Qastroenteroloq

Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 2568

Qastroenteroloq kimdir?Qastroenteroloq — həzm sistemi xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan həkimdir. Qastroenterologiya geniş sahə olduğundan bu mütəxəssis hepatobiliar patologiyalardan yardım göstərən hepatoloq; yoğun və düz bağırsaq xəstəliklərini sağaldan proktoloq (koloproktoloq); mədəalltı vəzin xəstəliklərini müalicə edən pankreatoloq; endoskopist olaraq fəaliyyət göstərə bilər.  

Hansı əlamətlərlə qarşılaşdıqda qastroenteroloq ilə əlaqə saxlanılmalıdır?

Həzm sistemi xəstəliklərinin xarakterik əlamətləri aşağıdakılardır:  

  • Ağrı sindromu. Qarında yerləşən orqanların patologiyalarında ağrı epiqastral nahiyədə, sağ və ya sol qabırğa altında, göbək ətrafında lokalizasiya olunur. Bəzən ağrı yayılmış xarakter daşıyaraq, çiyin, kürək və sinəyə irradiasiya edir. Ağrı kəskin və kut olub, qida qəbulu ilə əlaqədar yaranır.  
  • Dispeptik pozğunluqlar. Qıcqırma, ürəkbulanma, qusma, gəyirmə, ağızda acılıq, iştahın zəifləməsi həzm prosesinin pozulmasından xəbər verir. Dispepsiya yeməkdən dərhal və yaxud bir müddət keçdikdən sonra meydana çıxır. Nadir hallarda qidaya qarşı ikrah hissi əmələ gəlir. 
  • Nəcis ifrazının pozulması. Həzm sistemi xəstəliklərində çox zaman nəcisin tezlik və konsistensiyası dəyişir. İshal və ya qəbizlik əksərən qarında köplə müşayiət olunur. Nəcis kütlələri köpüklü, qan qarışıqlı ola bilər.
  • Udqunma aktının pozulması. MBT-nin yuxarı şöbəsinin zədələnmələrinin spesifik əlaməti disfagiya – bərk, bəzi hallarda hətta yumşaq qidanın qəbulunun çətinləşməsi sayılır. Bu simptom qida borusu boyunca (boyun, döş sümüyü arxasında) ağrı, tüpürcək ifrazının artması, döş qəfəsində ağırlıq hissi ilə müştərək şəkildə gedə bilər.

Həmçinin sarılıq sindromu, qarını əllə yoxladıqda hiss olunan törəmələr qastroenteroloqun konsultasiyasına göstəriş sayılır.  

Qastroenteroloq hansı xəstəlikləri müalicə edir?

Qastroenteroloq qida borusu, mədə, nazik və yoğun bağırsaq, qaraciyər, mədəaltı vəzi, öd kisəsi və öd yollarının xəstəlikləri ilə məşğul olur:

  • İltihabi proseslər: ezofagit, qastrit, duodenit, enterit, kolit, pankreatit, xolesistit, hepatit.
  • Xoralı-nekrotik və destruktiv vəziyyətlər: mədə və onikibarmaq bağırsağın xorası, Mellori-Veys sindromu.
  • Motor-evakuator disfunksiya: qastroezofageal reflüks xəstəliyi, duodenoqastral reflüks, öd yollarının diskineziyası, qıcıqlanmış bağırsaq sindromu.  
  • Fermentopatiyalar və sekretor çatışmazlıq: axlorhidriya, seliakiya və maldigestiya, malabsorbsiya ilə müşayiət olunan digər xəstəliklər.   
  • Hiperplaziya, xoş və bədxassəli törəmələr: Menetrie xəstəliyi, mədə-bağırsaq polipləri, mədəaltı vəz, qaraciyət və MBT-nin digər orqanlarının xəstəlikləri.  
  • İnfeksion patologiya və disbiotik pozğunluqlar: mədə-bağırsaq traktının mikozları, helikobakterioz, disbakterioz, lyamblioz.  

Sadalanan xəstəliklərdən başqa abdominal orqanların sallanması (qastroptoz, splanxnoptoz), mübadilə-metabolik pozğunluqlar (öd daşı xəstəliyi), fibroz, sklerotik, distrofik proseslər (qaraciyərin fibroz və sirrozu, hepatoz, steatohepatit), sistem xəstəlikləri (mukovissidoz), postrezeksion pozğunluqlarda (postxolesistektomik sindrom) qastroenteroloq tərəfindən peşəkar yardım tələb olunur.  

Qastroenteroloq necə müayinə edir? 

İlkin konsultasiya zamanı qastroenteroloji xəstəlik (əlamətləri, gedişi, davamiyyəti)  haqqında hərtərəfli məlumat toplanılır, ilkin diaqnoz qoyulur. Bu proses aşağıdakı mərhələlərdən ibarətdir:  

  • Anamnezin toplanması. Qastroenteroloq əlamətlərin intensivliyini, lokalizasiya və yayılmasını aydınlaşdırır. Klinik təzahürlərlə qidalanma tərzi arasındakı əlaqəni dəqiqləşdirir. Xəstəliyin inkişafında stress faktoru, həyat tərzi, peşə fəaliyyəti və irsi meylliyin rolunu təhlil edir.  
  • Fiziki baxış. Qastroenteroloq dəri, saç və ağız boşluğunun selikli qişasının vəziyyətini qiymətləndirir. Dilin üzərinin ərplə örtülməsini, periferik limfa düyünlərinin böyüməsinə diqqət yetirir. Qarını palpasiya edərkən ağrı və bəzi patoqnomik əlamətləri (Şetkin-Blümberq, Ker, Ortner) dəyərləndirir.  

Aşkarlanan əlamətlərə əsaslanaraq, ən informativ laborator-instrumental üsullar təyin edilir. Bəzi müayinələr qəbul günü aparılır, digərləri üçün isə xüsusi hazırlıq tələb olunur. Müayinə planına adətən aşağıdakı üsullar daxildir:  

  • Laborator analizlər. Qanın ümumi analizi iltihab və ikincili anemiyanın əlamətlərini üzə çıxarır. Qanın biokimyəvi analizinin köməyilə qaraciyər  fermentləri (ALT, AST, qələvi fosfataza), sərbəst və birləşmiş bilirubin, xolesterin və lipoproteidlərin səviyyəvi müəyyən edilir. Sarılığı olan xəstələrdə sidiyin ümumi analizi və koproqramma mütləqdir. 
  • Qarın boşluğunun USM. Sonoqrafiya — yüksək informativliyi ilə seçilən qeyri-invaziv üsuldur. Onun vasitəsilə iltihabi və çapıq dəyişiklikləri, konkrementlər, irin və maye yığını, törəmələr aşkarlanır. 
  • Endoskopiya. MBT-nin selikli qişalarına vizual baxış iltihabi, xoralı-nekrotik proseslər, həcmli neoplaziyalar haqqında dəqiq məlumat əldə etməyə imkan verir. Qastroskopiya əsnasında qida borusu, mədə və onikibarmaq bağırsağın vəziyyəti qiymətləndirilir. Zərurət yarandıqda şübhəli sahələrdən bioptat götürülür.  
  • Rentgenoloji müayinə. Onlara qarın boşluğunun icmal rentgenoqrafiyası, retroqrad xolangiopankreatoqrafiya və s. aiddir. Ehtiyac olduqda müayinənin cavabları tomoqrafiya (MRT, MSKT) vasitəsilə dəqiqləşdirilir.  

Həzm sistemi orqanlarının sekretor və motor-evakuator funksiyasını dəyərləndirmək üçün qastroenteroloq qida borusu və mədədaxili pH-metriya, duodenal zondlanma, elektrofizioloji müayinə təyin edir.  

Kəskin simptomatik ilə qarşılaşdıqda qastroenteroloq xəstənin hospitalizasiya barədə qərar qəbul edir. Müayinənin nəticələrinə əsasən diaqnoz dəqiqləşdikdən sonra etiopatogenetik müalicə aparılır. Dərman prepartaları və növbəti gəlişin tarixi fərdi qaydada seçilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: