Endokrinoloq

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 9636

Endokrinoloq kimdir?Endokrinoloq — endokrin patologiyaların diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan həkimdir. Aşağıdakı əlamətlərlə qarşılaşdıqda onun konsultasiyası mütləqdir:

  • İştah və maddələr mübadiləsinin pozulması. İştahın həddindən artıq artması fonunda çəkinin yüksəlməməsi, eləcə də qida qəbulundan imtina endokrin sistemin xəstəliklərinə şübhə doğurur. Şəkərli diabetin başlıca əlaməti bədən kütləsinin kəskin dəyişməsidir.
  • Ağrı sindromu. Pasiyentlərin əksəriyyəti müxtəlif intensivlikli baş ağrılarından şikayətlənir. Ürək nahiyəsində xoşagəlməz hissiyyat, kardialgiya adətən böyrəküstü vəzinin qapıq maddəsinin və qalxanabənzər  vəzinin patologiyalarına işarə edir. Kalsiumun konsentrasiyası dəyişdikdə əzələ və sümüklərdə küt ağrı yaranır.  
  • Dəri və onun artımlarının (saç, dırnaq, piy və tər vəziləri) dəyişməsi. Endokrin patologiyaların tez-tez rast gəlinən əlamətlərinə dəri örtüyünün nazilməsi, quruluğu, diffuz qabıqlanma, polimorf səpgilər aiddir. Bu zaman dırnaq lövhəciyi soyulur, qırılır, saçlar tökülməyə başlayır, hətta alopesiya müşahidə olunur.  
  • Dispeptik pozğunluqlar. Qanın elektrolit tərkibi dəyişdikdə çox zaman mədə-bağırsaq traktının motor-evakuator funksiyası pozulur, qəbizlik və yaxud ishal meydana çıxır. Xəstələri ürəkbulanma, qusma, köp, epiqastral nahiyədə ağırlıq və diskomfort hissi narahat edir.   
  • Reproduktiv funksiyanın pozulması. Qadınlarda yumurtalıqların disfunksiyası zamanı aybaşı siklinin müddəti dəyişir, cinsi həvəs azalır, amenoreya, sonsuzluq, hiperandrogeniya fonunda izafi tüklənmə baş verir. Kişilərdə isə cinsi zəiflik və ginekomastiya formalaşa bilər.   
  • Tez yorulma. Endokrin xəstəliklərin erkən təzahürlərinə daimi zəiflik və işləri əvvəlki qaydada yerinə yetirməyin mümkünsüzlüyü aiddir. Həmçinin yuxusuzluq, səbəbsiz həyəcan, yorğunluq, əsəbilik yarana bilər.

Həmçinin sidik ifrazının tezləşməsi, daimi susuzluq, virus və ya bakterial infeksiyalara meyllik, onların uzunmüddətli gedişi endokrinoloqun konsultasiyasına göstəriş sayılır. Sağlamlıq vəziyyətindən asılı olmadan 45-50 yaşdan sonra bütün insanlara endokrinoloq yanında profilaktik müayinə məsləhət görülür. Bu, xəstəliklərin ağırlaşmasının qarşısını almağa imkan verir.   

Endokrinoloq hansı xəstəlikləri müalicə edir?

Endokrinoloq həkimlərÜmumiyyətlə, endokrinoloq – daxili sekresiyaya cavab verən orqanların, yəni mərkəzi (hipofiz, epifiz, hipotalamus) və periferik (qalxanabənzər, qalxanabənzər ətraf, böyrəküstü, mədəaltı, cinsiyyət vəziləri) endokrin vəzilərin anatomik və funskional pozğunluqlarını müalicə edir. Aşağıdakı hallarda endokrinoloq  tibbi yardım göstərir:  

  • Qlükoza mübadiləsinin pozulması: 1 və 2-ci tip şəkərli diabet, hestasion diabet  
  • Qalxanabənzər vəzin disfunksiyası: tireotoksikoz, hipotireoz, kəskin və yarımkəskin tireoidit, endemik zob  
  • Böyrəküstü vəzilərin patologiyaları: böyrəküstü vəzinin kəskin və xroniki çatışmazlığı, İtsenko-Kuşinq xəstəliyi, adrenogenital sindrom  
  • Neyroendokrin vəzilərin xəstəlikləri: şəkərsiz diabet, prolaktinoma, panhipopituitarizm, akromeqaliya  
  • Cinsiyyət vəzilərinin patologiyaları: kişi və qadın sonsuzluğu, hirsutizm, ginekomastiya, aybaşı siklinik pozulması, klimakterik dəyişikliklər.  

Kalsium mübadiləsinin pozulması (hiperparatireoz, hipoparatireoz), piylənmə, vəzilərin xoş və bədxassəli şişlərində endokrinoloq tərəfindən peşəkar yardım mütləqdir.  

Endokrinoloqun qəbuluna necə hazırlaşmalı?

İlkin qəbul heç bir hazırlıq tələb etmir. Qanda qlükoza səviyyəsinin təyini ehtimal olunduqda, səhər yeməyindən imtina edilməlidir. Konsultasiyaya gələrkən yaxın keçmişdə aparılan analiz və müayinələrin cavablarını da götürmək məsləhətdir.  

Endokrinoloq necə müayinə edir?

Endokrinoloqun qəbuluİlkin konsultasiya zamanı həkim endokrinoloji xəstəliklər (müddəti, əlamətlərin yaranma ardıcıllığı, qəbul olunan dərmanlar) barədə hərtərəfli məlumat toplayır. Bu, laborator və instrumental müayinə üsullarını düzgün təyin etməyə, diaqnoz qoymağa imkan verir. İlkin qəbul aşağıdakı mərhələlərdən ibarətdir:

  • Anamnezin toplanması. Endokrinoloq pasiyentin şikayətlərini aydınlaşdırır: ağrı hissinin lokalizasiyasını dəqiqləşdirir, digər əlamətləri törədən faktorları və onların xarakterini müəyyənləşdirməyə çalışır. Həkim xəstədən yaxın qohumlarında şəkərli diabet, autoimmun tireoidit və digər irsi patologiyaların olmasını soruşur. Pasiyentdə allergik reaksiyaların yaranması ilə maraqlanır.  Qadınlarda ginekoloji anamnez (aybaşının xarakteri, hamiləlik, doğuş və abort sayı, reproduktiv orqanda keçirilən əməliyyatlar) ətraflı təhlil edilir.  
  • Fiziki müayinə. Ümumi baxış zamanı endokrinoloq dəri örtükləri (rəng, turqor, elastiklik, səpgi və s.), dırnaq və saçların vəziyyətinə diqqət yetirir. Pasiyentin boy və çəkisini ölçür. Müayinənin vacib mərhələsi limfa düyünləri və qalxanabənzər vəzinin palpasiyasıdır. Həmçinin həkim periferik arteriyalarda nəbzi yoxlayır. Qaraciyər və dalağın vəziyyətini qiymətləndirmək məqsədilə qarın nahiyəsini əllə müayinə edir.  

Bu mərhələlərin nəticələrinə əsasən endokrinoloq ən informativ müayinə üsullarını təyin edir. Bəzi üsullar birinci gəlişdə aparılır. Digərləri üçün xüsusi hazırlıq (ac qarnına yoxlamaq, bəzi dərman və qida məhsullarından müvəqqəti imtina) tələb oluna bilər. Müayinə planı hansı vəzinin zədələnməsindən asılı olaraq, aşağıdakı metodları özündə birləşdirir:  

  • Laborator analizlər. Endokrinoloq şəkərli diabetdən şübhələndikdə acqarnına qanda qlükoza səviyyəsi yoxlanılır, qlükozaya qarşı tolerantlıq testi keçirilir. Qanda şəkərin retrospektiv qiymətləndirilməsi üçün qlikozilləşmiş hemoqlobinin konsentrasiyası müəyyən edilir. Qanda əsas hormonların (kortizol, insulin, T3, T4, tireotrop hormon) miqdarının yoxlanılması da mütləq sayılır.  
  • Elektrokardioqrafiya. Kardioqrammanın qeydə alınması – ürək fəaliyyətini obyektiv dəyərləndirən sadə, qeyri-invaziv üsuldur. Aritmiya, dişciklərin dəyişməsi tireoid hormonların disbalansının, böyrəküstü vəzilərin fəaliyyət pozğunluqlarının əlaməti ola bilər. Differensial diaqnostika üçün EKQ və At-nin sutkalıq monitorinqi məsləhət görülür. 
  • Ultrasəs müayinəsi. Sonoqrafiyanın köməyilə endokrin vəzilərin quruluşu təhlil edilir. Qalxanabənzər vəzilərin ultrasəs müayinəsində hiperexogen sahələr, parenximanın qeyri-həmcinsliyi, orqanın sərhədlərinin dəyişməsi vizualizasiya olunur. USM-dən həmçinin böyrəküstü və cinsiyyət vəzilərinin şiş törəmələrini aşkarlamaq üçün istifadə edilir. Orqanlarda qan dövranını izləmək üçün dopplerometriya icra olunur.
  • Kompüter tomoqrafiya. Sonoqrafiyanın kifayət qədər informativ olmadığı hallarda KT təyin edilir. Bu üsul mərkəzi endokrin orqanların (hipofiz, hipotalamus) şiş xəstəliklərinin diaqnostikasında yüksək dəqiqliyi ilə seçilir. Hipotalamus-hipofiz-böyrəküstü vəzi sisteminin vizualizasiyası məqsədilə əlavə müayinə qismində MRT yerinə yetirilir.   

Həcmli törəmələrin histoloji analizi üçün qalxanabənzər və ya böyrəküstü vəzilərin nazik iynəli punksion biopsiyası aparılır. Mürəkkəb hallarda diaqnostika prosesinə digər mütəxəssislər: kardioloq, ginekoloq, revmatoloq cəlb olunur.  

Endokrin xəstəliklər adətən xroniki formada və əlamətlərin zəif proqressivləşməsi ilə getdiyindən ilkin konsultasiyadan sonra pasiyent çox nadir hallarda hospitalizasiya olunur. 

Aparılan müayinələrin nəticələri hazır olduqda endokrinoloq ikinci gəlişdə xəstəyə etiopatogenetik müalicə təyin edilir. Terapiyanın effektivliyinə nəzarət etmək üçün sonrakı konsultasiyaların tarixi fərdi qaydada seçilir. Gəlişlərin tezliyi xəstənin vəziyyətinin ağırlığından, fəsadların olmasından və orqanizmin müalicəyə reaksiyasından asılıdır.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: