Qastroskopiya

Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 1197

Qastroskopiya nədir?Qastroskopiya – qida borusu və mədənin elastik fibroezofaqoqastroskop vasitəsilə müayinə üsuludur. Bu müayinə metodundan disfagiya, mədə-bağırsaq traktının yuxarı şöbələrindən qanaxma, qida borusunun və ya mədənin xora xəstəliyi zamanı, eləcə də polip və şişə şübhə yarandıqda istifadə olunur. Qastroskopiya qırtlağın yerli anesteziyası və ya medikamentoz yuxu altında yerinə yetirilir. Müayinə əsnasında turşuluq və helikobakter pilorinin təyini, sitoloji, histokimyəvi analizlər üçün material götürülür. Ehtiyac yarandıqda polip və strikturalar kəsilir. 

Qastroskopiya optik kamerası olan elastik borunun köməyilə aparılır. Bu isə minimal zədələnmə riski ilə mədə-bağırsaq traktının yuxarı hissəsini daxildən qiymətləndirməyə imkan verir.  

Qastroskopiya üsuluna göstərişlər

Qastroskopiya üsuluna göstərişlərPlanlı göstərişlərə qastroezofageal reflüks, disfagiya, retrosternal ağrı, ürəkbulanma, dispepsiya, dəmirdefisitli anemiya, kəskin arıqlama aiddir. Həmçinin klinik və ya rentgenoloji əlamətlər xərçəngə işarə etdikdə, diaqnozun dəqiqləşdirilməsi üçün qastroskopiya icra olunur. Atrofik qastrit və xora hallarında dinamik qastroskopiya məsləhət görülür.   

Qida borusu və ya mədədə yad cisim qaldıqda, qastroduodenal qanaxmalarda, qida borusu və yaxud mədə divarı deşildikdə təcili qastroskopiya olunmalıdır. Diaqnostik əhəmiyyəti ilə yanaşı qastroskopiyanın müalicəvi imkanları da vardır. Bu üsulla əksər xəstələrdə mədə qanaxması zamanı damarı koaqulyasiya etmək, polipi kəsmək, varikoz genişlənmiş venanı sklerozlaşdırmaq, liqaturaya almaq, çapıq strikturalarını aradan qaldırmaq mümkündür.  

Qastroskopiya müayinəsinə əks-göstərişlər

Qida borusunun stenozu və kimyəvi yanığı, fleqmonoz ezofagit, mediastinit, aortanın laylanan anevrizması, hemorragik diatez, miokard infarktı və ya insultun kəskin dövrlərində qastroskopiyanın aparılması qeyri-mümkündür. Onurğanın ifadəli deformasiyaları, iri ölçülü zob, ağır dərəcəli ürək-ağciyər çatışmazlığı, hemofiliya, psixi pozğunluqlar şərti əks-göstəriş hesab olunur.  

Qastroskopiya müayinəsinə hazırlıq

Prosedur acqarnına yerinə yetirilir. Sonuncu qida və su qəbulu ilə müayinə arasında 8-12 saatlıq fasilə olmalıdır. Təcili qastroskopiyadan əvvəl zonda mədə boşaldılır. MBT-nin rentgenokontrast müayinəsindən (mədə və qida borusunun rentgenoqrafiyası, nazik bağırsaq boyunca bariumun passajı) 2-3 gün keçdikdən sonra qastroskopiya aparıla bilər.  

Qastroskopiyanın aparılma qaydası

Qastroskopiyanın aparılma qaydasıMüayinədən əvvəl ağız-udlaq lidokain və yaxud ksilokain tərkibli aerozolla anesteziya edilir. Xəstənin istəyinə əsasən venadaxili anesteziya oluna bilər. Prosedura başlamaq üçün pasiyent sol böyrü üstə uzadılır. Dil və endoskopu dişləməmək üçün ağıza xüsusi vasitə qoyulur. Sonra endoskop ehtiyatla udlaq, qida borusu və mədəyə yeridilir.  

Büküşlərin aralanması və selikli qişanın daha aydın görünməsi üçün mədəyə az-az hava vurulur, selik və mədə şirəsi sorulur. Zərurət yarandıqda patoloji sahələrdən bioptat götürülür. Qastroskopiyadan sonra 1,5-2 saat ərzində qida qəbulu tövsiyə edilmir.  

Qastroskopiya üsulunun nəticələri

Normada müayinə zamanı mədənin selikli qişasın solğun-çəhrayı və ya çəhrayı rəngdə görünür. Ön divar parlaq hamar səthli, az selikli, arxa divar isə büküşlü quruluşa malik olur. Mədənin onikibarmaq bağırsaqla sərhədi (sfinktor) konus şəklində olub, sərbəst keçilir. Sfinktorun divarları yığıldıqda büküşlər ulduz şəkli alır. Qastrit hallarında hiperemiyalı, ödemli selikli qişa, selikaltı qansızma, qalınlaşmış büküşlər, çoxlu miqdarda selik aşkarlanır. Atrofik qastrit üçün selikli qişanın solğunlaşması, büküşlərin hamarlaşması və nazilməsi xarakterikdir. 

Mədə xorasında yastıqcıqlarla əhatələnmiş krater müəyyən edilir. Onun dib və divarları al-qırmızı rəngdə olub, səthi selikli, fibrinoz və ya irinli ərplə örtülür. Çapıqlaşdıqdan sonra xora ağımtıl ləkə kimi görünür. Maliqnizasiyaya uğrayan xoranın səthi nahamar, divarları düyünlü olur. Mədə xərçəngində büküşlər hamarlaşır, selikli qişa bozumtul-ağ çalar əldə edir.  

Qastroskopiyanın ağırlaşmaları

Müayinənin fəsadları anesteziya və ya aparılma texnikası ilə bağlı ola bilər. Birinci halda mənfi təsirlər keyidici preparata qarşı yüksək həssaslıq, mədə möhtəviyyatının aspirasiyası və s. ilə əlaqədar ola bilər. Onlara allergiya, anafilaksiya, aspirasion pnevmoniya, tənəffüs çatışmazlığını misal göstərmək olar.  

Texniki cəhətdən yaranan ağırlamalara endoskopun kobud tərzdə yeridilməsi və yaxud prosedur zamanı pasiyentin qeyri-adekvat davranışı səbəb olur. Belə hallar udlağın yaralanmasına, qida borusu və mədənin deşilməsi ilə nəticələnə bilər. But tip ağırlaşmalar təcili cərrahi müdaxilə tələb edir. Selikli qişanın çat və əzilmələrində konservativ tədbirlər: pəhriz, sakitlik rejimi, defektlərin medikamentoz işlənməsi kifayətdir. 

Müayinənin düzgün aparılması üçün mütləq peşəkar qastroenteroloqa müaraciət edin.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: