Spermoqramma

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 9319

Spermoqramma nədir?Spermoqramma – eyakulyatın göstəricilərini qiymətləndirilmə üsuludur. Onun köməyilə spermanın fertilliyi haqqında məlumat əldə edilir. Spermoqramma əsasən 3 məqsədlə aparılır: cütlüklər hamiləlik planlaşdırdıqda; uşağı olmayan ailələrdə sonsuzluğun kişi faktorunu aşkar etmək üçün; süni mayalanma prosesinə hazırlaşdıqda. Bu üsulla spermanın fiziki göstəriciləri (rəng, həcm, pH, qatılıq), say xarakteristikası (1 ml eyakulyatda və onun tam həcmində spermatozoidlərin sayı, hərəkiliyi), morfologiya (normal və patoloji formaların olması), aqqlütinasiya, eritrosit, leykosit və selik təhlil edilir. Spermoqramma üçün eyakulyat masturbasiya yolu ilə alınır, steril və hermetik qapalı qaba yığılır. Prosedurdan 2-5 gün əvvəl cinsi əlaqədən çəkinmək lazımdır.  

Spermoqramma haqqında ümumi məlumat

Spermoqramma analiziSpermoqramma – spermanın keyfiyyət və kəmiyyət göstəricilərini xarakterizə edir. Bu üsul spermatogenezin vəziyyətini, cinsiyyət vəzilərinin funksiyasını və cinsi hüceyrələrin mayalandırma qabiliyyətini dəyərləndirməyə imkan verir. Müayinə prosesində toxum mayesinin ümumi xüsusiyyətləri öyrənilir, nativ preparatların mikroskopiyası aparılır. Göstərişlərə əsasən spermanın bakterioloji, biokimyəvi, immunoferment, sitogenetik analizi yerinə yetirilir.  

Spermoqrammanın nəticələrinin normadan kənar olması kişinin keçirdiyi müxtəlif xəstəliklərlə bağlıdır. Onlara parotit, endokrinopatiyalar (hipoqonadizm), xayalığın travması, varikosele, prostatit, vezikulit və s. Spermoqramma andrologiyada kişi sonsuzluğunun diaqnostikasının və eləcə də sağlamlığın monitorinqinin ayrılmaz hissəsi hesab olunur.   

Spermoqramma üsuluna hazırlıq və materialın götürülməsi

Qeyd etdiyimiz kimi analizdən ən azı 2-3 gün qabaq intim yaxınlıqdan imtina olunmalıdır. Lakin bu məhdudiyyət 7 günü ötməməlidir. Belə ki, analizdən əvvəl cinsi əlaqəyə girən kişinin spermasının ümumi həcmi və oradakı spermatozoidlərin sayı aşağı olur. 1 həftədən artıq müddətdə cinsi həyat yaşamayan kişidə isə spermatozoidlərin hərəkəti pisləşir, anomal hüceyrələrin miqdarı artır. Müayinəyə hazırlıq mərhələsində spirtli içki, dərman vasitələri, hamam və sauna təxirə salınmalıdır. 

Spermoqramma üçün eyakulyat xaric etməzdən əvvəl sidik kisəsi tam boşaldılmalıdır. Toxum mayesini yığarkən prezervativdən istifadə etmək olmaz, çünki onun daxili spermisid vasitələrlə işlənilir. Həmçinin ev şəraitində yarımçıq cinsi akt əsnasında spermanı toplamaq məsləhət deyil. Belə hallarda eyakulyata vaginal selik, mikroflora, qadının hüceyrə elementləri qarışa bilər.  

Spermanın müayinəsinə eyakulyatın yığılmasından dərhal sonra başlamaq məqsədəuyğundur. Müxtəlif səbəblərdən klinikada analiz vermək alınmadıqda, evdə spermanı xaric edib, 30-60 dəqiqə ərzində laboratoriyaya çatdırmaq olar. Aneyakulyasiya və ya aspermiya zamanı xayalıq biopsiya olunur, sperma bu yolla əldə edilir.

Spermoqrammanın makroskopik göstəriciləri

Spermoqrammaya hazırlıqSpermoqramma analizində eyakulyatın makroskopik göstəriciləri qiymətləndirilir. Sonra sperma mikroskop altında yoxlanılır. Normada toxum mayesinin həcmi 3-5 ml təşkil edir. Toplanılan spermanın ümumi həcminin 2 ml-dən az olması prostat vəzi və toxum qovuqcuqlarının hipofunksiyasına şübhə törədir. Eyakulyatın həcminin normadan artıqlığı isə bəzi hallarda vezikulit və prostatitlə bağlıdır.  

Spermanın normal rəngi ağ, ağımtıl-boz və ya azacıq sarıya çalandır. Cinsiyyət orqanının travması, prostatitin kalkulyoz forması, xroniki vezikulitlə əlaqədar spermaya qan qarışdıqda onun rəngi qızara bilər. Bəzi dərman vasitələri, vitaminlər və qidaların qəbulu, eləcə də hepatit xəstəliyi fonunda eyakulyat sarı çalar alır. Spermanın pH-ı normada 7,2-7,8 arasında dəyişir. Bu göstəricidən kənaraçıxmalar adətən prostat, toxum qovuqcuqları və bulbouretral (Kuper) vəzilərin iltihabına dəlalət edir.   

Spermanın durulaşma müddəti 60 dəqiqədən çox olmamalıdır. Bu zaman göstəricisinin artması vəzilərin xroniki iltihabı və yaxud ferment çatışmazlığına işarədir. Belə hallarda spermatozoidlər hərəki qabiliyyətini itirir. Onlar uşaqlıq yolunun turş mühitində çox qaldığından uşaqlığa keçmə ehtimalı azalır. Nəticədə mayalanma şansı aşağı düşür. Spermoqrammanın bu normativi spermanın fertilliyinin birbaşa göstəricisidir.  

Spermoqramma analizində eyakulyatın qatılığı iynə və ya pipetdən sallanan spermanın əmələ gətirdiyi sapın uzunluğuna əsasən müəyyən edilir. Normada bu rəqəm 0,5 sm-i keçməməlidir. 

Adətən eyakulyatda selik izlənilmir və ya cüzi miqdarda müşahidə edilir. Seliyin artması cinsiyyət vəzilərinin iltihabı nəticəsində baş verir.  

Spermoqrammanın mikroskopik göstəriciləri  

Spermatozoidlərin konsentrasiyası 1 ml-də təyin edilir. Norma göstərici 20 milyon/ml və daha artıqdır. Onun azalmasına (oliqozoospermiya) əksərən cinsi hormonların çatışmazlığı, orxit, immun və ya metabolik disbalans səbəb olur. Spermanın bu göstəricisi süni mayalanmaya hazırlıq mərhələsində nəzərə alınır. Konsentrasiyanın 120 milyon/ml-dən çox olması (polizoospermiya) zamanla oliqozoospermiyaya keçə bilər. Belə hallara yol verməmək üçün mütləq androloqun nəzarəti altında qalmaq lazımdır.  

Spermoqrammanın ən vacib göstəricilərindən biri spermatozoidlərin hərəki qabiliyyətidir. Hərəkətliyindən asılı olaraq onlar aşağıdakı qruplara bölünür: düz xətt üzrə irəli hərəhət edən aktiv forma (A); düz xətt boyunca zəif tərpənənlər (B); passiv şəkildə hərəkət edənlər (С); hərəkətsiz (D, akinozoospermiya). Normada spermatozoidlərin hərəkiliyi – A tipi üçün > 25%, A+B qrupunda > 50%, С+D < 50% təşkil edir. Həkimlər cinsi hüceyrələrin hərəkətinin azalmasını (astenozoospermiya) varikosele, cinsiyyət vəzilərinin iltihabı, toksiki və şüa təsirləri, ureaplazmoz ilə əlaqələndirirlər.   

Spermoqrammanın morfoloji göstəriciləri  

Spermatozoidlərin morfologiyasının təhlili, yəni spermoqrammada normal quruluş və mayalandırma qabiliyyətinə malik hüceyrələrin təyini təbii yolla mayalanmanın mümkünlüyünü müəyyən edir. Xayalığın patologiyaları və ya stress zamanı mayalanmaya yararlı spermatozoidlərin sayı 20%-dən az olur (teratozoospermiya).  Eyakulyatda canlı spermatozoidlərin nisbəti 50%-dən yuxarı olmalıdır. Spermoqramma analizində spermatozoidlərin 50%-dən çox hissəsinin ölü olduğu aşkarlandıqda, belə vəziyyət nekrospermiya adlanır. Ona gətirib çıxaran faktorlar morfoloji natamamlıqla eynidir.

Normada eyakulyatda az sayda (2%) epitel hüceyrələri izlənilir. Onlar toxum kanalcıqlarını bürüyən toxumanın qalıqlarıdır. Spermoqramma analizində epitel hüceyrələrinin həddindən artıq tapılması sekretor tip kişi sonsuzluğu üçün xarakterikdir. Normal spermoqrammada spermaqqlütinasiya (spermatozoidlərin yapışması) izlənilmir. Aqqlütinasiya testinin müsbət olması iltihabi və ya autoimmun proseslərdən xəbər verir. Bu zaman cinsi hüceyrələrin hərəkətliliyi azalır.  

Spermoqrammada leykositlər hər zaman aşkarlanır. Bu göstərici normada 10*6/ml-dir. Leykositlərin çoxalması iltihabla – prostatit, orxit, vezikulit, uretritlə izah olunur. 

Spermada eritrositlərin tapılması həyəcan doğuran əlamətdir. Ona şiş xəstəlikləri, travma, kalkulyoz prostait, vezikulit və digər patologiyalarda təsadüf edilir. 

Ümumilikdə, spermoqrammanın nəticələri androloq tərəfindən qiymətləndiriir və ona uyğun müalicə üsulu seçilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: