Baldır ağrısı

Oxuma vaxtı: 17 dəq Oxunma sayı: 15292

Baldır ağrısı nədən yaranır?Baldır ağrısı – qamış və incik sümüklərində, yumşaq toxumalarda, damar və sinirlərdə gedən patoloji proseslərdən xəbər verir. Ağrı qısamüddətli, daimi, periodik, kəskin, küt, zəif və intensiv ola bilər. Ağrının səbəbini müəyyən etmək üçün rentgenoqrafiya, USM, KT, MRT və digər müayinələr aparılır. Diaqnoz təsdiqlənənə qədər sakitlik rejimi və ağrıkəsici preparatlar məsləhət görülür.  

  • Baldır ağrısının səbəbləri
  • Diaqnostika
  • Müalicə

Baldır ağrısının səbəbləri

Travmatik zədələnmələr zamanı baldır ağrısı

Baldır ağrısının müalicəsiBaldır nahiyəsi adətən zərbədən sonra əzilir. Bu zaman meydana çıxan qısamüddətli, güclü ağri tezliklə zəifləyir və kütləşir. Əzilmə nahiyəsində şişkinlik və qansızmalar müşahidə olunur. Ağrı ilə əlaqədar hərəkət bir qədər məhdudlaşır. Bəzən isə insan axsayır.

Hematoma yaranma mexanizmi və klinik təzahürlərə görə əzilməni xatırladır. Sadəcə belə vəziyyətlərdə ağrı sıxıcı və deşisi olur. Bu, yumşaq toxumalarda qanın toplanması ilə əlaqədardır. Hematomanın əzilmədən əsas fərqi uzun müddət saxlanılan məhdud şişkinlik və yaxud flüktuasiya sahəsidir. Adətən dəridə qançır aşkarlanır.  

Axilles vətərinin zədələnməsi zərbə və yaxud kəsikdən baş verən şiddətli ağrı hissi ilə təzahür edir. Ağrı aşıq-baldır oynağından azacıq yuxarıda baldırın arxa səthində yaranır. Müayinə zamanı şişkinlik və ağrı izlənilir. Vətər tam cırıldıqda pəncəni bükmək mümkün olmur. Hissəvi cırılmada isə pəncə məhdud formada bükülür. Ayağın dayaq funksiyası əhəmiyyətli dərəcədə çətinləşir.  

Baldır sümüklərinin sınıqlarına yüksək enerjili təsirlərdən (hündürlükdən tullanma, avtomobilin bamperinin zərbəsi, istehsalat qəzaları) sonra rast gəlinir. Sınıqlar kəskin ağrı ilə özünü büruzə verir. Travma anında şaqqıltı eşidilə bilər. Baldır sümüklərinin sınıqları əsasən 2 formaya bölünür:

  • Qamış sümüyünün sınıqları. Zərbə və yıxılma nəticəsində baş verir. Adətən incik sümüyünün sınığı ilə müştərək formada qeydə alınır. Dözülməz ağrı, şişkinlik, ətrafın deformasiyası, yayılmış hematoma, krepitasiya, patoloji hərəkətlilik ilə müşayiət olunur. Dayaq funksiyası itirilir, hərəkət kəskin ağrı törədir.  
  • İncik sümüyünün izoləolunmuş sınıqları. Birbaşa zərbə zamanı formalaşır. Zədə nahiyəsində qançır və lokal ödem aşkarlanır. Ağrı mülayim olsa da, sınan hissəyə toxunduqda kəskin artır. Sınıq əzələlərlə örtülü olmadan zonada baş verdikdə pillə aşkar edilir. Ətrafın dayaq funksiyası cüzi pozulur.  

İltihabi xəstəliklərdə baldır ağrısı

Baldır ağrısının səbəbləriBaldır əzələlərinin mioziti intensiv idman məşqləri, uzunmüddətli piyada gəzintiləri fonunda inkişaf edir. Miozit əzələ boyunca yayılan sızıltılı ağrılarla təzahür edir. Əzələni əllədikdə və gərginlik halında ağrı xeyli artır. Bəzən əzələ toxumasının diffuz bərkiməsi, hiperemiya və ödem müəyyən edilir.   

Ayağın arxa səthində aşıq-baldır oynağından üstdə yaranan ağrıya axilles vətərinin iltihabı səbəb olur. Tendinit zamanı maskimal ağrı zonası axilles vətərinin birləşdiyi nöqtədən 3-6 sm yuxarıda yerləşir. Peritendinitdə isə ağrı bütün vətər boyunca yayılır. Başlanğıcda ağrı sindromu yüklənmənin ilk dəqiqələrində əmələ gəlir, tədricən güclənərək, uzun müddət davam edir. Sonralar hətta sakitlik vəziyyətində və gecə saatlarında da ağrı müşahidə olunur.  

Qamış sümükləri əksərən deformasiyaedici osteitdə zədələnir. Dərin ağrılar zədə nahiyəsində lokalizasiya olunur. Daimi, küt və sızıltılı ağrılar bir neçə ay davam edir. İstirahətdən sonra ağrı artır. Xəstə ətraf əyilə bilər. Patoloji ocaq oynağa yaxın yerləşdikdə osteoartrit inkişaf edir.   

Sümük infeksiyalarında baldır ağrısı

Aseptik periostit adətən qamış sümüyünün ön səthində, yumşaq toxumaların kiçik həcmdə olduğu sahələrdə yaranır. Periostit əzilmədən sonra meydana çıxır, mülayim ağrı və şişkinlik ilə xarakterizə olunur. Sümüyü palpasiya etdikdə ağrı güclənir. Bəzən mayenin toplanması, şiddətli ağrı və zədə nahiyəsində qabarıqlığın formalaşması ilə gedən seroz iltihab müşahidə edilir.  

İrinli periostit yumşaq toxumaların infeksion xəstəliklərinin nəticəsi sayılır. Ona iltihab ocağının proyeksiyasında təsadüf olunur. Ağrılar sürətlə artan, pulsasiyaedici olub, toxunma zamanı güclənirlər. Xəstələrdə həmçinin qızdırma, titrətmə, halsızlıq, əzginlik, ətrafda şişkinlik izlənilir. Bu narahatlıqlarla əlaqədar gecə yuxusu da pozulur. 

Hematogen osteomielit çox vaxt qamış sümüyünü zədələyir. Patologiya uşaqlarda inkişaf edir. 50% hallarda travma və ümumi infeksion xəstəliklərdən sonra yaranır. Osteomielit ağır dərəcəli hipertermiya və titrətmə ilə başlayır. Onların fonunda bir neçə saat və yaxud 1-2 gündən sonra intensiv ağrı sindromu meydana çıxır. Hətta cüzi tərpəniş şiddətli ağrı törətdiyindən xəstələr sakit vəziyyətdə uzanmağa çalışırlar.  

Bir sıra hallarda hematogen osteomielit müaliyim ağrı sindromu və yerli simptomatikanın üstünlüyü ilə qənaətbəxş gedişə malik olur. Bəzən xəstələrdə sayıqlama və ümumi vəziyyətin ağır dərəcəli pozğunluqları qeydə alınır.  

Yumşaq toxumaların infeksiyalarında baldır ağrısı

Yumşaq toxumaların infeksion zədələnmələrində ilk saatlarda ağrı sıxıcı olur. Toxunduqda, ayağı aşağı saldıqda ağrı güclənir. İrinliyin törətdiyi narahatlıqlardan yuxu pozulur. Zədələnmə zonasında şişkinlik, hiperemiya, lokal hipertermiya aşkar edilir.  

Ümumi vəziyyətin pozulma dərəcəsi irinli prosesin yayılmasından asılıdır: yüngül halsızlıqdan tutmuş ifadəli intoksikasiya sindromuna qədər müşahidə oluna bilər. 

Lokal baldır ağrısı furunkul zamanı yaranır. Karbunkul, abses və fleqmona hallarında isə seqmentin böyük bir hissəsinə yayılan intensiv ağrı sindromu formalaşır.

Arteriya xəstəliklərində baldır ağrısı

Bəzən baldır ağrısı arteriyaların xəstəlikləri ilə bağlı olur. Obliterasiyaedici endarteriitdə ağrı sindromu əvvəlcə yalnız uzun (1 km-dən çox) məsafəni qət etdikdə meydana çıxır. Ağrı baldır əzələlərində lokalizasiya olunaraq, fasiləli axsama törədir. Xəstə hərəkət edərkən arabir dayanmağa məcbur qalır. Gələcəkdə bu fasilələr tezləşir. Son mərhələlərdə ağrı sakit vəziyyətlərdə də müşahidə olunur, trofiki xoralar əmələ gəlir, qanqrena inkişaf edir.  

Obliterasiyaedici ateroskleroz ağrı sindromunun xarakter və yaranma şəraitinə görə obliterasiyaedici endarteriiti xatırladır. Lakin cavanlarda deyil, yaşlılarda aşkarlanır, daha qənaətbəxş gedişə malik olur. Yalnız 14% xəstələrdə patologiya sürətlə inkişaf edərək, ağır trofiki pozğunluqlar və sakitlik halında da meydana çıxan ağrılarla xarakterizə olunur. Digər hallarda ağrı uzun müddət eyni səviyyədə qalır və yaxud fəsillə bağlı kəskinləşmələr zamanı güclənir.   

Vena və limfa düyünlərinin xəstəliklərində baldır ağrısı

Baldır ağrısının ən geniş yayılmış səbəblərindən biri varikozdur. Başlanğıcda ağrılar cüzi, küt, lokal və qısamüddətli olub, günün sonuna yaxın yaranır. Uzun müddət vertikal vəziyyətdə dayandıqda ayaqlarda ağrı və ağırlıq hissi əmələ gəlir. Zaman keçdikcə ağrı sindromu uzunmüddətli formaya keçir, cüzi yüklənmələrdən sonra yaranaraq, ətrafların şişkinliyi ilə müşayiət olunur. Son mərhələdə ağrılar davamlı olub, gecə qıcolmaları, şişkinlik, hiperpiqmentasiya və trofiki pozğunluqlarla birgə rast gəlinir.  

Baldırın səthi venalarının kəskin flebiti çox vaxt varikoz xəstəliyində inkişaf edir. Patologiya tez proqressivləşən ağrılarla, vena boyunca hiperemiya zolaqları ilə təzahür edir. Vena bərkiyir və palpasiyada ağrılı olur. Xroniki flebitdə əlamətlər zəifləyir, ağrı residivləşən xarakter alır. Dərin venalar zədələndikdə dəridə qırmızı zolaq izlənilmir, ağrı toxumaların dərinliyində lokalizə olunaraq, ifadəli ödem və ümumi hipertermiya ilə müştərəkləşir.  

Tromboflebitə bir qayda olaraq, yuxarı ⅓ seqmentin varikoz venalarında rast gəlinir. Bu zaman vena proyeksiyasında kəskin ağrı, qırmızı zolaq müşahidə edilir. Yeridikdə ağrı güclənir. Xəstələrin ümumi vəziyyəti pozulur. Dərin venaların trombozunda şiddətli ağrı ödem, ətrafın avazıması və səthi venaların şişməsi ilə müşayiət olunur.

Limfedema üçün daimi baldır ağrısı, ayaqlarda ağırlıq və həddindən artıq şişkinlik xarakterikdir. Birincili limfedemada ağrı və ödem tədricən periferik istiqamətdə (buddan baldıra) yayılır. İkincili limfedema isə bu əlamətlərin mərkəzə doğru (pəncədən baldıra) yayılması ilə səciyyələnir. Baldırın palpasiyası ağrısız olur.   

Onkoloji patologiyalarda baldır ağrısı

Baldır sümüklərinin xoşxassəli şişləri zəif böyümə, dəqiq lokalizasiyası olmayan qeyri-intensiv ağrılarla xarakterizə edilir. Osteoid-osteoma və osteoblastoma istisna hal sayılır. Sadalanan xəstəliklərdə ağrı kəskin və intensiv xarakter daşıyır. Xondromalar adətən qamış sümüyünü zədələyir. Osteoxondromalar isə daha çox incik sümüyündə aşkarlanır, ağrı sindromu baldırın yuxarı ⅓ hissəsində lokalizasiya olunur.

Bədxassəli neoplaziyalarda ağrı əvvəlcə qeyri-müəyyən və küt olur. Sonralar sürətlə proqressivləşərək, daimi, intensiv və üzücü forma alır. Belə ağrılar ancaq narkotik analgetiklərlə aradan qalxır. Ümumi vəziyyət pisləşir, törəmə olan hissədə ödem, şişkinlik və deformasiya müşahidə edilir. Osteogen sarkoma zamanı ağrı diz və yaxud aşıq-baldır oynağı yaxınlığında, xondrosarkomalarda isə baldırın yuxarı hissəsində formalaşır.  

Nevroloji səbəblərdən baldır ağrısı

Bəzən baldır ağrısı nevroloji patologiyalarla bağlı olur. Yandırıcı ağrı ayağın hər hansı bir hissəsində və yaxud bütün aşağı ətraf boyunca müşahidə olunur. Xəstələr ağrı ilə yanaşı, hissiyyatın pozulmasından və ayağın taqətsizləşməsindən şikayət edirlər. Baldır ağrısının əsas nevroloji səbəbləri aşağıdakılardır:  

  • Kökcük sindromu. Onurğanın travmasından sonra, eləcə də bir sıra degenerativ xəstəliklərdə yaranır. Zədələnmə zonası kökcükdən asılıdır. Ayaq ağrısı kürəkdə ağrı hissiyyatı ilə müştərəkləşir. Kəskin hərəkətlər, gülüş, öskürək və asqırma ağrı törədir.  
  • Bud sinirinin nevropatiyası. Ağrı baldırın ön daxili səthində yaranır, diz oynağını açdıqda daha da artır.  
  • İncik sinirinin nevropatiyası. Ağrı baldırın xarici səthində (əsasən aşağı ⅓ seqmentində) formalaşır, əyilib-qalxdıqda güclənir.  
  • Qamış sinirinin nevropatiyası. Travma mənşəli patologiyalarda xəstələri baldırın arxa  hissəsində yandırıcı ağrılar narahat edir. Tarzal kanal sindromunda pəncə ağrısı və onun baldır əzələsinə irradiasiyası qeydə alınır.  
  • Oturaq sinirin nevropatiyası. Ağrı sağrıdan bud və baldırın arxa səthinə yayılaraq, pəncədə bitir. Ağrı kəskin olub, xəncər yarasını xatırladır.  

Baldır ağrısının diaqnostikası

Baldır ağrısı ilə pasiyentlər ilk növbədə travmatoloqa müraciət edirlər. Göstərişlər əsasında pasiyent cərrah, nevroloq və digər mütəxəssislərin konsultasiyasına yönəldilir. Müayinə planına aşağıdakılar daxildir:

  • Sorğu. Həkim ağrının ilk dəfə nə zaman və hansı şəraitdə yarandığını aydınlaşdırır. Onun xarici faktorlarla əlaqəsini müəyyənləşdirir. Xəstənin digər şikayətlərini təhlil edir.  
  • Fiziki müayinə. Mütəxəssis ətrafın vəziyyətini qiymətləndirir, ödem, hiperemiya və digər patoloji dəyişiklikləri nəzərdən keçirir. Damar xəstəliklərindən şübhələndikdə pəncə arteriyalarının pulsasiyasını yoxlayır. Nevroloji simptomatikaya rast gəlindikdə nevroloji baxış tələb olunur.  
  • Baldırın rentgenoqrafiyası. Bərk strukturların zədələnməsində baza müayinə sayılır. Onun köməyilə sınıqlar, sümük toxumalarındakı dəyişikliklər, periossal törəmələr və s. üzə çıxarılır.  
  • KT və MRT. Rentgenoqrafiyanın nəticələri informativ olmadıqda diaqnostikanın yekun mərhələlərində təyin edilir. Bu üsullarla müalicə üsulu (konservativ və ya cərrahi) dəqiqləşdirilir. Tomoqrafiya patoloji ocağın lokalizasiyasını, ölçü və strukturunu dəqiqləşdirməyə imkan verir.
  • USM. Damar xəstəliklərində doppleroqrafiya aparılır. Ultrasəs müayinəsində damarların vəziyyəti, qan axınının sürəti, obliterasiya və ya genişlənmə sahələri müəyyən edilir.  
  • Elektrofizioloji müayinələr. Nevroloji ağrılarda elektromioqrafiya, elektroneyroqrafiya, elektroneyromioqrafiya təyin edilir. Onların sayəsində sinir kötüyünün zədələnmə səviyyəsi, sinir və əzələlərin vəziyyəti yoxlanılır.  
  • Laborator analizlər. İltihabi proseslərin qiymətləndirilməsi, sistem patologiyalarında orqanizmin vəziyyətinin qiymətləndirilməsi məqsədilə aparılır.  

Baldır ağrısı zamanı müalicə 

Diaqnoz qoyulana qədər yardım

Yüngül travma və qeyri-travmatik zədələnmələrdə sakitlik rejimi və ayağı hündürə qaldırmaq məsləhət görülür. Baldır sınıqlarında şina və yaxud əl altında olan vasitələrlə müvəqqəti immobilizasiya tələb olunur. Ayaq pəncədən baldırın yuxarı ⅓ hissəsinə qədər fiksasiya edilir. Zərərçəkənə analgetik verilir. İfadəli iltihab əlamətləri ilə müşayiət olunmayan qeyri-travmatik genezli ağrılarda yerli təsirli ağrıkəsicilər istifadə edilə bilər. İntensiv ağrı sindromunda, ümumi vəziyyət pozulduqda mütəxəssisin baxışı mütləqdir. 

Konservativ terapiya

Baldır sınıqlarında əvvəlvə blokada, sonra isə skelet dartılması ilə fiksasiya edilir. Digər xəstəliklərdə və zədələnmələrdə patologiyanın ağırlıq dərəcəsindən asılı olaraq, gips longet qoyulur. Əsasən xəstələrdə aşağıdakı üsullar tətbiq edilir:  

  • Medikamentoz terapiya. Preparatların siyahısı xəstəliyin etiologiya və əlamətlərinə əsasən tərtib olunur. İntensiv ağrılarda analgetiklər təyin edilir. İrinli proseslərdə antibiotiklərin qəbulu mütləqdir. Damar patologiyalarında antiaqreqantlar, antikoaqulyantlar və spazmolitiklər göstərişdir.  
  • Müalicəvi bədən tərbiyəsi. Müalicəvi idman hərəkətəri bərpa tədbirlərinin əsas hissəsini təşkil edir. Onlar əzələlərin gücünü və oynaqların hərəkətliyini qorumağa kömək edir. Həmçinin idman ağırlaşmaların qarşısını alır, ətrafın funksiyalarını yaxşılaşdırır.  
  • Fizioterapiya. Fizioterapevtik prosedurlar ağrı və iltihabı azaldır, qan dövranını aktivləşdirir, bərpa proseslərini stimulə edirlər. Onlar arasında medikamentoz elektroforez, UYT, maqnitoterapiya çox istifadə olunur. Bəzi xəstəliklərdə elektrostimulyasiya uğurla tətbiq edilir.  

Xəstələrə həm də masaj təyin edilir. Göstərişlərə əsasən manual terapiya aparılır. Pasiyentlər sanator-kurort müalicəsinə yönəldilir.  

Cərrahi müalicə

Cərrahi müdaxilə nəticələri yaxşılaşdırmaq, müalicə müddətini qısaltmaq və fəsadların qarşısını almaq məqsədi daşıyır. Patologiyanın xarakterindən asılı olaraq, aşağıdakı üsullardan istifadə edilir:   

  • Travmatik zədələnmələr: qamış sümüyünün diafizinin osteosintezi, hematomaların yarılması, axilles vətərinin tikilməsi
  • İnfeksion patologiyalar: abses, fleqmona və digər irinli ocaqların yarılması, eləcə də drenajlanması, sekvestrektomiya 
  • Nevroloji xəstəliklər: sinirin dekompressiyası, fasetektomiya, fəqərəarası yırtıqlarda əməliyyatlar  
  • Damar xəstəlikləri: simpatektomiya, trombektomiya, damarların stentlənməsi, lazer ablasiya
  • Onkoloji proseslər: törəmənin xaric edilməsi, sümüyün rezeksiyası, budun amputasiyası  

Son zamanlar tibbin əksər sahələrində az travmatik əməliyyatlar həyata keçirilir. Flebologiyada bu tip əməliyyatlara skleroterapiya, lazer koaqulyasiya, radiotezlikli obliterasiya aiddir. Nevrologiyada nukleoplastika və faset oynaqların radiotezlikli denervasiyası misaldır. 

Cərrahi müalicə dərman terapiyası və reabilitasiya tədbirləri ilə tamamlanır.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: