Qəbizlik

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 9944

Qəbizlik nədir?Qəbizlik – defekasiya aktının pozulması olub, 2 gündən artıq nəcis ifrazının baş verməməsi və yaxud bağırsağın tam boşalmaması ilə xarakterizə edilir. Onun təzahürlərinə defekasiya tezliyinin azalması, qarında ağrı, nəcisin az miqdarda xaric olması, bağırsağın qismən boşalması hissi aiddir. Qəbizlik orqanizmin intoksikasiyasına səbəb  olur. Bərkdən gücənmə anal çatın, babasil və yırtığın yaranmasına gətirib çıxarır. Tez-tez təkrarlanan qəbizlik halları dərinin vəziyyətinə mənfi təsir göstərir, onu vaxtından əvvəl qocaldır.  

Qəbizlik haqqında ümumi məlumat

Qəbizlik əlamətləri«Qəbizlik» anlayışı nəcis ifrazının çətinləşməsini ifadə edir. Burada əsas məsələ xroniki qəbizliyi epizodik formadan fərqləndirməyi bacarmaqdır. Epizodik qəbizlik bağırsağın boşalmasını çətinləşdirən müxtəlif vəziyyətlərlə (hamiləlik, səhayət, stress, psixo-emosional gərginlik, maye qəbulunun azlığı, bəzi qida məhsullarının istifadəsi) ilə bağlı olur. Bundan əlavə, qəbizlik dərman preparatlarının təsirindən yarana bilər. Epizodik qəbizlik qısa sürür. Bu hal xəstəlik sayılmayıb, öz-özünə və yaxud işlədici vasitələrin köməyilə asanlıqla aradan qalxır.  

Xroniki qəbizlik defekasiyanın mütəmadi şəkildə 48 saatdan çox ləngiməsidir. Quru və bərk nəcis, bağırsağın tam boşalmaması hissi xroniki qəbizlikdən xəbər verir. Defekasiyanın xarakter və tezliyinin dəyişməsi vacib diaqnostik əlamət sayılır.  

Düz bağırsaqda nəcis kütlələrinin qalması tez-tez təkrarlandıqda aralıq nahiyəsi sallanır, ciddi proktoloji xəstəliklər əmələ gəlir.  

Qəbizliyin səbəbləri

Xroniki qəbizlikQəbizliyin müalicəsi həyat tərzi və qida vərdişləri ilə əlaqədar formalaşır. Gərgin iş qrafiki, yataq rejimi və s. səbəbindən defekasiya çağırışlarının ləngidilməsi zamanla bağırsağın fəaliyyətini zəiflədərək, qəbizliyə yol açır. İşlədici vasitələrin çox istifadə olunması, pəhriz, qida liflərinin azlıq təşkil etdiyi məhsullar, mayenin lazımi miqdarda içilməməsi xroniki qəbizliyə təkan verir.  

Həmçinin qəbizlik qıcıqlanmış yoğun bağırsaq sindromunun əlamətlərindən sayılır. Bu patoloji vəziyyətdə bağırsağın motorikası pozulur, qəbizlik ishalla növbələnir. Belə hallarda stress amili bağırsağın funksiyasını daha da pisləşdirir.  

Eləcə də qəbizlik cərrahi müdaxilə tələb edən ağır patologiyaların (məsələn, koporostazla gedən mexaniki bağırsaq keçməməzliyi) təzahürü ola bilər. Bağırsaq mənfəzinin daralmasına əsasən hissəvi və yaxud tam keçməməzlik ayırd edilir. Onun səbəbləri arasında şiş prosesləri, çapıq dəyişiklikləri, bitişmələr, yoğun bağırsağın divertikulları, qurd invaziyaları, bağırsağın burulması qeydə alınır.   

Koprostaz – nəcisin uzun müddət ifraz olunmaması, bağırsağın dolması hissi, qarında kəsici ağrılarla xarakterizə olunur. Bəzən bağırsağın duru möhtəviyyatı nəcis tıxacını keçərək, ishal şəklində xaric olur. 

Qəbizliyə həm də defekasiya qorxusu səbəb ola bilər. Bu hala nəcis ifrazının güclü ağrı ilə müşayiət olunduğu düz bağırsaq xəstəliklərində  (anal çatbabasil, paraproktit) rast gəlinir.  

Bundan əlavə nevroloji pozğunluqlar (stress, depressiya, emosional sarsıntı), bəzi dərman vasitələri bağırsaq peristaltikasını tormozlaya bilir. 

Qəbizliyin növləri

Qəbizlik etioloji amil və inkişaf mexanizminə görə aşağıdakı qruplara ayrılır:  

  • alimentar (qidalanma ilə bağlı)
  • nevrogen (neyro-reflektor fəaliyyətin pozulması nəticəsində)  
  • psixogen (psixo-emosional vəziyyətlə bağlı)
  • anorektal xəstəliklərdə qəbizlik (babasil, anal çat, paraproktit zamanı)  
  • toksiki (qurğuşun, civə, dərman preparatları ilə zəhərlənmə, xroniki intoksikasiya səbəbindən)
  • proktogen (çanaq dibi əzələlərinin funksional pozğunluqlarında)  
  • mexaniki maneənin törətdiyi qəbizlik (şiş xəstəlikləri, çapıq dəyişiklikləri, polip, həzm traktının inkişaf anomaliyaları)  
  • yatrogen qəbizlik (dərman vasitələrinin yan təsiri).

Qəbizliyin əlamətləri

Qəbizlik onu törədən xəstəlikdən asılı olaraq, digər əlamətlərlə birgə müşahidə edilə bilər. Bəzən qəbizlik xəstənin yeganə şikayəti olur. Ümumiyyətlə, bağırsağın boşalma ritmi fərdi xarakter daşıyır. Defekasiyanın adi qaydadakı tezliyinin dəyişilməsinə əsasən bağırsağın 2-3 gündən gec boşalması qəbizlik sayıla bilər. Belə hallarda nəcis quru və bərk olur.  

Bir sıra insanlarda qəbizlik qarında ağrı, ağırlıq hissi, meteorizm (qarında köp) ilə müşayiət olunur. Bağırsaq boşaldıqda bu narahatlıqlar da keçib gedir.  

Qəbizlikdən əziyyət çəkən pasiyentlərdə iştahsızlıq, ağızdan xoşagəlməz qoxu, havalı gəyirmə qeydə alınır. Bir qayda olaraq, xroniki qəbizlik əhvalın pozulmasına, əmək qabiliyyətinin azalmasına və digər nevrastenik pozğunluqlara gətirib çıxarır.

Qəbizliyin ağırlaşmaları

Davamlı xroniki qəbizlik həzm traktında müxtəlif fəsadlar törədə bilir. Onlara bağırsağın iltihabi xəstəlikləri (kolit, proktosiqmoidit), rektoanal patologiyalar (babasil, anal çat, paraproktit), yoğun bağırsağın divertikulyar xəstəliyi, yoğun bağırsağın uzanması və genişlənməsi – meqakolon misaldır.  

Xroniki qəbizliyin ən təhlükəli ağırlaşmalarından biri təcili cərrahi müdaxilə tələb edən dayanıqlı bağırsaq keçməməzliyidir. Uzunmüddətli keçməməzlik bağırsaq divarının işemiyasına və nekrozlaşmasına səbəb olur. Bəzən qəbizlik şiş xəstəliyinin, eləcə də maliqnizasiyaya meyilli xəstəliyin əlaməti kimi meydana çıxır.  

Gündəlik rasionda qida liflərinin az olması ilə əlaqədar yaranan alimentar qəbizlik zamanı bağırsaqda kanserogenlər toplanır. Bağırsaq möhtəviyyatının hərəkətinin çətinləşməsi kanserogenlərin təsir müddətini artırır.   

Qəbizliyin diaqnostikası

Xroniki qəbizliyin diaqnostikası mərhələli şəkildə aparılır. İlk növbədə klinik əlamətlər (şikayətlər, anamnez, fiziki müayinənin məlumatları) qiymətləndirilir. 

İkinci mərhələdə kolonoskopiya (yoğun bağırsağın endoskopik müayinəsi), selikli qişanın biopsiyası, histoloji və sitoloji analizlər aparılır. Sonra bakterioloji sınaqlar, koproqramma, nəcisin gizli qana görə analizi və digər üsullarla bağırsağın funksional vəziyyəti yoxlanılır.  

Hər hansı bir diaqnostik üsul xəstənin şikayətlərinə, bağırsaq fəaliyyətinin xüsusiyyətlərinə, ehtimal olunan yanaşı xəstəliklərə əsasən seçilir.  

Qəbizliyin müalicəsi 

Xroniki qəbizlik

Xroniki qəbizliyin müalicəsi işlədici vasitələrin qəbulu ilə bitmir. Belə hallarda özünü müalicə ilə məşğul olmaq qadağandır, çünki davamlı qəbizlik ağır xəstəlikdən xəbər verə bilər. Bununla yanaşı, işlədicilərin təsir mexanimi, xüsusiyyətləri və yan təsirləri nəzərə alınmadan özbaşına içilməsi bağırsağın motor funksiyasını zəiflədir. Nəticədə defekasiya ilə bağlı ciddi problemlər meydana çıxır.  

Xroniki qəbizliyin müalicəsində simptomatik terapiyadan savayı, qəbizliyin kökündə dayanan səbəbi aradan qaldıran tədbirlər görülür. Həkim patogenetik faktorlara əsaslanaraq, müalicə təyin edir. Bunun sayəsində simptomatik vasitələrin effekti artır və bağırsaq motorikasının pozulmasını dərinləşdirən qüsurlu dövran yaranmır.  

Funksional qəbizlik

Funksional qəbizlik müxtəlif səbəblərdən formalaşa bilər. Buna baxmayaraq, onun patogenezinin əsasında həzm traktının fəaliyyətinə təsir edən patologiyalar dayanır.  

Qəbizliyin terapiyasının ən vacib hissəsi pəhrizdir. Xəstənin qida rasionuna qida lifləri ilə zəngin məhsullar (meyvə, tərəvəzlər, dənli bitkilər) və bol maye (gün ərzindən minimum 2 litr) daxil olmalıdır. Pəhriz fonunda köp müşahidə olunduqda, Mukofalk təyin edilir. Həmçinin rasiondan qəbizlik törədən qidalar çıxarılır.

Qidalanma kiçik porsiyalarla gündə ən azı 5 dəfə təkrarlanmalıdır. Qida qəbulu arasında uzun fasilələrlə yol verilməməlidir. Həmçinin bağırsağın müntəəzm qaydada boşalmasına fikir verilməlidir. Nəcis ifrazını çətinləşdirən dərman vasitələrinin (narkotik analgetiklər, dəmir preparatları, qanqlioblokatorlar, oral kontraseptivlər) qəbulu dayandırılmalı və yaxud həzm prosesinə mənfi təsir göstərməyən preparatlarla əvəzlənməlidir.  

Həzm traktının stimulyasiyası və bağırsaq əzələlərinin tonusunun möhkəmlənməsi üçün aktiv həyat tərzi, gəzinti, üzgüçülük, aerobika məsləhət görülür. Aktiv həyat psixi-emosional statusu da yaxşılaşdıraraq, stress vəziyyətlərinə qarşı dözümlülüyü artırır.  

Pəhriz və aktiv həyat tərzi qəbizlik problemini həll etmədikdə, işlədici vasitələrə ehtiyac yaranır. Preparat qəbizliyin inkişaf mexanizmi nəzərə alınmaqla seçilir. İşlədici vasitələrdən istifadə etdikdə bir faktı yadda saxlamaq lazımdır ki, peristaltikanı artıran və bağırsaq divarını qıcıqlandıran vasitələrin davamlı qəbulu «tənbəl bağırsaq» sindromu ilə nəticələnir. Belə hallarda preparatın istifadəsi dayandırıldıqda bağırsaq peristalitkası minimuma enir.

Qəbizliyin profilaktikası

Qəbizliyin profilaktikasına həzm sistemi xəstəliklərinin və qəbizlik törədən digər patologiyaların erkən diaqnostika və müalicəsi; düzgün qidalanma; qida lifləri ilə zəngin rasion; aktiv həyat tərzi; qida qəbulu və bağırsağın boşalması rejiminə riayət aiddir.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: