Dietoloq
Dietoloq – terapevtik profilli mütəxəssisdir. O, ali tibbi təhsildən savayı, həm də dietologiya sahəsində xüsusi proqram üzrə ixtisaslaşır. Dietoloq qidalanma məsələləri üzrə ekspert olub, sağlam və müxtəlif xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün optimal rasionun tərtib olunması ilə məşğuldur.
Dietoloq hansı problemləri həll edir?
Adətən insanların əksəriyyəti çəkini azaltmaq və bədən quruşulunu pəhrizlə korreksiya etmək məqsədilə dietoloqa müraciət edirlər. Xəstəliyin müalicəsi spesifik dieta tələb etdikdə, həmin xəstələri dar ixtisaslı mütəxəssislər (qastroenteroloq, endokrinoloq, allerqoloq-immunoloq) dietoloqun konsultasiyasına yönəldirlər. Aşağıdakı hallarda dietoloqun konsultasiyası məsləhətdir:
- Piylənmə. Bədən çəkisinin normadan minimum 10% artıq olması patologiya sayılır. Belə insanlara dietoterapiya təyin olunmalıdır. Piylənmə zamanı xarici görünüşün pozulması ilə bərabər, daxili orqan xəstəliklərinin təzahürləri: təngnəfəslik, kürək və oynaq ağrısı, fiziki yüklənməyə qarşı dözümsüzlük müşahidə edilir. Bəzən xəstələri karbohidrat mübadiləsinin pozulmasına məxsus əlamətlər: susuzluq, sidik ifrazının tezləşməsi narahat edir.
- Hamiləlik. Hestasiya dövründə qadınlarda qida maddələrinə, vitamin və mikroelementlərə tələbat artır. Belə ki, onların bir hissəsi döl tərəfindən istifadə edillir. Bu maddələr orqanizmə qida ilə az daxil olduqda toksikoz güclənir, dırnaqlar sınır, əsəbilik, başgicəllənmə, baş və ayaq ağrıları meydana çıxır.
- Yaşlılar. 60-65 yaşdan yuxarı şəxslərdə metabolizmin zəifləməsi, onun həzm və ürək-damar sistemi xəstəlikləri ilə müştərəkliyi qida rasionunun korreksiyasına ehtiyac yaradır. Bu yolla orqanizmin əlavə yüklənməsi aradan qalxır. Dietoloq yaşlı insanların fiziki aktivlik dərəcəsini və mövcud xəstəlikləri nəzərə almaqla optimal menyu hazırlayır.
- Qida allergiyası. Bəzi məhsullarla qarşı yüksək həssaslıq aşkarlandıqda rasionla bağlı məhdudiyyətlər qoyulur. Pəhrizin pozulması qaşınma, səpgi, bronxial astma tutması ilə nəticələnə bilər. Ağır hallarda anafilaktik şok baş verir. Qida allergiyası olan şəxslər üçün dietoloq allergenlərin daxil olmadığı maksimal dərəcədə rəngarəng menyu seçir.
- İntensiv idman məşqləri. Daimi, ağır fiziki yüklənmələr zamanı bədən kiloqramlarına uyğun kalori qəbul etməlidir. Əzələ kütləsini artırmaq istəyən idmançıları xüsusilə vurğulamaq lazımdır. Dietoloq zülal, karbohidrat, vitamin və vitaminəbənzər maddələrlə zəngin balanslaşdırılmış menyu seçimində onlara kömək edir.
- Uşaq xəstəlikləri. Artıq çəkili uşaqlarda həzm, endokrin və immun sistemlərin patologiyalarının yaranma ehtimalı yüksəlir. 1-ci tip şəkərli diabet və mədə-bağırsaq problemlərinin rast gəlindiyi, o cümlədən tez-tez xəstələnən uşaqların valideynlərinə dietoloq ilə əlaqə saxlamaq tövsiyə olunur.
Həmçinin endokrin patologiyaların və həzm traktı xəstəliklərinin aşkarlandığı insanlara dietoloqun konsultasiyası lazımdır.
Dietoloq hansı xəstəlikləri müalicə edir?
Dietoloq digər ixtisaslı həkimlərlə əməkdaşlıq edərək, geniş spektrli xəstəliklərin müalicəsi ilə məşğul olur. Bura mədə-bağırsaq traktının (bağırsaq, qaraciyər, öd kisəsi, mədəaltı vəzi), endokrin vəzilərin, ürək-damar sisteminin və böyrəklərin patologiyaları aiddir:
- Həzm sisteminin xəstəlikləri: üzvi patologiyalar (qastroduodenit, xora xəstəliyi, pankreatit, öd daşı xəstəliyi), funksional pozğunluqlar (dispepsiya, qıcıqlanmış bağırsaq sindromu, öd yollarının diskineziyası)
- Maddələr mübadiləsinin pozğunluqları: piylənmə, müxtəlif metabolik problemlər, o cümlədən bəzi qida məhsullarına qarşı genetik mənşəli yüksək həssaslıq (fenilketonuriya, seliakiya)
- Endokrin xəstəliklər: 1 və 2-ci tip şəkərli diabet, İtsenko-Kuşinq xəstəliyi, hipertireoz, hipotireoz, diffuz toksiki zob
- Ürək-damar patologiyaları: ateroskleroz, birincili arterial hipertenziya, stenokardiya, miokard infarktından sonra reabilitasiya dövrü
- Sidik-ifrazat sisteminin xəstəlikləri: pielonefrit, qlomerulonefrit, sidik daşı xəstəliyi
- Allergik xəstəliklər: qida allergiyası, atopik dermatit, ekzema, bronxial astma.
Dietoloq həm də birləşdirici toxumanın sistem xəstəliklərinin (qırmızı qur deşənəyi, sklerodermiya, revmatoid artrit), iştah pozğunluğunun (anoreksiya, bulimiya), bədxassəli şişlərin (şüa və kimya terapiyadan sonra) müalicəsində iştirak edir. Ağır infeksion xəstəliklərdən sonra bərpa dövründə xəstələr üçün qidalanma sxemi tərtib edir.
Dietoloqun qəbuluna necə hazırlaşmalı?
Konsultasiya üçün xüsusi hazırlıq tələb olunmur. Sadəcə qəbuldan əvvəl şikayətləri formalaşdırmaq, xroniki xəstəliklər, dərman preparatları və qida məhsullarına qarşı allergiya barədə standart suallar barədə düşünmək məqsədəuyğundur. Yaxın keçmişdə aparılan laborator analizlərin cavabını pasiyentin özü ilə götürməsi məsləhətdir.
Dietoloq xəstəni necə müayinə edir?
İlkin gəlişdə dietoloq pasiyentin sağlamlıq vəziyyəti (boy, çəki göstəriciləri, fiziki yüklənməyə tolerantlıq, yanaşı xəstəliiklər, visseral piylənmə) barədə ətraflı məlumat toplayır. Bu, fərdi qidalanma planının hazırlanmasında mühüm əhəmiyyət kəsb edir. Dietoloqun ilkin konsultasiyası aşağıdakı mərhələlərdən ibarətdir:
- Anamnezin toplanması. Dietoloq xəstənin şikayətlərini dinləyir, əlamətlərin yaranma vaxtı və ardıcıllığını aydınlaşdırır. Həkim pasiyentin qida vərdişləri, gün ərzində neçə dəfə qidalanması ilə maraqlanır. Ailədə genetik xəstəliklərin olmasına və allerqoloji anamnezə xüsusi diqqət yetirilir.
- Fiziki müayinə. Xarici baxış zamanı dietoloq dərialtı piy toxumasının inkişafına, dərinin rənginə və çatların olmasına fikir verir. Sonra antropometrik göstəricilər müəyyən edilir: boy, çəki, döş qəfəsi, qarın və bud dairəsi ölçülür. Bu rəqəmlər əsasında bədən kütlə indeksi hesablanılır, bədən quruluşunun mütənasibliyi qiymətləndirilir.
Patoloji simptomatika ilə qarşılaşdıqda dietoloq pasiyenti laborator-instrumental müayinələrə istiqamətləndirir. Onların bir qismi ilkin gəlişdə yerinə yetirilir, digərləri üçün isə xüsusi hazırlıq (bağırsağın təmizlənməsi, müəyyən dərman maddələri və qida əlavələrinin qəbulunun kəsilməsi) tələb olunur. Adətən diaqnostik prosedurların siyahısına aşağıdakı üsullar daxil olur:
- Laborator analizlər. Qan və sidiyin ümumi analizi, venoz qan plazmasında qlükoza səviyyəsinin təyini bütün pasiyentlərə aiddir. Normadan kənaraçıxmalar aşkar edildikdə qanın genişləndirilmiş biokimyəvi analizi, qaraciyər sınaqları, koaquloqramma, C-reaktiv zülalın yoxlanılması göstərişdir.
- Qarın boşluğunun USM. Sonoqrafiya – qeyri-invaziv, təhlükəsiz müayinə metodudur. Onun köməyilə həzm sistemi orqanlarının struktur dəyişiklikləri, iltihabi ocaqlar, bağırsağın motorikasının dəyişməsi üzə çıxarılır.
- EKQ. Elektrokardioqramma – ürək fəaliyyətinin ekspress qiymətləndirmə üsuludur. Müayinə prosesində patoloji dişciklər, ürəkdaxili impulsların ötürülməsinin ləngiməsi izlənildikdə fonokardioqrafiya, exokardioqrafiya, EKQ və AT-nin sutkalıq monitorinqi aparılır.
Endokrin sistemin vəziyyətini öyrənmək üçün qanda əsas hormonların (kortizol, insulin, cinsi hormonlar, T3, T4) səviyyəsi yoxlanılır. Qida məhsullarına qarşı hiperhəssaslıq allerqosınaqlarla müəyyən edilir. Şübhəli hallarda dietoloq pasiyenti diabetoloq, immunoloq, kardioloq və digər mütəxəssislərin konsultasiyasına yönəldir.
Dietoloqun qəbulu ambulator şəraitdə keçir. İlkin konsultasiya əsnasında həyat üçün təhlükəli vəziyyətlər aşkarlandıqda təcili hospitalizasiya göstərişdir.
Fərdi dieta ilk gəlişdə seçilir, instrumental-laborator müayinələrin nəticəsi hazır olduqda pəhrizdə dəyişiklik aparıla bilər. Bədən çəkisinə nəzarət məqsədilə konsultasiyalar təkrarlanmalıdır.