Öskürək

Oxuma vaxtı: 14 dəq Oxunma sayı: 14979

Öskürək nədən yaranır?Öskürək — qeyri-şərti reflektor aktı olub, spesifik reseptorların qıcıqlamasına cavab reaksiyadır. Bu əlamət adətən tənəffüs sisteminin xəstəlikləri nəticəsində meydana çıxır. Lakin ona toksiki maddələrin nəfəslə orqanizmə daxil olması, tənəffüs yoluna yad cisimlərin düşməsi, ağciyərlədə durğunluq zamanı da rast gəlmək mümkündür. Öskürəyin səbəbini aşkar etmək üçün rentgenoqrafiya, spirometriya, fibrobronxoskopiya və laborator analizlər aparılır. Onu aradan qaldırmaq üçün öskürək əleyhinə və bəlğəmgətirici vasitələrdən, mukolitiklərdən istiafdə edilir.  

Öskürək haqqında ümumi məlumat

Öskürək haqqındaÖskürək – xarakterik səslə ağızdan forsirəolunmuş nəfəsvermədir. Əksər hallardan ondan əvvəl boğazda qıcıqlanma, sinədə daralma hiss olunur. Çox vaxt öskürək aktı döş qəfəsində ağrı ilə müşayiət edilir. Öskürək sarı-yaşıl, «pas rəngli» və digər formalarda bəlğəm ifrazı ilə sonlana bilər. Uzunmüddətli öskürək tutmasında reflektor qusma, hipoksiya ilə əlaqədar burun-dodaq üçbucağının göyərməsi mümkündür.  

Adətən öskürək tənəffüs sisteminin zədələnməsindən xəbər verən digər əlamətər: boğaz və sinədə ağrı, burun tutulması fonunda baş verir. Prosesə səs aparatı qoşulduqda səs xırıldayır, hətta batır. Ağır xəstəliklərdə öskürək tutmaları fasiləsiz olur. Buna tibbdə öskürək reprizi deyilir. Daimi öskürək, irinli və ya qanlı bəlğəm, ümumi vəziyyətin pozulması həkim-pulmonoloqun qəbuluna birbaşa göstərişdir.  

Öskürəyin inkişaf mexanizmi

Öskürəyin müalicəsiÖskürək aktı – tənəffüs yolunu yad cisim, toksin və izafi selikdən təmizləyən müdafiə mexanizmidir. Öskürək refleksi qırtlaq və traxeobronxial ağacın irritant reseptorlarının qıcıqlanması səbəbindən əmələ gəlir. Səs telləri, qırtlaqüstü, traxeyanın bronxlara şaxələndiyi hissə xarici təsirlərə daha həssasdır. Reseptorlar selik, kimyəvi maddələr, iri ölçülü yad cisimlərin tənəffüs yoluna düşməsinə reaksiya verir.  

İrritant sinir uclarından impuls uzunsov beyində yerləşən öskürək mərkəzinə və retikulyar formasiyaya doğru istiqamətlənir. Bu strukturlar öskürək aktında iştirak edən bütün əzələ qruplarının koordinasiyalı fəaliyyətinə cavab verir. Refleksin birinci fazası təxminən 23 saniyə çəkən dərin və qısa nəfəsalmadan ibarətdir. Bu proses qırtlaq əzələlərinin və səs tellərinin spazmı, bronx əzələlərinin tonusunun artması ilə müşayiət olunur. Döş qəfəsi daxilindəki təzyiq 140 mm.cv.süt-na qədər yüksələ bilir.  

Artan müqavimətin qarşısının alınması üçün qarın əzələləri və diafraqma kəskin formada yığılır, ağızda sürətlə hava xaric olur. Öskürək anında hava kütləsinin sürəti 50-120 m/s çatır. Bu isə sakit tənəffüs halındakı göstəricidən 25-30 dəfə çoxdur. Hava şırnağı ilə bronx-ağciyər sistemindən selik damcıları, toz, yad cisimciklər də xaric olur. Forsirəolunmuş nəfəsvermə tək öskürək aktı ilə sonlanır. Lakin reseptorlar həddindən artıq qıcıqlandıqda refleks çox sayda təkrarlana bilər.  

Ağciyər parenximasında həssas sinir ucları yoxdur. Bu səbəbdən ağciyərlərin birincili zədələnməsində öskürək xəstəliyin proqressivləşməsinə, bronx və yaxud plevranın patoloji prosesə cəlb olunmasına dəlalət edir. Öskürək refleksi ürək patologiyalarında da formalaşa bilər. Belə hallarda ağciyər damarlarında təzyiq yüksəlir, qanın maye hissəsi alveollara və interstisial toxumaya keçir. Nəticədə reseptorlar qıcıqlanır, horizontal vəziyyətdə güclənən intensiv öskürək yaranır.  

Öskürəyin təsnifatı

Öskürək hər hansı bir xəstəliyin spesifik əlaməti sayılmasa da, bu əlamətin özünəməxsus yaranma xüsusiyyətlərinin vurğulanmasında diaqnostik əhəmiyyət kəsb edir. Onun təsnifatında bəlğəm, tezlik, tembr və davamiyyət kimi göstəricilərə əsaslanılır. Diaqnostika üçün ən vacib təsnifat aşağıdakıdır:   

  • Quru öskürək. Tənəffüs yolundan seliyin ifrazı ilə müşayiət olunmur. Ona bronxit, pnevmoniyanın ilkin mərhələlərində, iltihabi proses qırtlaq və traxeyada lokalizasiya olunduqda təsadüf edilir. Tutma həmçinin plevra, divararalığının zədələnməsi, tənəffüs yolunun həcmli törəmələr tərəfindən sıxılması, ağciyərlərdə fibrozlaşma prosesləri zamanı baş verir.  
  • Yaş öskürək. Hər zaman bəlğəmin xaric olması ilə bitir. Bəlğəm fərqli rəng, qoxu və qatılıqda ola bilər. Məsələn, irinli bəlğəm daha çox tənəffüs yolunun iltihabi xəstəlikləri üçün xarakterikdir. Bəlğəmdə qan izləri ağciyərin törəmələrinə, ürək-damar sisteminin patologiyalarına işarə edir.  

Öskürəyin tembr və ucalığına əsaslanan təsnifatı da mövcuddur. Belə ki, laringit, uşaqlarda yalançı inaq üçün «hürücü» öskürək səciyyəvidir. Xroniki obstruktiv bronxitdə kar və zəifləmiş, səs tellərinin dağılmasında isə səssiz öskürək müşahidə edilir. Ayrıca təsnifatda qeydə alınan əlavə yüksək tona malik bitonal öskürək adətən uşaqlarda tumoroz bronxoadenitin inkişafından xəbər verir.  

Diaqnostik cəhətdən simptomun yaranma vaxtı xüsusi əhəmiyyət kəsb edir. Səhər saatlarında öskürəyə əksərən astma xəstəliyindən əziyyət çəkən insanlarda və siqaret çəkənlərdə rast gəlinir. Gecə tutmaları isə vərəm və ürək astması üçün patoqnomikdir. Tənəffüs yollarının iltihabında öskürəklə günün saatları arasında əlaqə olmur. Yaranma mexanizminə əsasən öskürəyin mərkəzi və reflektor formaları ayırd edilir. Mərkəzi (nevrotik) öskürək nevroz zamanı baş beyində reflektor zonaların birbaşa oyanması ilə bağlıdır. Reflektor forma isə tənəffüs orqanlarının, qida borusunun yuxarı şöbələrinin siniruclarının qıcıqlanması nəticəsində yaranır.  

Öskürəyin səbəbləri

Səthi öskürəyin səbəbləri

Bu əlamət sağlam şəxslərdə kəskin iy və yaxud çirkli havanın təsirindən baş verir. Öskürək adətən yuxarı tənəffüs yollarının qıcıqlanması ilə əlaqədar meydana çıxır. Səthi öskürəyin aşağıdakı səbəbləri vardır:  

  • KRVİ: qrip, adenovirus infeksiyası 
  • LOR-orqanlarının xəstəlikləri: xroniki tonzillit, bakterial faringit və rinofaringit 
  • Uşaq infeksiyaları: qızılca və məxmərəyin başlanğıc dövrü  
  • Allergik proseslər
  • Tənəffüs yolunda yad cisim
  • Farmakoterapiyanın ağırlaşmaları: hipotenziv vasitələrin (APF inhibitorları, beta-blokatorlar), antiaritmik preparatların qəbulu  
  • Nadir səbəblər: qırtlağın nevrozu, qalxanabənzər vəzinin xərçəngi.

Dərin quru öskürəyin səbəbləri

Bəlğəmlə müşayiət olunmayan intensiv öskürək paroksizmləri əsasən patoloji proses aşağı tənəffüs yollarında getdikdə baş verir. Bu əlamət təngnəfəslik və döş qəfəsində ağrı ilə müştərək formada yarana bilər. Dərin quru öskürək tutmasına bir sıra amillər səbəb olur:  

  • Tənəffüs orqanlarının iltihabı: larinqotraxeit, bronxit, göy öskürək  
  • Vərəm: ağciyər forması, kəskin disseminə olunmuş variant, divararalığının limfa düyünlərinin zədələnməsi  
  • Bronxların qeyri-iltihabi xəstəlikləri: Vilyams-Kempbell sindromu, bronxda yad cisim, bronxoobstruktiv sindrom
  • Ağciyər xəstəlikləri: pnevmoskleroz, kəskin atelektaz, bədxassəli şişlər
  • Plevranın patologiyaları: bəd və xoşxassəli şişlər, plevrit, pnevmotoraks  
  • Allergik patologiyalar: bronxial astma, alveolit, astmatik bronxit 
  • Digər orqanların xəstəlikləri: qida borusunun divertikulları, dilatasion kardiomiopatiya, perikardit  
  • Peşə xəstəlikləri: berillioz, silikoz, silikatoz.

Yaş öskürəyin səbəbləri

Normada insan öskürdükdə cüzi miqdarda şəffaf selik ayrılır. Yaş öskürək isə tənəffüs orqanlarının zədələnməsinə işarədir. Bəlğəmin xaric olması xəstəyə yüngüllük gətirir. Bəlğəmli öskürəyin ən çox yayılmış səbəbləri aşağıdakılardır:  

  • Bronxit: irinli (o cümlədən onun ağırlaşması – bronxoektaziya), obstruktiv, atrofik forma
  • Ağciyər patologiyası: virus və bakteriya mənşəli pnevmoniya, hemosideroz, exinokokkoz  
  • Qırtlaq və traxeyanın iltihabı
  • Ağciyərin ödemi: kəskin ürək çatışmazlığı, ürək astması və ağır dərəcəli tənəffüs sistemi xəstəliklərinin fəsadı  
  • Şişlər: bronxioloalveolyar xərçəng, bronxun karsinoidi, yastı hüceyrəli xərçəng.

Hürücü öskürəyin səbəbləri

Patoloji proses qırtlağın selikli qişası və səs tellərinə yayıldıqda xarakterik «hürücü» səsə malik öskürək müşahidə olunur. Onun inkışafına səbəb olan amillər:  

  • Qırtlağın zədələnməsi: laringit, yalançı inaq, difteriya zamanı həqiqi inaq  
  • Tənəffüs yollarının infeksiyaları: göy öskürək, paraqrip, adenovirus mənşəli faringit 
  • Traxeyanın xəstəlikləri: intubasiyanın ağırlaşmaları, diskineziya, stenoz  
  • Allergik xəstəliklər: bronxial astma, allergik laringit  
  • Nadir səbəbər: berillioz, eksudativ perikardit, bronxların vərəmi.  

Öskürəyin diaqnostikası

Öskürəyin tez-tez rast gəlinən səbəbi tənəffüs sisteminin xəstəlikləridir. Diaqnozun qoyulması üçün instrumental və laborator müayinələr aparılır. Onların köməyilə morfofunksional pozğunluqlar və patoloji prosesin əlamətləri aşkar edilir. Ən informativ üsullar aşağıdakılardır:  

  • LOR-orqanların müayinəsi. Yuxarı tənəffüs yollarının selikli qişasının vizualizasiyası üçün rinoskopiya, farinqoskopiya, larinqoskopiyadan istifadə edilir. Müayinə əsnasında toxumaların iltihabi dəyişikliklərinə, bəlğəmin miqdar və xarakterinə fikir verilir. Bakterioskopiya üçün əsnəkdən yaxma götürülür.  
  • Bəlğəmin analizi. Bəlğəmin mikroskopik və bakterioloji müayinəsi xəstəliyin etiologiyasını dəqiqləşdirməyə imkan verir. Uzunmüddətli quru öskürəkdə Kox çubuqları ilə infeksiyalaşma ehtimalını inkar etmək lazımdır. Bunun üçün bəlğəm xüsusi qidalandırıcı mühitdə əkilir. Zərurət olduqda ekspress üsulla vərəm yoxlanılır.  
  • Rentgenoloji üsullar. Öskürəyin başlıca səbəblərindən sayılan pnevmoniyanın diaqnostikasında rentgenoqrafiya «qızıl standart» sayılır. Bronx və divaralığının xəstəliklərində rentgen müayinəsi informativ hesab olunur. Rentgen şəkillər 2 proyeksiyada çəkilir. Döş qəfəsi strukturlarının ətraflı öyrənilməsi üçün kompüter tomoqrafiya göstərişdir.  
  • Seroloji reaksiyalar. Qanda virus və bakteriyalara qarşı anticisimlərin təyini diaqnozun dəqiqləşməsinə kömək edir. Bu məqsədlə müasir laborator üsulla – İFA, İFR, PZR aparılır. Kəskin iltihabın əlamətlərini üzə çıxarmaq üçün qanın biokimyəvi analizinə, allergiyadan şübhələndikdə isə immunoqrammaya ehtiyac yaranır.  
  • Digər instrumental üsullar. Bronxların quruluşunu qiymətləndimək üçün bronxoskopiya təyin olunur. Müayinə prosesində patoloji sahələrdən bioptat götürüb, sitomorfoloji müayinəyə yönləndirmək mümkündür. Şiş xəstəliklərinə şübhə yarandıqda yerli anesteziya altında kontrast bronxoqrafiya məsləhət görülür.  

Öskürəyin respirator səbəbləri inkar edildikdə əlavə üsullar – qida borusunun kontrast rentgenoqrafiyası, EKQ, ürəyin USM icra olunur. Tənəffüs pozğunluqlarının dərəcəsini müəyyən etmək üçün qanın qaz tərkibi yoxlanılır. Xarici tənəffüs pozulduqda spiroqrafiya aparılır, əsas göstəricilər – forsirəolunmuş nəfəsvermə həcmi, ağciyərlərin həyat tutumu qiymətləndirilir. Bəzi xəstələr immunoloq-allerqoloqun konsultasiyasına yönəldilir. 

Öskürəyin müalicəsi

Diaqnoz qoyulana qədər yardım

Öskürək tutmalarının tezliyini azaltmaq üçün pasiyentlərə kəskin qoxu, hava temperaturunun əhəmiyyətli dərəcədə dəyişməsi, acı ədəvalı xörəklər və qazlı içkilərdən uzaq durmaq tövsiyə olunur. Bol miqdarda ilıq maye (çay, bitki dəmləmələri, kompot) qəbulu məqsədəuyğundur. Boğazı antiseptik məhlulla yaxalamaq və inhalyasiya tənəffüs yolunu təmizləyir və bəlğəm ifrazını asanlaşdırır.  2-3 gün davam edən üzücü öskürək tibbi yardım tələb edir.  

Öskürəyin konservativ terapiyası

Həkim taktikası əsas xəstəlikdən, öskürək paroksizmlərinin intensivlik və davamiyyətindən asılıdır. Səthi öskürək zamanı yumşaldıcı inhalyasiya və boğazı yaxalamaq kifayətdir. Dərin quru və yaş öskürəkdə isə spesifik medikamentoz terapiya gərəkdir. Müalicə fizioterapevtik üsullar, bəlğəm ifrazını yüngülləşdirən döş qəfəsinin masajı ilə birgə aparıla bilər. Öskürəyin əsas səbəbini nəzərə almaqla, həkim müxtəlif qrup dərman preparatları təyin edir:  

  • Mukolitik. Bu vasitələr bəlğəmi parçalayır, onun xaric olmasını asanlaşdırır. Onların qəbulu bronxları təmizləyir, sağalma prosesini tezləşdirir. Farmakoloji təsiri gücləndirmək üçün mukolitiklər adətən bəlğəmgətirici preparatlarla kombinə edilir.
  • Antibiotiklər. Antibakterial təsirli dərmanlar bronx-ağciyər sisteminin irinli iltihabi proseslərində tətbiq edilir. Onlar arasında beta-laktam, makrolidlər daha effektiv sayılır. Ağır formalı KRVİ zamanı virusəleyhinə vasitələr mütləqdir.
  • Vərəməleyhinə preparatlar. Vərəm xüsusi sxem üzrə müalicə edilir. Bura ən axı 3 preparat daxildir. Yanaşı təsirləri azaltmaq üçün vitaminlər və immunomodulyatorlar təyin edilir.  
  • Bronxodilatatorlar. Bronxların geridönən və ya dönməyən daralmalarında öskürək paroksizmlərinə qarşı beta-adrenomimetiklər, teofillin məsləhət görülür. Ağır dərəcəli obstruksiya hallarında qlükokortikosterodilər inhalyasiya formasında yeridilir.
  • Allergiya əleyhinə. Əksər hallarda H1-histamin reseptorlarının blokatorları, tosqun hüceyrə membranının stabilizatorları və leykotrienlərin inhibitorlarından istifadə edilir. Bronxial astmanın ağır gedişində hormonal vasitələr tətbiq edilir.
Bu yazını paylaşın:
Yazını qiymətləndirin: