Qarın ağrısı
Qarın ağrısı – qastroenteroloji, cərrahi, ginekoloji, uroloji, proktoloji və infeksion xəstəliklərin tipik əlamətidir. Həmçinin yayılmış qarın ağrısı onurğa və döş qəfəsi orqanlarının xəstəlikləri ilə əlaqədar ola bilər. Ağrının differensial diaqnostikası üçün laborator, rentgenoloji, ultrasəs, endoskopik və az invaziv cərrahi üsullardan istifadə edilir. Müalicə ağrını törədən səbəb nəzərə alınmaqla aparılır: bir sıra hallarda konservativ, medikamentoz, digərlərində isə cərrahi müdaxilə (planlı və yaxud təcili) göstərişdir.
Qarın ağrısı haqqında ümumi məlumat
Qarın ağrısı – əksər xəstəliklərin «çoxsimalı» müşayiətçisidir. Bu əlamət həm kəskin, o cümlədən təcili cərrahi yardım tələb edən təxirəsalınmaz vəziyyətlər, həm də lənggedişli xroniki xəstəliklər üçün xarakterikdir. Qarın ağrısı qida zəhərlənməsindən tutmuş, qarındaxili qanaxma və peritonit kimi həyat üçün təhlükəli vəziyyətlərdən xəbər verə bilər. Bu səbəbdən ona laqeyd yanaşmaq olmaz.
Qarın ağrısının növləri
Qarın ağrısı lokalizasiyasına, intensivlik və xarakterinə görə fərqlənir. Ağrı lokal (epiqastral nahiyə, göbək, qarnın aşağı hissəsi, qabırğaaltı və qalça nahiyəsi) və bütün qarına yayılmış ola bilər. Bəzən ağrı kəmərləyici xarakter daşıyaraq, eyni zamanda qarın və bel hissəni əhatə edir.
İntensivliyinə görə abdominal (qarın) ağrılar zəif, mülayim və ifadəli olur. Güclü ağrılar dözülməz olub, xəstəni məcburi vəziyyət almağa vadar edir. İlkin diaqnostika aparan klinisist üçün qarında ağrının yaranma vaxtı və şərti (acqarnına, yemək vaxtı və yaxud ondan sonra, gecə saatlarında baş verməsi) mühüm əhəmiyyət kəsb edir.
Xarakterinə görə qarın ağrısı kəskin, küt, sızıltılı, dartılan, tutmaşəkilli, kəsici, deşici, yandırıcı formalara bölünür.
Qarın ağrısının səbəbləri
Ağrını törədən bütün səbəblər şərti olaraq, bir neçə qrupda cəmləşdirilmişdir. Bu amillər istənilən yaş dövrü və hər 2 cinsin nümayəndələri üçün səciyyəvidir:
- qastroenteroloji patologiyalar: qastrit, xolesistit, öd daşı xəstəliyi, pankreatit;
- yoğun bağırsağın xəstəlikləri: kolit, qıcıqlanmış bağırsaq sindromu, divertikulit;
- kəskin cərrahi vəziyyətlər: appendisit, peritonit, bağırsaq keçməməzliyi;
- infeksion xəstəliklər: helmintozlar, virus hepatitləri, dizenteriya, rotavirus infeksiyası;
- uroloji xəstəliklər: sistit, sidik daşı xəstəliyi;
- digər patologiyalar: kökcük sindromu, ürəyin işemik xəstəliyi, alt paycığın pnevmoniyası.
Qarın ağrısı kişi və qadınlarda müxtəlif səbəblərdən baş verə bilər. Gender fərqi ilk növbədə daxili cinsiyyət orqanlarının zədələnməsi ilə bağlıdır. Belə ki, qadınlarda qarnın aşağı hissəsindəki ağrılar cinsiyyət sisteminin iltihabi xəstəlikləri (adneksit, endometrit), şiş patologiyaları (yumurtalığın kistası), kəskin qarın sindromu (uşaqlıqdan kənar hamiləlik, yumurtalığın burulması) üçün xarakterikdir. Kişilərdə isə qarın ağrısı vezikulit və qasıq yırtığının əlaməti kimi formalaşa bilər.
Qarın ağrısının diaqnostikası
Qarında ağrı heç bir xəstəliyin yeganə əlaməti olmur. Adətən bu narahatlıq digər klinik təzahürlərlə müşayiət olunur. Yanaşı simptomlar differensial-diaqnostik əhəmiyyətə malikdir. Abdominal ağrı əksər hallarda qıcqırma, gəyirmə, iştahsızlıq, qarında köp, ishal və yaxud qəbizliklə müştərək formada rast gəlinir. Qızdırma, qusma (xüsusən qan qarışıqlı), bayılmaönü hal həyəcan siqnalı sayılır.
Buna baxmayaraq, yalnız klinik əlamətlərə əsasən ağrının səbəbini müəyyənləşdirmək mümkün deyil. Bütün hallarda əlavə müayinələrə ehtiyac yaranır:
- fiziki: qarnın palpasiyası, küylərin auskultasiyası, perkussiya;
- laborator: qan və sidiyin ümumi analizi, biokimyəvi göstəricilərin (qaraciyər sinaqları, mədəaltı vəzinin fermentləri, kəskin faza zülalları);
- instrumental: qarın boşluğu və sidik-cinsiyyət sisteminin USM, qastroskopiya, rentgenoqrafiya və s.;
- invaziv: diaqnostik laparoskopiya, laparosentez.
Qarın ağrısına qarşı nə etməli?
Ağrı qəfildən yarandıqda, intensivliyi yüksək olduqda və xəstənin vəziyyətini pisləşdirdikdə təcili yardım çağırmaq lazımdır. İlkin yardım qismində:
- xəstəni uzandırmaq;
- qarnına soyuq kompress qoymaq;
- həkimin təyin etdiyi dərman varsa, onu içirtmək lazımdır.
Aşağıdakıları isə etmək qadağandır:
- həkim məsləhəti olmadan dərman vermək;
- qarına istiqac qoymaq;
- yemək yemək;
- imalə və işlədicilərdən istifadə etmək.