Androloq

Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 2831

Androloq kimdir?Androloq – kişi cinsiyyət sisteminin xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan mütəxəssisdir. Heç bir subyektiv şikayəti olmayan kişilər də profilaktik məqsədlə ildə 1-2 dəfə androloqun müayinəsindən keçməlidir. Cinsi zəiflik – impotensiya, qasıq nahiyəsində ağrı, varikosele, kişi sonsuzluğu, hidrosele, cinsi infeksiyalar, prostat vəzin xəstəlikləri (prostatit, adenoma) androloqun konsultasiyasına birbaşa göstərişdir.  

Androloqlar klassik və müasir laborator, instrumental diaqnostika, eləcə də medikamentoz və cərrahi üsulları tətbiq edirlər. 

Androloqun qəbuluna göstərişlər

Androloq həkimlərSonsuzluq, cinsi problemlər (zəiflik, cinsi həvəsin azalması və ya itməsi, erkən boşalma və s.), xarici cinsiyyət orqanlarının anadangəlmə anomaliyaları və qazanılmış qüsurları ilə qarşılaşdıqda androloqun qəbuluna yazılmaq lazımdır. Təkrar konsultasiyalarda androloq patoloji prosesin dinamikasını izləyir, müalicənin effektivliyini qiymətləndirir, ehtiyac yarandıqda əlavə müayinə təyin edir.  

Qarnın aşağı hissəsi və aralıqda ağrı, sidik ifrazının göynəmə, qaşınma ilə müşayiət olunması, tezləşməsi və yaxud çətinləşməsi (xüsusən gecə saatlarında), sidik saxlamazlıq zamanı androloqun təcili konsultasiyası tələb olunur. Bundan əlavə sidik kanalından patoloji ifrazat axdıqda və ya spermada patoloji qarışıq izlənildikdə androloq ilə əlaqə saxlamaq gərəkdir.

Xayalıq və penisin forma, ölçüsü dəyişdikdə, xarici cinsiyyət orqanlarında iltihab əlamətləri (şişkinlik, yerli hərarət, qızartı) və şişəbənzər törəmələrlə qarşılaşdıqda təcili həkimə müraciət olunmalıdır.  

Androloq necə müayinə edir?

Androloqun qəbuluİlkin konsultasiya zamanı androloq pasiyentin keçirdiyi xəstəliklər, peşə zərərləri, cinsi həyatın xüsusiyyətləri və şikayətləri barədə hərtərəfli məlumat toplayır.  Sonra xarici cinsiyyət orqanları (penis, xayalıq) və regionar limfa düyünlərini müayinə edir. Baxış zamanı prostat vəzin rektal müayinəsi aparıla bilər.  

Sorğu və müayinənin nəticələrinə əsaslanaraq, ilkin diaqnoz qoyulur. Xəstəliyi dəqiqləşdirmək üçün androloq qan və sidik analizi, spermoqramma, MAR-test təyin edə bilər. Həmçinin instrumental üsullar – xayalığın USM, kavernozoqrafiya, prostat vəzin MRT informativ sayılır.  

Təkrar konsultasiya zamanı androloq analiz və müayinələrin nəticələrini təhlil edir. Yekun diaqnoz əsasında müalicə sxemi tərtib olunur. Androloji xəstəliklərin müalicəsi həm konservativ, həm də cərrahi yolla aparıla bilər. Bu patologiyanın formasından və ağırlıq dərəcəsindən asılıdır. Yüngül hallarda medikamentoz terapiya və qeyri-medikamentoz tədbirlər (fizioterapiya, xüsusi prosedurlar) məsləhət görülür. Digər vəziyyətlərdə isə az invaziv və klassik əməliyyatlar icra olunur. Cərrahi müdaxilədən sonra və konservativ terapiya prosesində nəticəni dəyərləndirmək üçün təkrar konsultasiya tövsiyə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: