqlarının sekretinin bakterioloji əkilməsi diaqnostik metodlarının tətbiqi mühümdür.

  • Vezikulitin səbəbləri
  • Vezikulitin simptomları
  • Ağırlaşmaları
  • Diaqnostika
  • Vezikulitin müalicəsi

Vezikulit

Vezikulitin törədicisi kimi bakterial təbiətli qeyri-spesifik (enterokok, bağırsaq çöpləri, stafilokok) və ya spesifik (qonokok) infeksion agentlər çıxış edir. Aseptik vezikulit cinsi əlaqədən müvəqqəti imtina, kiçik çanaqda venoz durğunluq, toxum qovuqcuqlarının tonusunun pozulması zamanı inkişaf edə bilər.

Vezikulit çox nadir hallarda sərbəst xəstəlik kimi meydana çıxır. Adətən, toxum qovuqcuqlarının iltihabi prosesi sidik-cinsiyyət sisteminin kəskin və ya xroniki xəstəlikləri (epididimit, uretrit, prostatit), kəskin (angina, qrip) və ya xroniki (osteomielit) iltihabi xəstəliklərin ağırlaşmaları kimi inkişaf edir. Vezikulit, bir qayda olaraq, xroniki prostatiti müşayiət edir. Xəstəliyin inkişafı, bir qayda olaraq, bədənin uzunmüddətli ümumi soyuması, oturaq iş, normal cinsi əlaqə ritminin pozulması (cinsi əlaqədən müvəqqəti imtina, həddən artıq cinsi aktivlik), immunitetin azalması, qəbizlik, infeksion xarakterli xroniki xəstəliklər səbəb ola bilər.

Vezikulitin simptomları

Kəskin vezikulit üçün qəflətən başlanma xarakterikdir. Pasientin bədən temperaturu febril göstəricilərədək qalxır, titrəmə və baş ağrıları meydana çıxır. Kəskin vezikulitli pasientlər suprapubik nahiyədə (bir- və ya ikitərəfli), qasıqda və düz bağırsaq nahiyəsində ağrılardan şikayətlənirlər. Ağrıların bel nahiyəsinə irradiasiyası mümkündür. Sidik ifrazı, sperma püskürmə (eyakulyasiya) və defekasiya zamanı ağrılar güclənir. Defekasiya uretradan selik və ifrazatın xaric olması ilə müşayiət oluna bilər (prostatoreya). Spermada bəzən qan izlərinə rastlanır (hemospermiya).  Bəzi pasientlərdə sidik ifrazının tezləşməsi, tez-tez, davamlı gecə ereksiyaları qeyd olunur. Kəskin vezikulitin daha geniş yayılmış forması kataral vezikulitdir. İltihabi prosesin ətraf toxumalara keçməsi nəticəsində paravezikulit inkişaf edə bilər.

Xroniki vezikulit zamanı pasientləru aralıq, düz bağırsaq və oma nahiyəsində cinsiyyət orqanlarına irradiasiya edən, mülayim və ya zəif sızıldayıcı ağrılar narahat edir. Sidik ifrazının tezləşməsi, tez-tez, davamlı gecə ereksiyaları xarakterikdir. Spermada qan izlərinin meydana çıxması mümkündür. Ereksiya ağrılıdır; orqazmın keyfiyyəti azala, bəzən tam itə bilər. Simptomların ifadəliliyi xeyli dəyişkəndir. Bəzi pasientlərdə vezikulit çox kasad simptomatika ilə müşayiət olunur və ya, demək olar ki, simptomsuz gedir.

Vezikulitin ağırlaşmaları

Kəskin vezikulit müalicə olunmadıqda toxum qovuqcuqlarının irinləməsi (empiema) ilə ağırlaşır. Xroniki vezikulitdə iltihabi prosesin xaya artımlarına yayılması xroniki epididimitin səbəbi ola bilər. Xroniki ikitərəfli epididimit, öz növbəsində, bəzi hallarda kişi sonsuzluğunun obturasion formasına səbəb olur.

Vezikulitin diaqnostikası

Uroloq tərəfindən xəstənin inspeksiyası, barmaqla rektal müayinə, cinsiyyət orqanlarının USM-i, toxum qovuqcuqlarının sekretinin əkilməsi aparılır. Qanın və sidiyin ümumi analizində iltihabi dəyişikliklər aşkar olunur. Sekretin əkilməsində çoxlu miqdarda eritrosit və leykositlər aşkar olunur. Ultrasəs müayinəsinin nəticələri toxum qovuqcuqlarının böyüməsini göstərir.

Spermoqrammanın nəticələrinə əsasən hemospermiya, spermanın viskozluğunun yüksəlməsi, eyakulyatın miqdarının dəyişilməsi (həcminin artması və ya azalması) aşkar olunur.  Spermatozoidlərin miqdarı və hərəkət sürəti azalır.

Vezikulitin müalicəsi

Kəskin vezikulitli pasientə yataq rejimi tövsiyə olunur. İnfeksiya ilə mübarizə məqsədilə antibiotiklər; ağrı sindromunun azalması məqsədilə ağrıkəsici preparatlar; defekasiya zamanı ağrının azaldılması məqsədilə qəbizlik əleyhinə preparatlar təyin olunur. İnfeksion prosesin ümumi təzahürləri (hipertermiya, titrəmə və s.) aradan qaldırıldıqdan sonra fizioterapevtik prosedurlar, isti mikroklizmalar, aralıq nahiyəsinə qızdırıcılar, isti müalicəvi vannalar tətbiq olunur. Toxum qovuqcuqlarının empieması olan pasientlərə cərrahi müalicə göstərişdir. İrinin xaric edilməsi məqsədilə toxum qovuqcuğunun punksiya edilir və drenaj olunur.

Urologiyada xroniki vezikulitin müasir müalicəsi kompleks və uzunmüddətlidir. Pasientə aktiv həyat tərzi keçirmək, qida və alkoqol qəbul etməmək tövsiyə olunur. Antibakterial preparatlar, fizioterapevtik prosedurlar (diametriya, lazeroterapiya), toxum qovuqcuqlarının transrektal massajı təyin olunur. Palçıq terapiyası – palçıqlı rektal tamponlar, aralıq nahiyəsinə palçıq applikasiyaları təyin olunur. Müalicə effektli olmadıqda punksiya aparılır, toxum qovuqcuqları antiseptik məhlullarla yuyulur. Ayrı-ayrı klinik hallarda vezikulektomiya (toxum qovuqcuqlarının kəsilməsi) göstərişdir.

Profilaktik tədbirlər risk faktorlarının aradan qaldırılması və əsas xəstəliyin vaxtında, adekvat müalicəsindən ibarətdir.

 

 

Back To Top