Prolaktin
Prolaktin – hipofizin sintez etdiyi hormondur. Bu maddə süd vəzilərinin proliferasiyasını və süd ifrazını sürətləndirir. Kişilərdə və hamilə olmayan qadınlarda onun miqdarı minimumdur. Prolaktin hamilə qadının süd vəzilərini əmizdirmə dövrünə hazırlayır, bundan əlavə cinsi həvəsi artırır.
Qanda prolaktin 4 formada sirkulyasiya edir: kiçik (mikroprolaktin), böyük, qlikolizə uğrayan və makroprolaktin. Bu formalar arasında ən aktiv, eləcə də üstünlük təşkil edən forma mikroprolaktindir. Onun çatışmazlığı və ya normadan artıq olması cinsi funksiyalar və laktasiyanın pozulmasına gətirib çıxarır. Prolaktinin sintezi hipotalamus tərəfindən tənzimlənir. Bu proses estrogen, melatonin, tireoliberin, serotonin tərəfindən stimulə olunur. Prolaktin ifrazının blokatorları isə dopamin və progesterondur.
Prolaktin analizinə göstərişlər
Prolaktin səviyyəsi qan analizi ilə yoxlanılır. Onun köməyilə hipofizin fəaliyyəti qiymətləndirilir, sonsuzluq, cinsi funksiyaların pozulması, oliqomenoreya, amenoreya, disfunksional uşaqlıq qanaxmalarının səbəbi müəyyənləşdirilir. Prolaktin analizi həmçinin hipofiz şişi – prolaktinomaya şübhə yarandıqda təyin edilir. Bu törəmə şox zaman xoşxassəli olur. Lakin ölçüsü həddindən artıq böyüdükdə görmə sinirini sıxır, baş ağrısı törədir, görməni pozur, hipofizin digər hormonlarının sintezinə mane olur. Nəticədə qadınlarda sonsuzluq baş verir, kişilərdə isə cinsi funksiya zəifləyir. Bundan savayı prolaktinin yüksək səviyyəsi qalaktoreya – süd vəzilərindən maye ifrazı ilə nəticələnir.
Orqanizmdə kəskin iltihabi proseslər olduqda, süd vəzi travmaya uğradıqda prolaktin analizi təxirə salınmalıdır. Çünki belə hallarda analizin nəticəsi yanlış olur.
Prolaktin analizinə hazırlıq
Hormon analizi üçün qan səhər saatlarında (oyandıqdan 2 saat keçdikdən sonra), acqarnına götürülür. Prosedura hazırlıq standartdır: 2 gün əvvəl həkimlə məsləhətləşib, hormonal preparatların qəbuluna dayandırmaq lazımdır. Analizdən 1 gün qabaq spirtli içkilərdən, ağır fiziki yüklənmələrdən, stress amillərindən uzaq durmaq gərəkdir. Ümumi məhdudiyyətlərlə yanaşı spesifik qadağalar da mövcuddur. Analizdən 1 gün əvvəl intim yaxınlıq olmamalı, günəş vannası, hamam və sauna xidmətlərinə getməməli, multivitamin kompleks və bioloji əlavələrdən imtina edilməlidir.
Qanda prolaktin səviyyəsini təyin etmək üçün qan venadan götürülür. Sonra laboratoriyada sentrifuqalaşdırılır. Alınan zərdab hemilyüminessent immunoferment analizinin köməyilə təhlil edilir. Bu üsul yüksək həssaslığı və dəqiqliyi ilə seçilir. Analizin cavabı 1 günə hazır olur.
Prolaktinin norma səviyyəsi
Qanda prolaktin səviyyəsi pasiyentin yaşından, cinsindən, hamiləlik və laktasiya dövründən asılıdır. Həyatın ilk ilində həm qız, həm də oğlan uşaqlarında hormonun konsentrasiyası yüksək olur: qızlarda 4,4-633,9 mkBV/ml, oğlanlarda isə 6,4-612,7 mkBV/ml. 1-18 yaş arasında qızlarda bu göstərici 6,4-390,1 mkBV/ml, oğlanlarda isə 16,9-358,3 mkBV/ml arasında dəyişir. 18 yaşdan yuxarı kişilərdə normada prolaktinin qanda miqdarı 86-324 mkBV/ml, qadınlarda isə 102-496 mkBV/ml təşkil edir. Hamiləlik dövründə 8-ci həftədən etibarən qanda prolaktin səviyyəsi yüksəlir. 22-25-ci həftədə maksimuma çataraq, 34-36-cı həftəyə qədər bu səviyyədə saxlanılır. Doğuş qabağı isə azalır.
Hamilələrdə prolaktin üçün norma hormonal fonun göstəriciləri nəzərə alınmaqla, fərdi qaydada müəyyən edilir. Laktasiya dövründə hormonun konsentrasiyası fizioloji yolla artır. Bu rəqəm 4000 mkBV/ml-ə çata bilər. Həmçinin prolaktin gecə saatlarında, cinsi həyatdan sonra, qlükoza çatışmadıqda, ağır pəhrizlər zamanı yüksələ bilər.
Prolaktin səviyyəsinin yüksəlməsi
Qanda prolaktinin artması hiperprolaktinemiya adlanır. Ona əsasən hipotalamus və hipofizin patologiyalarında rast gəlinir. Hormon ifrazının güclənməsi bu vəzilərin şiş xəstəlikləri (əsasən prolaktinoma), infiltrativ xəstəliklər, arteriovenoz qüsurlar, hipofizin adenoması, kistalar, hipofizin ayaqcığının zədələnməsi zamanı baş verir. Revmatoloji patologiyalarda immun hüceyrələrində prolaktin sintezi artır, bu da onun konsentrasiyasında əks olunur. Böyrək xəstəliklərində prolaktinin yüksək səviyyəsi onun orqanizmdən xaric olunma prosesinin pozulması ilə bağlıdır.
Hiperprolaktinemiyaya endokrin sistemin əksər xəstəliklərində (birincili hipotireoz, polikistoz yumurtalıqlar sindromu, hipoqonadizm, böyrəküstü vəzin qabıq maddəsinin çatışmazlığı) təsadüf olunur. Simetidin, ranitidin, antipsixotik vasitələr, estrogen, danazol, furosemid, peridolla müalicə prolaktinin konsentrasiyasını artırır.
Prolaktin səviyyəsinin azalması
Qanda prolaktinin azalmasının başlıca səbəbi hipofizin funkional çatışmazlığıdır. Bu vəzinin fəaliyyətinin azalmasına Şihan sindromu, travma, əməliyyat, şüa terapiyası səbəb ola bilər. Həmçinin epilepsiya əleyhinə preparatlar, dofaminergetiklər, deksametazon, dopamin, apomorfin, nifedipin, rifampisin, siklosporin A hormonun səviyyəsini aşağı salır.
Prolaktin səviyyəsininn normaya salınması
Prolaktin səviyyəsi endokrinoloq və ya ginekoloq tərəfindən tənzimlənir. Fizioloji hiperprolaktinemiya bəzən öz-özünə normaya düşür. Bunun üçün kifayət qədər karbohidrat qəbul etmək, düzgün qidalanmaq, izahi fiziki yüklənmə və stress vəziyyətlərdən uzaq durmaq tövsiyə olunur. Prolaktin səviyyəsinin pozğunluğu xəstəliklə bağlı olduqda, fərdi qaydada müalicə tərtib edilir.