Oynaq ağrısı

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 14676

Oynaq ağrısı nədir?Oynaq ağrısı (artralgya) – bir və yaxud eyni zamanda bir neçə oynaqda yaranır. Ona revmatik, endokrin, infeksion, nevroloji, autoimmun xəstəliklər, travma, artıq çəki fonunda rast gəlinir. Oynaq ağrısının səbəbi rentgen, ultrasəs, laborator, invaziv üsullarla (artrosentez, artroskopiya) müəyyən edilir. Artralgiyanı aradan qaldırmaq üçün onu törədən xəstəlik müalicə olunmalıdır. Xəstələrdə simptomatik tədbirlər  (analgetiklər, məlhəm, yerli isidicilər), immobilizasiya, fizioterapiya, cərrahi müdaxilələr aparılır.  

  • Oynaq ağrısının təsnifatı
  • Yaranma səbəbləri
  • Diaqnostika
  • Müalicə

Oynaq ağrısı təsnifatı

Oynaq ağrısının səbəbləriOynaq ağrıları lokalizasiyasına, davamiyyətinə, xarakter və intensivliyinə görə fərqlənir. Ağrı bir oynaqda yarandıqda monoartralgiya, eyni anda və yaxud ardıcıl şəkildə bir neçə oynaqda formalaşdıqda – oliqoartralgiya, 5 və ya daha artıq oynaqda əmələ gəldikdə isə poliartralgiya kimi qiymətləndirilir.  

Oynaq ağrısı xarakterinə görə kəskin və küt; intensivliyinə nəzərən – zəif, mülayim, güclü; gediş tipinə əsasən isə müvəqqəti və daimi formalara bölünür. Artralgiya çox vaxt iri oynaqlarda (bud-çanaq, diz, dirsək, bazu) baş verir. Ona bəzən orta və xırda oynaqlarda (mil-bilək, falanqaarası, aşıq-baldır) da rast gəlinir.  

Oynaq ağrısına oynaq kapsulunun sinovial qişasının neyroreseptorlarının iltihab mediatorları, immun reaksiyaların məhsulları, duz kristalları, toksinlər və osteofitlər ilə qıcıqlanması səbəb olur. Revmatologiyada oynaq ağrılarının aşağıdakı formaları ayırd edilir:  

  • kəskin infeksiyalarda toksiki sindromla əlaqəli;  
  • kəskin və yaxud residivləşən artritdə ilkin epizod və yaxud aralıq (intermittəedici) artralgiya; 
  • iri oynaqların uzunmüddətli monoartralgiyası;  
  • sinovial qişasının prosesə cəlb olunması və yaxud qığırdağın proqressivləşən degenerativ-distrofik dəyişiklikləri ilə müşayiət olunan oliqo və ya poliartralgik sindrom;  
  • oynaqlarda qalıq formada postravmatik və yaxud iltihab sonrası artralgiya;
  • psevdoartralgiya.

Oynaq ağrısının səbəbləri

Ümumi infeksion xəstəliklər

Oynaq ağrısının müalicəsiOynaq ağrısı çox zaman kəskin infeksiyaların əlaməti sayılır. Ona xəstəliyin həm prodromal dövründə, həm də qızdırma və intoksikasiya ilə gedən erkən klinik mərhələdə təsadüf oluna bilər. Artralgiyanın infeksion forması üçün yuxarı və aşağı ətrafların oynaqlarında diskomfort, poliartikulyar xarakterli ağrılar, onların mialgiya ilə müştərəkliyi xarakterikdir. Belə vəziyyətlərdə oynağın hərəkətliyi tamamən saxlanılır. Adətən infeksiya mənşəli oynaq ağrısı əsas xəstəliyin törətdiyi toksiki sindromun zəifləməsi nəticəsində bir neçə sutka ərzində keçib gedir.  

İnfeksion artrit zamanı oynaq ağrısı

Kəskin bağırsaq və ya urogenital infeksiyalardan sonra postinfeksion reaktiv artralgiya yarana bilər. Həmçinin vərəm, infeksion endokardit, ikincili sifilis mənşəli parainfeksion oynaq ağrıları qeydə alınır. Bir sıra hallarda xroniki infeksiya (pielonefrit, xolangit, adneksit, paratonzilyar abses, parazitar invaziya) ocaqları oynaqda ağrıya səbəb olur.

Oynağın iltihabından sonra qalıq artralgiyalar xroniki və yaxud keçici xarakter daşıyır. 1 həftə və ya ay ərzində oynaqda ağrı və hərəkətin məhdudlaşması müşahidə oluna bilər; sonralar ətrafın funksiyası və ümumi vəziyyət tamamən bərpa olur. Artralgiyanın xroniki formasında kəskinləşmə halları soyuqlama, gərginlik və meteolabilliklə əlaqəli ola bilər.  

Revmatik xəstəliklərdə oynaq ağrısı

Poli və ya oliqoartralgiya tipli oynaq ağrıları iltihabi revmatik xəstəliklərin əsas əlamətidir. Revmatik artralgiyalar üçün daimi, intensiv və miqrasiya edən ağrı sindromu, prosesə iri oynaqların (xüsusən aşağı ətrafda) cəlb olunması, oynaqda hərəkətin məhdudlaşması xarakterikdir. 

Revmatoid artrit, eləcə də sistemli revmatik xəstəliklər pəncə və əl oynaqlarının simmetrit, xırda oynaqlarını əhatə edən poliartikulyar sindrom, səhərlər hərəkətin çətinləşməsi ilə özünü büruzə verir.

Mikrokristallik podaqra artritində artralgiya izoləolunmuş oynaqda residivləşən, tutmaşəkilli ağrılarla təzahür edir. Onlar qəfil yaranaraq, qısa zaman ərzində ən yüksək həddə çatır və bir neçə gün zəifləmirlər.  

Oynaqların degenerativ patologiyalarında oynaq ağrısı

Uzun müddət tədricən artan oynaq ağrısı deformasiyaedici osteoartroz və digər degenerativ-distrofik dəyişikliklərdən xəbər verə bilər. Belə vəziyyətlərə diz və yaxud bud-çanaq oynağının zədələnməsi, yüklənmə ilə əlaqəli küt və sızıltılı ağrılar xasdır. Sakitlik halında ağrı itir. Artralgiya meteoasılı xarakter daşıya bilər. Ağrı sindromu hərəkət zamanı oynaqların şaqqıldaması ilə müşayiət olunur, yerli yayındırıcı terapiyanın təsirindən zəifləyir.  

Oynaqların travması

Oynağın əzilməsi, çıxığı, bağ aparatının zədələnməsi, oynaqdaxili sınıqlar güclü ağrı ilə müşayiət olunur. Zədələnmiş oynaq ödemləşir, deformasiyalaşır, toxunduqda istilik hiss olunur. Aşağı  ətrafın dayaq funskiyası pozulur, oynaqda hərəkət çətinləşir, bəzən patoloji hərəkətlilik baş verir. Travmadan sonra oynaq boşluğuna qansızma onun hərəkiliyini məhdudlaşdırır.  

Onkoloji xəstəliklərdə oynaq ağrısı

«Hippokrat barmaqları» (dırnaqların, distal falanqaların «saat şüşəsi» və «baraban çubuqları» şəklində deformasiyası) ilə müşayiət olunan uzunmüddətli oliqo və poliartralgiyalar sinovial qişaların paraneoplastik zədələnməsinə dəlalət edir. Belə pasiyentlərdə daxili orqanların onkoloji xəstəliklərindən, ilk növbədə ağciyərin xərçəngindən şübhələnmək lazımdır.  

Endokrin xəstəliklərdə oynaq ağrısı 

Oynaq ağrılarının tez-tez rast gəlinən səbəblərinə endokrin pozğunluqlar – ilkin hiperparatireoz, ovariogen disfunksiyalar, hipotireoz, piylənmə aiddir. Endokrin mənşəli oynaq sindromu ossalgiya, mialgiya, çanaq sümükləri və onurğada ağrılarla müştərək oliqoartropatiya formasında gedir.  

Oynaq ağrısının digər səbəbləri

Artralgiyanın digər mümkün səbəblərinə aşağıdakılar aiddir:  

  • ağır metallarla intoksikasiya;
  • oynaqların mikrotravmaları və yaxud tez-tez yüklənməsi;  
  • uzunmüddətli dərman terapiyası;  
  • postallergik reaksiyalar;
  • yastıpəncəlik;
  • ətrafların X və yaxud O formalı deformasiyaları.   

Oynaq ağrısının diaqnostikası

Oynaq ağrısı subyektiv əlamət olduğundan diaqnostika prosesində klinik-anamnestik məlumatlar və fiziki müayinə ön planda dayanır. Həkim revmatoloq, ortopedin konsultasiyası mütləq sayılır. Artralgiyaların etiologiyasının differensiasiyası məqsədilə bir sıra obyektiv müayinələr aparılır:   

  • Oynaqların rentgenoqrafiyası. Müxtəlif xəstəliklərdə istənilən oynağı müayinə etməyə imkan verən rutin üsuldur. Adətən rentgenoqrafiya 1 və yaxud ikili proyeksiyalarda icra olunur. Həmçinin kontrast artroqrafiyanın da aparılması mümkündür. Oynağın sümük-qığırdaq və yumşaq toxumalarını daha detallı şəkildə təhlil etmək lazım gəldikdə KT və MRT göstəriş sayılır.  
  • Oynaqların USM. Oynaq boşluğunda eksudatı, sümük eroziyalarını, sinovial qişanın dəyişikliklərini aşkar etməyə imkan verir. Onun köməyilə oynaq yarığının eni ölçülür. Oynaqların revmatik patologiyalarının diaqnostikasında bu üsul əvəzolunmazdır.  
  • İnvaziv üsullar. Göstərişlərə əsasən oynağın punksiyası, sinovial qişaların biopsiyası aparılır. Şübhəli hallarda diaqnostik artroskopiya təyin edilir. Bu üsulla oynaq boşluğuna daxildən baxılır, diaqnostik və müalicəvi tədbirlər görülür.  
  • Laborator üsullar. İltihabi proses və revtamik xəstəlikləri üzə çıxarmağa kömək edir. Periferik qanda EÇS, C-reaktiv zülal, sidik turşusu, immunopatologiyanın spesifik markerləri (revmatoid faktor, antinuklear anticisimlər) yoxlanılır. Sinovial mayenin mikrobioloji və sitoloji müayinəsi vacib diaqnostik üsul sayılır.  
  • Əlavə üsullar: termoqrafiya, podoqrafiya.

Oynaq ağrısı zamanı müalicə

Diaqnoz qoyulana qədər yardım

Oynaqda istənilən növ ağrılar zamanı ətrafı yükləməmək, ona sakit vəziyyət vermək gərəkdir. Artralgiyanın metabolik səbəbləri balanslaşdırılmış qidalanma və çəkinin normaya salınmasını tələb edir. Yenicə baş verən travmalarda oynaq nahiyəsinə buz qoyub, zədələnmiş ətrafı şina və yaxud fiksasiyaedici sarğılarla immobilizasiya etmək lazımdır. Xəstə QSİƏP və ya ağrıkəsici preparat qəbul edə bilər.  

Artralgiyanın müayinə və müalicəsinin gecikdirilməsi oynağın geridönməyən funksional pozğunluqları – rigidlik, ankiloz, kontrakturalar ilə nəticələnir. Oynaq ağrısı müxətlif xəstəliklərin təzahürü sayıldığından onun 2 gündən çox davam etdiyi hallarda mütləq həkimə müraciət etmək lazımdır.  

Konservativ terapiya

Oynaq ağrılarının terapiyası aparıcı patologiyanın müalicəsindən başlanır.  Artralgiyanın medikamentoz müalicəsi iltihabi, oynaqdaxili proseslərin və ağrı sindromunun aradan qaldırılmasına yönəldilir. Sistem terapiyasına qeyri-steroid iltihab əleyhinə vasitələr (ibuprofen, diklofenak, naproksen, nimesulid) daxildir.  

Mülayim artralgiya zamanı və yaxud preparatların peroral qəbuluna əks-göstəriş olduqda diklofenak, ketoprofen tərkibli isidici, iltihabəleyhinə və ağrıkəsici məlhəmlərlə yerli xarici terapiya aparılır. Oynaq nahiyəsinə dimetilsulfoksidlə aplikasiyalar qoyulur. Xəstələrə oynaq gimnastikası, fizioterapevtik prosedurlar (dərman elektroforezi, maqnitoterapiya, fonoforez) məsləhət görülür.  

Ehtiyac yarandıqda periartikulyar blokadalar, qlükokortikoidlər, xondroprotektorlarla oynaqdaxili inyeksiyalar edilir. Xroniki oynaq patologiyalarının müalicəsində ozonoterapiya, oynaqların plazmoliftinqi, ortokin-terapiya müsbət nəticələr göstərir.  

Cərrahi müalicə

Travma və oynağın funksiyasının itirilməsi ilə gedən xroniki xəstəliklərdə cərrahi müalicə aparılır. Əməliyyat açıq (artrotomiya) və yaxud endoskopik (artroskopiya) üsullarla icra olunur. Xəstəliyin səbəbindən asılı olaraq, aşağıdakı metodlar tətbiq edilir:  

  • artroplastika;
  • artrodez;
  • bağların plastikası;
  • oynaq boşluğunun sanasiyası;
  • patoloji törəmələrin (kista, oynaqdaxili cisimlər);
  • sinovektomiya;
  • oynağın endoprotezlənməsi. 
Bu yazını paylaşın:
Yazını qiymətləndirin: