Boğaz ağrısı

Oxuma vaxtı: 17 dəq Oxunma sayı: 23829

Boğaz ağrısı nədən yaranır?Boğaz ağrısı — udlaq və qırtlaq nahiyəsində ağrı hissinin yaranmasıdır. İnsan udqunduqda və danışdıqda ağrı daha da güclənir. Boğaz ağrısının səbəbləri müxtəlifdir: udlağın virus və bakteriya mənşəli xəstəlikləri, allergik reaksiyalar, şişlər, hipovitaminoz və s. Etioloji amili üzə çıxarmaq üçün tənəffüs yollarının intrumental müayinəsi, rentgenoqrafiya, USM, bakterioloji və seroloji reaksiyalar aparılır. Ağrını aradan qaldırmaq məqsədilə ilıq qələvi maye qəbulu, boğazı yaxalamaq, fizioterapevtik prosedurlar məsləhət görülür.  

Boğaz ağrısının səbəbləri

Xarici faktorlar

Burun-udlaqda, qırtlaqda yanğı, göynəmə hissinin başlıca səbəbi quru havası olan otaqda uzun müddət dayanmaqdır. Bu zaman selikli qişalar quruyur, tüpürcək ifrazı azalır. Danışdıqda və sərt qida qəbul etdikdə ağrı artır. Yuxudan oyandıqda diskomfort hissi qabarıq olur, çünki yuxuda ağız açıq qaldığından selikli qişalar daha çox quruyur. Kişilərdə xorultu ağrıya gətirib çıxara bilir. Pasiyentlər səhər saatlarında boğazın intensiv ağrıdığını, vəziyyəti yüngülləşdirmək üçün su içmək lazım gəldiyini bildiririlər.  

Həmçinin çirkli hava ilə nəfəs aldıqda (şaxta şəraitində, qum karxanalarında, iri şəhərlərdə) boğazda ağrı yaranır. Bu əlamət küçəyə çıxdıqda və işə gəldikdə baş verir. Ağrı quru öskürəklə müşayiət olunur. Sadalanan narahatlıqların qısa müddətli olması norma sayılır. Lakin bu təzahürlər daimi xarakter aldıqda, qida qəbulu və danışığa mane olduqda mütəxəssisə müraciət etmək lazımdır.

Virus xəstəlikləri

Boğaz ağrısının müalicəsiBoğazda güclü ağrı udlaq və qırtlağın selikli qişasını zədələyən bir çox respirator xəstəliklər üçün xarakterikdir. Ağrıya səbəb – patogenelərin epitel toxumasına birbaşa və sistemli təsiri, sinir uclarının zədələnməsidir. Əksər hallarda ağrı qızdırma, halsızlıq, intoksikasiya əlamətləri fonunda meydana çıxır. Boğaz ağrısı adətən  aşağıdakı xəstəliklərlə bağlı olur:

  • Virus mənşəli faringit. İlkin mərhələdə udlaqda diskomfort, göynəməvə yanğı əmələ gəlir. Tədricən bu əlamətlər güclü ağrı və əzabverici quru öskürəklə əvəzlənir. Faringit üçün «boş udlaq» simptomu — ağız suyunu udduqda ağrının kəskinləşməsi səciyyəvidir.
  • İnfeksion mononukleoz. Belə xəstələrdə boğazda şiddətli ağrı yaranır, qida qəbulu mümkün olmur. Bəzi pasiyentlər hətta sudan da imtina edirlər. Ağrı hissiyyatı ilə yanaşı regionar limfa düyünləri böyüyür və iltihablaşır.  
  • Adenovirus infeksiyası. Başlanğıcda sadəcə zökəm əlamətləri və gözlərin yaşarması müşahidə edilir. 2-3 gün sonra boğaz ağrımağa başlayır. Ağrı mülayim xarakterli olub, udqunma və danışıq zamanı artır. Badamcıqların üzəri çox vaxt nöqtəvi ağ ərplə örtülür. Sonralar əlamətlərə hürücü öskürək əlavə olunur.
  • Herpetik proses. Spesifik ağrılaşma sayılan herpanginanın inkişafı boğazda ağrı ilə gedir. Xəstələrin bədən temperaturu 39-40 dərəcəyə qədər yüksəlir. əsnəyin selikli qişasında boz qabarcıqlar nəzərə çarpır. Onlar deşildikdə ağrı sindromu güclənir.  

Bakterial infeksiyalar

Boğaz ağrısının səbəbiBoğaz ağrısı, udqunmanın ağrı olması anginanın (tonzillit) əlaməti kimi meydana çıxa bilər. Əvvəlcə udlaqda diskomfort və göynəmə yaranır. Bir neçə gündən sonra kəskin ağrı baş verir. Ağrı qulaq, boyun və ənsə nahiyəsində yayılır. Bəzən pasiyentlər özləri badamcıqların qızarması və böyüməsini, onların səthində nöqtəvi irinliklərin formalaşmasını görürlər. Simptomlar febril qızdırma, ümumi halsızlıq, artralgiya və mialgiya fonunda gedir. Ağrının hətta suyu uda bilməyəcək səviyyədə güclənməsi intratonzilyar absesdən (fleqmonoz angina) xəbər verir.  

Uşaqlarda boğaz ağrısı və onu müşayiət edən tənəffüs çatışmazlığı epiqlottitə (qırtlaqüstünün iltihabı) şübhə yaradır. İntensiv ağrı sindromu ilə əlaqədar uşaq yemək və sudan imtina edir. Bir neçə saat ərzində disfagiya artır. Diskomfort hissini azaltmaq və tənəffüsü asanlaşdırmaq üçün xəstə məcburi vəziyyət alır: önə əyilərək oturur, boynunu qabağa uzadır və ağzını azacıq açır. Birtərəfli boğaz ağrısı və qızdırma udlaqarxası absesə dəlalət edir.  

Laringit

Kəskin laringitdə adətən şiddətli boğaz ağrısı subfebril qızdırma, halsızlıqla birgə başlayır. İltihab udlağın arxa divarında yerləşdikdə udqunma zamanı ağrı artır. Xəstələrdə həmçinin bəlğəmsiz quru, hürücü öskürək müşahidə edilir. Səs telləri prosesə qoşulduqda səs müvəqqəti itir. Xroniki laringit üçün boğazda cüzi ağrı xarakterikdir. Xroniki formada ön plana səs tembrinin dəyişməsi, xırıltı və tez yorulma keçir.  

Ağız boşluğunun kandidozu

Ağız boşluğu və udlağın göbələk mənşəli xəstəliklərində boğaz daim ağrayır. Qida qəbulu ağrını əhəmiyyətli dərəcədə gücləndirir. Selikli qişalar ağ ərplə örtülür. Ağız bucaqlarında ağrılı çatlar formalaşır. Göbələk florasının çoxalmasına zəif immunitetli insanlarda (orqan transplantasiyasından sonra, onkoloji xəstəliklərdə, ikincili immun çatışmazlığında) rast gəlinir. Belə vəziyyətlərdə proses bütün tənəffüs yollarına yayılaraq, müvafiq əlamətlər törədir.  

Allergiya

Allergik faringit və larinqotraxeitdə orta intensivlikli boğaz ağrısı trigger amilin təsiri ilə bağlı olur. Qəflətən boğaz göynəməyə başlayır. Səthi quru öskürək meydana çıxır. Bir sıra xəstələrdə asqırma, gözlərin yaşarması və qaşınması mümkündür. Allergiyaya meylli insanların məlumatlarına əsasən boğaz ağrısı adətən gül iyindən, məişətdə işlədilən kimyəvi vasitələr və ya kosmetika ilə təmasdan sonra başlayır. Ona eləcə də müəyyən məhsulları yedikdə təsadüf olunur.  

Udlaqda yad cisim

Təsadüf nəticəsində udulmuş balıq və ya ət sümükləri boğazda ilişərək, kəskin ağrı törədə bilir. Deşici və kəsici xarakterli ağrı dəqiq lokalizasiyaya malik olur. Güclü öskürək tutmaları heç bir rahatlıq gətirmir. Əksinə üzücü öskürək paroksizmləri ilə əlaqədar bəzən üz qızarır və ödemləşir. İnsan boğulmağa başlayır. Uşaqlarda boğaz ağrısı oyuncağın kiçik bir hissəsinin tənəffüs yoluna düşməsi nəticəsində baş verə bilər. Qırtlağın yad cisimlərində təxirəsalınmaz yardım tələb olunur.  

Qastroezofageal reflüks

Böyüklərdə boğaz ağrısının digər səbəbi QERX zamanı mədənin turş möhtəviyyatının mütəmadi şəkildə udlaq və tənəffüs yoluna atılmasıdır. Ağrının intensivliyi gün ərzində dəyişir: səhər oyandıqda güclü ağrı sindromu müşahidə edilir. Çünki horizontal vəziyyət turş möhtəviyyatın boğazda qalmasını təmin edir. Boğaz ağrısından savayı quru öskürək, diskomfort və göynəmə yaranır. Xəstələr həmçinin turş gəyirmə və qıcqırmadan şikayətlənirlər. Bu əlamətlər hiperasid qastrit, mədə-bağırsaq traktının xoraları, ezofagitə xasdır.  

Defisit vəziyyətlər

Udlağın selikli qişasının normal regenerasiyası üçün bir sıra bioloji aktiv maddələr və vitaminlər gərəkdir. Balanslaşdırılmamış qidalanma və yaxud qida komponentlərinin sorulma prosesinin pozulması ilə gedən MBT xəstəlikləri səbəbindən avitaminoz yarana bilər. Onun isə təzahürlərindən biri boğaz ağrısıdır. Ağrı hissi törədən digər defisit halları aşağıdakılardır:  

  • В2 hipovitaminozu. Xəstələri boğazda yanğı, qida qəbulu və danışıq zamanı ağrının güclənməsi narahat edir. Ağız bucaqlarında ağrılı çatlar (anqulyar xeylit) formalaşır, dil iltihablaşır. 
  • В12 hipovitaminozu. Dil və boğazda yandırıcı ağrılar olur. Dil al-qırmızı və parlaq şəkil alır. Bir sıra pasiyentlərdə aşağı ətraflarda keyimə və paresteziyalar qeydə alınır.  
  • С hipovitaminozu. Askorbin turşusu çatışmadıqda boğaz ağrısı selikli qişaların xoralı defektləri fonunda yaranır. Xəstələr ağızda metal hissinin olduğunu, diş ətinin qanadığını bildirirlər.   

Xroniki xəstəliklər

Daxili orqanların zədələnmələri qanda toksiki metabolitlərin və maddələr mübadiləsinin azot məhsullarının toplanması ilə müşayiət olunur. Udlaqda xroniki iltihab və atrofik proseslər boğazda ağrı əmələ gətirir. Ağrı hissi qanda qlükozanın yüskəlməsi səbəbindən baş verdikdə ağızda quruluq və kataral proseslər baş verir. Bogaz ağrısı həm də aşağıdakı somatik xəstəliklərin əlaməti ola bilər:

  • Daxili orqanların xəstəlikləri: Xroniki böyrək çatışmazlığı, qaraciyərin zədələnməsi.
  • Endokrin patologiyalar: şəkərli diabet, İtsenko-Kuşinq sindromu, hipotiteoz.  

Şişlər

Boğazda uzunmüddətli ağrı və udqunmanın pozulması standart konservativ müalicəyə tabe olmursa, bu hal udlaq-qırtlaq nahiyəsində törəmənin formalaşmasına işarə edə bilər. Xoşxassəli şişlər təzyiq hissi, ağrı, yemək yedikdə çeçəmə halları ilə gedir. Boyun və boğazda kəskin ağrı ilə yanaşı, qanhayxırma müşahidə olunursa, belə vəziyyətlər udlaq və ya qırtlağın xərçəngindən şübhələndirir. Pasiyent səsin tədricən itirilməsini, quru öskürəyin vaxtaşırı yaranmasını söyləyir.  

Farmakoterapiyanın ağırlaşmaları

Bəzi preparatlarını uzunmüddətli qəbul etdikdə boğaz ağrısı əmələ gəlir. Damardaraldıcı dərmanların buruna damızdırılması zamanı preparat udlağın arxa səthi boyunca axaraq, selikli qişada xroniki qıcıqlanma və iltihab yaradır. Xəstələrdə quru öskürək, boğazda daimi yanğı hissi olur. Kortikosteroid və ya antibakterial vasitələrin uzun zaman ərzində istifadəsi zamanı yerli immunitet zəiflədiyindən boğaz ağrıyır, ağız quruyur.  

Nadir səbəblər

  • Kserostomiya
  • Odontogen proses: periodontit, qalvanizm, dişlərin çıxmasının pozulması  
  • Ürək xəstəlikləri: qeyri-stabil stenokardiya, atipik miokard infarktı
  • Qonşu orqanların patologiyası: udlaq-yemək borusu fistulası, qalxanabənzər vəzinin xəstəlikləri  
  • Sinir zədələnməsi: udlağın nevrozu, dil-udlaq sinirinin nevralgiyası
  • Onurğanın zədələnməsi: boyun fəqərələrinin osteoxondrozu, radikulit, vərəm mənşəli spondilit

Boğaz ağrısının diaqnostikası

Boğaz ağrısı ilə adətən həkim-otolarinqoloq məşğul olur. Diaqnostika prosesi instrumental və laborator üsullarla ağız boşluğu, tənəffüs yollarının kompleks müayinəsindən ibarətdir. Ehtiyac olduqda döş və qarın boşluğu orqanlarının vizualizasiyası aparılır. Kəskin boğaz ağrısının diaqnostikasında ən informativ üsullar aşağıdakılardır:

  • İnstrumental müayinə. Tənəffüs sistemi orqanlarının vəziyyəti farinqoskopiya, dolayı larinqoskopiyanın köməyilə hərtərəfli oyrənilir. Müayinə zamanı selikli qişaların xarici görünüşü qiymətləndirilir, ərpin və xoralaşma sahələrinin olmasına fikir verilir.
  • Bakterioloji analiz. Bakterioloji əkilmə üçün əsnəkdən, bəlğəm və ya ərpdən yaxma götürülür. Bu üsul boğazda kəskin ağrı ilə gedən məşhur xəstəlikləri – angina, virus və ya bakterial mənşəli faringiti təsdiq etməyə imkan verir. Udlağın yuyuntu qalıqlarının İFR-sı ekspress-diaqnostika sayılır.  
  • Sonoqrafiya. Boyun və boğaz nahiyəsində kəskin ağrı uzun müddət davam etdikdə qonşu orqanların patologiyalarını inkar etmək məqsədilə USM aparılır. Ultrasəs müayinəsinin sayəsində udlaqətrafı sahədə irin, kista və həcmli törəmələr aşkarlanır. Həmçinin qalxanabənzər vəzin USM mütləqdir.  
  • Rentgenoloji müayinə. Boyun və boğazda güclü ağrı qırtlağın rentgenoqrafiyasına göstərişdir. Bu üsulla şiş xəstəliyi təsdiq və ya inkar edilir. Daha dəqiq vizualizasiya üçün qırtlağın KT məsləhət görülür. Zəruri hallarda qalxanabənzər vəzin radioizotoplarla skanlanması həyata keçirilir.
  • Laborator müayinələr. Boğazında ağrı olan xəstələrə qanın standart klinik və biokimyəvi analizi təyin edilir. Bundan əlavə acqarnına qanda şəkərin səviyyəsi ölçülür. Göstərişə əsasən qaraciyər sınaqları aparılır, kəskin fazanın göstəriciləri və bəzi fermentlərin miqdarı yoxlanılır.  

Ağrıya səbəb ola biləcək endokrin patologiyanı üzə çıxarmaq üçün qanda qalxanabənzər və böyrəküstü vəzin qabıq maddəsinin hormonları müəyyən edilir. Patogen mikroorqanizmlərin identifikasiyasında seroloji reaksiyalar (İFR, İFA, PZR) effektivdir. Əlavə olaraq, onurğanın boyun hissəsinin rentgenoqrafiyası və ya KT icra edilə bilər. Dispeptik pozğunluqlarda FQDS və qida borusu daxili pH-metriya yerinə yetirilir. Boğazı ağrıyan pasiyentlərə həm də stomotoloji müayinə tövsiyə edilir. Burada məqsəd diş və periodontun iltihabi proseslərini aşkarlamaqdan ibarətdir.   

Boğaz ağrısının müalicəsi

Diaqnozun qoyulmasına qədər yardım

Boğaz ağrısını azaltmaq üçün bol maye qəbulu (isti çay, bitki dəmləmələri) məsləhət görülür. Həkimlər südlü içkilərdən imtina etməyi tövsiyə edirlər. Gülümbahar dəmləməsi ilə boğazı yaxalamaq, ağızda həll olan tabletlər müsbət nəticə verir. Selikli qişanı qıcıqlandıran məişət məhsulları, kəskin iylərdən uzaq durmaq məqsədəuyğundur. İntensiv ağrılarda isti sup və kaşa yemək faydalıdır. Ağrı güclü olduqda, qızdırma və halsızlıqla müşayiət edildikdə həkimlə əlaqə saxlanılmalıdır.  

Konservativ terapiya

Həkimin taktikası boğaz ağrısının yaranma səbəbindən asılıdır. Etiotrop terapiya ən effektiv üsul sayılır. Medikamentoz müalicə fizioterapevtik üsullarla birgə aparılldıqda ağrı daha tez itir. Boğazı yaxalamaqdan savayı, efir yağları və dərman vasitələri ilə inhalyasiyalar tez-tz tətbiq edilir. Udlaq nahiyəsinin UYT, maqnit və lazer terapiyası icra olunur. Müalicə sxeminə aşağıdakılar daxildir:  

  • Antibiotiklər. Boğaz ağrısı infeksion proseslə bağlı olduqda antibiotiklərdən istifadə edilir. Onlar resprirator infeksiyanın törədici nəzərə alınmaqla seçilir. Kandidoz zamanı göbələk əleyhinə spesifik preparatlar təyin edilir.
  • İltihabəleyhinə vasitələr. Boğaz ağrısı QSİƏP qrupundan olan preparatlarla aradan qaldırılır. Bu tip dərmanlar iltihab mediatorları və sitokinlərin səviyyəsini effektiv formada azaldır. Onlar həmçinin qızdırma və ağrı əleyhinə təsir göstərir.  
  • Antiseptiklər. Bakterisid vasitələr (xlorheksidin və s.) udlaqda və tənəffüs yolunda bakterial floranın artmasının qarşısını alır. Ağrını azaltmaq üçün yanaşı olaraq, nanə, evkalipt və digər təbii vasitələrlə gündə 3-4 dəfə boğazı yaxalamaq lazımdır.   
  • Antihistamin dərmanlar. Boğaz ağrısı allergenlərlə təmasdan sonra yarandıqda spesifik preparatlar – histamin reseptorlarının blokatorları qəbul olunur. Ağır hallarda topik kortikosteroidlər (aerozol) effektivdir.  
  • Vitaminlər. Boğaz ağrısı vitamin çatışmazlığı ilə əlaqədar ola bilər. Bu səbəbdən Spesifik analizlərdən sonra avitaminozun birbaşa səbəbi aşkarlandıqda müvafiq vitamin preparatları təyin olunur. Əksər hallarda sianokobalamin, riboflavin tərkibli dərman vasitələrinə ehtiyac yaranır.  
  • İnfuziya. İri həcmli irinli proseslərdə boğaz ağrısı orqanizmin güclü intoksikasiyası ilə müşayiət olunur. Belə xəstələrdə intoksikasiyanı aradan qaldırmaq məqsədilə vena daxilinə kristalloid və kolloid məhlullar yeridilir.  
  • Antisekretor vasitələr. Qastroezofageal reflüks fonunda boğazda ağrı yarandıqda turşuluğu azaldan dərmanlar qəbul olunur. Seçim preparatı sayılan proton pompa inhibitorları minimal yanaşı effektləri ilə fərqlənir.  

Cərrahi müalicə

Boğaz ağrısı irinli proseslər (udlaqarxası və ya paratonzilyar abses, kistanın irinləməsi) səbəbindən əmələ gəldikdə əsas səbəbi ləğv etmək üçün cərrahi müdaxilə aparılır. İrinlik kəsilir və drenajlanır, boşluq antibakterial və antiseptik vasitələrlə yuyulur. Xoşxassəli neoplaziyalarda udlağın ekonom rezeksiyası həyata keçirilir. Boğaz ağrısı ilə müşayiət olunan bədxassəli törəmələrdə hemilarinqektomiya icra edilir, traxeostoma formalaşdırılır. Gələcəkdə belə xəstələrdə larinqoplastika aparıla bilər. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: