Mədə ağrısı
Mədə ağrısı – həzm prosesinin funksional pozğunluqlarında, bağırsaq infeksiyalarında, qastrit və xora xəstəliyində yaranır. Ona həmçinin mədənin yad cisim və törəmələrində, pilorostenoz, QSİƏP mənşəli qastropatiyalarda rast gəlinir. Ağrı sindromunun diaqnostikasında instrumental üsullardan – USM, qastroskopiya, rentgenoqrafiya, mədədaxili pH-metriyadan istifadə olunur. Mədə ağrısı dərman preparatları: antasid, spazmolitik, prokinetik, mədə şirəsi sekresiyasını azaldan vasitələrlə aradan qaldırılır. Kəskin vəziyyətlərdə mədə yuyulur, sorbent, antidot təyin olunur.
Mədə ağrısının səbəbləri
Mədənin funksional pozğunluqları
Cavan və orta yaşlı insanlarda mədə ağrısının ən çox rast gəlinən səbəbidir. Qadınlara nisbətən kişilərdə 2 dəfə çox müşahidə edilir. Onun üçün epiqastral nahiyədə sızıltı xarakterikdir. Sızıltılı ağrı zamanla kəskinləşə bilir. Ağrı sindromu dəyişkən olub, vaxtaşırı meydana çıxır. Kəskin və quru qidalar, fast-fud ağrının formalaşmasına təkan verir.
Bağırsaq infeksiyaları
Qida toksikoinfeksiyaları, stafilokka yoluxma mədənin zədələnməsi ilə müşayiət olunur. Köhnə xörəyi yedikdən bir neçə saat sonra epiqastral nahiyədə şiddətli ağrı, ürəkbulanma və çoxsaylı qusma halları baş verir. Əksərən bu əlamətlərə ishal da qoşulur. Bütün qarın hissəni bürüyən ağrıya salmonelyoz, eşerixioz zamanı təsadüf olunur.
Qastrit
Ağrının xarakteri iltihabın tipindən asılıdır. Hiperasid qastritdə acqarnına intensiv ağrı əmələ gəlir. Ağrı xora xəstəliyinin tutmasını xatırladır. Bu narahatlıq qıcqırma və turş möhtəviyyatlı gəyirmə ilə birgə gedir.
Hipoasid qastrit üçün qida qəbulundan sonra küt ağrı, ürəkbulanma, mədədə ağırlıq hissi, iştahın azalması səciyyəvidir.
Xora xəstəliyi
Mədə xorası epiqastral nahiyədə ağrı ilə özünü büruzə verir. Mədənin antral hissəsi və cismi zədələndikdə ağrı cismin orta xəttindən solda, pilorik şöbənin defektində isə sağda müşahidə olunur. Ağrı çox zaman kürək və onurğa, bəzən isə döş qəfəsinin sol hissəsinə yayılır. Mədənin xora xəstəliyində ağrı yeməkdən 30-60 dəqiqə sonra yaranır. Defekt nə qədər yuxarıda yerləşərsə, ağrı bir o qədər tez hiss olunar.
Patoloji prosesə onikibarmaq bağırsaq qoşulduqda acqarnına və gecə ağrıları üstünlük təşkil edir. Qida qəbulu başa çatdıqda onlar da tədricən azalır. Qusma və mədə nahiyəsinə istiqac qoyulması xəstəyə rahatlıq gətirir.
Xora xəstəliyinin ağırlaşmış gedişində simptomların xarakteri dəyişir. «Xəncər» ağrısı xoranın deşilməsinə işarə edir. Ağrı şoku fonunda bayılma mümkündür. Deşilmə qanaxma ilə müşayiət olunduqda, ağrı zəifləyir. Ümumi simptomatika get-gedə artır: qarın əzələləri gərginləşir, halsızlıq, taxikardiya, avazıma qeydə alınır.
Pilorestenoz
Pilorostenozun kompensasiya mərhələsində qarında küt ağrı olur. Qida qəbulu ağrını gücləndirir. Bir qayda olaraq, qusma vəziyyəti yüngülləşdirir. Prosesin dekompensasiyası epiqastral nahiyədə ağrı və ağırlıq hissi ilə təzahür edir. Hər dəfə yeməkdən sonra qusma baş verir. Qusuntu kütlələrində bir neçə saat qəbul olunan məhsullara rast gəlinir. Xəstələr kəskin arıqlama, daimi halsızlıq və yuxululuqdan şikayət edirlər.
Diafraqma yırtığı
Bu patologiyada ağrı adətən döş sümüyü arxasında, bəzi hallarda isə mədə proyeksiyasında lokalizasiya olunur. Ağrı hissi intensiv olub, kürəyə yayılır. Önə əyilmə, fiziki aktivlik və qida qəbulu ağrıya səbəb olur. Dərindən nəfəs aldıqda, su içdikdə ağrı azalır. Diafraqma yırtığının ikinci spesifik əlaməti disfagiyadır. Ona əksərən duru yeməkdən sonra təsadüf edilir.
Törəmələr
Mədə poliplərinə nadir və yüngül ağrı xasdır. Əksər insanlar ona fikir vermir. Klinik şəkil yeməkdən sonra diskomfort və gəyirmə ilə tamamlanır. Ayaqcıqlı törəmə mədə sfinktoru tərəfindən sıxıldıqda tutmaşəkilli kəskin ağrılar meydana çıxır. Onlar əvvəlcə epiqastal nahiyədə yaranır, sonra isə bütün qarına yayılır.
Mədə xərçəngində ağrı daimi olur. Qida qəbulu başa çatdıqda diskomfort artır. Xəstələrdə həmçinin arıqlama və iştahsızlıq nəzərə çarpır. Ətə qarşı ikrah hissi mədə xərçənginin patoqnomik əlamətidir. Proses proqressivləşdikcə ağrı güclənir, standart analgetiklərə tabe olmur.
Yad cisim
Ağızdan udulan əşyalar (düymə, sümük qırıntıları, diş protezi), eləcə də orqanizmdə formalaşan daşlar (öd daşı və s.) xoşagəlməz hisslər törədir. Yad cisim iriölçülü olduqda mədədə küt ağrı əmələ gəlir. Yedikdən sonra simptomlar güclənir.
Həzm sisteminin digər orqanlarının xəstəlikləri
Mədə ağrısı əksərən qonşu orqanların (qaraciyər, öd kisəsi, mədəaltı vəzi, bağırsaq) xəstəlikləri ilə bağlı olur. Xolesistit zamanı epiqastral nahiyədə və sağ qabırğa altında ağrı, yağlı xörəkdən sonra ürəkbulanma və qusma müşahidə olunur. Pankreatitdə isə qarnın yuxarı hissəsində kəmərləyici ağrı baş verir. Ağrı adətən kürəyə yayılır.
Miokard infarktı
İnfarktın abdominal formasında epiqastral nahiyədə ağrı hiss olunur. Qəfil yaranan güclü ağrı qola və bədənin sol yarısına irradiasiya edir. Tutma xora xəstəliyi və ya pankreatitin kəskinləşməsini xatırladır. Xəstələrdə həmçinin ürəkbulanma və reflektor qusma yaranır. Mədə ağrısı halsızlıq, taxikardiya ilə müşayiət olunur. Dəri soyuq tərlə örtülür.
Farmakoterapiyanın ağırlaşmaları
Əksər hallarda ağrı iltihabəleyhinə preparatların nəzarətsiz qəbulu fonunda formalaşır. Belə vəziyyətlər QSİƏP mənşəli qastropatiya ilə nəticələnir. Onun üçün gecə saatlarında və ya ac vaxtı yaranan mülayim ağrı səciyyəvidir. Bu narahatlığa qarında ağırlıq, ürəkbulanma və meteorizm qoşulur. Patologiyanın təhlükəli sayılması onun 50% insanlarda simptomsuz getməsi və sonradan mədə qanaxmasına səbəb olması ilə izah olunur. QSİƏP-dən savayı qlükokortikoidlər, hipotenziv vasitələr də mədədə diskomfort törədir.
Nadir səbəblər
- Zəhərlənmə: zəhərli göbələk və bitkilər, ağır metalların duzları
- Motorikanın pozulması: kardial sfinkterin axalaziyası, kardial çatışmazlıq, pilorospazm
- Mədə anomaliyaları: Menitrie xəstəliyi, anadangəlmə divertikul, orqanın ikiləşməsi
- Nevroloji problemlər: nevrasteniya, maskalanmış depressiya.
Mədə ağrısının diaqnostikası
İlkin qəbulda həkim-qastroenteroloq xəstənin şikayətlərini dinləyir, anamnez toplayır. Həzm sisteminin fiziki müayinəsini (qarnın səthi və dərin palpasiyası, peritoneal simptomların yoxlanılması) aparır. Diaqnostika mədə ağrısının səbəbini üzə çıxarmağa yönəldilmişdir. Bunun üçün laborator və instrumental üsullar təyin edilir:
- Qarın boşluğunun USM. Sonoqrafiya – skrininq müayinə olub, MBT motorikasının pozulmasını, mədə divarının iltihabi dəyişikliklərini üzə çıxarır. Prosedura xüsusi hazırlıq gərək deyil.
- Qastroskopiya. Qida borusu, mədə və onikibarmaq bağırsağın endoskopik müayinəsi ən informativ üsul sayılır. Həkim onun köməyilə eroziya, xora və mədə sfinktorunun disfunksiya əlamətlərini aşkar edir. Şübhəli hallarda histoloji analiz üçün bioptat götürülür.
- Rentgenoqrafiya. Bariumla rentgenoloji müayinə MBT-nin bütün şöbələrini vizualizasiya etməyə imkan verir. Dolma defektləri, orqanın sərhədlərinin deformasiyası mədənin zədələnməsinə dəlalət edir. Diaqnozu dəqiqləşdirmək üçün qarın boşluğunun KT tələb olunur.
- Mədəcikdaxili pH-metriya. Mədə turşuluğunun səviyyəsi 24 saat ərzində öyrənilir. Bu analizin nəticəsinə əsasən orqanın ekzokrin hüceyrələrinin fəaliyyəti, qastritin tipi müəyyən edilir. Patologiya aşkarlandıqda qida borusudaxili pH-metriya, qanda qastrin səviyyəsinin təyini göstərişdir.
- Laborator üsullar. Mədə ağrısı zamanı koproqrammanın nəticələri adətən informativ olur. Bu üsulla lipidlərin, həzm olunmamış əzələ liflərinin və nişastanın miqdarı qiymətləndirilir. Qan analizi vasitəsilə iltihabi proses üzə çıxarılır. Xroniki qastritdə çox vaxt meqaloblast anemiya aşkarlanır.
Mədə ağrısının müalicəsi
Diaqnoz qoyulana qədər yardım
Mülayim xarakterli mədə ağrısı qeyri-medikamentoz yolla müalicə olunur. Həzm traktının yüklənməsini azaltmaq məqsədilə rasiondan yağlı, qızardılmış, kəskin qidaları çıxarmaq məsləhət görülür. Selikli qişanın qıcıqlanmasının qarşısını almaq üçün tünd qəhvə, ədviyyat və qazlı içkilərdən imtina edilməlidir. Gün ərzində 5 dəfə olmaqla kiçik porsiyalarla qidalanmaq tövsiyə olunur.
Zəhərlənmənin törətdiyi kəskin qastritdə tez bir zamanda mədəni yumaq lazımdır. Tam təmizlənməyən toksinləri xaric etmək üçün aktivləşmiş kömür, silikagel, silisium dioksid əsaslı sorbentlərdən istifadə olunur. Güclü ağrı, qan qarışıqlı qusma və qara nəcislə qarşılaşdıqda dərhal həkimlə əlaqə saxlanılmalıdır.
Konservativ terapiya
Əksər pasiyentlərdə mədə ağrısı üzvi patologiya ilə əlaqəli olur. Bu zaman fərdi seçilmiş etiotrop və patogenetik terapiya aparılır. Mədənin selikli qişasının medikamentoz zədələnmələrində xoşagəlməz simptomlar törədən dərmanın qəbulu dayandırılmalıdır. Əsas xəstəliyin müalicəsi və əlamətlərin aradan qaldırılması üçün aşağıdakı dərmanlar təyin olunur:
- Antisekretor vasitələr. Proton pompa inhibitorları və H2-histamin reseptorlarının blokatorları yüksək turşuluğun müalicəsində əsas preparatlardan hesab olunur. Bu dərmanlar xlorid turşusunun yaranmasını zəiflədir, onun selikli qişanı zədələməsinə yol vermir.
- Antasidlər. Mədə şirəsinin turşuluğunu qısa zaman ərzində neytrallaşdırır. Qastit və xora xəstəliyində ağrını yox edir. Sorulmayan antasidlər uzunmüddətli təsirə malik olduğundan onlara üstünlük verilir.
- Spazmolitiklər. Bu qrupa daxil olan dərmanlar əzələ liflərinin tonusunu normaya saldığından ağrı itir. Digər preparatlarla aradan qalxmayan güclü ağrının simptomatik müalicəsində spazmolitiklər effektivdir.
- Prokinetiklər. Mədənin əzələ qişasının və onun sfinker aparatıbıb atoniyası və yaxud patoloji spazmını ləğv edir. Onlar MBT boyunca qidanın hərəkətini sürətləndirir, bağırsağın peristaltikasını aktivləşdirirlər.
- Fermentlər. Həzm sisteminin digər orqanlarının yanaşı gedən xəstəliklərində əvəzedici terapiya məsləhətdir. Mədəaltı vəzinin fermentləri qidanın həzmini tezləşdirir, bağırsaqda qıcqırma və çürümə proseslərinin qarşısını alır.
- Qastroprotektorlar. Mədənin divarını zədələyici təsirlərdən qoruyur, selikli qişasının regenerasiyasını təmin edir. Bu məqsədlə bürüyücü preparatlar, E qrup prostaqlandinlər təyin olunur. Onlar mədədə müdafiə faktorlarının səviyyəsini artırır.
Mədə ağrısı MBT patologiyaları ilə bağlı olmadıqda pasiyent digər mütəxəssislərin (kardioloq, nevropatoloq, psixiatr) konsultasiyasına yönəldilir. Diaqnozdan asılı olaraq, belə xəstələr antianginal, antiaritmik vasitələr, sedativ preparatlar, antidepressantlar qəbul edir.
Cərrahi müalicə
MBT xəstəliklərinin dekompensasiya olunmuş və ya dərman müalicəsinə rezistent formalarında, bədxassəli törəmələrdə əməliyyat göstərişdir. Cərrahi üsul əsas xəstəliyə nəzərən seçilir. Pasiyentlərdə orqanqoruyucu əməliyyatlar (vaqotomiya, qastrostoma və yaxud qastroanastomozun qoyulması, piloromiotomiya və ya piloroplastika, polipin kəsilməsi), müxtəlif növ rezeksiyalar, qastrektomiya icra olunur.